6. Dar dalanda
Page 2 of 2 · 50%
O sakit, rahat və təmiz dalanda dünyanın qəribə bir hadisəsi baş verdi; it bu adama baxdı, baxdı və birdən dizlərini büküb qarnı üstə yerə çöməldi və çənəsini arıq kişinin qılçının üstünə qoyub gözləri ilə altdan yuxarı ona baxdı. Arıq kişi itin bu hərəkətini adicə bir şey kimi qəbul edib (elə bil, elə belə də olmalıymış, it onun dediklərini başa düşməliymiş), sol əli ilə Gicbəsərin başını tumarlamağa, qulaqlarının altını qaşımağa başladı.
– İt olmaq istəyir-r-rəm... – Sağ əlində tutduğu şüşədən bir qurtum da içdi. – Vahid bilir-r-sən... nə deyib? Vahid e!.. Əliağa Vahid... Deyib ki... insanlar-r-rda... insanlar-r-rda vəfa yoxdu... Əclafdı də insanlar-r-r!.. Ancaq mən... əclaf döyüləm!.. Bilir-r-sən... sənə necə baxacam?.. Hər şey alacam sənə!.. Doxtur-r-rski kolbasa... tapacaqlar-r-r... mənimçün... İki kilo!Ver-r-rəcəm sənə... hamısını ver-r-rəcəm sənə!.. Ancaq mən də... it olmaq istəyirr-rəm!.. it olsaydım... bir-r-r yer-r-rdə yeyər-r-rdik doxturs-r-ski kolbasanı!..
Əlbəttə, Gicbəsər bu adamın dediyi sözlərin mənasını başa düşmürdü, amma bu sözlərin deyilişində it üçün gözəl bir musiqi var idi və o gözəl musiqi dar dalandakı bu gözəl sakitliyi, rahatlığı müşayiət edirdi və it çənəsini o arıq kişinin qılçına elə qoymuşdu ki, elə bil, həmişə beləcə qalacaqdı, heç vaxt başını bu mehriban qılçın üstündən qaldırmayacaqdı. Spirt iyi, xüsusən, şüşədən gələn o qoxu güclə hiss olunan o gözəl əhəng qoxusunu yox eləyirdi, bu sərt qoxu dar dalanın o ehtiyatlığı və sakitliyi ilə bir o qədər də uyuşmurdu, amma bu adamın itin başını tumarlayan, qulaqlarının altını qaşıyan əlindəki mehribanlıq, nəvaziş hər şeyi üstələyirdi, dünyanın bütün pis qoxularını bir kənara atırdı və görünür, bu it heç zaman belə bir mehribançılıq içində olmamışdı. Düzdü, lap küçük vaxtlarından isti və iri bir insan əlinin hərarəti uzun müddət Gicbəsərlə birgə oldu, zaman keçdikcə çox uzaqlarda qaldı və indi o dar dalanda, çənəsini o arıq kişinin qılçına qoymuş Gicbəsər, elə bil ki, harasa uzaqlara qayıdırdı, lap cıqqılı küçüklük dövrünə qayıdırdı və çoxdan unudulmuş o hərarətin xatirəsini duyurdu...
İy iyə qarışdı və bunu birinci hiss edən Gicbəsər oldu, nigarançılıqla başını qaldırıb dalanın girəcəyinə nəzər saldı və arıq kişi də itin nigarançılığını o saat duydu və birdən-birə heyvani bir qorxu çəkən rəngsiz gözləriylə küçəyə tərəf baxdı, sövq-təbii bir hərəkətlə sağ əlindəki yarımçıq şüşəni qəhvəyi pencəyinin döş cibinə soxdu, həyəcandan titrəyə-titrəyə tez-tez pıçıldamağa başladı:
– İt olmaq istəyir-r-rəm!.. İt olmaq istəyir-r-rəm!.. İt olmaq istəyir-r-rəm!..
Bu vaxt dalanın girəcəyində iki nəfər – bir kişi və bir qadın – göründü və ikisi də ayaq saxlayıb yerlərində səndirləyə-səndirləyə dar dalanın içinə tərəf baxdı, sonra qadın əlini uzadıb dirəyin dibində oturmuş arıq kişini göstərə-göstərə cır səsiylə qışqırdı:
– Vot on, pederas!.. Spryatalsya zdes da, kurva?!
O iki nəfərin dirəyə tərəf yüyürməyiylə bütün bu dar dalanın başdan-başa spirt iyiylə dolması bir oldu və o iki nəfər dirəyin dibində oturmuş o adamın başının üstünü elə sürətlə aldılar ki, bu yazıq heç tərpənməyə də macal tapmadı; həmin iki nəfər bir göz qırpımında dirəyin yanına çatan kimi, onlardan biri – uzun kişi dirəyin dibində oturmuş (və titrəyə-titrəyə elə hey pıçıldayan: «–İt olmaq istəyir-r-rəm!..İt olmaq istəyir-r-rəm!..») adamın sifətinə zərblə bir təpik vurdu və bu zərbə o qədər güclü oldu ki, özü də ayaq üstə dura bilmədi, arxası üstə yerə sərildi.
Dirəyin dibində oturub əsə-əsə elə hey pıçıldayan o arıq kişi:
– Vay!.. – deyib iki əliylə də sifətini tutdu və parçalanmış dodaqlarından axan qan barmaqlarının arasından süzülməyə başladı, çirkli dırnaqlarını qıpqırmızı qızartdı.
Qadın yerə sərilmiş dostuna məhəl qoymadı və iki əliylə dirəyin dibində oturub üzünü qapamış arıq kişinin pırpızaqlı çal saçlarından yapışdı:
– Ubejat xotel da? Pederas!.. Qde vino? – və o bədbəxtin başını dirəyə döyəcləməyə başladı. – Skaji qde vino?.. Ubyom tebya!.. Ubyom!.. Kurva!..
Yerə sərilmiş uzun kişi də ayağa qalxdı. Qadın rus idi və rusca danışırdı, uzun kişi isə azərbaycanca:
– Oğraş!.. – dedi. – Bizi aldadıb qaçmaq istədin, hə?! Tək içmək istəyirsən, ay əclaf?! Məni aldatmaq olar?..
Qadın isə sakitləşmək bilmirdi, sifətindən qan axan o arıq kişinin başını dirəyə döyəcləyə-döyəcləyə:
– Qde vino?– qışqırırdı. – Qde kurva?! Qde vino?..
Uzun kişi yenə də ayağını qaldırıb dirəyin dibindəki o arıq kişini vurmaq istədi və bu vaxt Gicbəsər bütün içindən axıb gələn bir hirslə bərkdən hürməyə başladı; it bayaqdan bəri, elə bil ki, çaşıb qalmışdı və yalnız indi özünə gəlirdi; düzdü, təpiyin nə olduğunu yaxşı bildiyi üçün, uzun kişiyə yaxınlaşmırdı, amma onun ətrafına fırlana-fırlana var gücüylə hürürdü.
Qadın:
– Paşol!– qışqırdı və o bədbəxtin saçlarını buraxıb itin üstünə qaçdı, təpik atdı, amma ayağı itə dəymədi, ikinci dəfə təpik atdı və Gicbəsər bütün ömründə birinci dəfə dişləri ilə insan qıçından yapışdı.
Qadın:
– Oy!.. – qışqırdı və ayağını dartdı, amma Gicbəsər, arvadın topuğunu ağzından buraxmadı və onsuz da, ayaq üstə güclə dayanan o qadın arxası üstə yerə yıxıldı, donunun ətəkləri yuxarı qalxdı və əyninə alt paltarı geymədiyi üçün, vaxtsız solub əldən düşmüş bədəni, az qala, göbəyinəcən çılpaq qaldı.
O vaxt ki, Gicbəsər ağzında qan tamını hiss etdi, arvadın topuğunu buraxdı və kənara çəkilib daha da bərkdən hürməyə başladı.
Tünd sarı rəngli o üç həyət qapısı, elə bil ki, bir-birləriylə sözləşiblərmiş kimi, üçü də birdən açıldı və kiçikli-böyüklü bir dəstə adam o qapılardan dar dalana çıxdı. Bu adamların hamısı arvadlar və uşaqlar idi, aralarında kişi xeylağı yox idi, çünki bu məhəllədə kişilərin hər səs-küydən ötrü dalana, küçəyə çıxmağı ayıb sayılırdı, kişiyə yaraşmazdı. Görünür, bu vaxtlarda o dar dalanın camaatı nahar hazırlamaqla məşğul olurdu– arvadların əli döyülmüş ətə, una, yağa bulaşmışdı və əllərini döşlüklərinə silə-silə bu arvadlar da, uşaqlar da elə bir hay-küy saldılar ki, elə bil, bu dar dalan min il bundan əvvəl də belə bir haray-həşir içində olmuşdu və min il bundan sonra da belə olacaqdı.
– Vay, köpəy uşağı!..
– Ağəz, buna bax e, bu qancığa bax e!..
– Vay-vay-vay!..
– Ağəz, trusik geyməyib e...!
– Tfu sənə!..
– Pyaniskələrdi!..
Dalana dolmuş arvad-uşağın arasında on dörd-on beş yaşlarında, bığ yerinin tükləri qaralmağa başlamış kök bir oğlan da var idi və dalana çıxan kimi həmin oğlanın gözləri o saat yerə yıxılmış o qadının çılpaq ayaqlarının arasını aldı.
– Ağəz, qov buları!..
– Tfu sənə!..
– Ağəz, ört bu qəhbənin üstünü də!..
– Tez elə!..
– Tfu sənə, qancıq!..
– Bu birisinin ağzını partdadıblar!..
– Durun, köpək uşağı, durun!..
– Vur bu qəhbəni!..
– Ala!..
– Ağəz, vurun e, bunnarı, adam döyül ki, bunnar!..
Bir dəstə ayaq, bir dəstə əl o üç nəfərin – dodaqları partlamış o adamın, o uzun kişinin və topuğundan qan axan o qadının üstünə cumdu, damarları şişmiş boğazlardan çıxan səslər, elə bil ki, o dar dalanın təzəcə əhənglənmiş divarlarına hopurdu, həmişə bu divarlarda qalacaqdı və bu adamlarla birlikdə o divarlar da qışqırırdı:
– Əclaf oğlu əclaf!..
– Pyaniskə köpək oğlu!..
– Ay qəhbə!..
– Vur bunnarı!..
– Al!..
– Ay qancıq, trusik gey də!..
– Al!..
Gicbəsər o dar dalanın küncünə qısılıb mırıldaya-mırıldaya gözlərinin qabağında atılan bu təpiklərə, vurulan yumruqlara, çəkilən sillələrə baxırdı, o adamların, o dar dalanın divarlarının haray-həşirinə qulaq asırdı və bu dəm itin qəhvəyi-qara tükləri pişik tükü kimi qabarmışdı; it bu adamların arasından qaçıb o dar dalandan uzaqlaşa bilmirdi, qorxurdu.
– Al!..
– Bir də gələcəksən bura, hə?..
– Ay qancıq, tfu sənə!..
– Bu da azdı sənə, oğraş oğlu, oğraş!...
– Al!..
– Ay əclaf!..
Dar dalandan qaçıb birinci canını qurtaran, o uzun kişi oldu, sonra dodaqları partlamış arıq kişi qaça bildi (bütün bu müddət ərzində sifətinin qanına bulaşmış sağ əliylə qəhvəyi pencəyinin üstündən çaxır şüşəsini tutmuşdu ki, sınmasın, əyilib tökülməsin), sonra da səndirləyə-səndirləyə o qadın qaçdı və o qadın başını götürüb qaçanda həyətdən çıxmış həmin on dörd-on beş yaşlarında kök oğlan dar dalandakı o basırıqdan istifadə edib əlini donun üstündən arvadın paçalarının arasına basdı; oğlanın bu hərəkətini anası o saat gördü və hirsindən yanıb yaxıla-yaxıla:
– Ədə, sən neynirsən?! – qışqırdı. – Kül sənin başuva!– Və oğlunun yay qabağı ülgüclə təzəcə dibindən qırxılmış başına yağlı bir qapaz çəkdi və o qapazın səsi bu dar dalandakı hay-küyün son sədası oldu: o üç tünd sarı qapı birdən-birə necə açılmışdısa, yenə də birdən-birə eləcə açıldı, bu qədər camaat birdən-birə necə dalana tökülmüşdülərsə, eləcə də birdən-birə hamı həyətlərə girdi, o tünd sarı qapılar da yenə kip örtüldü.
Dar dalanda təkcə o on dörd-on beş yaşlı kök oğlan qalmışdı, bir də ki, dalanın dibinə qısılmış Gicbəsər.
O üç nəfər başını götürüb qaçmışdı, həyətdən çıxmış adamlar daha hay-küy salmırdı, o on dörd-on beş yaşlı kök oğlan susmuşdu, Gicbəsər daha mırıldamırdı, amma elə bil ki, bu dar dalanın göyümtülə çalan əhəngli divarları hələ də guruldayırdı.
Gicbəsər başını aşağı saldı, qulaqları yatdı, quyruğunu buladı və it asta addımlarla çıxıb getmək istədi, amma bu vaxt o kök oğlan Gicbəsəri gördü və bayaqkı qapazın ağrısının, acısının, pərtliyinin hirsini itin üstünə tökdü:
– Paşol atsuda!..
Və oğlan əyilib yerdən kiçik bir qənbər götürdü.
Gicbəsər başa düşdü ki, bu saat ağır bir zərbə alacaq və irəli sıçrayıb iti addımlarla qaçıb getmək istədi, amma oğlanın zərblə atdığı o qənbər dalandan çıxhaçıxda Gicbəsərin qabırğalarının altına dəydi və it bu zərbədən zingildəyə-zingildəyə küçə ilə üzüaşağı qaçmağa başladı.
Gicbəsər var gücü ilə o dar dalandan uzaqlaşmaq istəyirdi.
Divarları təzəcə əhənglənmiş o dar dalan, kip örtülmüş o tünd sarı rəngli qapılar arxada qaldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-6-dar-dalanda
Use ← → keys to move, R for a random poem
More by this author
İzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.
Iıı fəsilXəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...