I fəsil
(Əncir ağacı)
«–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiq-məşuq əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı! Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..»
Kənddən Bakıya gedən elektrik qatarının səsi, istər-istəməz, bir müddət Zübeydənin fikirlərini alt-üst elədi, dağıtdı bu fikirləri və həmin elektrik qatarının səsi altında Ağagül ömründə birinci dəfə qız öpdü və həmin elektrik qatarının səsi altında Nisə də portfelini qollu-budaqlı əncir ağacına söykəyib, ömründə birinci dəfə oğlanla qucaqlaşdı, oğlanla öpüşdü.
Bütün əhvalat da elə buradan başladı.
Elektrik qatarının səsi yavaş-yavaş uzaqlaşdıqca, nar ağaclarının dalında gizlənib xısın-xısın əncir ağacına tərəf boylana-boylana Ağagüllə Nisənin öpüşməyinə tamaşa eləyən Zübeydənin beynində «bəh-bəh»lər və «malades»lər də təzədən baş qaldırdı və bu dəm Nisə bütün ömründə oğlanla birinci dəfəki öpüşdən sonra gözlərini açanda lap qəfildən, birdən-birə ay işığında nar ağaclarının arasından boylanıb maraqla, bir az heyrətlə, bir az da həsədlə onlara baxan girdə, ətli sifəti, yaşına yaraşmayan bir parıltıyla parıldayan yekə qara gözləri gördü:
– Vaxsey! Zübeydə!
Bu ikicə söz pıçıltısındakı qorxu, ürkəklik, elə bil ki, bircə anlığa həmin yay gecəsinin bürküsündə mürgüləyən əncir, nar, heyva, badam, zeytun ağaclarını, vağzalın daş hasarı boyu qalxmış meynələri, yelsizlikdən bir yarpağı belə titrəməyən tutları da diksindirdi və Zübeydə də bu ikicə sözü pıçıldayan səsin xofundan qeyzə gəldi, nar ağaclarının budaqlarına ilişə-ilişə irəli yeridi.
– Nədi, balam? Nə xəbərdi? Cin-şeytan göründü gözlərüvə?! Nöşü-ü-ü-n?!
Zübeydə bu «nöşü-ü-ün»ü çox mənalı dedi və bu mənanın dalında nə gizləndiyini həmin yay axşamının istisində əli-ayağı buz kimi soyumuş, ürəyi uçunan Nisə də, çönüb Zübeydəyə baxa-baxa hələ də özünə gələ bilməyən Ağagül də yaxşı başa düşdü.
– Cin-şeytandan ki, belə qorxursan, yaxşı, balam, anam-bacım, nöşün camaatın getdiyi düz yolla, işıqlı yolla evivüzə getmirsən? Hə? Nöşü-ü-ün?..
Hirsindən və pərtliyindən uşaq kimi dodaqları qaçan Ağagül dedi:
– Düz adamsan, sənin burda nə işin var?
Bu dəfə Zübeydənin doğrudan matı-qutu qurudu və arvad sidq-ürəkdən heyrət elədi:
– A - a - a!.. Adə, qara məni basınca, mən qaranı basım, hə? Keçməz, atam balası, keçməz! Nolar, camaat durur, biz dururuq! Baxarıq, görərik mən düz adamam, ya siz düz adamsuz ki, vağzal bağında, əncir ağacının altında, gecənin xəlvətində... gecənin xəlvətində!.. – Əvvəlcə bütün bu dediklərinin dalınca bir söz tapa bilmədi, sonra dedi: – Gecənin xəlvətində Leyli-Məcnunluq eləyirsüz! – Sonra da, elə bil ki, tapıb dediyi bu söz özünün xoşuna gəlmədi, kəsərsiz oldu, dedi: – Əh, qələt eləyər Məcnun atabaatasıyla, Leyli də ondan beşbetər, vağzal bağına gəlməz!
Gözünün yaşı burnunun ucundan gilə-gilə süzülən Nisə içini çəkə-çəkə:
– Heç kimə demə... – dedi. – Heç kimə demə, qələt eləmişik, Zübeydə... Zübeydə xala...
Zübeydə əvvəlcə, elə bil, başa düşmədi, eşitmədi bu sözü, sonra qulağına inanmadı Zübeydə, amma Nisə bir də təkrar elədi ki, qələt eləmişik, Zübeydə xala, heç kimə demə kənddə, biabır olarıq biz, Zübeydə xala və sözləşmək, sözlə didişmək həvəsindən Zübeydənin tar simi kimi tarım çəkilmiş bədəni birdən-birə, bircə anın içində süstəldi, bütün hirsi-hikkəsi, kini-küdurəti çıxıb getdi işinin dalınca və arvad açıq-aşkar yumşaldı, ürəyində lap kövrəldi də.
Məsələ burasında idi ki, kənddə uşaqdan tutmuş böyüyəcən hamı Zübeydəyə elə-eləcə Zübeydə deyirdi və bu kənddə birinci dəfə idi ki, kimsə Zübeydəyə «Zübeydə xala» deyirdi.
– Yanındakını başa sal də... qızım... – dedi Zübeydə. – Başlayıb ki, düz adam belə gəldi, əyri adam belə getdi, day nə bilim nə...
Nisə daha bir söz demədi, əyilib əncir ağacının dibindən portfelini götürdü və içini çəkə-çəkə də Zübeydənin yanından ötüb-getdi. Ağagül də qızın dalınca addımlaya-addımlaya dünyanın ən iyrənc bir məxluquna baxırmış kimi, çimçəşib nifrətlə yuxarıdan-aşağı Zübeydəyə baxdı və bu baxışların altında Zübeydə yenə də mindi cin atına, həmişəki Zübeydə oldu, özünü saxlaya bilməyib Ağagülün arxasınca:
– Ay sən öləsən! – dedi. – Baxarsan!.. – Sonra Nisənin dediyi sözlər də yadından çıxdı. – Baxarsuz!
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-toyugun-diri-qalmasi-i-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.
XX fəsilNeçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.
XXI fəsilYavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.Mürşüd ayaq saxlayıb qonağa baxdı.
«Qarabağ şikəstəsi»(Fransız ətri və Ağadadaş iləBalacaxanımgilin Qırmızı
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Yerini verə bilməzMən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
AyrıldımMüjdə deyin düişənlərə,Bu gün mən yardan ayrıldım.