Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.

Vanya yüzbaşı yatağında qurcalanıb:

– Ara, kimdi yenə bu gecə vaxtı?– soruşdu və qalxıb çarpayıda oturdu.

Kimsə yavaş və həyəcanlı səslə pəncərədən onu səslədi:

– Vanya dayı!.. Vanya dayı!..

Vanya yüzbaşı:

– Zəhrimar, Vanya dayı! Çor, Vanya dayı!– deyib çarpayıdan düşdü.

Əri ilə eyni çarpayıda yatmış Haykanuş arvad da oyanıb çarpayıda dikəldi:

– Vallah,– dedi,– bunlar sənin axırına çıxacaqlar! Əyninə bir şey sal, soyuq olar sənə! Qov onları, qayıt, gəl, gir yerinə!

Vanya yüzbaşı:

– Hara qovum o yetimləri, ay arvad, hara? Yerləri-yurdları var ki, bu bədbəxtlərin?.. Eh, ay Haykanuş, deyirsən də…– deyə deyinə-deyinə pəncərənin qabağına gəldi və şüşənin bir tayını açıb, əvvəlcə: – Ara, soyuğa bax, e!..– dedi. – Sonra pəncərədən boylandı.– Hə?

Pəncərəni döyən adam yüzbaşının qulağına tələm-tələsik nəsə pıçıldamağa başladı.

Haykanuş arvad çarpayıdan düşüb ərinin çiyninə adyal saldı.

Vanya yüzbaşı çiynindəki adyalı özünə bürüyə-bürüyə adama:

– Yaxşı, matağını,–dedi.– Get, soyuqdu, sətəlcam olarsan!– Və pəncərənin tayını bağladı.

Haykanuş arvad:

– A kişi, vallah, sən özün özünə qəsd edirsən!– dedi.– Hamını fikirləşirsən, özündən başqa! Gəl, gəl, gir yerinə!

– Yox, mən daha yata bilmərəm. Gedirəm çay dəmləyim. Sənə də gətirim?

– Yenə nə bəd xəbər verdilər sənə, hə?– Haykanuş arvad da çiyninə adyal salıb, otağın küncündə zəif işıqla yanan şamı əlinə aldı və ərinin ardınca o biri otağa keçdi.– Bunlar nə vaxt əl çəkəcəklər səndən?

Vanya yüzbaşı gülümsədi:

– Onlar məndən yox, mən onlardan əl çəkə bilmirəm e, ay arvad, mən!..– Maşanı götürüb əyildi və samovarın közünü qurdaladı.– Mən öz millətimə arxa çevirə bilmərəm, Haykanuş!..

– Bilmirəm, vallah, nə deyim?.. Səndən çox nigaran qalıram… Sənin indi daha o cavan vaxtların deyil!

Vanya yüzbaşı gülümsədi:

– Nədi, deyirsən day qocalmışam?

– Deyirəm ki, özünə yazığın gəlmir, heç olmasa, mənə yazığın gəlsin!.. Neynəyəcəyəm sənsiz mən?.. Gecə bilmirsən, gündüz bilmirsən… Belə olmaz axı… Elə bilirsən sənin qədrini biləcəklər?..

– Kim kimin qədrini bilir ki?.. Bu axmaq dünyada insanın bir qəpiklik qiyməti var ki?!. Eh, deyirsən də… – Vanya yüzbaşı soyuqdan bədənini silkələyib adyalın içində büzüşdü.– Nə isə… Təki millətə bir gün ağlayaq…

Haykanuş ərinin qoluna qısıldı:

– Vallah, özünü məhv edəcəksən…– deyə pıçıldadı.

– Bu dünya kimi tutub saxlayıb özündə? İsgəndəri saxlayıb? Tiqranı saxlayıb? Vanyanı da saxlamayacaq… Bizim bu bədbəxt millət, ay arvad, haçansa bir gün görməlidi, ya yox?.. Yüz illərlə guşənişin yaşamaq elə bizim boyumuza biçilib? – Sonra samovarın lüləsindən közü üfürməyə başladı.– Bunun közü lap sönüb ki…

Haykanuş arvad:

– Sən çəkil,– dedi.– İndi özüm od salaram…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets