XX fəsil
Page 4 of 4 · 75%
– Bu nədir a, Fəttah dayı, indi də piyanları daşıyırsan ayıltmaya?
Fəttah ona yaxınlaşıb:
– Gir, gir evinə! – dedi. – Sənnik bir iş yoxdu!
– Qoy görüm kimdi ki, o elə, ceyran südünün qədrini bilmir?
– Gir evinə, dedim sənə!
– Yox, a Fəttah dayı, canın üçün gərək görəm kimdi bu səfeh.
– Dedim ki, gir evinə!.. – Fəttah Cəbinin qolundan tutub darvazalarına sarı çəkdi.
Cəbi onun əlindən dartınıb:
– Vallah, görüm gərək kimdi o! – dedi.
Fəttah qızıl saatı Cəbinin ovcuna basdı:
– Al bunu! – dedi, – Qızıl saatdı, mən tapmışam, səninki olsun.
– Nədi? Qızıl saatdı? Mənə verirsən bunu, Fəttah dayı? Bu ki, Mirpaşanın kababxanasında ikigünlük kefin puludu!
– Hə, hə, sənə verirəm! Yeri, yeri, get gir evinə! – Fəttah Cəbinin qolundan çəkib darvazanın qapısından içəri saldı və Cəbi əlində tutduğu saata baxa-baxa bu dəfə vurnuxmadı, təzədən ləzzətlə zümzümə edə-edə həyətdən keçib pilləkənlə ikinci mərtəbəyə qalxdı:
Bülbul bağlarda səs salır: cəh-cəh-cəh!
Güllərin ətrini alır, bəh-bəh-bəh!
Musiqi səsi ucalır, cəh-cəh-cəh!
Gəl, gəl, gözəl yar, sevirəm səni!..
... Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ayaq üstə dayanıb, kürkünün ətəklərindəki palçığı təmizləyə-təmizləyə hələ də bayaqkı yerində oturub qalmış Fəttahdan soruşdu:
– Elə səhəri gün aldın Cəbinin başının üstünü? Saatı gizlət dedin, hə? İndi xatası var, mən tapmışam, sənə bağışlamışam, amma ölüymüş, kefli deyilmiş yerə yıxılan, saat da, deyəsən, onunkudu, hə? Qorxutdun onu yaxşıca? Yaxşı bacarırdın bunu...
Prokuror Dadaşlı əllərini paltosunun cibinə salıb:
– Bir də mənim kabinetimdəki sobanı yaxşı qalayırdı... – dedi.
Hamı Fəttahın haqqında keçmiş zamanla danışırdı.
Mühüm işlər müstəntiqi sözünə davam etdi:
– Cəbi aparıb saatı verdi Zibaya. Ziba da nəfsini saxlaya bilməyib satmaq istədi. Bu yerdə Qurd Cəbrayıl özünü saxlaya bilmədi, iyrənc bir şeymiş kimi, başdanayağacan Zibanı süzüb:
– Toyuqca da ağlın yoxdu, səfeh qızı, səfeh! – dedi. – Sənin tamahın ucbatındandı bütün bu işlər!
Gündüz Kərimbəyli yenə sözünə davam etdi:
– Saat gəlib çıxdı bizə. Sən də bildin bunu, Cəbi dedi. Qorxdun yaman. Cəbini köhnə dəyirmana çağırdın, ağzından söz qaçmasın deyə, dəyirmanın pəncərəsindən bıçaq atıb onun da işini bitirdin...
Sonra Gündüz Kərimbəyli prokuror Dadaşlıya müraciət etdi:
– Cəbinin meyiti köhnə dəyirmandadı.
Və bu sözləri eşidəndə Zibanın gözləri az qaldı böyüyüb hədəqəsindən çıxsın:
– Necə? Cəbini? Cəbini öldürdün, a kaftar? – Ziba bu sözləri pıçıldaya-pıçıldaya dizləri üstə taqətsiz halda yerə çökdü və eləcə də pıçıldaya-pıçıldaya: – Bu nə müsibətdi belə mən düşmüşəm, ay Allah? – deyib Fəttaha sarı tüpürdü. – Tfu sənin zatına, a kaftar! Gorbagor olasan səni, a kaftar! Məni də qanıma qəltan eləmək istəyirdin? Kimə lazımam mən indi, ay Allah?!
Mühüm işlər müstəntiqi Zibanın yanından ötüb ağacların arası ilə yavaş-yavaş addımlaya-addımlaya buradan uzaqlaşdı.
Prokuror Dadaşlı Fəttaha baxıb:
– Dur, kişi, dur gedək, – dedi.
Fəttah bayaqdan əlində tutduğu diş protezini yenə ağzına saldı, sonra sırıqlısının cibindən qəlyanını çıxartdı və güclə ayağa qalxıb ayaqlarını sürüyə-sürüyə mühüm işlər müstəntiqinin ardınca addımladı; Fəttah on dəqiqənin içində qocalıb əldən düşmüşdü.
Prokuror Dadaşlı onun ardınca gedirdi. Cabbarovla Həsənzadə də axır ki, bayaqdan bəri dayandıqları yerdən tərpəndilər.
Fəttah Zibanın yanından keçəndə arvad bir göz qırpımında ayağa qalxıb ağızdolusu bir lomba Fəttahın üzünə tüpürdü. Fəttah sırıqlısının qoluyla üzünü silib Zibaya tərəf baxmadı və bir söz də demədi, elə bil ki, daha dünyanın bütün işlərinə biganə idi; sonra cibindən çıxartdığı kibritlə qəlyanını yandırıb tüstülətdi.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli əyilib tapançanı yerdən götürdü və bu zaman Fəttah bir dəm tapançaya nəzər salıb rişxəndlə gülümsədi.
Gözlərini ondan çəkməyən kiçik leytenant Həsənzadə pıçıldadı:
– İblisdi! Xalis iblisdi!
Prokuror Dadaşlı başını geri çevirib:
– Cavid bilirsən nə deyib? – soruşdu.
Kiçik leytenant cavab vermədi, çünki Cavidin nə dediyindən xəbərsiz idi və bu saat ədəbiyyatla məşğul olmaq halında da deyildi.
Prokuror Dadaşlı dedi:
– Belə deyib Cavid: Hər kəsə xain olan insan nədi? İblis!
Kiçik leytenant:
– Dəhşətdir! – dedi.
Mühüm işlər müstəntiqi qanrılıb kiçik leytenanta baxdı və:
– Adi cinayət işidir, leytenant! – dedi, sonra gülümsədi. – Əgər cinayətə adi demək mümkündürsə... – Sonra da yerdən bir çubuq götürdü və çubuqla cığırı basmış xəzəli eşələyə-eşələyə çayın kənarına gəlib çıxdı.
Çay köpüklənə-köpüklənə axırdı.
Və topa-topa buludlar da daha günün qabağını almışdı; bir azdan yenə sulu qar başlayacaqdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ox-kimi-bicaq-xx-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
9 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
Birinci hissə, 15Axşam düşürdü.Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Birinci hissə, 16İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.İbrahim xan gedə-gedə deyirdi:
Birinci hissə, 171 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Tiflisə quşbaşı qar yağırdı.