Mehmanxanada
1
Mehmanxana nömrəsi...
Baxıram qarlı dağlara...
Baxışlarım yol gedir,
Mavi, saf havanı yara-yara,
Hər şeydən azadam,
Azadam uşaqlarımdan,
Azadam səsli-küylü
həyətimizdən,
Ordakı bəd itimizdən.
Bir səs gəlir:
ay yazıq,
Nəyə lazım
Kainatında heç bir şey olmayan
Bomboş bir azadlıq!
2
Bir mənəm,
bir kağızdır,
bir də tənhalıq...
Yazıram dərdli-dərdli,
yavaş-yavaş,
qırıq-qırıq.
Mənim xoşuma gəlməyəndə
öz şeirim,
başqasının necə
xoşuna gələr?
Qələm düşür əlimdən,
İlham düşür qəlbimdən,
Tutur yerini kədər.
Sözlərim sınır çilik-çilik
Ən yaxın bir dost kimi
Əl çəkmir məndən qəriblik.
Yadıma məsafələr başında
dostlar düşür.
Xəyalım onlar bilmədən
onlarla görüşür.
Bu vaxt qoca ürəyinin
döyüntüsünü xatırladan
qapı tıqqıltısı eşidilir.
Açıram,
otağa
iki oğlan gəlir:
– Salam!
– Salam!
– Mən sizi tanımıram!
– Biz tanıyırıq səni.
Bir dəfə
qatarda yol getmişik.
Xeyli söhbət etmişik.
Bu gün eşitdik ki,
buradasınız.
Qalmayasınız dedik
tək-tənha,
yalqız.
Qəriblik qaçır
cığal bir paxıl kimi.
Görüş olur nağıl kimi.
Otağımda iki planet -
göy kimi açıq qəlbli.
Təmənnasız,
səmimi!
O gündən
mən
Qorxmuram qəriblikdən;
O gündən mən,
Hansı tanımadığım
yerə getsəm,
Oluram həm bu yerə məhrəm,
həm şad-xürrəm,
həm də ötkəm.
Hətta istəyirəm ki,
uzaq bir şəhərə,
bir kəndə
yolum düşəndə,
Qarşıma çıxan
O iki cavan kimi
adam görəndə,
deyəm: "Dayan,
Gərək mən söyləyəm ki,
dostumsan?!"
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-mehmanxanada
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu