Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:

– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?

Mayor Lisaneviç:

– Ola bilməz!– dedi və yazı masasının arxasından qalxdı. – Mənim adamlarım gecə-gündüz qalanı qoruyurlar!

– Sizin adamlarınız mənim adamlarım kimi bu dağların hər qarışına bələd deyil, mayor! Gecə Abbas Mirzənin iki elçisi Əmiraslan bəyin bələdçiliyi ilə Şuşaya gəlib, İbrahim xanla gizli danışıqlar aparıblar! Bəlkə siz istəyirsiniz ki, mərhum knyaz Sisianov kimi, bu türk xanları sizin də başınızı kəssinlər?! Hə? Amma mən istəyirəm ki, Allah məni çağıranda, öz isti yorğan-döşəyimdə, öz əcəlimlə onun hüzuruna gedim!

Mayor Lisaneviç:

– Mən heç vaxt İbrahim xana inanmamışam! – dedi.– Bu adamın gözlərindən hiylə yağır!

Vanya yüzbaşı sakitləşmək bilmirdi:

– Nə olsun ki, inanmırsız?.. İnanmırsız, ancaq heç nə də etmirsiz! Abbas Mirzə öz sərbazları ilə Şuşanın əlli-altmış verstliyindədi. İbrahim xanın quldurları gecə üstünüzə hücum çəksə, hara qaçacaqsınız? Elə bilirsiz, bu 500 ac soldatla Qarabağ quldurlarının öhdəsindən gəlmək asandı? Siz hələ bu türk tayfasını tanımırsız!.. – Vanya yüzbaşı əlini baldırına çırpdı.– Məzhəb haqqı, mən mat qalıram! Ara, Rusiya boyda bir zırpı məmləkət, üzr istəyirəm, bu qədər sadəlövh ola bilər?! İbrahim xan özü də bu gün bütün ailəsini götürüb, gedib Xankəndinə.

– Xankəndinə gedib?

– Bəli. Sizin bundan da xəbəriniz yoxdu? Soldatlarınızın araq içməkdən başı ayılır ki?!

Mayor Lisaneviç yüzbaşının son sözlərinə fikir vermədi.

– Nə üçün gedib?

– Bunu ondan soruşmaq lazımdır!

Mayor Lisaneviç həyəcan içində otaqda var-gəl etməyə başladı və:

– Ailəsi ilə bir yerdə…– deyə, elə bil, özü özü ilə danışmağa başladı.– Nəsə oyun oynayır… Şübhəsiz oyun oynayır, özünü də, ailəsini də təhlükəsiz yerə çəkir… Mən Tiflisə təcili çapar göndərməliyəm.

Vanya yüzbaşı:

– Qorxuram ki, gec ola,– dedi.– Siz özünüzün, soldatlarınızın başını qorumasaz, heç kim sizin başınızı qorumayacaq, mayor!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets