2. «Əzizimin cəfası» romanı
Page 4 of 11 · 27%
O getməklə, gələcək tələbə bir də düz beş il Bakıya ayaq basmadı; boyunun kiçikliyinə, səhhətinin zəifliyinə görə onu əsgər də aparmadılar, kənddə kitabxanaçı işlədi, daha doğrusu, adı kitabxana olan, yəni rayon və respublika səviyyəsindəki hesabatlarda kitabxana kimi qeydiyyatdan keçən, əslində isə kolxoz idarəsinin anbarı kimi istifadə edilən zirzəminin bir küncünü nazik taxta arakəsməyə alıb, orada kitabxana düzəltməyə başladı, əlinə keçən kitabı, qəzeti, jurnalı oxudu, cürbəcür rayon və respublika təşkilatlarına bir ucdan məktublar, xahişnamələr, tələbnamələr yazıb kitabxananın fonduna həqiqətən, yəni kağız üzərində yalandan məlumat vermək üçün yox, doğrudan-doğruya kitab, qəzet, jurnal yığdı. Kənddə kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı idi, dörd dəfə Lenin ordeni almışdı, hərdən rayon mərkəzində təntənəli iclaslara gedəndə bütün ordenlərini, medallarını döşünə taxırdı və o zaman metalın ağırlığından az qalırdı pencəyinin yaxaları cırılsın; bu adam, yəni bu kolxoz sədri uzun müddət ştat cədvəlində kitabxanaçının əvəzinə də qol çəkib maaşı öz cibinə qoyurdu və kitabxanaçı vəzifəsi yalnız ştat cədvəlində olduğu üçün, təbii ki, kitabxana da yox idi, amma illər keçdikcə, ordenlərinin sayı artdıqca Bakıyla, ölkənin başqa şəhərləri ilə məktublaşması da artırdı, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd olmuşdu. Sov.İKP-nin XXV Qurultayının nümayəndəsi idi, tez-tez iclaslarda çıxış etmək, qəzetlərə müsahibələr vermək lazım gəlirdi, buna görə də həmin məktubları, çıxışları yazmaq üçün (özü cümlə yaza bilmirdi...) əlində qələm tutmağı bacaran bir adam lazım idi və kənddə də bu sahədə gələcək tələbə Murad İldırımlıdan irəlidə olan yox idi – sədr kitabxanaçı vəzifəsinin maaşından keçdi və Muradı kitabxanaçı adı ilə işə götürdü.
Murad İldırımlı sədrin məktublarını və çıxışlarını (bu çıxışlar rayon mərkəzində olurdusa, raykom işçiləri tərəfindən, Bakıdakı təntənəli iclaslarda olurdusa, Azərbaycan KP MK-nın işçiləri tərəfindən redaktə olub düzəldilirdi) yaza-yaza kitabxanaçılıq edirdi və özünün belə bir kitabxanaçı taleyi ilə barışmışdı, elə bilirdi ki, bir də heç vaxt Bakıya getməyəcək, ali məktəbə qəbul olunmaq üçün imtahan verməyəcək, çünki gələcək tələbə başa düşürdü ki, bunun mənası yoxdur, heç bir nəticəsi olmayacaq, çünki o, bu dünyanın Allah tərəfindən yaradılmış məhkumlar zümrəsinə daxildir.
Bu kənddən çıxıb Bakıda milisioner işləyən və bir də iyirmi beş ildən sonra, qoca anası öləndə iki günlük kəndə gəlmiş Əsgər adlı həmkəndlisi günlərin bir günündə gələcək tələbəyə demişdi: « – İnstuta girmək istəyirsən, elə-belə hara baş götürüb gedirsən Bakıya? Elə-belə instut olar, ə? Bunun qiyməti on iki min manatdı!.. Bildin?! Elə yer var ki, lap əlli min manatdı!.. Ode, sədrin o kiçik gədəsi girən yer! Sənin elə yerlərlə nə işin?.. Bir prafessır qonşum var, instutda işləyir. Adı prafessırdı e, özü elə mənim kimi kəndçinin biridi, oxuyub adam olub!.. Özünün də bu işlərdə səriştəsi var, mənnən də dostdu, hərdən çağırır, gedib kabab bişirirəm ona. Danışım onnan, on iki min ver, nənəyin deyirlər qədimnən qızılı qalıb, ver, verim ona, gir instuta!.. Gözünü niyə bərəldirsən, ə? Oturmısız bu dağların döşündə, dünyadan xəbəriniz yoxdu... O puldan mənə heç bir bozbaş haqqı da qalmayacaq!.. Anamın ruhu şad olsun deyən, kəndin camaatına yaxşılıq eləmək istəyirəm!.. Pulu verəcəm prafessıra, o neynəyəcək? Üstünnən bir az götürüb, verəcək özündən yuxarıdakına. O neynəyəcək? O da üstünnən bir az götürüb verəcək öz böyüyünə. O neynəyəcək? O da sənin o pulunun üstündən götürəcək, verəcək öz ministirinə! Ministir gözünə döndüyüm neynəyəcək? O da öz payını götürüb qalanını verəcək sekadakı böyüklərə, onlar da özlərinkin götürüb artığını ötürəcək haraya? Moskvaya! Başa düşdün, ə? Belə olmasa, bu hökumətin işləri heç vaxt düz getməz!..»
Murad İldırımlı və ümumiyyətlə, dağların döşündəki o kənd milisioner Əsgərin dediyi qədər də dünyadan xəbərsiz deyildi. Kolxoz sədrinin Muradla oxuyan oğlu zırramanın biriydi. Akvarium düzəldib xırda çay balıqları saxlayan və bu barədə rayon qəzetinə elmi məqalə yazmış zoologiya müəlliminə hirsi tutduğu üçün, gizlincə gedib girmişdi kişinin evinə və akvariuma işəmişdi, balıqların da hamısı ölmüşdü; bax, sədrin həmin zırrama oğlu məktəbi qurtaran kimi, instituta girdi və Murad İldırımlı onun dədəsinə mirzəlik elədiyi müddət ərzində də institutu bitirdi, indi də aspiranturanı bitirmək üzrəydi. O oğlandan sonra, sədrin daha dörd uşağı Bakıda ali məktəblərə daxil oldu və onların o ali məktəblərə necə daxil olduqlarında gizli bir şey yox idi, sədr özü hərdən dərindən köks ötürüb həyatdan şikayət edirdi: « – Ə, sən öl, bu uşaqların instituta girməyləri, oxumaqları məni lüt elədi!..»
Gələcək tələbə Murad İldırımlı dünyanın belə işlərindən xəbərdar idi, hər halda, bunları nəzəri cəhətdən bilirdi, o qalınqaş müəllimin domba gözləri, o cavan müəllimin gülümsəməyi də əldəqayırma taxta rəflərə düzdüyü təzə kitablar, qəzet və jurnallar kimi, hərdən anbardakı o kitabxanaya daxil olurdu, amma bütün bunlara baxmayaraq, Murad bir yay günü birdən-birə pal-paltarını, kağız-kuğuzunu köhnə çamadanına yığıb sədrə də bir söz demədən Bakıya getdi. Gələcək tələbə bütün bu müddət ərzində «Əzizimin cəfası» romanını nə qədər axtarmışdısa da, Azərbaycan Yazıçılar İttifaqına, M.F. Axundov adına Respublika Dövlət Kitabxanasına məktublar yazmışdısa da, tapa bilməmişdi, çünki heç kimin belə bir əsərdən xəbəri yox idi və axırda başa düşmüşdü ki, ümumiyyətlə, heç belə bir roman yoxdur; dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin isə bütün uşaqlarının, qardaşlarının, bacılarının, nəvələrinin, qohum-əqrəbasının və dostlarının adlarını əzbərləmişdi.
Murad İldırımlı avqustun cırhacır istisində Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul imtahanı verdi və ilk növbədə özü üçün gözlənilmədən universitetə daxil oldu və o vaxtdan etibarən də dördüncü il idi ki, Bakıda tələbəlik edirdi. Üç il universitetin yataqxanasında qalmışdı, qaradinməzliyi ilə, əsəbiliyi ilə yataqxanadakı tələbələrin zəhləsini tökmüşdü (bəzisinin hətta nifrətini qazanmışdı və bunu özü yaxşı bilirdi), özü də başa düşmüşdü ki, yataqxana adamı deyil və bu qərara gəlmişdi ki, yataqxanadan getsin, tələbələr də, xüsusən, onunla bir otaqda qalan oğlanlar rahat nəfəs almışdı– tələbə Murad İldırımlı çətin adam idi, məlum olmurdu ki, bunun ürəyi təmizdi, yoxsa doğrudan da qurdla doludu, qəlbi açıqdı, yoxsa paxılın, xudbinin biridi?.. Həmişə tək olurdu, hətta yataqxananın ümumi hamamında da hamı ilə birlikdə çimmirdi, gözləyirdi, tələbələr yatırdı, sonra gəlib çimirdi...
Yay tətilini bitirib kənddən qayıdandan sonra, bir həftə yataqxanada qaldı, özünə iş axtardı, axırda Bayıl tərəfdə şəxsi avtomobillər saxlanan dayanacaqda gecə gözətçisi işinə düzəldi – bir gecə gözətçilik edəcəkdi, bir gecə də evdə qalacaqdı, ayda da yetmiş manat pul alacaqdı: soraqlaşa-soraqlaşa gəlib Xədicə arvadın bu evini tapdı və düz səkkizinci ay idi ki, günaşırı Bayıla gedib gecələr maşınların qarovulunu çəkirdi, ayın başında aldığı yetmiş manatı da eləcə gətirib ev kirayəsi kimi Xədicə arvada (yazıq Xədicə arvad...) verirdi, özü isə hər ay aldığı qırx manat təqaüdlə yaşayırdı.
Xədicə arvad üç gündən, dörd gündən-bir gedib bazardan özü üçün yarım kilo qoyun əti alırdı və evə gəlib tələbə kirayənişininə: «–Qurban olum sənə! – deyirdi. – Qoca arvadam, hayhayım gedib, vayvayım qalıb!.. Gəl kömək elə mənə, döyə bilmirəm əti, döyginə də, nə olar!..» Tələbə, Xədicə arvadın otağına girib palazın üstündə bardaş qururdu və köhnə dəhrəni əlinə alıb kötükdə ət döyürdü. Xədicə arvad da tələbənin yanında oturub diqqətlə ətə baxa-baxa (kənara – kötüyün altına saldığı ağ süfrəyə bir tikə sıçrayanda, o saat götürüb kötüyün üstünə atırdı) deyirdi: «– Allaha qurban olum, nə yaxçı oldu yetirdi səni mənə!.. Sən olmasaydun, neynərdim mən başıküllü? Güc qalıb bəyəm ki, ya, özüm döyüm əti? Yaxçı döy! Ay malades!.. Küftə-bozbaç bişiriciyəm, sənə də verəciyəm. Nöş vermirəm? Bəsdi də səhərdən axşameycən çaynan çörək yedün... Sən də adam balasısan axı!.. Nanə qurusu-zad da tökəciyəm üstünə, əntiqə küftə-bozbaş olıcek! Sən də yeyəcəksən! Yaxçı döy!.. Malades! Sən də gərək ev xörəyi yiyəsən, ya yox? Ətağanın cəddiyçün, yaxçı yerinnən vericiyəm sənə e, lap əntiqəsindən!..»
Yazıq Xədicə arvad bu cür deyirdi, əti tələbəyə döydürürdü, bişirirdi, küftə-bozbaşın gözəl iyi otaqlara yayılırdı, amma sonra hamısını özü yeyirdi, kirayənişinə heç nə vermirdi; düzdü, tələbə Murad İldırımlının xasiyyəti elə idi ki, Xədicə arvad küftə-bozbaşı təklif eləsəydi də, şəstinə sığışdırmazdı, alıb yeməzdi, amma xasiyyətini də, hikkəsini də göstərməyə ehtiyac olmurdu, çünki arvad heç nə təklif eləmirdi. İki-üç gündən sonra, hər şey təzədən başlayırdı, tələbə təzədən ət döyürdü və Xədicə arvad da həmin sözləri yenidən deyirdi... Yazıq Xədicə arvad mal əti yemirdi, çünki mal əti yeyəndə qarnı pozulurdu, həmişə qoyun əti alırdı və həmişə də küftə-bozbaş bişirirdi... Yəqin ona görə ki, yazıq Xədicə arvadın ağzında bir dənə də diş yox idi və nə yeyirdisə, hamısını damağıyla çeynəyirdi; küçə qapısının qabağında oturub müştəri gözlədiyi vaxtlar hərdənbir tumu da dənələyib dırnağıyla didişdirirdi, barmaqlarının arasında əzib ağzına qoyurdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
Use ← → keys to move, R for a random poem
More by this author
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Poems by other poets
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.