23 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı.

İmperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.

Daxili işlər naziri ayaq üstə onun qarşısında dayanıb məruzə edirdi.

Nazir:

– Qarabağ xanı ilə birlikdə qətlə yetirilənlərin siyahısı…– dedi və susdu.

İmperator əmr etdi:

– Oxuyun!

Nazir iki əlilə də tutduğu qovluğu bir az da gözlərinə yaxınlaşdırıb siyahını oxumağa başladı:

– İbrahim xan… Tuba xanım – arvadı… Abbasqulu ağa – oğlu, 12 yaşında… Səltənət bəyim – qızı, 9 yaşında… – nazirin əlləri gözgörəti titrəyirdi.– Hacı Hacan ağa – oğlu, 8 yaşında… Əli ağa – oğlu, 6 yaşında…

İmperator:

– Kifayətdir!– dedi və mizin arxasından qalxıb otaqda gəzişməyə başladı.– Hamısı neçə nəfərdir.

Nazir:

– Xidmətçilərlə bir yerdə 21 nəfər, əlahəzrət…

İmperator var-gəl edə-edə əsəbi halda:

– Kimdir mayor Lisaneviç?– soruşdu.

Daxili işlər naziri cavab vermək istədi:

– Mayor Lisaneviç Qarabağda Şuşa qarnizonunun…

İmperator onun sözlərini yarımçıq kəsdi və:

– Heç kim!– deyə özü öz sualına cavab verdi.– Heç kim! Mayor Lisaneviç heç kimdir! Sıfırdır! Sıfır!.. Allah bu qırğının cəzasını Romanovlara verəcək!..

E P İL O Q

Xacə əlində şam tutub sarayın qaranlıq arakəsmələri ilə irəlidə addımlayırdı. Ağabəyim Ağa onun ardınca gedirdi.

Xacə qapılardan birinin qabağında ayaq saxladı və qapının ağzında dayanmış keşikçiyə:

– Qibleyi-aləmin razılığı var,– dedi.

Keşikçi kənara çəkildi.

Xacə, onun ardınca da Ağabəyim Ağa otağa girdi.

Yalnız xacənin əlindəki şamın zəif şöləsi ilə işıqlanan otağın ortasında, girdə mizin üstündə qırmızı ipək örtük salınmış qabarıq bir şey var idi.

Xacə o biri əlini uzadıb örtüyü qaldırdı.

Bu – qızıl məcməyinin içində knyaz Sisianovun başı idi.

Ağabəyim Ağa şamı xacədən alıb knyazın başına yaxınlaşdırdı. Və indi baş şam işığında aydın görünürdü.

Ağabəyim Ağa bir müddət başa baxdı.

Sonra Ağabəyim Ağa şamı xacəyə qaytarıb otaqdan birinci çıxdı…

E k r a n d a y a z ı l d ı:

Ağabəyim Ağa Azərbaycan və fars dillərində şerlər yazaraq Şərqdə məşhur oldu, ömrünün sonlarında tərki–dünya bir həyat sürərək əri Fətəli şahdan üç il əvvəl – 1831-ci ildə İranın Qum şəhərində vəfat etdi.

Əbülfət ağa Abbas Mirzənin başçılığı ilə İran qoşunlarının Cənubi Qafqaza bir neçə hücumunda iştirak etsə də, bir daha Qarabağa qayıda bilmədi və 1839–cu ildə 73 yaşında İranda vəfat etdi.

Mayor Lisaneviç podpolkovnik rütbəsində istefaya çıxdı və birdən-birə Qafqazın gözəl və sirli təbiəti haqqında şerlər yazmağa başladı, amma bu şerlər heç kimin diqqətini cəlb etmədi, buna baxmayaraq, uzun ömür sürüb 91 yaşında Sankt- Peterburqda vəfat edən Lisaneviç, ömrünün sonuna kimi Qafaqaz haqqında şerlər yazdı.

Polkovnik Qaryagin 1809-cu ildə aran Qarabağdakı Qarabulaq döyüşündə həlak oldu və Qarabulaq şəhəri onun şərəfinə uzun müddət Qaryagin adını daşıdı.

Pirqulu xan 4 avqust 1805-ci ildə Fətəli şahın əmri ilə edam edildi.

Vanya yüzbaşı əlahəzrət imperator I Aleksandrdan nəsildən nəsilə keçmək şərti ilə «Məlik» rütbəsi aldı və 1811-ci ildə 71 yaşında Şuşada, sətəlcəmdən vəfat etdi.

Aşot Karapetyan bir neçə müşayiətçi ilə bərabər, növbəti dəfə Araz çayını keçib Şimali Azərbaycana gəlmək istərkən sərhəddə quldurlar tərəfindən qarət edilərək qətlə yetirildi.

Gövhər ağa böyüyərək xeyriyyəçi kimi məşhur oldu, Qarabağda öz hesabına məscidlər tikdirdi, məktəb və xəstəxanalar açdırdı, körpülər saldırdı və 1867-ci ildə Şuşada vəfat etdi.

Əmiraslan bəy başına dəstə toplayıb Şuşa dağlarında ruslara qarşı qaçaqçılıq həyatı yaşadı, tez-tez və hər dəfə də gözlənilməz basqınlar edərək bir çox rus soldatını, zabitlərini qətlə yetirdi, çar hökuməti onun başına 500 çervon qiymət qoydu və yaxın ətrafının xəyanəti nəticəsində ələ keçən Əmiraslan bəyi ruslar 1816- cı ildə Gorusda dar ağacından asdılar.

İbrahim bəy knyaz Sisianovu qətlə yetirdikdən sonra bir müddət Abşeron yarımadasında gizləndi, Rusiya Bakını ələ keçirdikdən sonra İrana qaçdı və heç kim onun sonunun nə ilə qurtardığını bilmədi.

Polkovnik Eristavi knyaz Sisianovun qətlindən sonra istefaya çıxdı və 1813-cü ildə Sankt-Peterburqda rus zabiti ilə dueldə həlak oldu.

İbrahim xandan sonra Qarabağın xanı onun oğlu Mehdiqulu xan oldu və 1822-ci ildə Rusiya Kürəkçay müqaviləsini pozaraq Qarabağ xanlığını ləğv etdi.

Cənubi Qafqaz uğrunda davamlı müharibələrdən Rusiya qalib çıxdı. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalandı və həmin müqaviləyə İran tərəfdən Abbas Mirzə imza atdı. Rusiya Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı işğal etdi, bütün xanlıqlar ləğv olunaraq, Rusiyanın əyalətinə çevrildi. 90 ildən sonra – 1918-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi, ancaq iki il keçmiş – 1920-i ildə rus-bolşevik ordusu tərəfindən yenidən işğal olundu və yalnız 1990-cı ildə öz müstəqilliyini bərpa etdi.

Gəncənin adı yalnız XX əsrin sonlarında – 1989-cu ildə özünə qaytarıldı. 2005-ci ildə Gəncədə, Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı.

6 – 19 yanvar 2005.

İstanbul.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIV fəsil

Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.

6 min
XV fəsil

Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdan-yuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:

2 min
XVI fəsil

Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-addımlaya soruşdu:

7 min
XVII fəsil

Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor Cabbarov.Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.

1 min

Poems by other poets