Birinci hissə, 19
Xidmətçi İbrahim xanın otağına girib:
– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi.
Bardaş qurub taxcadakı döşəkcənin üstündə oturmuş İbrahim xan qarşısındakı kağız-kuğuzu kənara çəkdi:
– Gəlsin.
Vanya yüzbaşı içəri girdi və kök bədəninə yaraşmayan bir cəldliklə İbrahim xana yaxınlaşıb əlindən öpdü:
– Maşallah, nəmxuda bədnəzərdən, əlahəzrət, gözümə yaxşı dəydiniz! Çox nigaran idim! Tfu! Tfu! – Vanya yüzbaşı əyilib barmağı ilə döşəmənin taxtasını döyəclədi.– Yaxşısız! Mənim gözüm yoxdu, məzhəb haqqı, ancaq bədnəzərdən uzaq!..
İbrahim xan:
– Otur, görüm,– dedi.
Vanya yüzbaşı:
– O–o–o!..– dedi.– Mən qələt eləyərəm atabaatamla, əlahəzrətin qarşısında oturaram!
İbrahim xan diqqətlə Vanya yüzbaşının gözlərinin içinə baxıb sərt:
– Otur!– dedi.
– Baş üstə!– Vanya yüzbaşı İbrahim xanın qarşısında, elə taxta döşəmənincə üstündə çöməlib oturdu.
– Nə var, nə yox, Vanya yüzbaşı? Deyirsən ki, nigaran idin? Nədi ki, camaat nə deyir?
– Camaat nə deyəcək, xan sağ olsun? Camaat sizin qəhrəman atanız Pənah xana rəhmət oxuyur, siz əlahəzrətə də uzun ömür arzulayır.
– Bəs sən niyə nigaran idin?
– Bəs necə nigaran olmayım? Mən nigaran olmayım, bəs kim nigaran olsun? Siz əlahəzrət mənə torpaq verdiz? Verdiz! Məni, mən Banazurlu Vanyanı Vanya yüzbaşı etdiz? Etdiz! Dünya da ki, xarab dünya, bəs mən nigaran olmayım ki, əlahəzrət bu xarab dünyada sıxılır, ya yox? Ruslar ordan pırtlayır, qızılbaşlar burdan zühur eləyir, Əbülfət ağa da ki, deyirlər…– Vanya yüzbaşı sözünü yarımçıq kəsib susdu.
– Nə deyirlər? Əbülfət xan nə?
Vanya yüzbaşı cavab verməyə çətinlik çəkirdi.
İbrahim xan qəzəbləndi:
– Mən səni bura ağzına su alıb oturmağa çağırmışam?!
Vanya yüzbaşı yerindən qalxmaq istədi.
İbrahim xan əlinin hərəkəti ilə onu saxladı:
– Danış, görüm!
– Xan sağ olsun, sizin bizə elədiyinizi kim eləyib? Heç kim! Qarabağın Dumu kimi, Tuğ kimi, Xankəndi, Hadrut, Daşaltı kimi səfalı yerlərində bizə torpaq ayırdız, ev-eşik tikdik, kəndlər saldıq…
– Bunlar məlumdu, Vanya yüzbaşı, mətləbdən danış! Nə deyirlər Əbülfət ağa barədə?
– Elə onu deyirəm ki, xan sağ olsun, mən nə bilirəm, gərək sizə deyəm. Borcumdu… Camaat deyir ki, Əbülfət ağa, Allah onun canını sağ eləsin, həmişə kefi kök, damağı da çağ olsun, camaat deyir ki, Əbülfət ağa Fətəli şahla çox yaxınlaşıb…
– Yəni?..
– Yəni siz əlahəzrətin rusa meylindən narazıdı…
Araya sükut çökdü. Nəhayət, İbrahim xan:
– Yaxşı…– dedi və ayağa qalxdı.
Vanya yüzbaşı da vücuduna yaraşmayan bir cəldliklə ayağa sıçradı.
İbrahim xan:
– Mən səni başqa məsələ üçün çağırmışam…– dedi.– Bizim bu Axund Mirmöhsün ağa barədə nə danışırlar? Doğrusu, son vaxtlar gözüm ondan su içmir…
– Axund Mirmöhsün ağa?– Vanya yüzbaşı təkrar etdi.– Baş üstə, nə lazımdı, öyrənərəm… Əlahəzrət izn versə, mürəxxəs olaram.
– Deyəsən tələsirsən?
– Sizin sarayınızdan, qohum-əqrabanızdan uzaq, əlahəzrət, ölü yerinə getməliyəm.
– Kimdi rəhmətə gedən?
– Əşşi, bizim bir Petros ağa var idi… Petros Dəlləkyan… Dünən gecə lampanı yandırıb kitab oxuyurmuş yazıq, pəncərədən güllə ilə vurublar…
İbrahim xanın yadına düşdü:
– Hə, səhər mənə dedilər… Guya, düşmənçilikdi… Balam, o Petros ki, gecə-gündüz kitab yazan, kitab oxuyan sakit bir adam idi, onunla kimin nə düşmənçiliyi? Vanya yüzbaşı:
– Eh, xan sağ olsun, dünya, avara dünyadı…– dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-19
Use ← → keys to move, R for a random poem
More by this author
Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı və belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də Bakının asfalt küçələri, maşınları, səs-küyü...Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə səs-küylüdü, nə də qayğılarla doludu.
Sətirlərin ölümüDünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.
Qara qarğalar«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.
YazıqlıqMoskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.