Qızım Ülkərə

Anamın əlləri düşür yadıma,Ağac qabığıtək cadar-cadardı.Anamın əlləri düşür yadıma,Başaq döşürərdi, taya vurardı.

Anamın əlləri düşür yadıma,Torpaq belləyərdi, əymə əyərdi.Bir ağac əkmişdi mənim adıma,Lakin bəhərini bir kənd yeyərdi.

Bir təndir salmışdı — evin dirəyi,Balaca ehrama bənzəri vardı.Ətri yayılanda isti çörəyinHərəyə bir tikə dadızdırardı.

Bir qara qazanlı ocaq çatardı,Qazana nə saldı — bir görmədim mən.Xörək bir külfətə fəqət çatardı,Sən demə “tox imiş özü” səhərdən.

Baxmazdı atamın qazancı azdı,Xəzinə deyərdi öz maaşına.Pulun qıtlığını üzə vurmazdı,Onu çatdırardı ayın başına.

Köhnə paltarlara ütü çəkərdi,Hayıfdır, nə üçün atım, deyərdi.Sökərdi, təzədən biçib tikərdi,Hamımız növbəylə onu geyərdi.

Bəzən yol çəkərdi qonur gözləri,Azalıb çatanda təknə dibinə,Atamın arvadı olandan bəriO, əl salmamışdı ərin cibinə.

Bəlkə buna görə güzəranımızHərdən incəlsə də, üzülməzdi heç.Gülər gözlərimiz, qızar canımız,Ancaq dodağımız büzülməzdi heç.

Bu eşqi, sevinci, səmimiyyətiGətirən anamın öz əli idi.O əllər düzlüyün, işin, zəhmətinQüdrətdən yaranmış heykəli idi.

İndi rast gələndə isti təndirə,Barlı bir ağaca, təmiz adamaNə üçün bilmirəm heç birdən-birəAnamın əlləri düşür yadıma...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets