1 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.

Tiflisə quşbaşı qar yağırdı.

Üstü qarla dolu ağacların əhatəsində, hər tərəfini qar basmış o bina, o qarlı baxça, elə bil, dünyanın ən sakit, ən rahat bir guşəsi idi.

Və o binadakı kabinetində knyaz Sisianov general Portnyakinlə üz-üzə dayanmışdı.

– General Portnyakin! Mən sizə 11 topu olan piyada batalyonu verirəm! Üç eskadron, əlavə olaraq da iki kazak yüzlüyü verirəm! Eşidirsinizmi? İki kazak yüzlüyü! Və bir əsgər kimi sizdən soruşuram: Cavad xanı məğlub edəcəksinizmi? General Portnyakin:

– Zat-aliləri!– dedi.– Cavad xanı məğlub etmək üçün, onu öldürmək lazımdır! Knyaz qışqırdı:

– Mən sizdən nə lazım olduğunu soruşmuram! Mən sizdən soruşuram ki, Cavad xanı məğlub edəcəksiniz, ya yox?! Mən sizdən Gəncəni tələb edirəm! Gəncənin adı xəritədən silinməlidir! Gəncənin adı yaddaşlardan da silinməlidir! Yaddaşlarda Gəncə yox, Yelizavettapol qalmalıdır! Həmişəlik, general, eşidirsinizmi, minilliklər boyu!.. Biz Cavad xana elə divan tutmalıyıq ki, bu yerlərin bütün türk tayfasına dərs olsun! Bütün bu yekəbaş müsəlman ağalarına dərs olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets