Page 5 of 11 · 36%

Həmin gecələr ki, tələbə Murad İldırımlı yerinə girirdi və çox həssas, amansız hisslər bu cavan adamın bütün əsəblərini çılpaqlaşdırırdı, birdən-birə Xədicə arvad barədə fikirləşməyə başlayırdı, sonra, ümumiyyətlə, insan xisləti barədə fikirləşirdi və axırda gəlib özünün üstünə çıxırdı, tamam kənar bir adamın gözləri ilə özünə baxırdı (hər halda, tələbəyə belə gəlirdi) və öz daxili aləminin timsalında insanı dərk eləməyə çalışırdı, insanın yazıqlığı və qəddarlığı, ürəyinin incəliyi və qəlbinin qaralığı, riyakarlığı və sadəlövhlüyü, etibarı və vəfasızlığı, dünyadakı ümid və ümidsizlik onu elə bir qaranlığa aparıb çıxarırdı ki, Xədicə arvadın yetmiş manata kirayə verdiyi bu balaca otaqda hava çatışmırdı, bu balaca otaq onun bütün içini sıxan mənəvi bir məhbəsə çevrilirdi. Sifətini xatırlaya bilmədiyi atası barədə düşünürdü, illər boyu üzünü görmədiyi anası barədə fikirləşirdi və haçansa bu adamların bir gecəlik yaxınlığının iyirmi yeddi ildən sonra onun simasında Xədicə arvadın evindəki bu dörd divar arasında beləcə əzab çəkməyi tələbəyə dünyanın ən mənasız bir işi kimi görünürdü; bu ata-ana-tələbə üçbucağında o qədər mənasızlıq var idi ki, hansı bir qanunauyğunluq, hansı bir izahatçünsə həvəs qalmırdı. Və nə yaxşı ki, belə məqamlarda həyətdəki o krantdan eləcə su damcılayırdı... Bəzən tələbə Murad İldırımlı bütün bu hisslər aləmini təsvir etmək istəyirdi, özünün timsalında insan xislətini heç nədən çəkinməyərək, heç nədən utanmayaraq, çılpaq göstərmək istəyirdi və bu yazı bir etirafnamə olmalıydı və o etirafnamənin birinci cümləsi həmişə beynində dolaşırdı: «Sənə eşq olsun, ey gözəl insan!..».

Etirafnamə həmin gözəl insana müraciətlə yazılmalı idi və axırda oxucu özü nəticə çıxarmalı idi ki, insan gözəldir, yoxsa yox, amma etirafnamə yazılmırdı və bunun əvəzində tələbə Murad İldırımlı M.F. Axundov adına Respublika Dövlət Kitabxanasına (vaxtı ilə kənddən dalbadal məktublar yazdığı kitabxanaya) gedib Jan Jak Russonun «Etirafnamə»sini təzədən oxumağa başlayırdı...

... Həyətdə yan-yana düzülmüş mizlərin üstünə məhəllə arvadlarının öz evlərindən gətirdikləri süfrələr salınmışdı, kişilərdən işə gedəni getmişdi (bir hovur işdən icazə alıb qayıdacaqdılar ki, mərhumun dəfnində iştirak etsinlər), getməyəni miz arxasında əyləşmişdi, mizin başında isə Molla Əsədulla oturmuşdu, vərəqləri tamam köhnəlib nimdaşlamış kiçik ölçülü Quranı qabağına qoymuşdu, əlindəki qara mina təsbehi (Kərbaladan gətirilmiş bu təsbehləri Bakının Quba meydanında alverçilər satırdılar və çörəkçi Ağabala onlardan birini alıb oğlunun əsgərlikdən sağ-salamat qayıtmağı münasibətilə Molla Əsədullaya nəzir vermişdi) aramla çevirirdi və bir söz demirdi. Bugünkü dəfn mərasimində Molla Əsədulla, əlbəttə, heç kimdən pul almayacaqdı, məhəllə adamı olduğu üçün, yazıq Xədicə arvadın təziyəsini müftə yola verəcəkdi və şübhəsiz ki, arvadın qırxı çıxanacan hər cümə axşamı başqa dəfn mərasimlərindən macal tapıb bu həyətə baş çəkəcəkdi, amma səhərdən bəri krantın yanında dayanıb öz kiçikliyini və lazımsızlığını hiss eləyən Murad İldırımlıya elə gəlirdi ki, Molla Əsədullanın susmağının, qaşqabağının səbəbi ömürləri boyu bir məhəllədə yaşadıqları Xədicə arvadın ölümü deyil, bu yas məclisinin pulsuz olmasıdır.

Bir dəfə (dünyanın işinə bax, cəmi üç-dörd gün bundan əvvəl idi!..) Xədicə arvad tələbənin gətirdiyi qəzetlərdən kiçik torbacıqlar düzəldə-düzəldə demişdi: «– Bilirsən, ay tələbə, müharibə bir-iki iliydi qurtarmışdı, sənin yaduva gəlməz, nə yaduva gəlməz e, sən heç onda dünyada yoxuydun!.. Onda Bakıya bir qar yağmışdı ki, elənçinə qar heç vaxt olmamışdı ya, heç vaxt! Özü də acdığıydı də, yeməyə bir şey-mey yoxuydu... Müharibə vaxtı, mağul amerikalılar, heç olmasa, tısbağa yumurtasının paraşokunu gətirirdilər!.. Day o da yoxuydu... Gecə bizim mələyə canavar gəlmişdi. O Molla Əsədulla var a, mürdəşir onun üzünü yusun, bax, onun həyətinə girmişdi. Canavar da bilmişdi ki, nə olsa o acdıqda, Molla Əsədullada olar!.. Girmişdi Molla Əsədullanın həyətinə, itini aparmışdı. İtin boğazı zəncirli idi, boğazını gəmirib aparmışdı... başı qalmışdı həyətdə, itin bədənini aparmışdı. O canavar o iti aparanecən, kaş elə bunun, bu mollanın özünü apareydi!.. Bilirsən bu köpey oğlu Molla Əsədulla dava vaxtı camaatdan mamileynən nə qədər pul yığdı? Nə qədər daş-qaş yığdı?! Neynirsən, ay zaraza, bu qədər pulu, hə? Goruva apareceysən? O qədər pulu var, ancaq indi də, zaraza səhərdən axşameycən Tülkü Gəldi Qəbiristanlığındadı, pul qazanır... Özündən başqa, qızlarınnan, oğlannarınnan başqa, bir adamın yaralı barmağına işəməz, köpey oğlu!..»

İndi həmin Molla Əsədulla Xədicə arvadın yasında mizin başında oturmuşdu və bu gün qazanc dalınca Tülkü Gəldi Qəbiristanlığına getməyəcəkdi, ömrünün bir gününü müftə yola salacaqdı, amma, hər halda, Molla Əsədulla qaşqabaqlı da olsa, qanıqara da olsa, Xədicə arvadın ruhu gərək şad olaydı, çünki Molla Əsədulla gəlib bu həyətdə oturub mərhumun qarşısında son borcunu verirdi və bu da o demək idi ki, arvadı «əl-rəhmanla», hörmət-izzətlə qaldıracaqdılar.

Həyətin küçə qapısı açıldı və çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu ağappaq tənzifə bükülmüş bir qucaq ət gətirib Xədicə xalanın evinə qaldırdı. Əlbəttə, çörəkçi Ağabala bu əti baha qiymətə – kilosu 10 manata əldən aldırmışdı, çünki necə kəsilib, necə saxlanmağı məlum olmayan ağırlaşmış və çirkli-paslı hökumət ətindən qoca arvadın ehsanını vermək nə məhəlləyə yaraşardı, nə də ki, çörəkçi Ağabalanın özünün adına-sanına; hələ o tərəfi bir yana qalsın ki, hökumət dükanlarından ət almaq da asan məsələ deyildi, nə vaxtıydı ki, Bakıda əti talonla adambaşına bir kilo verirdilər; yağı isə talonla adambaşına yarım kilo (sonuncu dəfə 7 Noyabr bayramı münasibətilə yağı adambaşına bir kilo vermişdilər). Məhəllə camaatı ətdən də, yağdan da çox korluq çəkirdi, amma belə, yas məclisləri üçün, yerin altında da olsaydı və bir dəvə qiymətinə başa gəlsəydi də (məhəllənin çörəkçi Ağabala kimi imkanlı adamlarının köməyi ilə), təzə ət tapılmalı və alınmalıydı.

Məhəllə cavanlarının çoxu sürücü işləyirdi və o cavan sürücülərdən biri yük maşınını həyətin küçə qapısının ağzında saxladı. Bir neçə cavan əlinə kəlbətin, çəkic alıb həyət qapısının uzun-uzun illərdən bəri aşağıdan da, yuxarıdan da mismarla vurulub bərkidilmiş ikinci tayının uzun və paslı mıxlarını dartıb çıxartmağa başladı və bu zaman krantın yanında dayanıb baxan tələbə Murad İldırımlıya elə gəldi ki, o cavanlar qapı tayının mıxlarını yox, yazıq Xədicə arvadı həyatla, bu dünya ilə bağlayan paslı dəmir milləri dartıb çıxarırlar və beləcə əziyyətlə, tər tökə-tökə dartıb çıxarırlar, çünki Xədicə arvad o paslı millərdən hələ də əl çəkmək istəmir...

Cavanlar nəhayət ki, həyətin küçə qapısını taybatay açdılar, sonra yazıq Xədicə arvadın göyümtül nimdaş adyala bükülmüş cənazəsini həyətə çıxartdılar ki, məscidə aparıb yudurtsunlar, sarıtdırsınlar və bu vaxt Molla Əsədulla gözlənilmədən üzünü tələbə Murad İldırımlıya tərəf tutdu, boğuq səsiylə:

– Orda nöş durmusan, alə? – dedi. – Gəl, gəl, kömək elə, aparun məscidə!..

Tələbə Murad İldırımlıya elə gəldi ki, Molla Əsədullanın o boğuq səsi bütün həyətə, küçəyə yayıldı və hamı da məhəllədəki kirayənişinin acizliyinin, yararsızlığının şahidi oldu; gözlərini yerə dikib ürəyi döyünə-döyünə cənazəyə yaxınlaşdı və Xədicə arvadın ayaq tərəfindən yapışdı. Tələbə Murad İldırımlının əli ömründə heç vaxt meyitə dəyməmişdi və indi adyalın altından Xədicə arvadın boşalmış cansız qılçını əlinin içində hiss etdikdə tələbəyə elə gəldi ki, onu səsləyən Molla Əsədulla deyildi, tale idi, bütün acizliyini, yararsızlığını bir daha ona göstərmək istəyirdi, yəni tale deyirdi ki, əziz dostum Murad İldırımlı, özün özünə qapanıb böyük-böyük fikirləşmək asan şeydir, bax, gəl beləcə əlinlə ölümü hiss elə, bir halda ki, sənin iyirmi yeddi yaşın var, onda, başqaları kimi sən də, zəhmət çək, gəl, ölümü əllərinlə beləcə müayinə et. Və tələbə burasını da yalnız indi bütün dəhşəti ilə başa düşdü ki, həmin bu göyümtül adyal gecələr onun özünün üstünə örtdüyü adyaldı; bircə anın içində tələbəni soyuq tər basdı, tələbə özünü məcbur edə bilmirdi, özünü ələ ala bilmirdi, Xədicə arvadın ölü qılçı, elə bil ki, onun da bütün içinə bir ölüm yayırdı, bu göyümtül adyalla da, elə bil, Xədicə arvadı bükməmişdilər, tələbənin özünü bürümüşdülər və tələbə öz bədəninin dərisində o adyalın nimdaşlığını hiss edirdi; dizləri əsirdi və ən dəhşətlisi bu idi ki, həmin dəm tələbə Murad İldırımlıya elə gəlirdi ki, bütün həyət onun necə bir vəziyyətə düşdüyünü görür, soyuq tərini duyur. Tələbə öz acizliyinə, ürəksizliyinə nifrət edə-edə Xədicə arvadın o göyümtül adyala bükülmüş cənazəsindən tutub başqa məhəllə cavanları ilə bərabər, bir-iki addım atdı və elə bil ki, ağır bir yuxu içində Xosrov müəllimin səsini eşitdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 min
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 min
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 min
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 min

Poems by other poets