Epitafiya
(Felyetonvari)
NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.
Respublikamızın səfalı guşələrindən birinə ezamiyyətə getmiş alovlu alimimiz Əlirza Yanan paytaxtımıza daha qayıtmadı.
Unudulmaz gənc alim Əlirza Yanan Kür çayında çimərkən bir daha sahilə dönmədi; ləzzətli osetrin balıqları ilə cahanda tanınmış Kür çayı Əlirza Yananın əbədi məskəni oldu.
Nurlu al şəfəqlər altında par-par yanan Kür ləpələrinin ana laylası tək həzin və müqəddəs, pıçıltılı laylasının müşayiəti ilə rahat yat, əziz Əlirza Yanan, xalqımız qədirbiləndir, o, heç vaxt öz sevimli oğullarını unutmur.
TƏDQIQATIMIZ. Bu faciəli xəbər dünən axşam saat beşdə bizə yetişdi. Biz dərhal istedadlı gənc ədəbiyyatçı alimimizin evinə getdik. Ömrünün bahar çağına yenicə qədəm qoyaraq hələ özünə ailə qurmağa imkan tapmamış (ah!) Ə. Yananın zəngin arxivi tamamilə bizim ixtiyarımızda idi və biz bu zəngin arxivdə indiyə qədər elm aləminə məlum olmayan, mühüm əhəmiyyət kəsb edən bir sənəd aşkar etdik.
Bu naməlum bir əlyazması – bir vərəq həcmindədir, makinada iki intervalla yazılmışdır və birinci nüsxədir. Vərəqin arxa tərəfində qara kağız izləri müəyyən etdik və bu bizə imkan verir ümidvar olaq ki, gələcəkdə ikinci nüsxə də aşkar ediləcək. Hələlik, müəllifini müəyyən etmədiyimiz bu gözəl şeri olduğu kimi köçürüb ilk dəfə oxucularımızın nəzər-diqqətinə yetirmək şərəfinə nail olduq.
Dərsə gedir uşaqlar.
Bağçada alma, nar var.
Məllim gəlir o başdan.
Soruşacaq Dadaşdan.
Dadaş girdi içəri.
Gördü orda Dilbəri.
– Dilbər, Dilbər, a Dilbər!
Şeri bilirsən əzbər?
Dilbər dedi: – Bilirəm!
Amma sənə demirəm!
Müəllim qalxdı diki.
Dadaşa verdi iki.
Sovet pedaqogika elminin nə qədər sürətlə inkişaf etdiyini parlaq bədii boyalarla əks etdirən, böyük tərbiyəvi əhəmiyyətə malik bu şerin müəllifinin müəyyənləşdirilməsi çətin, fəqət şərəfli bir tədqiqat tələb edir və ümidvarıq ki, gələcəkdə bu diqqətəlayiq işin öhdəsindən ləyaqətlə gələcəyik. Lakin hazırda bizi maraqlandıran, istedadlı azəri alimi Ə. Yananın bu şerə münasibəti, bu şerin ictimai-bədii təhlilini verməsi, fəlsəfi, estetik və etik mahiyyətini, müəllifin sənətkarlıq xüsusiyyətlərini açmasıdır.
Zəmanəmizin görkəmli yazıçısı E. Heminquey sözləri aysberqlərə bənzədərək demişdir ki, aysberqlərin üçdə iki hissəsi, suyun altında olduğu kimi, sözlərin də dərin mənaları çox dərinlərdə olmalıdır, yəni ki, onları dartıb çıxartmaq lazımdır. E. Heminquey bu sözləri sanki Ə. Yananın yaradıcılığına və bizim öz kiçicik imkanımız daxilində bu yaradıcılığa münasibətimizə bələd olduqdan sonra yazmışdır, lakin, əlbəttə, bu iddia hələlik ehtimal şəklindədir, çünki, məlum olduğu kimi, E. Heminquey 1961-ci il iyul ayının 2-də faciəli surətdə həlak olmuşdur, Ə. Yananın isə yaradıcılığa başladığı ili hələlik dürüst müəyyənləşdirməyə müyəssər olmamışıq. Şübhə yoxdur ki, gələcək tədqiqatlarımızda bu dürüstlüyü əldə edə biləcəyik.
Ə. Yananın yaradıcılığı haqqında təsəvvürü, yuxarıda göstərdiyimiz kimi, əldə etdiyimiz bu bir sənəd yaradır, lakin zəmanəmizin görkəmli yazıçısı E. Heminqueyin yuxarıdakı sözlərini öz təhlil metodologiyamız üçün leytmotiv bir yol seçdikdə, həmin sözlərdəki böyük həqiqətin bir daha şahidi oluruq.
Ə. Yanan bu şerə münasibətini elə həmin vərəqdə makina şriftləri ilə yazılmış şerin kənarındakı qeydləri ilə bildirmişdir. Bu qeydləri şərti olaraq üç hissəyə bölmək olar:
Birinci hissə: qeyd ¹ 1.
İkinci hissə: qeyd ¹ 2.
Üçüncü hissə: qeyd ¹ 3.
QEYD ¹ 1. Bu qeyd qırmızı rəngli doldurma qələmlə edilmişdir. Aramızdan nakam getmiş istedadlı alimimiz Əlirza Yanan özünəməxsus bir tərzdə bu şerin birinci misrasının, yəni «Dərsə gedir uşaqlar.» misrasının qarşısında «niyə» sözünü yazmışdır.
Məlum olduğu kimi, «niyə» sözü sual əvəzliyidir, hərçənd bəzən bu sözün nisbi əvəzlik olduğunu söyləyənlər də yox deyil. Biz bu tədqiqatımızda onların mülahizələri üzərində dayanmağı məqsədəuyğun hesab etmirik, çünkü görkəmli alimimiz Ə. Yananın qeydi ilə bir daha qabarıq şəkildə meydana çıxan bu məsələ özü ayrıca böyük tədqiqat tələb edir və gələcək məqalələrimizdən birində Ə. Yananın qaldırdığı bu məsələ barədə öz fikirlərimizi möhtərəm oxuculara bəyan edəcəyimizə indidən boyun oluruq.
QEYD ¹ 2. Bu qeyd on birinci misranın, yəni «Müəllim qalxdı diki.» misrasının qarşısında qoyulmuş nida işarəsindən ibarətdir. Məlum olduğu kimi, nida işarəsi bizim orfoqrafiyamızda özünəməxsus görkəmli yerlərdən birini tutur. Lakin qəribə burasıdır ki, bu nida işarəsi Ə. Yanan tərəfindən qara karandaşla yazılmışdır. Uzun və gərgin axtarışlardan sonra (bu barədə gələn məqalələrimizdə yazacağıq) bu nida işarəsinin Krasin adına fabrik tərəfindən istehsal edilən «Smena» karandaşı, yaxud yenə həmin fabrik tərəfindən istehsal olunan «Orion» və ya «Pioner» karandaşlarından biri ilə yazıldığını müəyyən etdik. Bizcə sevimli alimimiz Ə. Yananın Krasin adına fabrik ilə bu sıx əlaqəsi gələcək böyük tədqiqat işləri üçün obyekt ola bilər və olmalıdır, çünkü bu fakt Ə. Yananın fabrik və zavodlarla sıx əlaqəsini parlaq şəkildə sübuta yetirir.
«Müəllim qalxdı diki» misrasının qarşısında qoyulmuş nida işarəsi isə, heç şübhəsiz ki, görkəmli alim, Əlirza Yananın Dənizkənarı parkda salınmış «Sağlamlıq zonası»na verdiyi böyük qiymətə dəlalət edir, çünki bildiyimiz kimi, hər gün səhərlər «Sağlamlıq zonası»nda öz bədənlərini möhkəmlədən adamlar arasında sevimli müəllimlərimiz də az deyil. «Müəllim qalxdı diki» misrasındakı müəllim də, şübhə ola bilməz ki, «Sağlamlıq zonası»nda öz bədənini möhkəmlədən əziz müəllimlərimizdən biridir, əks təqdirdə, qarşısına çıxan diki bu qədər asanlıqla keçib tənbəl şagird Dadaşa iki verə bilməzdi və istedadlı alimimiz Əlirza Yanan da xüsusi bir uzaqgörənliklə məhz bunu nəzərdə tutub özünəməxsus bir üslubda nida işarəsi qoymuşdur.
QEYD ¹ 3. İndi də şərti olaraq üçüncü hissə kimi qəbul etdiyimiz qeyd barədə bir neçə kəlmə. Əvvəla qeyd edək ki, üçüncü qeydi də biz şərti olaraq üçüncü qeyd adlandırırıq, belə ki, əslində üçüncü qeyd yuxarıda göstərdiyimiz birinci qeydlə ikinci qeydin arasındadır, daha dəqiq desək, şerin üçüncü misrasına, yəni «Məllim gəlir o başdan» misrasına aiddir. Lakin biz ona görə bu qeydi axıra saldıq ki, bu qeyd öz ideya istiqaməti, elmi sanbalı nöqteyi-nəzərindən istedadlı alimimiz Ə. Yananın yaradıcılığının ümumi sağlam ruhuna yabançıdır. Fəqət, eyibsiz gözəl olmaz, demişlər. Məgər ənbərli və əlvan gülüstanlarda belə, lalələr, nərgizlər, bənövşələr, xrizontemalar, qızılgüllər, blyumenbaxilər, zanbaqlar, ovsidumalar, qərənfillər, süsənlər, yasəmənlərlə bərabər, bəzən alaq otları da olmurmu? Məgər səmadakı parlaq ulduzlar arasında öz yolundan sapıb orbitindən çıxan planetlər olmurmu?
Hörmətli Ə. Yanan yoldaş «Məllim gəlir o başdan» misrasından sonra bir sual işarəsi qoymuşdur. Uzun tədqiqatdan sonra bu qənaətə gəldik ki, həmin sual işarəsi «məllim» kəlməsinə aiddir, çünkü bizim orfoqrafiya qaydalarımıza görə bu söz «müəllim» şəklində yazılmalıdır və sual işarəsi də məhz buna işarədir. Lakin hörmətli Ə. Yanan yoldaş unudur ki, bu şer yeddiliklə yazılmışdır və hərgah «məllim» əvəzinə «müəllim» işlədilsəydi, o zaman «Məllim gəlir o başdan» misrası yeddi yox, səkkiz hecalı olardı və bununla da şer öz formasını itirərdi. Doğrudur, «məllim» kəlməsi bizim orfoqrafiya qaydalarımıza düz gəlmir, amma, bizcə, sxolastikadan əl çəkmək lazımdır, artıq doqmatikanın vaxtı çoxdan keçmişdir, təkcə elə buna görə ki, əgər pedantcasına «müəllim» kəlməsini olduğu kimi yazmağı tələb etdikdə, yuxarıda isbat etdiyimiz kimi, heca pozulur.
Qeyd etmək lazımdır ki, bu sual işarəsi təsadüfi xarakter daşımış, hissə qapılmadan irəli gəlmişdir, çünkü bu işarə öz ideyası, bədii sanbalı, nəhayət, öz üslubu ilə istedadlı və unudulmaz alimimiz Əlirza Yananın yaradıcılığına yad və yabançıdır. Həm də qeyd etmək lazımdır ki, şerin müəllifi Dilbər kimi şagirdlərin simasında şöhrətpərəstləri amansızcasına qamçılamışdır və bu böyük həqiqətin Ə. Yananın diqqətindən sərf-nəzər edilməsi bizdə iki ehtimal doğurur.
BIRINCI EHTIMAL ondan ibarətdir ki, görkəmli alimimiz Ə.Yanan gələcəkdə də bu şer üzərindəki elmi işini davam etdirmək fikrindəymiş və amansız ölüm buna imkan verməmişdir.
IKINCI EHTIMAL isə ondan ibarətdir ki, bu şeri Ə. Yanan özü yazmış və son dərəcə təvazökar olduğu üçün, Dilbər surətinin meşşan xarakterini ifşa etməmişdir. Gələcək məqaləmizdə bu məsələnin üzərində xüsusi olaraq dayanacağıq.
NƏTICƏ OLARAQ. Ölüm amansızdır. Lakin sənətkarlar heç zaman ölməz!
Biz əziz və qədirbilən oxucularımıza söz veririk ki, gələcəkdə təzədən və bir daha təzədən, gənc alim Əlirza Yananın yuxarıda haqqında bəhs etdiyimiz həm elmi-nəzəri və həm də bədii yaradıcılığına qayıdacağıq, yeni-yeni tədqiqat əsərlərimizlə hörmətli oxucularımızı sevindirəcəyik. Yeri gəlmişkən qeyd edək ki, həmişə olduğu kimi, bu dəfə də nəşriyyatlar bu işdə öz kömək əllərini tədqiqatçılarımızdan əsirgəməməlidirlər, vaxtsız aramızdan getmiş şöhrətli alimimiz Əlirza Yananın seçilmiş əsərlərinin ikicildliyini alimlərimizin şərhləri, giriş və son sözləri, xatirələri, şəkilləri ilə bərabər yaxın zamanda oxuculara çatdırmalıdırlar.
O. Dəruni,
filoloji elmlər namizədi.
BILDIRIŞ. Hörmətli oxucular, bu gün sübh tezdən əldə etdiyimiz məlumat bizi, eləcə də filoloji elmlər namizədi, hörmətli alimimiz O. Dəruni yoldaşı sizin yanınızda xəcil etmişdir. Məlum olmuşdur ki, Əlirza Yanan adlı vətəndaş heç də ölməmişdir. O, Kür çayını üzüb o biri sahilə keçərək sərxoş olduğu üçün özünü yaxşı apara bilməmiş və yerli milis işçiləri tərəfindən yaxalanaraq on beş günlük həbs cəzasına məhkum edilmişdir. Bununla da, vətəndaş Yanan həm bizi, həm də hörmətli və şöhrətli alimimiz O. Dərunini pis vəziyyətdə qoymuşdur. Belə ki, bu məlumatı çox gec aldığımız üçün, yuxarıdakı məqaləni qəzet səhifəsindən çıxara bilmədik. Lakin onda təskinlik tapırıq ki, bir gün dünyaya gələn, bir gün dünyadan gedəcək və o zaman yuxarıdakı məqalə də xarakterik aktuallığını bərpa edəcək.
2 mart 1969.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-epitafiya
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən Ağadadaşın kefinə soğan doğramışdı və bu azmış kimi, üstəlik, səhər çayçörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi İbadullayla nərd oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub:– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib...
Xı fəsilŞuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet xəyallarını birdəfəlik ürəyindən çıxartdı, əvvəlcə avtobus profilaktoriyasında matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə qızıl koronka saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.
Xıı fəsilSon vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o «Qarabağ şikəstəsi» idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də yeyib adda-budda dəlik-deşik etmişdi.Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə də öz əksini gördü və güzgüdəki o əksi Cümünün üzünə bir lopa tüpürüb:
Xııı fəsilHəmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Təzə doğulmuş körpəNə qədər gözəldi –Təzə doğulmuş körpəyə