İndi dərs kitabındakı uzun bir şeri qabağına qoyub əzbərləyən Günaya baxıram və birdən-birə kiçik bir əhvalat yadıma düşür.

1980-ci ilin noyabr ayı idi.

Günay birinci sinifdə oxuyurdu və hər gün səhər dərsə gedirdi, günortalar isə axşama qədər cidd-cəhdlə dərslərini hazırlayırdı.

Həmin noyabr günü rus dilindən ev tapşırığı vermişdilər və Günay bütöv bir cümləni (!) səliqə ilə yazmalı idi: əvvəlcə sözləri bir-bir qaralamada yazırdı ki, sonra dəftərə köçürtsün.

Günayın yazdığı cümlədə bir «sçastye» sözü var idi və Günay yarım saat idi ki, bu sözün üstündə əlləşirdi: «ç» hərfində və yumşaqlıq işarəsində çaşırdı və buna görə də «sçastye» sözünü yaxşı yaza bilmirdi.

Günay daha özünü saxlaya bilmədi, darıxdı, əsəbiləşdi və bu sözün – «sçastye»nin qarasına deyinməyə başladı:

– Yazmaq olmur bunu! Pis sözdü bu söz! Zəhləm gedir bu sözdən! İstəmirəm bu sözü!

Günay beləcə deyinə-deyinə mənə baxdı və bilmirəm mənim sifətimdə necə ifadə əmələ gəlmişdisə – gülümsədimmi? fikrə getdimmi? bəlkə rişxənd idi, ya nə üçünsə təəssüf idi? – bilmirəm, məndən soruşdu:

– Nədi?

– Heç nə... – dedim.

Əlbəttə, mən Günaya deyə bilərdim ki, bu barədə səninlə iyirmi ildən sonra danışarıq...

18 may 1981.

Bakı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets