Page 1 of 2

Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.

Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.

Şahin də yatırdı, elə rahat yatırdı ki, elə bil Şahin deyildi – guya ki, Şahin rahat yata bilməzdi, – hər şey belədir: böyük xoşbəxtlik kiçik müsibətin yanında heçə dönür, necə ki, böyük yaxşılıq kiçik pislikdən sonra unudulur; niyə belədir – bilmirəm, amma nə tez unutmuşam Şahinin mışıl-mışıl yatmağını... Əvvəlcədən bir az Cırtdandan danışardım, bir az Məlikməmməddən, sonra soruşardı ki, neçə canavar öldürmüşəm, neçə pələng vurmuşam, neçə ayını qaldırıb yerə çırpmışam, daha nə eləmişəm; mən də bir-bir deyərdim: bir gün beş canavar olardı, yeddi pələng olardı, səkkiz ayı olardı, başqa bir gün on canavar olardı, dörd pələng olardı, doqquz ayı olardı, – bu baxırdı mənim goplamaq həvəsimə – Şahin də bic-bic gülərdi, elə bil özü də yaxşıca bilirdi ki, hamısı gopdur.

Solmaz gəlib dedi ki, mamam yerinə uzanan kimi yatdı. Mən də dedim ki, yaxşı oldu, yazıq arvad gör neçə gündür yatmır, qoy dincəlsin bir az. Sonra Solmaz lap mənə yaxınlaşdı, bu iyirmi gündə birinci dəfə qucaqladı; heç nə demədi: mən də heç nə demədim.

Şahin bizim ilkimiz idi, həm də Şahindən başqa daha heç vaxt uşağımız olmayacaqdı, çünki Şahindən sonra Solmazın daha heç vaxt uşağı ola bilməzdi; Şahinin ilk qədəmi belə olmuşdu, amma Şahin var idi – kifayət idi.

Sakit ol, dedim, arxayınçılıqdır daha, Solmaz dedi ki, sakitəm, lap sakitəm daha, görmürsən sakitəm? Lap sakit ol, dedim, lap, istəyirsən bir az ağla, ağla bir az, ürəyin boşalsın. Yox, dedi, ağlaya bilmirəm, ağlaya bilmirəm, çünki daha Şahin bizimlə qaldı. Elədir, dedim, ağlama, Şahin bizimlə qaldı, çünki belə olmalı idi, mən bilirdim ki, belə olacaq, lap əvvəldən bilirdim ki, Şahin bizimlə qalacaq, ağlama, dedim, ağlama, qurtardı daha, hər şey qurtardı. Ağlamıram, dedi, bu elə belədir, ağlamıram, fikir vermə.

Şahin birdən xəstələndi; həyətdən gəlib bir az gopa basdı, bir az deyib güldü, sonra da xəstələndi – belə işləri var Şahinin. Gözləri parıldayırdı yaman, özü də pis parıldayırdı, özü də od tutub yanırdı. Solmaz dedi ki, deyəsən axı, qızdırması var uşağın. Mən də dedim ki, yenə özündən pəstaha çıxartma, başlama yenə; sonra ölçdük qızdırmasını, sonra gördük ki, qızdırması var, xəstələnib. Otuz doqquz idi qızdırması, axşam qırxı ötdü. Belə-belə işlər...

Solmaza dedim ki, sakit ol, eşitdin, bayaq Kazımlı sənin yanında dedi ki, böhran ötdü, sənin yanında dedi ki, on-on beş gündən sonra duracaq ayağa, Kazımlı sözü havaya üfürən həkimlərdən deyil, özün məndən yaxşı bilirsən, sakit ol. Solmaz gülümsədi, elə bil onu heç gülümsəyən görməmişdim, elə bil həmişə deyib-gülən Solmaz deyildi, əslində, doğrudan da, həmişəki Solmaz deyildi, qocalmışdı bu iyirmi gündə. Sonra məndən soruşdu ki, Kazımlı çıxanda sənə nə isə dedi, nə dedi sənə? Heç nə demədi, dedi ki, xudahafiz. Solmaz dedi ki, yox, eşitdim axı, nəsə dedi sənə. Dedim, Kazımlı dedi ki, böhran keçib daha, yüz faiz xətircəm ola bilərsiniz. Yox, dedi, başqa nə isə dedi. Sonra Solmaz mənə elə baxdı ki, dedim Kazımlı nə dedi. Əslində elə bir şey də deməmişdi, demişdi ki, bu gecə də muğayat olun, işdişayətdi, bu gecə yenə böhran ola bilər, axırıncı böhran, qorxub-eləməyin, lap gecənin yarısı da olsa, gəlib məni durğuzun. Yenə dedim ki, Kazımlı dedi ki, qorxub-eləməyin, nə oldu sənə, nə oldu axı, deyirəm ki, Kazımlı dedi qorxmayın, o saat gəlib məni durğuzun, vəssalam. Dedim ki, bir bax Şahinə, gör necə rahat yatıb, heç görmüsən belə rahat yatmağını, görmürsən ki, daha heç nə olmayacaq, özü də Kazımlı dedi ki, işdi-şayətdi...

Solmaz pəncərəyə yaxınlaşıb pərdəni qaldırdı: məhəllənin cailləri yenə dalanın ağzına yığışıb söhbətləşirdilər. Solmaz pərdəni aşağı saldı. Gözü pərdədə, pəncərənin qabağında dayandı.

Gərək sənə deməyəydim, dedim, deməyəydim ki, Kazımlı nə dedi. Deməsəydin nə olacaqdı, dedi, bir şey dəyişəcəkdi bəyəm? Niyə həmişə pisindən yapışırsan, dedim, ən bədindən yapışırsan, niyə həmişə ürəyinə pis şey gəlir, Kazımlı dedi ki, işdi-şayətdi, yəni ki, heç nə olmayacaq, yəni ki, hər şey qurtardı getdi işinin dalınca, niyə ən bədindən yapışırsan? Dedi ki, nə edim bəs? Sonra dönüb mənə baxdı, mən də özümdən çıxdım, özümdən çıxdım ki, Solmaz birdəfəlik başa düşsün: bu gecə heç nə olmayacaq, çünki daha keçdi getdi hər şey, qurtardı daha.

Gülü xala başıalovlu otağa girdi ki, nə olub? Solmaz dedi ki, heç nə, ay mama, nə olacaq ki, niyə qalxırsan o saat səs eşidən kimi, get yat, sən Allah. Gülü xala rahat-rahat nəfəs alan Şahinə baxıb doluxsundu yenə, elə onu de, nə ola bilər ki, olan oldu, keçən keçdi daha. Sonra Solmaz anasını o biri otağa apardı.

Bu iyirmi gündə birinci dəfə hiss edirdim ki, otaq dərman iyiylə dolub ağzınacan. Sonra çəliyinin səsindən bildim ki, Məmmədbağır gəlir: tak-tuk.

Solmaz gedib qapını açdı, dedi ki, keç içəri. Məmmədbağır dedi ki, dayan, çubuğu boşaldım, sonra girim içəri. Solmaz onu otaqda çubuq çəkməyə qoymurdu, deyirdi ki, otağın havası elə düz-əməllidir, sən də bir tərəfdən çubuğu fısqırd.

Solmaz, Məmmədbağırın qolundan yapışıb gətirib mizin arxasında oturtdu. Maxorka iyi aləmi basdı. Məmmədbağır həmişəki kimi, yerini rahatlayandan sonra salamlaşdı: əssalam-əleykumə; sonra da soruşdu ki, salamatlıqdırmı, sonra da dedi ki, inşallah, salamatlıq olar.

Bilmirəm niyə Məmmədbağır üçün deyiblər ki:

Gəldi Məmmədbağır,

Dur Allahı çağır?

Bizim məhəllədə belə sözlər çoxdur, amma mənası yoxdur.

Məmmədbağır kor idi, bizimlə üzbəüz köhnə hamamın yanındakı dar dalanda olurdu, kiçik bir daxması var idi – daha heç nəyi və heç kimi, hərçənd deyirdilər ki, bir sandıq qızılı var, haradasa basdırıb. Yaşı altmışı keçmişdi yəqin, amma böyükdən kiçiyə hamı onu adı ilə çağırırdı: Məmmədbağır. Əynində köhnə boz şinel, yay-qış, səhərdən-axşama kimi çəliyini taqqıldada-taqqıldada bütün məhəlləni dolaşırdı, səhər bir xəstəsi olanın evində çörəyini yeyərdi, günorta başqa bir xəstəsi olanın, gecə də bir başqa xəstəsi olanın – bu da, bir növ, «rüşvət» idi, camaat Məmmədbağıra «rüşvət» verirdi ki, xəstəsi tez sağalsın, həm də daha camaat adətkərdə idi. Deyirdilər ki, Məmmədbağır özü bir gözünü vurub kor eləyib ki, müharibəyə getməsin, sonra da o biri gözü kor olub. Gah da deyirdilər ki, bir gözü görür əməlli-başlı, özünü görməməzliyə vurur, guya hərdən küçədə adam olmayanda köhnə hamamın pəncərəsi ağzında durub içəridə çimən arvadlara baxır, day nə bilim nə eləyir. Yüz cür söz deyirdilər, çünki heç kim onu istəmirdi. Hərçənd heç kimə bir pislik eləməmişdi, bu evdən o evə söz gəzdirən də deyildi.

Solmaz günortadan saxladığı bir kasa şorbanı gətirib Məmmədbağırın qabağına qoydu. Məmmədbağır da ya Allah deyib yeməyə başladı. Sonra yenə dedi ki, inşallah, salamatlıq olar– şorba xoşuna gəlmişdi deyəsən; dedi ki, Paşanın oğluna heç ümid yox idi, bu gün gedib görürəm ki, şıllaq atır ayaq üstə. Sonra dedi ki, xəbəriniz var, Ağagül Sibirdən qaçıb?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 min
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 min
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 min
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 min

Poems by other poets