Macəra
O çıxdı qarşıma gülümsəyərək,Gözəl, yaraşıqlı, boylu, buxunlu.Məsumdu Sikstin madonnasıtək,Dedim, mən axtaran elə budur, bu...
Bizim ilk tanışlıq mərasimimizÇox uzun çəkmədi. (Nəyə gərəkdir.Dedim, əbədilik dost oluruq biz,Zaman hər bir şeyi göstərəcəkdir.)
Bəli, bu tanışlıq çox asan oldu,Sandım ki, tapmışam gözəl bir inci.İlk görüş yerimiz restoran oldu,O təklif elədi bunu birinci.
Gecəyarıyadək oturduq qoşa,Mənim göz qapağım artıq enirdi.Şampan şərabları hey daşa-daşaBüllur badələrdə köpüklənirdi.
Hər şeyin öz vaxtı, öz vədəsi var,Gərəkdir hər şeyin qədəri olsun.Bəli, şərabın da öz nəşəsi var,Ancaq ağlın bundan xəbəri olsun.
Çıxıb restorandan biz yola düşdük,Xoş bahar gecəsi artıq yarıydı.Sakit küçələrdə yüz yol öpüşdük,Şahid göy səmanın ulduzlarıydı.
(Şair, süzmə məni gözlərində kin,Məni salacaqsan şerə sal, nə qəm.“Müsbət” qəhrəmanın deyiləm səninKi, öpüş bilməyəm, şərab bilməyəm.)
Biz onun evinə gəldik birbaşaOturduq, danışdıq, güldük doyunca.Baxdım yorulmadan o gözə, qaşaBaxdım gözlərimə yuxu qonunca.
Mən heç soruşmadım o qız təkmidir,Nəyi var qardaşdan, ata-anadan?Bu evə bir kimsə gələcəkmidir,Yoxsa o özüdür burda hökmran?
Hisslər ağlımıza üstün gələndəHər şey unudulur, deyim səmimi,Ömrümdə ilk dəfə özümü mən dəApardım onunla kişilər kimi...
Nəşələr içində açdıq səhəri,Günəş boylananda oyandıq biz də.Dünənki o gözəl xatirələriYenə canlandırdıq ürəyimizdə.
Elə bilirdim ki, mənimdir aləm,Mənimdir o gözəl, boy, buxun, bədən...Qapının zəngini çaldılar bu dəm,O təlaş içində qalxdı yerindən.
Baxdı gözlərimə, baxışlarındanMən aydın bildim ki, gələn əriydi.Demək dodağımda sübhədək yananƏrli bir arvadın öpüşləriydi!
O açdı qapını gülümsəyərək,Sarıldı ərinə bərk-bərk bir anda...Məsumdu Sikstin madonnasıtək,Yox! Yüzqat məsumdu madonnadan da!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-macera
Use ← → keys to move, R for a random poem