Uşaqlıq!Hərəmiz bir quş saxladıq —Bülbül, alacəhrə, sığırçın, qutan.Hər qəfəs küncündə bir quş ağladı,Mənim qəfəsimdə ala sağsağan.

Belə deyirdilər:Gedənlər dönürSağsağan yerini dəyişsə əgər,Ümidlər puç olur, arzular sönürSınaqdan çıxmırsa bu el deyənlər.

Bir gün sağsağanı açıb buraxdım,Dedim quşcuğazın dəyişsin yeri.Onun uçuşuna ümidlə baxdım:Atam cəbhələrdən qayıdar geri.

“Sağsağan, sağsağan, dəyiş yerini!” —Yalvarıb-yaxardım gözlərimdə yaş.Sağsağan anladı bu sözlərimiÜstünə gələndə əlimdəki daş.

Dəyişdi yerini,Uçdu budaqdan,Sonra da başqa bir budağa qondu.Bir xəbər gəlmədi fəqət uzaqdan,Elə bil yolların damarı dondu.

İllər yaman qovdu biri-birini,Yağdı, quzeylədi qar başımda da.“Sağsağan, sağsağan, dəyiş yerini...”Deyirəm arabir bu yaşımda da...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets