Birinci hissə, 9
İbrahim xanın kiçik uşaqları – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı və dünyanın əbləh işlərindən, əlbəttə, xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü.
… Ağabəyim Ağa bir kənardakı kiçik mizin arxasında oturub nəsə – güman ki, şer – yazırdı və burası da bağçanı bürümüş o gün işığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray-həşiri ilə Ağabəyim Ağanın o dəmdəki hissləri, fikirləri arasında çox həzin bir təzad var.
… 9 yaşlı Gövhər ağa bir az kənarda dayanmışdı və uzaqdan bacısının yazı yazmasına tamaşa edirdi.
Ağabəyim Ağa qıza tərəf çönüb:
– Sən niyə gedib onlarla oynamırsan?– soruşdu.
Gövhər ağa sidq-ürəkdən gələn bir təəccüblə:
– Bacı,– dedi,– mən bəyəm uşağam?
Ağabəyim Ağa güldü və elə bu zaman İbrahim xan ağacların arasından çıxıb onlara yaxınlaşdı, Gövhər ağaya:
– Sən get,– dedi.
Qız atasının sərt sifətinə baxıb başa düşdü ki, mübahisə yeri deyil və narazılıqla başını aşağı salıb oradan uzaqlaşdı.
Ağabəyim Ağa tələsik mizin üstündəki kağızları yığışdırıb ayağa qalxdı.
İbrahim xan əlinin işarəsi ilə onu saxladı:
– İndi gedirəm,– dedi.– Bir dəqiqəliyə gəlmişəm.
Araya sükut çökdü.
– Anan mənə söylədi ki, sən Fətəli şahın zövcəsi olmaq istəmirsən…– Xan sükutu pozdu.– Tehrana getmək istəmirsən… Səni başa düşməmək üçün, gərək eşşək olasan…– Bu sözləri yavaşdan və təmkinlə deyən İbarahim xan birdən özünü saxlaya bilməyb bağırdı:– Mən eşşək deyiləm! Eşidirsən? Eşşək deyiləm mən!..
Uşaqlar xanın bağırtısını eşidib tələsik qaçıb getdilər və İbrahim xan da, elə bil, o uşaqların gözü ilə kənardan özünə baxdı və yenə özünü ələ aldı, təmkinlə:.
– Sən kəs ürəyini, doğra, at bizim hamımızı öz ürəyindən!.. Nə qədər çətin olsa da, nə qədər qanı axsa da, kəsib atmalısan. Bu, səndən, məndən asılı olan bir iş deyil. Sənin bəxtin onda qara oldu ki, bu alçaq dünyaya xan qızı kimi təşrif buyurdun. Sən Qarabağı fikirləş, xanlığı fikirləş. Saday bəy kimi igidlər təkcə Qarabağda deyil, Qaradağın da Saday bəyi var, Şəkidə də, Bakıda da, Gəncədə də, Təbrizdə də, Xoyda, Marağada, Ərdəbildə də, İrəvanda, Naxçıvanda da igidlər var, amma nə olsun? Onlar yumruq kimi bir qüvvə deyillər, tək-təkdirlər. Hərə öz dərdi-səri ilə məşquldu! Hərə öz xanını qoruyur!.. Bizi istəməyənlərin əlində onları eləcə tək-tək dənləməyə nə var ki! Mən Baba xanın elçilərini geri qaytaracağam? Yaxşı, qaytardım! Sonra nə olacaq? Qarabağın başına hansı müsibətlər gələcək? Bizim xan nəslimizin axırı nə olacaq? Ayrılıq çətin işdir, qürbət müsibətdir, ürəyin istəyini boğmaq məşəqqətdir, bəli, belədir! Qoy, belə olsun! Qaytaraq şahın elçilərini! Onda bəs Qarabağ nə olsun, xan qızı? Qarabağa kim yiyə çıxsın, Ağabəyim Ağa!?
İbrahim xan iti addımlarla uzaqlaşdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-9
Use ← → keys to move, R for a random poem
More by this author
Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağ-bağat arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində idi.Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu.
Birinci hissə, XGün Topxana meşəsində təkcə yarpaqların üstünə düşürdü; ağacların qol-budağı o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam idi.İki atlı yavaş-yavaş yanaşı addımlayırdı.
İkinci hissə, IYenə Cıdır düzü idi və yenə də bir neçə il bundan əvvəlki kimi hardansa uzaqlardan həmin xanəndənin səsi gəlirdi:Deyirlər Qarabağ bir cənnət imiş,
İkinci hissə, IIQırmızı bayraq dalğalanırdı və bu bayrağı əlində tutmuş döyüşçü çapdıqca qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol göstərirdi və bu yol indi Şuşa qalasına idi.Qırmızılar hücuma keçmişdi və bu dəm Əsgəran qalasının həndəvərində at kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı.
Poems by other poets
Nihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
Fəxr etsinBu gün getmişdim,Güneyi-Quzeyə birləşdirən
Dəniz qartalıDünyaya bir qartal gəldi dənizdə,Tufanlar qoynunda o yaşa doldu.