Page 3 of 3 · 67%

– Bunlar əqidə, məslək məsələsidi, Əli.

– Eh, nə əqidə, nə məslək, Elməddin? Bizim əsrimizdə bu sözlər boş və mənasız sözlərdir. İndi ağıllı adam odur ki, beşgünlük ömrünü yaxşı yaşamağı bacarsın, həyatını xoş keçirsin. Daha sənin kimi gəmidə oturub gəmiçi ilə dava eləməsin. Sən nəinki zamanın nəbzini, uzağa getmək lazım deyil, heç öz arvadının da nəbzini tuta bilmədin. Belə, sən heç yana gedib çıxa bilməzsən, ağa! Sən elə bilirsən indiki zamanda həqiqəti demək böyük qəhrəmanlıqdı? Yox, bağışla məni, bu, indi axmaqlıqdı, ancaq axmaqlıqdı.

– Həqiqəti məm deməyim, sən demə, o deməsin, bəs kim

desin, Əli?

—Elə bilirsən sənin dediyin-həqiqətləri səndən başqa heç kəs bilmir? Görürlər, bilirlər, ağa. Amma ağıllı adamlar ağrımaz başına buz bağlamırlar. Uzağa niyə gedirsən, özündən hesabını apar, həqiqəti dedin, həbsxanaya düşdün, bu sənə dərs olmadı, sonra yenə həqiqəti yazdın, öz halalca arvadın səni evdən qovdu. Elədirmi? Dinmirsən?

Elməddin qulaq asa-asa fikirləşirdi ki, ilahi bu, necə də dəhşətli, simasız, mənliksiz bir adam imiş. Onun tutqun gözlərinin içinə baxırdı, bulanıq, ilan-qurbağalı. Ürəyini görürdü və çimçəşirdi. Gəldiyinə peşman olmuşdu, ancaq gec idi, daha gəlmişdi.

Hövsələsi təngimiş halda:

– Müxtəsər elə, ay Əli, lap adamın ürəyini çəkənsən ha!

– Hə, hə! — deyə o, nədən danışdığını unutmuş təki, bir az duruxdu, sonra davam etdi. — Hə, onu deyirdim axı. Hə, arvaddan danışırdım. Düzü, çox götür-qoy elədim. Gördüm beləcə bu arvadnan bacara bilməyəcəyəm. Söyməgnən deyil, döyməgnən deyil, ağlına yerləşəni dədəsinə də verməyəcək və məni də dirigözlü öldürəcək. Odur ki, siyasəti dəyişdim.

– Nə cür?

– Mən gündəlik yazıram, gördüyümü, eşitdiyimi. Bu da son vaxtlar dəb düşüb. Gərək camaatdan geri qalmayasan. O irəlilər eləmədim tənbəllik, həmin gündəliyimdə arvadı bir təriflədim, bir təriflədim ki, gəl görəsən. Yazdım, ki, mənim şair olub ortalığa çıxmağımda, ad-san qazanmağımda, rahat, xoşbəxt həyat keçirməyimdə, mehriban, ağıllı həyət yoldaşım Xəyalə xanımın (həyət yazmışdım, həyat yox a — belə incə mətləblərdən baş açan deyil) çox böyük və əvəzsiz xidməti vardır. O, dünyanın ən həssas və ağıllı qadınıdı mənim gözümdə. Mən ömrüm boyu ona minnətdar olacağam, bundan sonra qalan ömrünü də gözəl xanımıma sədaqətlə yaşayacağam, yazacağım əsərləri ona həsr edəcəyəm, nə bilim dəm-dəsgah. Altdan da imza-filan. Hə, bax belə. A kişi sözdü də, bu da satın deyil ki, deyəsən bahadı, tapılmır, filan-bəsməkan. Qardaş sənsən, gündəliyi beləcə mizin üstündə açıq qoyub getdim. Axşam evə qayıdanda gördüm ki, pəh, arvad necə dəyişib, ilahi? Mənimlə necə mehriban-mehriban danışır. Burda oturma, orda otur, onu yemə, bunu ye. Dedim hə, dərman əsər eləyib. O vaxtdan üz-gözündən zəhrimar yağan, məni qoz qabığına soxan arvad dili-ağzı bağlı quzuya dönüb..

Elməddin Əli Tuğyanın «sirrini» anlayıb güldü.

– Niyə gülürsən?

– Heç, elə-belə.

– Tərif. Bildin? Tərif, Elməddin, — deyə o, uzada-uzada göz vurdu. — İndi zamana da belədi, dost. Zamana da qadın kimi bir şeydi, tərif sevir. Onu təriflə, xoşun gəlməsə də, görməyə gözün olmasa da, təriflə, başını sığalla. Onda o da səni sevəcək, səni yaşadacaq, sənə çörək, paltar, yüksək vəzifə verəcək, qulluğunda duracaq, mənim arvadım kimi. Amma onu çərtəndə, sancanda, ağına qara deyəndə, ələ salıb güləndə səni düşmən hesab edəcək, nifrət edəcək, bədbəxt-zəlil edəcək, həyatına zəhər qatacaq, bütün qapıları, hətta öz evinin qapısını da sənin üzünə bağlayacaq; sənin arvadın kimi!

Elməddin fikrə getmişdi, onun sözlərini dərk etməyə çalışırdı. Handan-hana başını mənalı-mənalı tərpədərək:

– Amma elə bu da yaxşı yazmalı əhvalatdı, Əli! — dedikdə Əli Tüğyan təəccüblə:

– Nəə? — deyə bildi və süstəldi. Gizli bir qorxu içində gözlərini döydü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on beşinci fəsil

Bakıdan ⎯ Güllügildən rayona dönərkən Nəzər avtobusda, saçları dümağ ağarmış bir qarı görüb qeyri-ixtiyari anasını xatırladı.… Həyatın açılmamış sirlərindən biri də budu ki, insan bəzən öz ölümünü irəlicədən ⎯ bir saatmı, bir günmü qabaq ⎯ hiss eləyir, işlərini sahmana salır, sözünü deyir, yaxın, əziz adamları ilə vidalaşır və sonra arın-arxayın… dünyadan köçür. Belə ölüm ancaq əməli-saleh, qəlbi düz, xeyirxah və mələk-xislət adamlara nəsib olub deyirlər.

20 min
Birinci hissə, on altıncı fəsil

Nəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»

23 min
Birinci hissə, on yeddinci fəsil

Şam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..

6 min
İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 min

Poems by other poets