Page 1 of 3

Hava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.

Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.

Tabutu yekə yük maşınının yanına qələr gətirib dayandılar, iki cavan oğlan atılıb yük maşınına mindi, tabutu çiyinlərdən çəkib maşının içinə saldılar və yazıq Əlisəttar müəllim payızın bu soyuğunda puçur-puçur tər tökə-tökə cavan oğlanlara:

– Yavaş olun!.. Yavaş olun!.. – deyirdi.

O tabutun içindəki, o nəm çəkmiş taxta qutunun içindəki Hotel Bristol idi.

Yazıq Əlisəttar müəllim nədən qorxurdu? Qorxurdu ki, Hotel Bristola bundan sonra bir zədə dəyər, ya nə olar? Yazıq Əlisəttar müəllim, sənin ürəyin də bu dəm sifətin kimi ağlayırmı? Ya yalandan ağlayırsan? Yaxşı adamsan sən, yoxsa pis adamsan? Ümumiyyətlə, yaxşı adam, yaxud pis adam varmı dünyada?

Ona elə gəlirdi ki, insan ömrü günəşin daimiliyi müqabilində necə kiçikdirsə, necə cılızdırsa, «yaxşı» və «pis» də insanın və o cümlədən də Əlisəttar müəllimin ürəyi, insanın dünyası müqabilində eləcə kiçik, eləcə cılızdır.

Cavan oğlanlar maşının dəmir kabinəsinə bir-iki yumruq vurdular, yəni ki, hazırdı, tabutu qoymuşuq maşının ortasına, tərpənmək olar və camaat da qəbiristanlığa getmək üçün avtobusa, yüngül maşınlara minməyə başladı; cavan oğlanlar yük maşınının kənarını qaldırdılar və tabut daha görünmürdü və o görünməyən tabutun içindəki Hotel Bristol idi.

Yazıq Əlisəttar müəllim maşınlardakı boş yerləri bir-bir camaata göstərirdi, maşınların arası ilə ora-bura vurnuxurdu ki, görsün çöldə qalan yoxdur ki, puçur-puçur tər tökə-tökə bu başdan vurub o başdan çıxırdı və görünür, təbiətən çox narahat adam idi, dostlarına, qohumlarına, heç kimə etibar etmirdi, adamları, az qala, bir-bir özü maşınlara oturdurdu və yaxın bir adam görən kimi, özünü saxlaya bilmirdi, kövrəlirdi, yazıq Əlisəttar müəllim, bu gecə necə yatacaqsan?

Hotel Bristolu tez-tez yadına salacaqsan?

doğrudan da o əziz adam idi sənin üçün?

bu cür canfəşanlığın doğrudandı, ya yalandan?

tək qalacaqsan, yoxsa həmişə tək olmusan?

Birinci dəfə idi ki, Əlisəttar müəllimi görürdü və heç vaxt Əlisəttar müəllimi görməsə də, Əlisəttar müəllimin gödək boyunu daha da qısaldan köklüyü, saçı tökülmüş tamam çılpaq başı Hotel Bristola yaraşmasa da bayaqdan ona elə gəlirdi ki, Əlisəttar müəllimi çoxdan tanıyır və Əlisəttar müəllim mütləq elə bu cür Əlisəttar müəllim olmalı idi, başqa görkəmdə, başqa sifətdə ola bilməzdi; yazıq Əlisəttar müəllim bu dəfə onun yanından ötdü və adamların hüznlü baxışlarına:

– Həyatdır... – deyə cavab verdi.

... – Həyatdır də... – Sonra Hotel Bristol o payız günü pəncərədən bayıra baxdı, buludların arasından çıxmış günəşə baxdı, boz gözlərini qıydı və həmişəki kimi mənalı-mənalı dedi:

– Gün milyon il bundan əvvəl də yəqin ki, belə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaq... – Sonra da boz gözlərini günəşdən çəkib düz onun gözlərinin içinə baxdı və bu dəfə rusca dedi: – Takova jizn...

– Ne tak xoroşa, da i ne tak ploxa, kak dumayetsya.

Hotel Bristol zamanın sınaqlarına sinə gərmiş, xeyli təcrübədən keçirilmiş mənalı təbəssümlə elə-eləcə Muradın gözlərinin içinə baxdı və gülümsədi:

– Vot imenno! Prekrasno skazal...

Hotel Bristol bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və eləcə bir payız günü iki cavan oğlan onu tabutun içində, nəm taxta qutunun içində çəkib yük maşınına qoyacaqlar.

– I ya tebya ponyala...

Murad da gülümsədi, çünki Muradın həyat haqqında söylədiyi bu cümlə Mopassanın idi, hansı romanınsa – deyəsən, «Həyat»ın axırıncı cümləsi idi; Murad da gülümsədi, çünki Murad da bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və elə o cür bir payız günü – milyon il bundan əvvəlki və milyon il bundan sonrakı kimi bir payız günü iki cavan oğlan Hotel Bristolu nəm taxta qutunun içində çiyinlərdən çəkib yük maşınına qoyacaq; Hotel Bristol təmizkar idi və təmizkarlığını həmişə nümayiş etdirirdi, tez-tez çantasından ətriyyatlı kağız dəsmallar çıxarıb əlini, boynunu silirdi; o nəm taxta qutu isə tamam köhnəlmişdi, içində nə qədər cənazə yola salmışdı və indi də Hotel Bristolu axırıncı mənzilə aparırdı, sabah da kimisə, bir başqasını aparacaqdı, biri gün bir başqasını öz içinə alacaqdı, beləcə köhnəlib tamam söküləcəkdi, çürüyüb torpağa qarışacaqdı və yerinə təzə tabut düzəldəcəkdilər; bir dəfə Murad Bakının köhnə məhəllələrindən birindən keçib işə gedəndə gördü ki, qırçılar köhnə bir tabutu söküb, qır tiyanında yanan o tabut taxtalarının şöləsi uzun müddət Muradın gözlərinin qabağından getmədi; həmin şölə qızdırmırdı, buz soyuğu ilə yanırdı və soyuq alov Muradın içini dondururdu.

Hotel Bristol Muradın gülümsəməyini də başqa gür yozdu və isti əli ilə Muradın biləyindən tutdu:

– Nə yaxşı ki, biz bir-birimizi başa düşürük... Bu soyuq dünyada, heç olmasa, bir balaca hərarət adamın ürəyini qızdırır. Mən sevinirəm... – Sonra Hotel Bristol həmişə belə anlarda olduğu kimi yenə də rus dilinə keçdi: – A tı?

– Ya toje...

– Çto ya toje?

– Ya toje tak i vı...

Hotel Bristol Muradın biləyini sıxdı və özünü Murada lap yaxınlaşdırdı, döşləri Muradın pencəyinə yapışdı və Muradın həmin döşlərə yazığı gəldi, elə bil ki, bu döşlər bütün qışı evdə saxlanılıb yazda bazara çıxarılmış alma idi, köhnəlmişdi və Hotel Bristol başını qaldırıb boz gözləri ilə altdan yuxarı yenə də Muradın gözlərinin içinə baxanda, həmin baxışlardakı çağırışa, dəvətə, həmin baxışlardakı mənəmmənəmliyə Muradın gülməyi tutdu və yaxşı ki, Hotel Bristol, nədənsə, gözlərini ondan çəkib o payız buludları arasından çıxmış günəşə baxdı: əlbəttə, Murad nə isə etməli idi, ya yüngülcə öpməli idi Hotel Bristolu, ya özünü kənara çəkməli idi, ya da nəsə başqa bir şey eləməli idi, amma Murad heç nə eləmədi, gülümsəyə-gülümsəyə çox səmimi, lap sidq-ürəkdən soruşdu:

– Əlisəttar müəllim necədi?

Hotel Bristolun Muradın biləyindən tutmuş və həyəcanlı nəbzi hiss olunan isti əli dərhal boşaldı, sonra sifətində güclə saxlamağa çalışdığı həmin romantik təbəssümlə dedi:

– Çox sağ ol, yaxşıdır.

Murad eyni sadəlövhlüklə soruşdu:

– Radikuliti necədi?

Hotel Bristol tamam təhqir olunmuşdu və əzablara dözən cəfakeş bir qadın əzmiylə bunu Muraddan gizlətməyə çalışdı:

– Radikuliti də yaxşıdı, – dedi və daha özünü saxlaya bilməyib boş otaqdan çıxdı.

Murad bilirdi ki, Hotel Bristolun ərinin adı Əlisəttar müəllimdi və institutdakıların hamısı kimi, burasını da bilirdi ki, Əlisəttar müəllimin Hotel Bristolun macəralarından xəbəri yoxdu, radikuliti var və çox zaman da öz radikulitinin hayındadı.

...Yük maşını tərpəndi, o biri maşınlar da yavaş-yavaş yük maşınının ardınca getməyə başladı, yolu kəsilib dayanmış trolleybusların, taksilərin, başqa maşınların sürücüləri və sərnişinləri səbirsizliklə və narazılıqla bu matəm karvanına baxırdı ki, yol nə vaxt başlanacaq və nəhayət, tabutu aparan yük maşınının ardınca gedən maşınların hamısı yola düzəldi və ən sonuncu Əlisəttar müəllimin oturduğu köhnə «Jiquli» yerindən tərpəndi, yazıq Əlisəttar müəllim,

radikulitin necədi, çox incidir?

bəlkə bütün insan ömrü bir payız fəslidir və əslində fəsillər heç zaman dəyişmir?

hər halda, təskinlik var, hər halda, radikulit xərçəng deyil, hə?

amma ömrün payızına bunun nə dəxli var?

bəyəm ömrün payızı üçün xərçənglə, radikulitlə xərçəngsizliyin və radikulitsizliyin fərqi var?

...O zaman Murad hələ institutda işləyirdi və onların şöbəsinin cəmi bircə otağı var idi və bu bir otaqda dörd miz var idi: ikisinin arxasında baş elmi işçilər – Murad və Hotel Bristol otururdu, biri kiçik elmi işçi Musanın idi, o birisi də laborant Səlminazın.

Hotel Bristolun adı, yəni əsl adı Məleykə idi, amma Murad da və başqaları da Məleykə xanımdan söz düşəndə onu Hotel Bristol çağırırdılar, çünki Hotel Bristol haçansa Avropa ölkələrindən birinə turist səyahətinə getmişdi və həmin ölkədə hansı bir şəhərdəsə «Bristol» adlanan bir mehmanxanada qalmışdı, geri qayıdanda isə həmin mehmanxananın yuxarısında latın əlifbası ilə HOTEL «BRISTOL» sözləri yazılmış şirkət kağızlarından bir dəstə götürmüşdü və odu-budu balaca məktublarını, qeydlərini bu şirkət kağızlarında yazırdı, məsələn, bir də görürdün ki, hansı bir müzakirəyəsə gələ bilməyib, əvəzində bir üzrxahlıq məktutu göndərib ki, bağışlayın, vacib işim olduğuna görə müzakirədə iştirak edə bilmirəm və şöbəyə göndərdiyi həmin məktubun da yuxarısında HOTEL «BRISTOL» şirkət yazısı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets