Tehranda şah sarayının qadınlara məxsus hissəsində, kiçik bir baxçada o gözəl fəvvarənin şırıltısı çay şırıltısına bənzəyirdi, amma çay deyildi və kim bilir, o fəvvarəniin kənarında oturub gözlərini uzaq bir nöqtəyə zilləmiş Ağabəyim Ağa suyun o səsinə qulaq asa-asa bəlkə elə bu barədə fikirləşirdi? Xacə baxçaya daxil olub:

– Gəl, ağa,– dedi.

Əbülfət ağa xacənin ardınca bağçaya girdi:

– Məni nə münasibətilə çağırmısan, Ağabəyim?– soruşdu. Xacə susəpəni əlinə alıb bağçadakı gülləri sulamaq istədi. Ağabəyim Ağa qardaşının sualına cavab verməzdən əvvəl:

– Gülləri mən sulamışam, xacə,– dedi.– Sən gedə bilərsən. Xacə tərəddüd etdi:

– Şahbanu…

Ağabəyim Ağa səsini bir az da ucaldıb təkrar etdi:

– Sən gedə bilərsən!– dedi.

Xacənin uzaq Qarabağdan gəlmiş bu bacı ilə qardaşı bağçada tək qoymaqdan başqa çarəsi qalmadı.

Yalnız xacə bağçadan çıxdıqdan sonra Ağabəyim Ağa soruşdu:

– Deyirlər, Qarabağa gedirsən?

Əbülfət ağa:

– Hə,– dedi.– Onsuz da gəlib sənlə xudahafizləşəcəkdim.

– Elə bil, gözlərini məndən gizlətmək istəyirsən?

– Niyə?

– Səbəbini sən bilməlisən…

– Mənim ürəyim tər-təmizdi, Ağabəyim.

– Bəs, deyirlər, Qarabağa beş yüz seçmə atlı ilə gedirsən?

– Bəli. Şahımız ilə məsləhətləşdik və belə qərara gəldik.

Ağabəyim Ağa qardaşının sözünü təkrar etdi:

– «Şahımızla…"– Sonra dedi:– Deməli, xan atamızın üstünə qoşun çəkirsən?

– Xeyr, mən xan atamızın üstünə qoşun çəkmirəm. Mən istəmirəm ki, o özünü də, bütün Qarabağı da məhv etsin. Xan atamız kafirlərlə danışığa başlayıb. İran kimi bir müsəlman dövlətinə arxa çevirib, dinsiz kafirlərlə bir olmaq istəyir. Belə müsəlmanlıq olmaz. İslam hümməti belə bir iş tutmamalıdı! Allah bunu bizə bağışlamaz və bütün millətimizi zəlil eləyər!

– Sən millətin dərdini çəkirsən?

– Bəs, mən millətin dərdini çəkməsəm, kim çəkməlidi?! Gördün, Allah Cavad xana necə cəza verdi? Öz müsəlman qardaşlarıyla – qızılbaş ordusuyla birləşib kafirləri torpağımızdan qovmaq əvəzinə, bu boyda Fətəli şahımıza arxa çevirdi, təkbaşına kafirlərlə vuruşdu, axırı da o cürə pis qurtardı!.. Saday bəy də o cürə…– Əbülfət ağa bir an susdu, sonra davam etdi.– Xan atamız Cavad xandan da o tərəfə gedir, kafirlə danışığa başlayır. Bu şeytan tilsimidi, mən bu tilsimi qırmağa gedirəm. Ağabəyim Ağa dodaqları əsə-əsə:

– Əbülfət…– pıçıldadı.– Əbülfət…– Və birdən-birə çılğınlıqla dedi:– Sən millətin dərdini çəkirsən, yoxsa Qarabağ taxtının dərdini?– Sonra da bərkdən qışqırdı.– Get!.. Get!.. Mən heç kimi görmək istəmirəm!..

Və Ağabəyim Ağa ürəyinin dərinindən axıb gələn bir hönkürtü ilə ağladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qara qarğalar

«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.

3 min
Yazıqlıq

Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.

2 min
Qaratoyuqlar

Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.

2 min
Qırt toyuq

Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.

1 min

Poems by other poets