Page 4 of 6 · 50%

O, başa düşdü ki, bir neçə dəqiqədən sonra qayıdıb Sənubərgilə gedəcək, hiss etdi ki, Sənubərin bu saat tək-tənha nöyüt pilətəsinin qarşısında oturmasına – özü də lap balacalaşmış Sənubərin, lap kimsəsizləşmiş Sənubərin – dözmək mümkün deyil.

Vovagil karamel fabrikinin yanında olurdular. Bu məhəllədən həmişə şirniyyat iyi gələrdi. Bu şirniyyat iyi, nədənsə, faciəli filmləri onun yadına salardı və bu zaman o özünü daxilən zəngin, daxilən dövlətli bir adam hiss edirdi, çünki onun hamıdan gizlin balaca bir otağı var idi və bu otaqda Sənubər var idi və Sənubərin köşək gözləri var idi, bu köşək gözlər hərdən gülürdü, hərdən tutulurdu.

O heç vaxt ac qalmamışdı, heç vaxt darısqallıq çəkməmişdi, heç bir faciə görməmişdi, amma bütün bunları doğma hiss edirdi, elə bil aclıq da çəkmişdi, faciələr də görmüşdü; o, aclıq çəkmiş, pis dolanmış adamların hisslərini duyurdu – hər halda, ona belə gəlirdi. Hərdən özünü faciələr keçirmiş bir adam kimi təsəvvür edirdi və bu cür anlarda onun yeganə mənəvi pənahgahı bu idi ki, hamıdan gizlin balaca bir otağı var və bu otaqda Sənubər var.

O, yenə də ovcunun altında Sənubərin nazik qabırğalarını hiss etdi, onun ürəyinin döyüntüsünü duydu...

Köhnə məscidin minarəsindəki işıq sönmüşdü, bığlı kişini yəqin düşürtmüşdülər aşağı, dördçarxlı sankasını sürüb getmişdi evlərinə; indi oturub uşaqları ilə çörək yeyirdi. Bəlkə, heç uşaqları yoxdur? Hər halda, bir adamı olmamış olmaz.

O, barmaqlarını büküb arakəsmə qapısını taqqıldatdı. İçəridən Sənubərin səsi gəldi:

– Gəl. Bağlamamışam.

O, bir balaca qızardı, çünki Sənubər bilirdi ki, o qayıdacaq və o qayıdıb.

Sənubər yenə də ayaqlarını altına yığıb divanın küncündə oturmuşdu, saçaqlı şal yenə də baldırlarının üstündə idi, nöyüt pilətəsi yenə də divanın qarşısındakı taxta kətilin üstündə yanırdı, yenə də nazik barmaqları ilə şalın saçaqlarını oynadırdı; gözlərini qaldırıb ona baxdı – elə bil başqa adamın gözləri idi bu gözlər.

O, ayaqüstə otağın qapısı ağzında dayanmışdı, nə isə bir söz demək istəyirdi, amma deyə bilmirdi və buna görə pərt olmuşdu. Sənubər onu çağırdı ki, gəl bura; özü də elə çağırdı, elə bil lap taqəti kəsilmişdi. O, Sənubərin bu cür səsini heç vaxt eşitməmişdi, bu səs onun ürəyinə bir xof gətirdi, suçlu adamlar kimi addımlayaraq gəlib divanda Sənubərin yanında oturdu, Cənubər də o saat onu qucaqlayıb başını pencəyinə qısdı və özünü tamam itirmiş halda hiss etdi ki, Sənubər hıçqırır. Əvvəlcə bilmədi nə eləsin, sonra soruşdu ki, nə olub? – Heç özü də bilmədi ki, necə soruşdu.

Sənubər daha da bərkdən hıçqırdı. İçin-için ağlayırdı Sənubər, bütün bədəni titrəyirdi.

O özünü lap itirdi. Ömründə heç kim onun yanında bu cür ağlamamışdı. Sənubərin saçlarını öpməyə başladı; sonra başa düşdü ki, bu dəfə özünü saxlaya bilməyəcək; qəhərdən boğula-boğula: «– Nə olub, axı, sənə? – dedi. – Nə olub?»

Sənubər heç nə demədi, birdən-birə onun yanaqlarını iki əli arasına alıb dəli kimi üz-gözünü öpməyə başladı və şor tamlı göz yaşı onun bütün sir-sifətinə yayıldı və o, doğrudan da, özünü saxlaya bilmədi; Sənubər yenə də onun başını sinəsinə sıxdı, cod saçlarını qarışdırdı, yanağından öpdü; o, həmişəki kimi, başını Sənubərin sinəsindən çəkmədi, çünki özü öz göz yaşlarından utanırdı.

– Mənim səndən başqa heç kimim yoxdur! Heç kimim yoxdur səndən başqa! Hər gün gələcəksən mənim yanıma. Sənsiz bir günüm olmasın. Bircə dənəmsən mənim! – Birdən Sənubər onun başını qaldırıb düz gözlərinin içinə baxdı və dedi: – İstəyirsən elə indi sənin olum?

O, əvvəlcə bu sözlərin mənasını başa düşmədi, necə yəni istəyirsən elə indi sənin olum, bəyəm Sənubər onunki deyildi? Sonra ürəyindən bir üşütmə keçdi, sonra da hirsləndi. Sənubərin axmaqlığına hirsləndi.

– Hə, istəyirsən? – Sənubər yer üzündəki bütün əzab-əziyyətlərə sinə gərə biləcək bir tərzdə təkrar etdi.

O, başını Sənubərin əlləri arasından çəkib ayağa qalxdı və elə bil ki, nə edəcəyini bilməyərək pəncərəyə yaxınlaşdı, təkcə bunu dedi ki, lap səfehsən! Sonra pəncərənin qalın pərdəsini kənara çəkib küçənin o biri tərəfindəki məscidə baxdı, ona elə gəldi ki, kim isə məscidin hasarına qısılıb bu pəncərəyə baxır, sonra başa düşdü ki, bu onun özüdür.

– Lap səfehsən. – O, bir də dedi və hiss etdi ki, Sənubərə sarı çevrilə bilmir, utanır. – Nə olub e, sənə?

Sənubər arxadan onun çiyinlərini qucaqladı:

– Heç nə, heç nə olmayıb mənə. İstəyirəm ki, sən mənim olasan. İstəyirəm ki, sən heç vaxt məni tək qoymayasan. Qorxuram tək qalmaqdan.

O, Sənubərə tərəf çevrilib qızı qucaqladı. Onlar heç vaxt bu cür ayaqüstə qucaqlaşmamışdılar. O, elə bil ki, kənardan bu duruşlarına baxdı: teatrda artistlərin bir-birini qucaqlamağına bənzəyirdi bu qucaqlaşma, amma Sənubər lap balaca idi, lap cılız idi, özü də quş kimi çırpınırdı onun qolları arasında, teatrda artistlər bir-birini qucaqlayanda belə çırpına bilməzdilər.

– Tək niyə qalırsan? – dedi. – Bəs, mən nəyəm? Mən nəyəm bəs?

Sənubər elə bil bu sözləri gözləyirdi, yenə dəli kimi onun üz-gözündən öpməyə başladı; Sənubər heç vaxt bu cür qızğın, həm də bu cür köməksiz olmamışdı.

O, Sənubəri bərk-bərk qucaqladı, elə bil hamıdan, hər şeydən qoruyurdu Sənubəri; elə bərk qucaqladı ki, birdən özü də qorxdu – Sənubərin beli sınar.

– Bəs, mən nəyəm? Mən nəyəm bəs? – Təkrar etdi, çünki başqa söz tapa bilmirdi.

– Sən həmişə mənim olacaqsan? – Sənubər onun qolları arasından çıxıb yaşdan parıldayan gözləri ilə düz onun gözlərinin içinə baxdı.

– Əlbəttə. – O istədi ki, yenə nə isə desin, desin ki, bu nə sözlərdir ki, danışırsan, lap qəribə adamsan, bəyəm başqa cür ola bilər, başqa cür ola bilməz axı; amma heç nə demədi.

– Sən ömründə qoymayacaqsan ki, mən tək qalım!

– Əlbəttə.

– Sən hər gün mənim yanıma gələcəksən! Mən həmişə oturub səni gözləyəcəyəm.

O, daha heç nə demədi, çünki Sənubərin bu sözləri daha lap mənasız görünürdü, bütün bunlar aydın məsələ idi və bütün bu söhbətlər bu balaca otağa yaraşmırdı.

Sənubər onu divana çəkib yanında oturtdu və əlini götürüb içi dovşan dərili qolsuz kürkünün üstündən sinəsinə qoydu və o, başa düşdü ki, bu, Sənubərin təşəkkürü, mükafatı, bəxşişidir.

Sənubərin rəngi lap solmuşdu; bu solğunluq onun balaca cüssəsini lap kiçiltmişdi, balaca çənəsinin altındakı damarlar lap gömgöy göyərmişdi, köşək gözləri lap alacalanmışdı – bilmirdin nə rəngdədir – ürəyi də elə yavaş vururdu, elə bil bu saat dayanacaq. Birdən ona elə gəldi ki, Sənubər ölə bilər. Bu fikrin gözlənilməzliyindən onu soyuq tər basdı.

– Sənə nə oldu? – Sənubər bir az ürkmüş halda onun gözlərinin içinə baxdı.

– Heç nə. – O, əlini Sənubərin sinəsindən çəkib alnının tərini sildi.

Sənubər gözlərini ondan çəkməyərək soruşdu:

– Sən fikirləşəndə rus dilində fikirləşirsən?

Sənubər hərdən elə suallar verirdi ki...

– Rusca da, azərbaycanca da.

– Yox, sən həmişə rusca fikirləşirsən, mən bilirəm, azərbaycanca danışırsan, amma rusca fikirləşirsən. – Sənubər gülümsəyib onu qucaqladı. – Sən rusca romanlar oxuyacaqsan, – bilirsən necə romanlar? Hind filmləri kimi – sonra mənə azərbaycanca danışacaqsan, hə?

– Lap qəribə qızsan e sən. – Onu gülmək tutdu.

Sənubər hər bir hind filminə üç-dörd dəfə baxırdı, hamısını da ona danışırdı – danışanda da gözləri dolurdu – o da, canını dişinə tutub qulaq asırdı.

– Danışacaqsan, hə?

– Hə. – O, yenə güldü.

Sənubər gözlərini nöyüt pilətəsinə zilləyib nə barədəsə fikirləşirdi. O heç vaxt Sənubərin nə barədə fikirləşdiyini tapa bilməzdi, elə bilirdi ki, Sənubər bir şey barədə fikirləşir, amma Sənubər tamam başqa şey barədə fikirləşirdi.

Birdən Sənubər ayağa qalxdı:

– İstəyirsən sənin üçün yemək bişirim?

O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğunu hiss etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər bu cür sözləri yalnız anasından eşitmişdi – «Nə yeyirsən, bişirim səninçün» və o, indi başa düşdü ki, bütün tanışlıqları ərzində Sənubərdə həmişə öz anasını görmüşdür – özü də bunu bilməyib, amma həmişə belə olub. Qəflətən ağlına gələn bu fikir elə bil onu sehrlədi, elə bil Sənubər də birdən-birə cana gəldi, üzünün solğunluğu getdi, köməksizliyi, kimsəsizliyi öldü, elə bil bu zəif elektrik lampası da otağı daha artıq işıqlandırdı, elə bil bu otaq da böyüdü birdən-birə, amma yenə də onların otaqları idi – onun və Sənubərin, elə beləcə də qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 min
Talvar

Akademik Məmməd Arif Dadaşzadəninxatirəsinə

26 min
Bülbülün nağılı

Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.

13 min
Baladadaşın toy hamamı

Polad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.

26 min

Poems by other poets