1. Gələcəyə doğru
Page 1 of 4
Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.
Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
Qarovulçu Əflatunun köşkünün damından üzüaşağı bütün Bakı görünürdü – Tülkü Gəldi Qəbiristanlığı şəhərin dağlıq hissəsində idi – və o vaxt ki, gecə düşəcəkdi, o görünən binaların, küçələrin, dənizkənarı bulvarın işıqları yanacaqdı, onda Bakının bu görünüşü dünyanın ən böyük möcüzəsi olacaqdı, sirlərlə dolu naməlum bir aləmə çevriləcəkdi və yenə də neçənci gecə olacaqdı ki, Gicbəsər gizlincə qarovulçu Əflatunun köşkünün damına qalxıb, beləcə çöməlib gözlərini sirlərlə dolu o naməlum aləmdən çəkməyəcəkdi, o işıqlar bir-bir sönənəcən baxacaqdı, gecəyarısı Qəbiristanlıq İdarəsinə gəlib-gedən maşınlara, girib-çıxan, ora-bura vurnuxan adamlara fikir verməyəcəkdi, qaranlıq çökmüş Bakıda o uzaq və naməlum binaların, küçələrin, oradakı insanların və itlərin qoxusunu duymağa çalışacaqdı.
Son günlərin bütün gecələri belə keçirdi.
Amma bu gün dama tez qalxmışdı; bəlkə də gecəyə kimi elə beləcə burada qalacaqdı, bəlkə də düşüb gedib fırlanıb, gecə təzədən bura qalxacaqdı... Hər halda, bu axşam nəsə əvvəlki axşamlara oxşamırdı, bu axşam Gicbəsər daha artıq narahat idi, düzdü, gözlərini şəhərə zilləmişdi, başqa heç nəyə fikir vermirdi, amma hərdənbir diksinirdi, elə bil ki, nə barədəsə fikirləşirdi və fikirləri onu diksindirirdi.
Tülkü Gəldi Qəbiristanlığında Gicbəsərə fikir verən yox idi; hərgah fikir verən (və başa düşən adam!) olsaydı, görərdi ki, bu itə nəsə olub, əvvəllər həyətdə sülənən it deyil və ümumiyyətlə, axır vaxtlar nəsə gözə az dəyir; fikir verən (və başa düşən adam!) olsaydı, görərdi ki, bu itin qara və həmişə qəmgin gözlərində nəsə elə bir ifadə yaranıb ki, bu ifadə təkcə yemək axtarmaq, təpikdən qorunmaq, soyuqda isti yer, istidə sərin yer axtarmaq qayğılarından xəbər vermir...
Gicbəsərin bütün ömrü Tülkü Gəldi Qəbiristanlığında keçmişdi. Taleyi bu iti necə gətirib bu qəbiristanlığa çıxarmışdı – bunu heç kim bilmirdi və təbii ki, heç kim bu barədə düşünmürdü; amma Gicbəsəri Qəbiristanlıq İdarəsinin həyətində ilk dəfə görən adam Əbdül Qafarzadə olmuşdu.
Onda – Gicbəsər üçün çox-çox uzaq bir zamanda – çiskinli bir sentyabr səhəri idi və o payız çiskinində Tülkü Gəldi Qəbiristanlığındakı ağacların xəzan sarısında qəmdən, qüssədən, ömrün sonu ümidsizliyindən əsər-əlamət yox idi, elə bil ki, o payız çiskini həmin qəmi, qüssəni, ömrün sonu ümidsizliyini yuyub aparmışdı və o narın çiskin Əbdül Qafarzadənin sifətinə dəydikcə, elə bil, kişinin bütün içinə bir qayğısızlıq, nikbinlik yayılırdı, özünü sağlam, gümrah hiss edirdi və bu hiss həmin payız səhəri Əbdül Qafarzadəni nəsə yaxşı bir iş görməyə, kimisə sevindirməyə, kiməsə bir xeyir verməyə (həm də gözlənilməz bir xeyir!) səsləyirdi. Belə vaxtlarda Əbdül Qafaqzadə dünyanın bütün bəd işlərini, pis əməllərini, saxta oyunlarını, riyakarlığı, ikiüzlülüyü, pozğunluğu – hər şeyi yaddan çıxarırdı (hər halda, kişiyə belə gəlirdi) və elə bil ki, bu adamın bütün içi, fikri-zikri də o payız çiskini kimi, tərtəmiz olurdu, paklaşırdı.
O çiskinli sentyabr səhəri daxilindən baş qaldırmış o coşğun nikbinlik və xeyirxahlıq hissləri içində Əbdül Qafarzadə əllərini adəti üzrə arxasında birləşdirib geniş sinəsini daha da irəli verdi, üzünü yuxarı tutub bomboz payız səmasına baxdı, narın çiskin çeşməyinin şüşələrinə səpələndi və belə bir narın damcılı şüşə arxasından dünyaya baxmaq da o dəm Əbdül Qafarzadəyə ləzzət verdi, hətta Tülkü Gəldi Qəbiristanlığının dəmir darvazasının bala qapısından Qəbiristanlıq İdarəsinin həyətinə girəndə qarovolçu Əflatunu görəndə də, bu balacaboylu, arıq, sir-sifəti günün altında, tozun-torpağın içində illərdən bəri yanıb qaralmış, balaca, yaşıl gözləri həmişə səksəkə içində oynayan adam – qarovolçu Əflatun da Əbdül Qafarzadənin gözünə dünyanın gözəl bir məxluqu, qüsursuz bir bəndəsi kimi göründü, düzü, Əbdül Qafarzadənin özünün də qarovulçu Əflatunu beləcə görməyinə gülməyi tutdu, amma, hər halda, həyat gözəl idi və Əbdül Qafarzadə də bu gözəl həyatın sahiblərindən biri idi.
Qarovulçu Əflatun köşkünün balaca pəncərəsindən Əbdül Qafarzadəni görən kimi, o saat bayıra sıçradı və çevik addımlarla özünü kişiyə tez yetirmək istədi; qarovulçu Əflatun Əbdül Qafarzadəyə o qədər bələd olmuşdu ki, lap uzaqda qaraltısını da görəndə sövq-təbii duyurdu ki, kişinin kefi kökdü, yoxsa qanı qaradı; müdirin qanı qara olanda, qarovulçu Əflatun çalışırdı ki, hörmətini, ehtiramını, səcdəsini kənardan-kənara bildirsin, amma hiss edəndə ki, müdirin kefi kökdü (yəni bu o deyən şeydi ki, qarovulçu Əflatun əlavə pul qoparda bilərdi, gözlənilmədən əlavə bir imtiyaz əldə edərdi), yaxınlaşıb hal-əhval tuturdu, yeri düşsəydi sözü fırladıb gətirib Xıdırın üstünə çıxarırdı, Xıdıra rəhmət oxuyurdu, bir balaca ağlamsınıb və gözlərini yerə dikib Xıdırın belə bir gözəl zəmanəni görmədiyinə dönə-dönə təəssüfünü bildirirdi və Əbdül Qafarzadənin o gözəl ovqatının maddi bəhrələrini görürdü.
O payız səhəri də yəqin belə olacaqdı, amma birdən-birə hardan peyda oldusa, balaca bir küçük sərçə kimi civildəyə-civildəyə qarovulçu Əflatunun ayaqlarına dolaşdı, az qaldı ayaqlarının altında qalsın və qarovulçu Əflatun ayağı ilə o balaca küçüyü bir kənara itələdi ki, bu gözəl payız səhəri fürsəti əldən verməsin, özünü növbəti məqsədinə çatdırsın. Çiskinin altında qəhvəyi-qara tükləri islanmış küçük, qarovulçu Əflatunun ayağı ilə təmasdan sonra, cır və nazik səsi ilə zingildədi və Əbdül Qafarzadə narazılıqla başını buladı. Qarovulçu Əflatun, əlbəttə, bu narazılığı o saat hiss etdi və dayandı, bir müdirə, bir də qəflətən peyda olmuş o küçüyə baxdı, bilmədi ki, nə eləsin.
Əbdül Qafarzadə:
– Götür onu gətir bura, – dedi.
Qarovulçu Əflatun dünyada ən çox sevdiyi bir varlıq kimi, o küçüyü o saat ehmalca qucağına aldı və müdirin qabağına yüyürdü. Qəhvəyi-qara tükləri bədəninə yapışmış o küçük hardan gəlib Tülkü Gəldi Qəbiristanlığına çıxmışdı? Qəbiristanlığın ərazisində it yox idi və ümumiyyətlə, Əbdül Qafarzadə bu fikirdə idi ki, qəbiristanlıqda gərək it-pişik olmasın və Mirzəibi də, Vasili də, Ağakərim də bunu bildikləri üçün, Tülkü Gəldi Qəbiristanlığını itdən, pişikdən mühafizə edirdilər.
O küçük, qarovulçu Əflatunun qucağından boylanıb Əbdül Qafarzadəyə baxırdı və həmin küçük baxışlarında bir etibar, ümid var idi, çünki yenicə gəldiyi dünyanın işlərindən xəbərsiz idi, qarovulçu Əflatunun o təpiyi də, yəqin ki, həyatında aldığı ilk təpik idi. Bu küçük dünyaya beləcə bir etibarla, ümidlə gəlmişdi, amma o etibar da, o ümid də dünyanın vecinə deyildi və Əbdül Qafarzadə o dəm küçüyə baxa-baxa fikirləşirdi ki, bu balaca varlığı irəlidə nələr gözləyir? Nə qədər təpik yeyəcək? Bir azdan gözlərindəki o, etibardan, o ümiddən əsər-əlamət də qalmayacaq (Əbdül Qafarzadə buna əmin idi) və nə üçün belə olmalıydı? Bir halda ki, bu küçük dünyanın beləcə vecinə deyildi, təbiət niyə onu yaradırdı? Təpikləri yesin, sonra da acından ölsün? Nə olsun axı? Nə olsun ki, nəslini davam etdirir? Davam edən bu nəslin nə mənası var?
Əbdül Qafarzadənin hərdən belə bir fəlsəfəyə qapılması var idi.
Küçük, qarovulçu Əflatunun qucağından çıxıb Əbdül Qafarzadənin qucağına gəlmək istəyirdi, elə bil, başa düşmüşdü ki, Tülkü Gəldi Qəbiristanlığında və ümumiyyətlə, bu dünyada kim, kimdir. Əbdül Qafarzadə qara paltosunun cibindən dəsmal çıxarıb çeşməyinin şüşələrini sildi, diqqətlə küçüyə baxdı, sonra küçüyü qarovulçu Əflatundan aldı, iri əlləri ilə yaş tüklərini tumarladı, bu adam ömründə ilk dəfə idi ki, qucağına it alırdı, ilk dəfə idi ki, it tumarlayırdı və küçük də o sazaq payız səhəri bir neçə günlük həyatında ilk dəfə insan əlinin (iri əllərin) hərarətini hiss etdi və bu – Əbdül Qafarzadənin hər şeyi görən boz gözlərindən yayınmadı, küçüyü qarovulçu Əflatuna qaytarıb:
– Bunu özünlə bir yerdə saxla!.. – dedi və iri sümüklü uzun barmağı ilə qarovulçu köşkünü göstərdi.
– Baş üstə!
– Yaxşı bax buna!.. – Əbdül Qafarzadə yenə küçüyün başını tumarladı, gülümsədi və Qəbiristanlıq İdarəsinin ikimərtəbəli binasına tərəf getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-1-geleceye-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Boylana-boylanaCilvələnib kəklik kimi,Ötür boylana-boylana.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları