(Lermontovun Şamaxı səfəri)

"...Sevirəm Qafqazı mən"
M.Y.Lermontov

1

Keçən zamanların bir payız günü,
Dumanlar almışdı dağlar üstünü.
Əkinlər yanında, yol ayrıcında,
Bir qovaq altında, dağ yamacında
Boylanıb dumanlı dağlar başına,
Söykəyib əlini yəhər qaşına
Üç kəhər ürgədən üç atlı düşdü.
Göz qoyub ətrafa onların biri,
Könlündə söz deyib ellə görüşdü.
– Buranı deyirəm səhərdən bəri.
Gəlin odun yığaq...
Qaralırdı qaş.
Bir tərəfi quru, bir tərəfi yaş
Odun topladılar, ocaq çatdılar,
Oturub dincəldi burda atlılar,
İkisi rus idi, birisi çərkəz,
Onların başçısı bir qaradinməz,
Kürən zabit idi, baxışında kin.
Adı İsmayıldı ikincisinin.
Çöldə ölümlərlə baş-başa yatmış,
Düşməni, qorxunu bir yerə qatmış
Bu çərkəz oğlunun hünərdi yolu.
Üçüncü gah qəmli, gah dəli-dolu,
Gah da gözlərində küskün bir xəyal,
Gəncdi, yarımkürklü, yaxalığı al,
Çiynində bir uzun qara yapıncı,
Belində qotazlı çərkəz qılıncı.


Çatlaçat alışır ərçan odunu...
Yağla xal-xal etdi sızlayan kabab
Onun qığılcımlı, qızıl odunu.
Bu, Kaxetiyadan alınmış şərab,
Bu məclis, bu gülüş, bu söhbət nədir?!
O gəncin ürəyi təbiətlədir.
Durub odun qoyur ocağın üstə.
Alov qaranlığı parçalayaraq,
Alıb qolaylayır qovağın üstə.
Ocağın üstünə əyilmiş budaq
Bütün yarpağıyla titrəyir tir-tir,
Sanki aşağıdan bir külək əsir,
Titrəyir, qovaqda qaranlıq özü.
Qaralır elə ki, ocağın közü
Qaranlıq astaca enir aşağı,
Qaraldır ocağı, örtür ocağı.
Alışır yenə də gurhagur ocaq,
Yüksəlir alovu halaybahalay;
Keçir ağ qovağın şaxələrindən,
Görünür bu zaman yuxarıdan Ay.
Qaranlıq baş alıb uçur yerindən,
Çəkilir dərəyə, meşəyə, dağa.
Uzaqdan-uzağa,
Baxır ocağa.
O gənc gülümsəyir.
Alovlar vurar
Bu saf təbəssümə qızılı bir rəng.
Bir an qaranlığa sancılıb durur
Qığılcım - ocağın yanar sözütək.
Alov - odunları düzəldir, əyir.
Köz də parçalanıb atılır bir-bir,
Oxşayır alçaqdan uçan ulduza,
Qonur yaxındakı təpəyə, düzə.
Bir yarpaq üzülüb düşür qovaqdan,
Ayrıla bilməyib sanki budaqdan

İstəyir ucala, qayıda göyə.
Titrəyə-titrəyə,
Qəm yeyə-yeyə.
Alovla bir yerdə enir torpağa,
Elə az qalır ki, düşsün ocağa,
Onu alovların əlindən alan,
Sonra öpən cavan, oxşayan cavan:
-Tamam qurumayıb, hələ də sağdır,
Yazıq beş-on gün də yaşayacaqdır -
Deyib bir tərəfə qoyduğu zaman
Boylanır bir uşaq ağac dalından.
Qarğıdan at minən gülümsər uşaq
Baxıb yoldaşına dedi ki, "axmaq,
Baxanda görmədin yaxşı əmidir,
Uzaqdan-uzağa baxmağın nədir?"
"Atını" sür bura.
-Sürürəm, Əhməd,
-Tez ol, Məhəmməd!
-Kunaklar, buyurun!
– Ay Əhməd, urus
Bizim dilimizdə danışır.
– Di sus.
Sənə nə...


Tonqalın başında onlar
Danışdı o ki var, güldü o ki var.
Alovlar həm yaşıl, həm ağ, həm sarı...
Alovdan üzülən tüstü layları
Gah qara, gah da boz görünür gözə,
Yayılır neçə rəng alına, üzə;
Bax, bu yaşıl sifət, o qara sifət...
Alışdı çırpılar, uzandı söhbət.
Bayaqkı gənc isə susmayır bir an.
O durdu - uzandı kölgəsi yana,

Oturdu - kölgəsi qaya başından
Peşiman qayıtdı ocaq başına.
Uşaqlar balaca qarğı səbətdən
Ona nar uzadır...
– Deyin, uşaqlar,
Bir deyin, nə təhər yeyilir bu nar?
İlahi, bir söylə, bu necə işdir;
Pərdədə saxlanır hər üç-dörd gilə.
Təbiət heç zaman, heç yerdə hələ
Bu nazda bir meyvə yetirməmişdir.
Əyilir, yayılır, dikəlir ocaq,
Elə sual verir o cavan qonaq.
Uşağın birisi dilli-dilavər,
Bütün suallara o cavab verir.
Amma ikincisi dilsizdir, nədir,
Tutub papağını üzünə, gülər.
O bunun yerinə danışar, coşar,
Bu onun yerinə qızarar, çaşar.
O deyir: - Gedəyin, qonaq olun siz,
Bu isə göz dikib çarıqlarına,
Xəlvəti göz vurur "qonaqlarına".
O gəncsə - yox, - deyir, - evə gediniz, -
-Heyif, başqa dildə danışır qonaq,
Heç başa düşmürəm, - söyləyir uşaq.
Yanır İsmayılın qaynar gözləri,
Yaxşı başa düşür bizim sözləri.
Uşaq söyləyir ki, - qayıdanda siz,
Burda çoxlu-çoxlu nar yeyərsiniz.
Nə vaxt gələrsiniz, bir deyin görək?
Sizi bax, burada biz də gözləyək.
-Şamaxı haradır, könül dostları?
-Bax, elə bu yolla çıxın yuxarı.
-Yaxşı, görüşərik.
Minib "atına"
Çapır kəndə sarı, uşaqlar çapır.
O gənc elə bil ki, təsəlli tapır,
Baxır o çərkəzə - baxır dostuna:

– Bu yerin nə gözəl adətləri var. –
O, Lermontov idi. Gəlmişdi bizə,
İyirmi üç yaşa girmişdi təzə.
Düşdü xatirinə Tiflis şəhəri,
Gəzdi Səbuhini mavi gözləri,
Şeirini yad etdi ellər oğlunun,
Könlündə misralar qırıldı onun.
Açıldı, qanadı köhnə yaralar,
Dövranın insanla zarafatı var,
Sevinc əvəzinə, sevgi yerinə
Puşkinin qəlbindən bir güllə keçdi,
Dəydi yazılmamış əsərlərinə,
Neçə misrasını doğradı, biçdi.
Döndü, qurşun oldu nifrəti çarın,
Atıldı Dantesin tapançasından.
Könlü yasa batdı Lermontovların,
Mişel də şeirini yazdı o zaman,
Qürbət dedikləri ağır səfərdir,
Baisi daş qəlbli hökmdar oldu.
Amma Səbuhini görəndə şair,
Hətta sürgünə də minnətdar oldu.

2

Gürcüstan şairi Çavçavadzenin
Cənnət məkanında yenə də baldı.
Gəlmiş gözəlləri gözəl Tiflisin,
Bu küskün xəyaldı, o şən xəyaldı;
Əl vurma, səs salma, uçar düzlərə,
Ötür, dil-dil ötür uzaqlarda tar.
Ötür o xanəndə , ötür biqərar,
Xırda bir səsi də bölür yüz yerə.

Ay da bu səsdənmi gəlmişdir cana,
Axır yavaş-yavaş Azərbaycana?!
Burda Səbuhiylə Lermontova bax.
Hələ özlərindən neçə ay qabaq
Odlu misraları vermiş əl-ələ .
İndisə üz-üzə dursalar belə,
Yenə də gözlərdə uzaq bir həsrət,
Səhər yuxusutək şirindi söhbət.
Coşsa da musiqi, qızışsa da bal,
Onların gözündə başqa bir xəyal.
Qabarıq sinəsi güllü, çiçəkli,
Duman yaxalıqlı, bulud ətəkli
Nazlı gözəllərin rəqs eləməsi,
Xırdaca bir sözü, bir atmacanı
Açıq gözlərində əks eləməsi
Aldı, apardımı iki cavanı?
Hərdən gözlərini süzdürən gözəl
-Oynayaq, - deyərək uzadanda əl
Başladı Lermontov atmacalara.
-Onun sözlərini yumşaldaq, - deyə
Səbuhi zarafat etdi bu ara,
Sonra gözlərini zillədi göyə.
Uzaqda xanəndə gəldikcə coşa
Dolanır sədası Ay ilə qoşa.
-Bizim musiqidir!
-Sizinmi, gerçək?!
Dinləyə-dinləyə dur gedib gəzək.
Bir nazlı nazənin baxanda bir də
Onları görmədi bayaqkı yerdə.
Düşündü: "Çox nahaq gülümsəmişəm!"
Qondu gözlərinə köçəri bir qəm,
Şair Çavçavadze əlində buynuz
Çaxır gətirəndə qaşını çatdı:
-Hanı, ay camaat, o qoşa ulduz,
Məgər səhərdirmi deyək ki, batdı?

3

Bu aylı gecəyə qonaqmı səhər?
Sanki gülümsəyir yuxuda şəhər
Nurun yaratdığı tül arxasından.
Boylana-boylana Metex qalası
Şəhərdən gözünü çəkməyir bir an.
Gah durur, burulur Kürün dalğası,
Gah da altdan axır fikirli və lal.
Deyərsən görünür qərib bir xəyal.
Gümüşdən yaranıb təpə də, düz də...
Dostlar dayandılar,
Nəyi andılar?
Əyləşib əyri bir budağın üstdə
Birdən alışdılar, birdən yandılar.
Onlar ikisi də susur bir qədər,
Dinib-danışmır ki, gözəllik hürkər,
Külək də, yarpaq da çaşar sözünü.
Gecənin yarısı vaxtsız, vədəsiz,
Sükutun özü də narahat olar.
Sonra bir-birinə dikdi gözünü,
Yenə də bir kəlmə kəsmədi onlar.
Baxdı irəliyə, baxdı geriyə,
Sonra da yandakı göy çəmənliyə.
O şehli göy çəmən parıldayırdı,
Amma qaralırdı ayaq izləri.
O sınmış, əzilmiş otlar ki vardı,
Əlləşib, vuruşub səhərdən bəri
Başını qaldırıb qalxırdı yenə.
-Yadıma el düşdü görəndə bunu,
A dost, göz dağıdır kainat mənə, -
Mişel seyr elədi könül dostunu,
Əlini oynadıb dedi ucadan:
-Məgər qanunununmu quludur insan?
Əynimə gəlməyən bir paltar kimi
Sıxır, a qardaşım, qanunlar məni.
-Çiynimə yük olan paqonlar kimi

Bir an isitməmiş heç onlar məni.-
Azadlıq! O pəri varmıdır, de, sən?
-Susmaq azadlığı nə qədər desən.

Tərif azadlığı boğaza qədər:
Buyur, qonağım ol, nə dərd, nə kədər.
-Puşkinin ölümü... Yanıram, Allah!
Adi bir hoqqabaz qurbanı olmaq.
Donuq bir ifadə, saxta bir vüqar!
O, soğan yeyəndən yeyənə ağlar!
Gör necə daşdır ki, köksündə ürək,
Ona söz yerinə bir güllə gərək.
Ah, kimə qəsd etdi taxta bir insan! –
Nə qədər xoşuma gəldi poeman!

Dostların enirdi, qalxırdı səsi,
Biri otururdu, biri dururdu.
Onların oynayan uzun kölgəsi
Sanki dalğalarda üzgü vururdu.
-Sizin musiqidir, ucaldı yenə,
O daldı xanəndə zənguləsinə -
-Bəli, bizimkidir.
– Bir ondan danış.
Qubadan, Şəkidən, Şirvandan danış.
Bu vaxt Səbuhinin yol çəkdi gözü,
Sanki əzizini gördü ötəri,
Közərdi könlündə "Vətənim" sözü,
Sonra doğma Kürə endi nəzəri.
Bir yarpaq qoparıb tulladı Kürə,
Çatar bu məktubu ele-obaya.
Tiflisdən Şəkiyə baxdı o gözlər,
Qondu o gözlərə doğma bir kədər.
Səbuhi danışır, Səbuhi gülür,
Hərbi köynəyinin döşündə əli.
Gah filosof olur, gah şair olur,
Deyərsən danışır neçə Fətəli.
Dostu da dinmir ki, Səbuhi susar,
Bir də çətin coşar bu sakit adam.

Onun söhbətidir elə bil sular,
Dalğası nurludur, sürəti aram.
Dostunun gözündə gülümsədi qəm:
-Elə ki ilk dəfə dinlədim səni,
Dedim görməliyəm sizin vətəni.
Mən sizin diyarı gəzmək istərəm,
Kaş ki, sizin dildə danışam aydın,
Kaş ki, müəllimim özün olaydın.
-Mənim gözüm üstə. Sevindim düzü.
Başla, ilk sözümüz "öyrənmək" sözü.
-O sizin diyarı, gözəl diyarı,
Bu dildə danışan mərd adamları,
Görməsəm, ölümə can vermərəm mən.
-Gözləyir yolunu o doğma Vətən!
Gedəydim nə ola səninlə özüm.
Dostlar səhərəcən qanadlı və şən...
Birdən o üzlərdə bir xoş təbəssüm
Yandı dan yerinin şəfəqlərindən.

4

Şair bunu anıb ocaq başında,
Bir əli kəmərdə, biri qaşında,
-Atlarım, gedəyin, qoçaqlar, - dedi.
Dikildi gözləri zabitin yerə,
"Mənəm böyüyünüz, uşaqlar!" - dedi.
Şair, necə baxım sizin bu əmrə?
Tez olun, söndürün ocağı, gedək.
-Yox, niyə söndürək, qoy yansın ocaq,
Səndəki söndürmək eşqinə bir bax.
Səsləsin bu ocaq yol azanları,
Yolçular yerisin işığa sarı.
Çərkəzin dişinə sıxılır dişi:
"Şair olmasaydı bitərdi işi",
Ocaq tənha qaldı. Ocaq yanırdı,
Sirdaş arayırdı, yoldaş anırdı.

5

Səhər səs yayıldı dörd minarədən
Sükutla bir yerdə yatan şəhərə.
Səksəndi Mixail, ayıldı birdən,
Zillədi gözünü minarələrə.
Köhnəlib süzülən göy ipək kimi
Göylər asta-asta ağarır, solur.
Üfüq zolaq-zolaq, rəngbərəng olur,
Gətirib ilhama bütün aləmi.
Şair pəncərədən baxdı o ki var,
Geyindi, üfüqə boylandı yenə:
Sandı ki, yolların üst tərəfinə
Ağrıyan çiynindən düşdü o dağlar.
Buludlar axdıqca aşağı, yana,
Dağlar elə bil ki, gəlirdi cana.
Dağlar asta-asta dayandı heyran,
Dayandı görsün ki, Günəş hardadır.
Görüb yola düşdü bu qəmli karvan,
Bu karvan min əsr bu yollardadır.
Onun həyat boyu bir səfəri var.
– Qardaşlar, ayılın, yeriyir dağlar,
Çərkəz: - Hanı, - deyib görmək istədi,
Zabit: - Üç dəqiqə vaxta var, - dedi.
Qoyun qaydasınca dincəlsin adam,
Yuxum gəlməsə də uzanacağam.
Gün düşüb əvvəlcə minarələrə,
Günbəzlər başına, qalalar üstə,
Sonra yayıldıqca bütün şəhərə
Adamlar görünür dərədə, düzdə.
Görünür meydanda, atın belində
Çiynində al paqon, tüfəng əlində
Oynayır havada göy süngüləri.
Durub o zabit də baxır şəhərə,
Hərbi qiyafəli bəyzadələrə:
Əziz "ata çarın" dayağı olan,
Bütün vicdanı qan, paqonları qan,

Qılıncı - əzrayıl, tüfəngi - əcəl,
Qorxudan irəli, taledən əzəl
Düşmənin bağrının başına qonan,
Evində ölməyi həqarət sanan,
Yazın buludutək halaybahalay
Gurlayıb od saçan dəli bir alay!
Zabiti dərd alır: "Nə olsun ki, mən
Çağırdım alayı?
Qorxu sözünü
Əcnəbi söz kimi başa düşməyən,
Dağların qoynunda qoçaqlar da var ,
Parçala bağrını, öldür özünü,
Bununla, ey çarım, üsyanmı yatar?!"
O dinmir, o baxır axan buluda,
Az qalır ona da acığı tuta.
"Bü Günəş nə üçün gecikir yenə?
Günəş də bircə gün soldatım ola!"
-Mən sənə deyirəm, Mixail, sənə.
Geyin paltarını, düzələk yola.
Polkovnik Aşenberq gözləyir bizi.
-Tarix hifz eləsin bu əmrinizi.
O zabit, qızılı düymələrində,
Yaşıl papağının nişan yerində,
Tərliyin ucunda, yəhər qaşında,
Silib o "cüt başlı qartallarını",
Qovub qeyri-hərbi xəyallarını
Susur əmri dildə, fikri başında:
"Demişlər əl çəkmə bircə an da sən,
Bunun fikri kimi bunun özündən -
Dəlisov şairdən..."
-Lermontov, gedək!
O çərkəz dayanıb bir bucaqda tək,
Əyilməz başını əymişdir dala,
Sanki yüz ildir ki, dalmış xəyala:
-Mixail, keyfini açım deyə mən,

Öldürüm bu iti, əgər istəsən.
-Gəl gedək, İsmayıl, qızışma görək!
İtdən ölümü də qoruyaq gərək.
Uğunur İsmayıl, gülür İsmayıl,
Şairin ardınca gəlir İsmayıl...

6

Başladı hərbi iş, zabit o ki var
Söylədi: - Susmayır Qubadakılar.
Özüm də bilmirəm bu necə işdir,
Sinəmə belə dağ çəkilməmişdir.
-Qoşun göndərərik bir neçə günə,
İndisə yollanaq kef məclisinə.

7

Şamaxı. Ucalır faytonçuların
Yenə "ay xəbərdar, xəbərdar" səsi.
Gəlir uğultusu böyük bazarın,
Baqqalın, tüccarın coşur həvəsi.
Fanarlı faytonu uçuran atlar
Gümüş sinəbəndli, qapqara yallı.
Yollar kənarında pinəçilər var
Alim təfəkkürlü, şair xəyallı –
Yeşiyin yanına döyüb əlini
Şeir söyləyir ki, gəlsin müştəri.
Baqqal işə salır şirin dilini:
-Bəhməz al, bal apar, yaxın düş bəri.
Şair ürəyində deyir bu ara;
"Şairlər vətəni adlanır bura".
Sonra fikrə gedib baş əyir yenə
Bütün Şirvanilər xatirəsinə.
Hərdən atlı keçir mavi çadralı.
Çadranın altından nə gözlər baxır.

Sanki min şairin birgə xəyalı
İki göz yaradıb, min könül yaxır.
Bir bina görünür...
-Gəlin içəri,
Buyurun bəri,
-Ayağı ucunda başmağı yaşıl,
Uzun çuxası göy, xəz papağı şiş
Bəy yenə səslənir: - Bu nə gözəl iş,
Sevincim, həvəsim başımdan aşır.
Şair bu məclisdə susdu tək kimi,
Bir acı söz kimi dodağında kin.
Yüzbaşı parlayan bir şimşək kimi
Qıvrılıb-açılan rəqqasələrin
Hüsnünü seyr edir, gözlərində qəm.
Apardı qoynuna əlini nədən?
Düşündü: "Ürəyim uçar sinədən,
Uçar, bir də onu tuta bilmərəm".
Yenə gəlir bəyin səsi:
– Yeyin kabab!
İçin şərab!
Nə oldu, ey xanəxərab,
Harda qaldı neyin səsi?
Tarın səsi,
Yarın səsi?
Xalça üstdə bardaş qurub,
İncə simə mizrab vurub
Tarı çalır,
Səs ucalır.
Zınqırovlu qavalların
Eşidildi cingiltisi.
Sanki gəldi qulaqlara
Bir yanıqlı bülbül səsi.
-Ay Mixail, bir ora bax!
Gözlərə bax, xallara bax!
-Di bir dayan!
-Olmaz, aman!

Gəl incimə İsmayıldan,
Bu gözlərin xatirinə
Öldürüm o zabiti mən.
Canım, gözüm, bir dinsənə,
Yandın nədən, susdun nədən?
Tapançayla vuracağam
Bir qolumu, dillənməsən.
– Səbr eləsən, bir, ay balam.
Coşma görək yenə də sən. –
Şamaxının dilbər qızı,
Geydiyi don al-qırmızı.

O nə deyib,
Paltar geyib
Ürəklərin alovundan.
Fırlananda coşan zaman
Görünməyir incə beli.
Göydə gəzir bəyin əli:
"A tarçı, tarı asta çal,
A zalım oğlu, tel hanı?
İncitmə yarı, asta çal,
Vallah üzüldü, bel hanı?"
Süzür yenə,
Elə bil ki, görünməyən bir dəryada
Üzür yenə rəqqasələr rəqqasəsi.
Boy ucadır, əllər uzun -
Sanki ülvi gözəlliyin
Güllərini dərmək üçün.
Heyran baxan gözlər iri -
Sanki bütün kainatı
Birdən-birə görmək üçün.
O gözlərdə neçə baxış,
Qovar biri, çəkər biri.
Könüllərin sarayını
Yıxar biri, tikər biri.
Kirpiyinin hərəsində

Qalxıb-enir neçə ürək.
Gözəlliyin talançısı!
Onu duyub sevən gərək.
Qandırır ki, bəylərə bəy,
Deyir ki, söz arasında:
– Baxın, vardır öpüş yeri
Qaş ilə göz arasında.
Şair: - A dost, mənəm yanan,
Qəmə döndü bütün cahan,
Dustaq olan gözəlliyə
Dözə bilməz ürək, - deyə

Çıxdı çölə.
Susdu yenə.
Yenə dedi öz-özünə:
“Demon”da Şərq oyunu var,
Ah, nə qədər zəif imiş.
O rəqs edən gözəl nigar
Doğrudan da zərif imiş.
Şamaxılı incə pəri!
Bir dünyadır rəqsi onun.
Axdı qəlbə "Demon"umun
Təzə-təzə sətirləri.
Ürəyimə damdı yenə:
"Vəfasızdır ömür mənə...
Qanun yaxın, sevinc uzaq –
Başım gora gedərmi sağ?
Qoy dolanım bu diyarı,
Bu düzləri, o dağları.
Hər yerini görüm, gəzim,
Bu könlümü verim, gəzim. –
Bircə anda,
Hər bir yanda
Olmaq istər ürək, a dost",
Gedək, a dost, gedək, a dost!


Yoldan keçəndə,
Danışan zaman,
Deyir ki, dinlə
Məni bircə an.
Necə danışdım
Sizin dildə mən?
Yəqin ki, çaşdım,
Keç səhvlərimdən.
Şair xəyalda,
Dayandı yolda,
Baxdı dörd yana.
Hələ Şirvana
Tezə girəndə,
Onu görəndə
Salamlar verən,
Sonra nar verən
O iki uşaq
Düşdü yadına.
Üz tutdu bu vaxt
Çərkəz dostuna:
-A dostum, gərək,
Onlarda qalaq.
Bir həyat görək.
Mehriban olaq.
-Dərdə düşmə sən,
Bu yerdə əgər
Haraya getsən,
Sevinəcəklər.
Biz onları da
Salarıq yada.
Şair bu zaman
-Ey gözəl insan,
Gedək, - söylədi, -
Meşədə, bağda,
Dərədə, dağda

İtək, - söylədi.
Gəzdilər onlar
Bu gün o ki var.
Meşələrə bax,
Sanki nağıldı.
Baxanda qonaq
Dərdi dağıldı.
Yaşıl budaqlar,
Qovuşmuş necə;
Qalınlıqda var
Min illik gecə.

Quşlar ürküşür
Dəstəbədəstə,
Yarpaqlar düşür
Quşların üstə.
Vələs yarpağı
Çinara köçmüş.
Çinar budağı
Şama bitişmiş.

Cığırlara bax,
Düyün düşübdür,
Çox ayrılaraq,
Çox görüşübdür.

Könüldə ilham,
Könüldə kədər
Bu yanda axşam,
O yanda səhər.

Bu hansı əsr,
Bu necə zaman?
Titrəyib əsir
Duyduqca insan.

Yaranışından
Girməmiş zaman
İtməsin deyə
Sanki meşəyə.

Burada vardır
Nə pul, nə şöhrət,
Azad təbiət,
Nə bəxtiyardır!
"Barı burada,
– Düşünür şair, -
Yetər murada
Könlümdə şeir.
Meşələr dərin,
Qulağım da dinc.
Xoşdur bu şirin,
Atustü sevinc".
Yolun sağında,
Göl qırağında
Durub bir aşıq,
Alnı qırışıq.
Dayanır şair,
Gözlərində sirr.
Sıyrıldı birdən,
Təzə yəhərdən.

Atlılar çəmənə töküldü bir-bir,
Həmin o zabitdi sonuncu düşən,
Düşündü: "Neyləyim vəzifəni mən,
Balam, nə istəyir, onu da edir".
-Soldatlar, tez olun, düşəcək axşam.
-Sənin ki başına düşmür, ay balam.
Ona da əmr elə...
-Şair, bəsdir ha!..
-Sən məni boğaza yığmısan daha.
Bir odlu-alovlu "ilham" kimi sən
Yaxamdan yenə də əl çəkməyirsən.
-Mən ilham? Mənəmi söylədin, şair?
Bu heç qanunimi, qanunimidir?
Mənim haram pisdir o ilhamından?
-Hərbi qiyafəli bir madonnasan.
Əsgərlər görəndə bəlkə üzünü,

Elə buna görə çaşır sözünü?
Sən də ruha gəlib təbiətə bax,
Danışır min dildə hər yaşıl budaq.
-Sənin bir dilini anlamıram mən.
-Küs onda sevdasız təbiətindən.
Yeridi Lermontov aşığa sarı
Mavi gözlərində qəm dumanları,
Ağlaya-ağlaya güldü o gözlər:
-Salara, dostum aşıq, nədir bu qəhər?
Aşığa anlatdı bu sözü bəylər.
Aşığın gözündə dondu bir kədər:
-A dostum, gəlirəm toy adlı yasdan.
-Sən də mənim kimi dərdlisən, oğlan!
-Dərd kimi vəfalı olsaydı dövran...
Şair niyə susdu, susdu lal kimi,
Göründü ən uzaq bir xəyal kimi.
Daldı bizim dilin mənasına o,
İldə yüz fəsilli dünyasına o!
"Bu şirin dilini yaratmış, güman,
İlahi damağı çağ olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə - uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.
Onun məhv etdiyi boranlı qışdır,
Onun qarşısında düşməndi əsən,
Onu həqiqətmi ovxarlamışdır?!
Şahlar qılıncını bu dildir kəsən!
Onun cümlələri Kürdür, Arazdır,
Onun məcrasında əsrlər axır.
Eşqimi alovsuz, gücümü azdır?
Hər kiçik səsindən bir şimşək çaxır.
Elə şirindir ki, doyulan deyil.

Sanki xatirələr dilidir bu dil".
Xəyal cahan oldu, könül asiman,
Aşıq, söhbət elə, dilinə qurban!
Bəlkə danışasan Aşıq Qəribdən,
Yaman vurulmuşam o dastana mən.
Mənə alim Əli danışdı onu,
Qnun saz üstündə oxunduğunu
Söylədi.
– Özüdür, özüdür, bəli,
Bizim Fətəlidir, Mirzə Fətəli.
Tiflisdə görmüşəm, yaxın olmuşam,
Tapılmaz elə bir ağıllı adam.
-Mənim o dostumun xatirinə sən
Bəlkə söyləyəsən Aşıq Qəribdən.
Bir az məzmununu bilirəm. Amma
Saz üstə səsləsən yetərəm kama.
-Qonaq, şairlərə oxşadın düzü,
İsmayıl dedi ki, - Şairdir özü.
-Şairdir? Yox oldu bu ah, bu fəğan,
Dostuma sazım da, sözüm də qurban!

Qərib bir axşamdı. Batırdı Günəş.
Hər yarpaq üstündə soyuq bir atəş.
Çinarın od tutan göz yaşlarıtək
Saralan yarpağı tökülür tək-tək.
Azmı ardıcın da qəmi-qüssəsi? –
Dərdidir o yolu tutan kölgəsi.
Sanki min gecənin ahıdır ki var
Göydə burum-burum axan buludlar.
Palıd yarpağına bir damla düşdü,
Yarpaq ürəyinin döyüntüsütək
Səsləndi.
Elə bil məlala düşdü.
Başqa yarpaqlar da. Onların bu an
Döyündü ürəyi, döyündü kövrək.

Döyündü ürəyi otun, çiçəyin.
Səsini dinlədi o şair ürək
Bir meşə köksündə milyon ürəyin.
Yağış şan-şan etdi göy ləpələri,
Elə bil qaynadı gölün üzəri.
Batan Günəş isə göl sularını
Boyayan qırmızı şüalarını
Yanan qol-budaqlı bir ağac kimi
Açmışdı titrəyən su üzərində,
Şair dayanmışdı yenə daş kimi,
İlhamı yanırdı göy gözlərində.
Yağış ələndikcə ələnir narın,
Yağır qarşısında al şüaların,
Qırmızı bir yağış, yanar bir yağış.
Xeyr! Bircə rəngli deyildir yağış!
O, yaşıl talada yağır gümüşü,
Yağır təbiətin sözü, gülüşü...
Hələ ağacların kölgəsinə bax,
Yağır qara yağış, yağır boz yağış,
Yağır narın-narın aramsız yağış.
Yağır o yanda da görünməz yağış,
Olarmı de sənə bir əvəz, yağış?!
– Deyin, həqiqətmi, yoxsa bir yalan,
Xeyr, bu aşığın sazından qopan
İncə musiqinin hüsnüdür ancaq! –
Deyib yaxasını açanda qonaq
Qırıldı düyməsi qara kürkünün,
Açıldı göyləri dəli könlünün.
O doğma yurd düşdü, el düşdü yada.
Qürbətə gəlmişdi elə bil vətən.
Ağcaqayın bitdi çinar yanında,
"Nələr yaratmadı musiqi birdən?"
Boynuna qol saldı əyri budağın,
Qorxdu ki, yer qaçar, təbiət qaçar.
(Hüsnə könül verib aşiq olmağın
Bir sevinci varsa, min kədəri var).
Düşdü gah soyuğa, gah da ki oda,

İnandı bircə an "Yaradana" da.
İnandı hər sözə, hər möcüzəyə
Bu ki bir ilahi sədadır, - deyə.
Düşündü: "Yağışını bu göydən yağan?
Xeyr! Bu ağ yalan, adi bir yalan,
Söyləyin, adicə saz simlərindən
İlahi xallarını tökülər dən-dən?
Göylərdən tökülər, onlardır yağan
Dönüb sirli-sirli döyüntülərə -
Səpildi sinəmin yandığı yerə!
Tökülür rəngbərəng,
tökülür bir-bir.
Dedim, səninkidir bu, ey asiman!
Başqa bir kəlama mən inanmaram.
Musiqi, musiqi, dinlə qəlbimi,
Tez ötmə xoş keçən bircə an kimi.
Könlümü yandırma min yerdən yenə,
İndi ki yandırdın, qaytarma mənə.
Sən Allah, al onu apar sinəmdən,
Apar ki, onunla bacarmıram mən!"

Aşıq baxa-baxa uzaq bir yerə,
Sanki toxunmayır incə simlərə;
Əliylə işarə eləyən zaman
Uçur üfüqlərə, meşəyə, düzə,
Bir möcüzə kimi görünür gözə.
Aşıq elə qıyya çəkir ki, bəzən
Deyərsən, qırılır könlünün simi.
Elə bil dostunu bir loğman kimi
Səsləyir dünyanın son guşəsindən.
Şair düşünür ki, "Mən də qəribəm,
Dağıl ey kainat, dağıl, ey aləm!
Qara gözlərində yaş gülümsəyən,
Təbəssüm ağlayan o aşiqi mən
Sevirəm.
Gözlərim çox ağlamışdır,
Dərdim ürəyimdə daş bağlamışdır.

Tərpənir sinəmdə qəlb əvəzinə,
Yerindən oynamış yanar çarpanaq,
Tale etdiyini edibdir mənə,
Olmuşam o qızdan, o yardan uzaq.
Vüsal birimizik, hicran birimiz,
Görüşə bilmirik onlar kimi biz.
Mənə çar əmri yox, vətən versələr,
Bu zabit yerinə - azadlıq, qələm,
Coşan dərya-dərya dərdi görsələr,
Batarmı kainat, uçarmı aləm?
Sinəmdir - od tutan Muğan səhrası,
Musiqi zərrəsi - bir damla sudur.
Ey, Aşıq Qəribin qəm macərası,
Qəlbimdə hönkürən dərdimi susdur!"
Musiqi əfsanə, möcüzə, xəyal...
Musiqi sinəyə töküldü xal-xal.
Musiqi doldurdu sinəmi tamam,
Ordakı min şeir, ordakı ilham
Köpürdü, hayqırdı, səda da saldı.
De, şaha qalxmamış duyğumu qaldı?!
Könül uşaq kimi: ver, nə var, dedi.
İndi axşam idi,
səhər istədi.
Gecə də istədi səhərlə birgə,
Sevinc də istədi kədərlə birgə.
O görmək istədi eli, obanı,
Bir meşə qoynunda bütün cahanı.
Ulduzu, Günəşi yerdən istədi,
Bütün fəsilləri birdən istədi.
Gecəni gündüzün yerinə qoymaq,
Gündüzü nur kimi gecəyə yaymaq,
Cahana min səda salmaq istədi.
Allahın Allahı olmaq istədi.
Eşqi sığardımı yerlərə, de sən,
Eşqini göylərə yaymaq istədi.
Dünyanın bu qərib gözəlliyindən
Doymaq istəmədi, duymaq istədi.

Yenə də duydu ki, az yaşayacaq,
Düşündü: "Taledə namərdliyə bax!"
Onun yazdığını pozmaq istədi,
Qoyub qabağına neçə dəftəri
Birdən hamısında yazmaq istədi
Pyesi, poemanı, romanı, şeiri...
Birdən ayıldı ki, "haradayam mən?
Musiqi qurtardı, ay Mişel", - dedi.
Sandı bu sıx meşə, o sıra dağlar
Həmin musiqidən qaldı yadigar.
Qaldı buludlar da sönən nəğmədən
Yanğından sonrakı tüstülər kimi.
"Ey Qərib, haqqında yazacağam mən,
Bu eşqin yaşasın bir əsər kimi".
Şairin gözləri alacalanmış,
O iri gözlərdə təbəssüm ki var,
Min ildir elə bil küsmüş sevincdən.
Sonsuz üfüqlərdən üfüqlərəcən
Dünyanı fəth edən dəli bir vüqar
Müqəddəs dizini qoymuşdu yerə.
Şair bir də baxdı çalan əllərə,
Öpdü o əlləri, öpdü o sazı.
Şair bizim dildə "sağ ol"u azı
Beş dəfə söylədi, doymadı yenə.
Şair düşündü ki, "gülərlər mənə!"
Odur ki, qəlbində söylədi: "Sağ ol".
-Aşıq, nə istəsən mənə qonaq ol.
-Qonaq, bu dünyanın qonağıyıq biz.
Arama ki, düzgünmü məzəmmətimiz?
Daima yerində deyilmi cahan?
Cahanı dərk edən,
Sonra tərk edən,
Söylə, biz deyilik, kimdir, ey qonaq?
-A dostlar, aşıqda kəlama bir bax,
Doğrudan, oxşayır Xıdır İlyasa!
İrişdi zabitsə: - Batıbmı yasa?
Saz çalıb ağlayır bayaqdan bəri.

Şairin gözündə parıldadı kin:
-Aşıq seyr eləyib sən kimiləri,
Ağlayır halına dərrakənizin.
Zabit gah ağarır, gah da qaralır,
Sonra da astadan fıştırıq çalır.
Görüşüb onlarla atlandı aşıq.
Apardı hüsnü də, sevincidəmi?
Qatışdı kölgəyə alaqaranlıq,
Tutdu kainatı intizar kimi.
Düşündü şairsə: "Uzaq işartı
Görünür, titrəyir, ora gedəkmi?!
Lermontov oxşayıb minəndə atı,
Yanında çərkəzi gördü dost kimi,
Şair düşündü ki, "bu işıq nədir,
Bəlkə çatdığımız həmin ocaqdır?
Bax, o da titrəyir, sanki gəl deyir,
Məhəbbət alovu yaşayacaqdir".
Sıçradı atlara bəylərlə xanlar,
Şair sürən səmtə sürəndə onlar,
O zabit hirsini soyutsun deyə,
Qəlbində əmr etdi: - "Dönün geriyə!".

8

Doqqazlar açılır səssiz-səmirsiz:
-Allah qonaqları, xoş gəlmisiniz.
Qoca unutmadı yüyən tutmağı,
Atların belinə çul atan oldu.
Saçı yerə dəyən gəlinlər, qızlar,
Baxdı qonaqlara yaşmağın altdan.
Yenə o "iki göz, ilahi gözlər".
Misrası şairə od vuran zaman
Açıldı taybatay qonaq otağı,
Açıldı qolları həmin qocanın.

Evdən ətri gəldi təzə parçanın.
O, yastıq gətirdi yerə qoymağa,
O, yastıq gətirdi dirsəklənməyə.
Şair gülümsündü: - Cənnətdir, - deyə, -
-Baba, öldürəsən getmərəm burdan.
-Oğul, gedənləri öldürür baban.
Şairə tərcümə etdilər bunu,
Unutdu məclisdə oturduğunu.
Puşkin ölən gündən indiyə qədər
Heç belə qəhqəhə çəkməmişdi o,
Sevinclə göz yaşı tökməmişdi o.
Zabitsə düşünür: "Dəlidir məyər?"
Şişdə kabab gəldi güllü süfrəyə,
Süfrədə Mədrəsə çaxırı da var.
Məclis ki qurtardı: - Sevimli dostlar,
Mən gedib bayırda yatıram, - deyə
Lermontov tələsik çıxdı qapıdan.
İsmayıl: - Dinməyin, qayıtmaz, - dedi, -
Yerini taxt üstdə həyətdən salın,
Əgər istədisə, demək, istədi,
Siz də, əziz ata, arxayın olun.
Şair taxtın üstə uzandı səssiz,
Başının altında əlləri çarpaz.
"Ey ulduz, ey gecə, sevimlisiniz,
Sizsiz sinəmdəki ürək də çarpmaz!
Bir deyin, insafmı, mürvətmi bu da,
Çəmən çöldə yata, şair otaqda".
Uzandı gecəylə, Ayla baş-başa,
Bağlarla bir yerdə, çəmənlə qoşa.
Təkliyi qoymadı xiyabanda tək,
Çığıra-çığıra qalmadı külək.
Qoymadı titrəyə, soyuq da tir-tir,
Qoynunda yer verdi soyuğa şair,
Yapıncı altında qızdırdı onu.
Bu qəmli gecəyə vurulduğunu
Açdı ağaclara, ota, yarpağa,
Verdi təbiətlə dodaq-dodağa.
Sabah getməlidir bu diyardan o,

At minib qaçaydi intizardan o!
Deyir ki, taleyin oyununa bax!
Bilsəydim ayrılıq çətin olacaq,
Heç bura at sürüb gələrdimmi mən?
Ayrılıq, güləndə gözümə vətən
Mişel qisasını səndən alacaq.
Ayrılıq gecəsi, gecəyə bax bir,
Özü də tərs kimi necə gözəldir!
Sankı gecə deyil, bu varlığı sirr,
Gecənin sehrli yuxusudur bu.
Aləmi çulğayan sükutdur, nədir?
Sükutun ən böyük arzusudur bu.
Bir səs eşitməmiş yaranışından,
Elə bil nəyisə dinləyir cahan.
Elə sükutdur ki, Sankt-Peterburqdan,
Gəlir nənəsinin "Mişelim" səsi.
Ordakı yel vuran göy büdaqlardan
Tökülür bağlara qəm şəlaləsi.
Elə sükutdur ki, Tiflisdən gəlir
Açılan, örtülən varağın səsi.
Gecənin yarısı o, Səbuhidir,
Axır kağızlara könül nəğməsi.
Elə sükutdur ki, keçən bir əsrin
Susan varlığından səda yüksəlir.
Ərzurumu keçən aşıq Qəribin,
Bir də köhləninin nal səsi gəlir.
Elə sükutdur ki, hər yerlə danış,
Nə teleqraf gərək, nə kağız gərək.
"Balam, Rayevski, məktub çatmamış?
Bəlkə də almısan, bir danış görək.
Ay nənə, könlümə düşmüşdün necə?
Ay nənə, bir əsər yazıram yenə.
Yaxşı ki, burdasan sən də bu gecə,
Nənə, üstümü ört, nənə, ay nənə!
Nənə can, nə üçün susursan elə?
Bilirəm çoxdandı hirslisən mənə!
Anam deməyib ki dinmə Mişelə?!
Şirni ver, yataram, nənə, ay nənə!

Hayqırdı birdən o: - Ax səni, dövran!
Mən varam hər zaman səninlə, - dedi.
Ağır qılıncını çəkib qınından
Burdan Peterburqa atmaq istədi.
Bir azdan Ay batdı,
Gecə də yatdı.
Ayrılıq gecəsi əzizdir, deyə
Şair keşik çəkdi yatan gecəyə.
Ondan icazəsiz, ondan xəbərsiz
Könlünə cümlələr tökülür bir-bir.
Köksündə gah Günəş, gah duman, gah sis...
Bilir ki, yazılan "Aşıq Qərib"dir.
Gözündə həm sevinc, həm qəzəb, həm kin
Hərdən xumarlanır, hərdən çevrilir.
Düz sabaha kimi "Aşıq Qərib"in,
Bir də köhləninin nal səsi gəlir.
Ayıldı alnına şeh düşən zaman
Qızartı yüksəldi dağlar dalından.
Qaranlıq dağıldı bir yuxu kimi,
Ağ duman göründü süd buğu kimi.
Çiçək səpələndi çəmənə narın,
Aydın eşidildi harın atların
Yerə ayaq döyüb kişnəməsi də.
Gəzinir həyətdə ev yiyəsi də.
Yoldaşlar ayılır, yoldaşlar gülür,
Zabitin üzündən zəhər tökülür.
Onlar yola düşdü yeyib çay-çörək,
Zabit şax dayanıb qaşını çatdı,
Guya ki, bir yeni aləm yaratdı.
Gedən adamlara əmr etdi: - Gedək!
Qonaqlar qocayla halallaşdılar,
Yenib dar dərədən
Dağı aşdılar.


Göründü o qovaq,
Yanır o ocaq.
Çathaçat alışır ərçan odunu,

Könlü alovlular qalamış onu.
Yoxdur o uşaqlar.
Hanı qoçaqlar?
Sapsarı su dolub ləpirlərinə,
Həmin ləpirlərdə sərçələr çimir,
-Uşaqlar gələrək görüş yerinə
Peşiman qayıdıb.
Həyata bax bir!
Yazıqlar nə qədər gözləyib dünən,
Bax, odur, kənara atmışlar narı.
Könül qurtaraydı bu hərbi işdən.
İncitdik, İsmayıl, dostcuğazları.
-Əzizim, onların xatirinə mən
Bir qoşun qıraram əgər istəsən.
İsmayıl qəzəblə baxır zabitə,
Mişel göz-qaş ilə "sus" deyir ona,
Bilir ki düşdümü dostu niyyətə,
Nə ölümə baxar, nə də ki qana.
Şair odun qoydu yenə ocağa,
O baxdı çəmənə, təpəyə, dağa...
-Neyləyim, ayrılıq namərddir, - dedi...


O gün o yerdən
Üç atlı getdi.
Qanrıldı geri
Onların biri.
Bəlkə yadından
Nə isə çıxdı.
Bəs o nə yaman
Həsrətli baxdı!
Bəlkə də elə
Bir sözü varmış?

Gedəndə belə
Nə pis olarmış?!

Yumdu gözünü,
Atmı sürsün,
Birdən özünü
Uzaqda görsün.

Dağların atlı
Belindən endi.
Atın gur yalı
Buludla təndi.

Qaldı yolundan,
Dostamı çatdı?
Atın nalından
Ay doğdu, batdı..

Qəm kainatlı
Bir igid kimi,
Burdan o atlı
Gəlib keçdimi?

Çiynində onun
Qara yapıncı,
Belində onun
Çərkəz qılıncı.

Belə nişanlı,
Belə büsatlı –
Xeyli zamandı
Getmiş o atlı.

Onu gedəndə
Görən oldumu?
Su istəyəndə
Verən oldumu?

Getdi yurduna,
Kəsildi səsi.
Atıldı ona
Namərd gülləsi.

Bu necə işdi?
Hanı o adam?

Axı demişdi:
"Qayıdacağam".

Qəm iynə kimi
Ürəyi dəlir.
Bu o deyilmi?
Nal səsi gəlir...

Gəlmədi... hələ də odlanır ocaq.
Hər gün burda olur o iki uşaq.
Gözləyir kənara tullayıb narı,
Gedir yavaş-yavaş obaya sarı.
Ocaqsa sönmədi, həmin ocaqdan
Hər yerdə, hər yanda qaladı zaman.
Göydə qatar-qatar ulduzlara bax,
Uzaqdan görünür orda min ocaq,
Şairin eşqilə yanır hər axşam;
Od tutur hamısı düz sabahacan.
"Bəlkə də yollarda azmış o insan?"
O isə gəlməyir, başında iş var.
Küsüb sabah üzü sönür işıqlar.
Uşaqlar böyüdü: hər biri qoçaq,
Öldü döyüşlərdə o dəcəl uşaq.
Amma o birisi ömür də sürdü,
Bizi də gözlədi, bizi də gördü.
Bax, bu həmin qovaq!
Sualına bax,
Bax, bu həmin uşaq!
Saqqalına bax.
Əlində tutduğu “Aşıq Qərib” dir.
Olub-keçənləri danışır bir-bir.
Bax, bu həmin ocaq!
Məlalına bax.
Hələ də odlanır, hələ də yanır,
Gizləyə bilməyib intizarını,
Saxlayır arabir alovların
Bir an fikrə gedib kimisə anır.

Bakı, 1958

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets