Necə də doğmadır mənə bu yerlər,Ah, dəydi burnuma kəndin havası.Asfalt yol uzanır üfüqə qədər,Asfaltdan aşağı pambıq tarlası.

Bir çoban sürünü dəhmərləyərəkQovur,sürü gedir asfalt boyunca.Xəyalım uzanır bu asfalt yoltək,Sinəmə xatirə dolur doyunca.

Ay dost, xatirələr dəlisiyəm mən,Gəlir göz önünə çobanlığım da.Örüş başlanardı kənd ətəyindən,Ot dizdən olardı arx qırağında.

Yoncalar küləklə ləpələnərdiYaşıl bir dənizin təlaşı kimi.Qoyunlar çöllərə səpələnərdiZümrüd sahildəki çay daşı kimi.

Sürü yaz buludu – ağlı-qaralı,Kəsilmək bilməzdi arası, ardı.Keçməmiş yamacı, aşmamış yalıNeçəsi yoldaca balalayardı.

Qabaqda gedərdi qumrovlu təkə,Saqqalı bir qarış, buynuzu çomaq.Qurd-quş qorxutmazdı məni bir tikə,Yanımda alabaş – o kəsikqulaq.

Örüşdən-örüşə keçdikcə sürüQuyruq yağlanardı, yelin dolardı.Bir toya bəs idi qoyunun biri,Biri bir mağarı yola salardı.

O boyda sürüdə neçə qoyun varMən saya bilərdim gözləri bağlı.Üçəcən saymağı bilir çobanlar:Bu kərə, bu kürə, bu da qulaqlı!

Dörd fəsli çöllərdə qarşılayardım,Boyum çomağıma çatmazdı, inan,Vecimə gəlməzdi şaxtadı, qardı,Bircə duman idi məni qorxudan.

Gəlir xatiriməqurdun dişindənTəpəl bir toğlunu saldırmağım da:Vallah, xatirələr dəlisiyəm mən,İndi gör nələri salıram yada.

Necə də doğmadır mənə bu yerlər,Ah, dəydi burnuma kəndin havası,Asfalt yol uzanır üfüqə qədər,Asfaltdan aşağı pambıq tarlası.

Təyyarə pambığa dərman ələyir,Sürü asfalt yolla gedir örüşə.Çoban yoxsa məni təkrar eləyir,Yoxsa uşaqlığım gəlib görüşə?!

Mənim uşaqlığım, başqaydı ancaq —Ayağı çarıqlı, çiyni çuxalı.Onun “platforma” çəkməsinə bax,“Tiklas” plaşı da əyriyaxalı.

Onun bir günlükdür çobanlığı da,Növbə başqasının olacaq sabah,O, qorxusuz keçir dumanlığı daQurd-quşa həsrətdir örüş, düzəngah.

Sürü bir nizamlı qoşuntək gedir,Hardasa asfaltdan çıxacaq yana,Maşınlar yel kimi süzərək gedir,Baxmayır sürüyə, kiçik çobana.

Qərib bir kədərlə gözlərim gülür,Sürü də pozmayır öz qatarını,Qoyunlar dərs keçən adamtək bilirKürə hərəkəti qaydalarını.

Gedib bala çoban.Mən aram-aramSıxıram gözümə ağ yaylığımı,Görünür, həsrətlə xatırlayıramÇarıqlı, çuxalı uşaqlığımı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets