Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı və belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də Bakının asfalt küçələri, maşınları, səs-küyü...

Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə səs-küylüdü, nə də qayğılarla doludu.

Fikrət Qoca və İshaq İbrahimovla birlikdə Bakıdan bir az kənarda, Qaradağ tərəfdə dəniz kənarına getdik.

Küləkli bir gün idi.

Uşaqlar velosipedlə bura gəlirdi, qarmaq atırdı, balıq tuturdu.

Biz də özümüzlə qarmaq götürmüşdük və əsl naşı balıqçılar kimi, qarmaq atıb balıq gözləyirdik.

Balıq yox idi; yəni bizim üçün, biz balıqçılar üçün balıq yox idi.

Birdən qarmaqlardan birinə bir xul keçdi və bu cıqqılı xul balığının sevinci bizi dünyanın yeddinci qatına qaldırdı.

Sən demə, xul da balıq imiş...

Bir neçə dənə xul tutduq və hər bir xula da beləcə sevindik.

Sonra dənizin o azadlığından, sahilin o təmizliyindən və genişliyindən, o xul sevincindən ayrılıb Bakıya qayıtdıq və gecə mən bu xul sevinci barədə fikirləşəndə haçansa eşitdiyim bir əhvalat yadıma düşdü.

...Bir kişinin on uşağı var idi və bu on uşaqla, arvadla birlikdə balaca bir daxmada yaşayırdı; o qədər darısqallıq idi ki, kişi daha dözə bilmirdi; axırda bir dəfə bir təpəyə qalxdı və əlini göyə qaldırıb Allaha dedi:

– Ya Allah, bu nə müsibətdi bizim başımıza açırsan?! Hərgah sən bu uşaqlara bir qarış da artıq yer verməyəcəydinsə, niyə onları dünyaya gətirirdin? Axı, belə bir darısqallıqda yaşamaq mümkün deyil! Dünyada məndən bədbəxt adam yoxdu! Məni xoşbəxt et, yerimi genişlət bir az!

Göydən bir səs gəlmədi.

Kişi kor-peşman daxmasına qayıtdı və gördü ki, daxmada... bir eşşək var.

Yekə, canlı bir eşşək idi.

– Arvad, bu nədi belə?

Heyrətdən kişinin gözləri kəlləsinə çıxmışdı.

– Kişi, bu eşşəyi indicə bir mələk gətirdi və dedi ki, Allah-taalanın əmri belədi ki, bu eşşək bu daxmada, bizimlə bir yerdə yaşamalıdı.

Yazıq arvad eşşəyə baxdı, kişiyə baxdı və için-için ağlamağa başladı.

O gündən o eşşək həmin daxmada qaldı.

O gündən on uşaq, kişi, arvad və həmin eşşək bir yerdə yaşamalı oldu.

O gündən həmin kişi gecə-gündüz Allaha yalvardı ki, onları bu yekəpər eşşəkdən xilas etsin, bu yekəpər eşşəyi bu daxmadan götürsün.

Bu münval ilə ay keçdi, il dolandı və nəhayət, bir gün Allah kişinin sözünü eşitdi: axşam kişi evinə qayıdanda gördü ki, həmin yekəpər eşşək daha yoxdu.

Mələk gəlib eşşəyi aparmışdı.

Kişi gecə-gündüz Allaha şükür elədi.

Kişi on uşağı və arvadı ilə birlikdə həmin daxmada şad-xürrəm yaşamağa başladı.

Kişi dünyanın ən xoşbəxt adamı idi, çünki canı eşşəyin əlindən qurtarmışdı və genişlik-bolluq idi...

...İnsan çox naşükürdür.

30 may 1981.

Bakı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 min
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 min
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 min
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 min

Poems by other poets