Page 3 of 4 · 50%

Həyətə baxa-baxa küləyin qarasınca deyinən qarovulçu Əflatun Qəbiristanlıq İdarəsindən çıxan süpürgəçi Nastyanı gördü. Süpürgəçi Nastya idarədən həmişə sonuncu çıxırdı.

Hər dəfə qış gələndə əyninə geydiyi göy paltosunun bütün düymələrini bağlamış, qalın yun şalını başına, boynuna dolamış bu kök (kök idi, amma lırt deyildi) arvadın yaşı əllini keçmişdi, amma canı hələ sulu idi; alkaqolik əri ölmüş, qızı bir azərbaycanlı gülsatana ərə gedib Moskvaya köçmüşdü, oğlunu əsgər aparmışdılar və indi Əfqanıstanda «düşmənlərə» qarşı vuruşurdu və bütün bu təfsilatı qarovulçu Əflatun yaxşı bilirdi. O vaxtlar ki, belə küləkli-yağışlı, qarlı-boranlı qış gecələrində Tülkü Gəldi Qəbiristanlığının müştəriləri az olurdu və qarovulçu Əflatun hələ müharibə vaxtından qalmış kürkünə bürünüb köşkə güclə sığışmış dəmir çarpayıda uzanırdı, onda birdən-birə süpürgəçi Nastya gəlib bu cüssəsiz, arıq adamın yadına düşürdü, arvadın hətta qalın qış paltosunu da arxadan qabardan, yeridikcə hər tərəfi ayrı-ayrılıqda oynayan iri dalı, Qəbiristanlıq İdarəsində əyilib döşəməni süpürəndə, yuyanda paltarının yaxasından dərin arası görünən iri döşləri qarovulçu Əflatunun gözlərinin qabağına gəlirdi və həmin məqamlarda Tülkü Gəldi Qəbiristanlığında qazandığı pullara, Əbdül Qafarzadə kimi bir adamın ona xüsusi mərhəmət göstərməsinə, lap az bir müddətdən sonra Kolxoza maşın ala biləcəyinə baxmayaraq, kişinin ürəyindən bir qüssə keçirdi... Əlbəttə, qoca çağlarında da olsa, tale üzünə gülmüşdü, onu gətirib Əbdül Qafarzadə kimi bir nəhəngə ürcah eləmişdi, özünə güzəran qazanmışdı, amma, hər halda, həyat onu barmağında fırladıb, fırladıb axırda gətirib adicə qarovulçu etmişdi (halbuki maarif müdiri ola bilərdi, hətta raykom katibi də ola bilərdi!..), balaca adam eləmişdi və indi qarovulçu Əflatunun heç olmasa, süpürgəçi Nastyaya da əmr etmək imkanı yox idi...

Həmin küləkli axşam qarovulçu Əflatun köşkün kiçik pəncərəsindən üzü küləyə tərəf gələn süpürgəçi Nastyanın göy paltosunun üstündən belə açıq-aşkar hiss olunan yoğun baldırlarına baxa-baxa udqundu, köşkdən çıxıb darvazanın qabağında dayandı və süpürgəçi Nastya gəlib yanından ötmək istəyəndə rusca:

– Damoy idyoş? – soruşdu.

Süpürgəçi Nastya küləkdən üzünü yanpörtü tutub:

– A kuda je eşo? – soruşdu.

– Şto doma? Adna da doma! – Qarovulçu Əflatun yenə udqundu.

– A çto delat? Takova sudba!..

– İdyom tuda... – Qarovulçu Əflatun əli ilə köşkü göstərdi.

Süpürgəçi Nastya, görünür, o küləkli axşamda belə bir təklif gözləmirdi və açıq-aşkar bir maraqla boyca özündən xeyli kiçik olan qarovulçu Əflatuna, sonra o balaca köşkə, sonra yenə qarovulçu Əflatuna baxdı.

– İdyom da!.. Vodka toje yest... İdyom!.. Ladna da... Nikto ne vidit... Xoroşo budet...

– Tı eşo na çto-to sposoben? – və süpürgəçi Nastya bərkdən güldü.

Qarovulçu Əflatun bu yekəpər, sağlam arvadın beləcə gülməyindən ürəkləndi və bu dəfə süpürgəçi Nastyanın göy paltosunun qolundan yapışmağa cürət etdi, bir balaca da dartdı:

– İdyom da!.. İdyom!.. Padarka toje dam da tebe...

Süpürgəçi Nastya gözlərindəki o maraqla və diqqətlə qarovulçu Əflatuna baxdı və qarovulçu Əflatunun yanınca köşkə tərəf addımladı, qarovulçu Əflatunun ardınca köşkün açıq qapısından içəri girdi.

Darısqal köşkün içində küləyin o vıyıltısıyla bərabər, qəribə bir durğunluq var idi və o durğunluq içində qarovulçu Əflatun özü həyəcanla (ilk dəfə qadın görəcək yeniyetmə həyəcanı ilə) döyünən ürəyinin səsini eşidirdi; udquna-udquna:

– Snimay da palto... – dedi və həyəcandan titrəyən barmaqları ilə süpürgəçi Nastyanın göy paltosunun düymələrini açmaq istədi; qarovulçu Əflatuna elə gəlirdi ki, bu dəm bu darısqal və gözəl köşkdən başqa, paltosunun, paltarının altında o cürə can gizlətmiş süpürgəçi Nastyadan başqa dünyada heç nə və heç kim yoxdur, hətta Tülkü Gəldi Qəbiristanlığı da, Əbdül Qafarzadənin özü də (!!) yaddan çıxmışdı və qarovulçu Əflatunun bütün içinə həyəcanlı, amma eyni zamanda, xoş bir sərbəstlik hakim kəsilmişdi.

Göy palto süpürgəçi Nastyanın bədəninə kip oturduğu üçün o düymələr çox çətin açılırdı və bir yuxarı düyməni açınca qarovulçu Əflatunun barmaqları gizildədi; amma o düymələrin hamısı açılacaqdı və arvadı qocalıb əldən düşmüş qarovulçu Əflatun da bu dünyada, heç olmasa, bircə gün insan ömrü yaşayacaqdı...

Və bu vaxt o küçük gözlənilmədən hürməyə başladı; çarpayının üstündə idi, dörd ayağını da hikkəylə qarovulçu Əflatunun illərdən bəri rəngi solmuş və çirkli adyalının üstünə basıb, boynunu irəli uzadıb süpürgəçi Nastyaya və qarovulçu Əflatuna hürürdü. Qarovulçu Əflatun, əlbəttə, bu iti də yaddan çıxarmışdı və küçüyün beləcə hürməyi onu səksəndirdi, titrəyən barmaqlarını süpürgəçi Nastyanın göy paltosunun yaxasından çəkdi və nədənsə pıçıltıyla:

– Kəs!.. – dedi. – Kəs!..

Küçük daha bərkdən hürməyə başladı.

– Kəs demədim sənə!? – Qarovulçu Əflatun iki əlini də uzadıb küçüyü qamarlamaq istədi, amma it çarpayının yuxarı başına qaçdı, üzünün ağı çirkdən bozarmış yastığın üstünə çıxıb köşkün küncünə qısıldı və əvvəlkindən daha hirsli, daha bərkdən hürməyə başladı.

İkinci gözlənilməz hadisə isə o oldu ki, küçüyün eləcə hirslə hürməyi, elə bil ki, süpürgəçi Nastyanı ayıltdı, araq da, hədiyyə də yaddan çıxdı və arvad yuxarıdan aşağı bu qoca və cansız kişiyə baxıb bərkdən gülə-gülə:

– Tı je ne mojeş spravlyatsya daje s sobakoy! – dedi və o darısqal köşkdə geri çönüb göy paltosunun altından iri dalının yanlarını qarovulçu Əflatunun yarımca metrliyində oynada-oynada eşiyə çıxdı.

Qarovulçu Əflatun udquna-udquna və ürəyi hələ də həyacanla döyünə-döyünə köşkün balaca pəncərəsindən süpürgəçi Nastyanın ardınca baxdı və elə ki, süpürgəçi Nastya Tülkü Gəldi Qəbiristanlığının darvazasından çıxıb gözdən itdi, qarovulçu Əflatun içindən coşub gələn bir nifrətlə əlini atıb küçüyün boynunun dərisindən yapışdı və heyvanı qaldırıb zərblə köşkün döşəməsinə çırpdı, elə həmin anda da sinəsinə bir təpik ilişdirib iti köşkün açıq qapısından bayıra tulladı.

Bütün qısa ömründə insan təpiyini ilk dəfə beləcə yeyən küçük quyruğunu qısıb zingildəyə-zingildəyə o köşkdən uzağa qaçdı, hasarın dibindəki kolluğa girib heç vaxt hiss etmədiyi dəhşətli bir qorxu ilə köşkün açıq qapısına tərəf baxdı: küçüyün bütün bədəni uçunurdu və yəqin o küçük elə həmin andan da başa düşdü ki, Tülkü Gəldi Qəbiristanlığında insanlarla zarafat eləmək olmaz...

Qarovulçu Əflatun küçüyün qarasına bərkdən küçə söyüşləri söyə-söyə köşkün qapısını bağladı və həmin küləkli axşamın üçüncü gözlənilməz hadisəsi də bu oldu ki, qarovulçu Əflatun birdən-birə (əlbəttə, bərkdən yox, ürəyində!) Əbdül Qafarzadəni söyməyə başladı; birinci dəfəydi ki, Əbdül Qafarzadəni beləcə söyürdü – düzdü, Əbdül Qafarzadə qarovulçu Əflatuna çörək vermişdi, amma nə olsun, hər şey bir qarın çörəklə ölçülmürdü ki...

Əbdülün o qardaşı Xıdır da əclafın biri idi, Əbdülün özü də əclafın biridi, atası hambal Orduxan da, ümumiyyətlə, bütün nəsilləri də əclaf idi və qarovulçu Əflatun elə söydükcə söyürdü, amma ürəyi soyumurdu.

Bir dəfə – həmin hadisədən üç-dörd ay sonra, onda da yaz gəlmişdi və Tülkü Gəldi Qəbiristanlığındakı alça, ərik, gilənar, nar ağacları çiçək açmışdı – Əbdül Qafarzadə Qəbiristanlıq İdarəsinə gələndə hardansa birdən-birə peyda olub həyətin ortasında dayanmış o küçüyü gördü; küçük böyümüşdü, dəyişmişdi, gözlərindəki o etibardan, ümiddən əsər-əlamət yox idi, amma Əbdül Qafarzadə onu tanıdı:

– Həmin küçükdü? – soruşdu.

Qarovulçu Əflatun nigarançılıqla itə baxa-baxa bilmədi ki, nə desin. Düzdü, Əbdül Qafarzadə uzun müddətdi küçüyü görmürdü, soruşmurdu, amma, hər halda, haçansa bu küçüyü ona tapşırmışdı və indi itin beləcə yiyəsizliyinə hirsi tuta bilərdi (onda da qarovulçu Əflatun Aşqabad batan kimi batardı!); amma bu yerdə axmaq it özü qarovulçu Əflatunun köməyinə gəldi– boynunu irəli uzadıb hirslə Əbdül Qafarzadəyə tərəf hürməyə başladı; elə bil ki, it də Əbdül Qafarzadəni tanıdı və kimsəsiz bir günə düşdüyünə görə kişini günahlandırdı.

Əbdül Qafarzadə yavaşdan qarovulçu Əflatunla yox, özü-özü ilə danışdı:

– Necə yazıq idi, indi gör nə olub, zaraza!.. Dünya belədi də... İtə də yaxşılıq yoxdu bu dünyada!..

Qarovulçu Əflatun, Əbdül Qafarzadənin it naxələfliyi ilə bağlı bu fikirlərindən ürəkləndi və belə bir məqamda o itdən fərqli surətdə, özünün naxaləf olmadığını nəzərə çatdırmaq üçün kişinin qeydinə qaldı:

– Fikir vermə, əşşi...O adı nədir, şey, gicbəsərin biridi!..

Və həmin gündən də o itin adı Gicbəsər qaldı.

Düzdü, Əbdül Qafarzadənin o itdən üzü dönmüşdü, amma onu qovmaq barədə heç bir xüsusi tapşırıq verməmişdi və Gicbəsər də həmin vaxtdan Tülkü Gəldi Qəbiristanlığında sülənirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 min
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 min
VII fəsil

Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən

4 min
VIII fəsil

İş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?

3 min

Poems by other poets