Birinci hissə, birinci fəsil
Page 3 of 5 · 40%
– Necə yəni eşidir?
– Eşidir də, o hələ təzə ölüb.. Ürəyi ölüb. Beyni hələ oyaqdı, qulaqları da eşidir.
– Vay...
– Bəs nə bilmisən? Eşidir, ancaq cavab verə bilmir, hə, necəsən, ağayi Nəcməddin? Məni tanıdın? Yox? Tanımazsan, ağa. O qədər mənim kimilərin bədbəxt eləmisən, əlimin zəhmətinin haqqını yemisən, ürəyimin qanını içmisən ki, məni haradan yadında saxlayarsan, ağa? Allaha qurban olum, gec eləyir, amma güc eləyir. O milyonlar sənə qismət ola bilməzdi, ağa. O var-dövlət mənim kimi fəqir-füqurun, biçarənin alın tərindən qazanılıb — onu sən necə rahat yeyə bilərdin, ağayi-möhtərəm? Su tök, atam, yatma. O, haradasa sənin də, sənin də olmasa, atanın, qardaşının, əminin, qohumunun çörəyini, son qəpik-quruşunu əlindən alıb öz milyonlarının üstünə yığıb. Yatma, tök. Hə, bax, belə. İndi o pambıqdan bir az mənə ver, qoy qulaqlarını da tıxayım. Sidr-kafiri də ver bəri. Bax, belə. İndi o kəfəni at bura. Ay sağ ol, atam... Hə, indi hazırsan, ağayi Nəcməddin gedə bilərsən. Amma, atam, dünyada qaniçənlərdən birinin də dalından belə dəydik getdi.
Mürdəşir işləyə-işləyə ara vermədən beləcə danışdı, köməkçisi qulaq asdı. Kişi yorulub oturdu. Kəfənə bürünmüş ağayi Nəcməddinin vücudu çox kiçik görünürdü, yeniyetmə cənazəsinə oxşayırdı. Mürdəşir baxıb-baxıb dedi:
– Dünyanın işinə bax ey, atam. Adı-sanı, varı-dövləti, əzəməti bir məmləkətə sığışmayan bu cənabın vücuduna bax ey, sən allah, Bu ad-san, bu əzəmət sənin deyilmiş, ağa, sənin milyonlarının imiş...
...Şəfi, Ziyaülhəqq və Elməddin hamının yanında dayanıb söhbət edirdi. Onun ölümünün təfsilatını Elməddin dostlarına danışmışdı və onlar, ağayi Nəcməddini yaxından tanıyan adamlar kimi, onun belə nagahan həyatdan getməsinə kədərlənirdilər. Dostların fikrincə, o, mərd adam idi, sözü-bütöv idi. Şeri-sənəti çox sevirdi; o, deyən-gülən, şerə ləzzətlə qulaq asmağı bacaran bir insan idi, bundan əlavə o, əlahəzrət sarayına uzanan əlləri idi—oradakı ab-havanı Nəcməddinin vasitəsilə tez və vaxtında öyrənə bilirdilər. Məhz bu cəhətləri ağayi Nəcməddini onların gözündə ucaltmışdı. Xüsusilə Elməddin onun yaxşılıqlarını unuda bilmirdi, xatırlaya-xatırlaya həyatın qəribəlikləri haqqında düşünürdü. Şəxsiyyətli, müqtədir, qılıncının dalı da, qabağı da kəsən bir adam, həyatsevər, yeyib-içən, xoşxasiyyət bir qoca — sonra bədbəxtliyi üzündən dəlicəsinə sevən, bəxtəvər olan bir aşiq... lap sonra isə... bir vəfasız qadının dönüklüyü üzündən əriyən, qətiyyətini itirən, yaşamağı bacarmayan, zəlil olan və sınıb tökülən bir kişi... Varına-yoxuna Əbdül kimi bir nökəri, Elməddin kimi bir yoxsul qələm sahibini şərik eləyən bir səxavət kanı.. Və qürurundan, hikkəsindən. axırda özünə əl qaldıran bir dəli... Bu idi ağayi Nəcməddinin keçdiyi enişli-yoxuşlu, tərəqqilitənəzzüllü həyat yolu... Bu yolu izləmək, o qocanın ürək aləmini, beyninin içini, düşüncələrini, hisslərini təzədən canlandırıb kağız üzərinə köçürmək, onu təzədən diriltmək və yaşatmaq maraqlı olardı və Elməddin fikirləşirdi ki, haçansa bu qəribə ömür yolunu qələmə alacaq, onun bir insan kimi könül aləmini yenidən canlandıracaq...
Elməddin özünün varisliyi barədə dostlarına hələ heç nə deməməyi qərara aldı... «Qoy görək bu işlərin axırı nə ilə qurtarır».
...Get-gedə çoxalan camaatın arasında Dünya xanımla bir gündə tanınmaz-bilməz adamlar tərəfindən öldürülmüş qonşu Vəlixanın qardaşı Əlixan çalmalı kişi ilə yanaşı dayanıb söhbət edirdi. Kişi deyirdi:
– Rəhmətliyin adını eşitmişdim, üzünü görməmişdim. Deyirlər yaxşı adam imiş...
– Ba, yaxşı da sözdü, qızıl kimi kişi idi, rəhmətlik. Xeyrə-şərə yarayan adam idi. Bizdə yas düşəndə dağ boyda kişi gəlib özü hüzrdə oturdu, başsağlığı verdi, gedəndə də mənim özümə üz tutub dedi ki, bəlkə bir şeyə ehtiyacınız-zadınız var, utanma, bala, de. Nə lazımsa eləyək. Dedim çox sağ ol, ağa. Ondan o qədər razıydım ki... Allah rəhmət eləsin... Yaxşılar gedir, pislər qalır—bu dünya bilmirəm niyə belə qurulub ey..,
– Dəqiq bilən yoxdu ki, bu kişi niyə özünu öldürüb? Siz qonşusuz da, hayana dönsə ucundan-qulağından eşidib bilərsiz.
—Nə deyim, vallah? Hərə bir söz deyir. Bu rəhmətliyin su sonası kimi cavan-qəşəng bir arvadı vardı. Birdən-birə yoxa çıxdı arvadı. Göyə uçdu, yerə batdı, bilən olmadı. Deyirlər, kişi rəhmətlik onu çox, lap çox istəyirmiş. Ayrılığına dözməyib, başına hava gəlib...
– Yox əşi, onun vaxtı keçmişdi. Eşq-filan söhbəti ola bilməz....
– Nə bilim, vallah....
...Azca onlardan aralı isə iki kişi dayanmışdı:
– İndi başa düşdün ağayi Nəcməddin o Vəlixanı bizə niyə öldürtdü? — deyə təsbehli kişi siqaret çəkən çəpgöz adamın qulağına pıçıldadı.
– Niyə ki?
– Bu Vəlixanla onun arvadının arasında nə isə varmış. Kişi bizim əlimizlə onu aradan götürdü, arvadın da başını ya özü yedi, ya da başqasına öldürtdürdü.
– Hə... Ola bilər. Ağlabatan sözdü.
– Amma xam düşdük — əlli min az idi. Yüz də istəsəydik, verəcəkdi...
– Hayıf...
Ağayi Nəcməddinin qırxı çıxan günün səhəri, Elməddin, günortaya yaxın yuxudan ayılıb əl-üzünü yuyandan sonra Zərrintaca üz tutub dedi:
– Allah rəhmət eləsin, xanım. Son qəminiz olsun. İcazə versəydiniz, mən mürəxxəs olardım. Neçə vaxtdı işdən-filandan xəbərim yoxdur. Nə vaxt lazımınız olsam, xəbər göndərərsiniz, qulluğunuzda hazır olaram.
Elməddin ani sükut elədi və gözlədi ki, bəlkə Zərrintac bir söz deyər. Amma o susdu, heç nə söyləmədi — deyə bilmədimi, demək istəmədimi — anlamaq olmadı. Onda Elməddin başını sinəsinə endirib ağır addımlarla otaqdan çıxdı. Əbdül qucağında uşaq həyətdə idi. Elməddinin getmək istədiyini anlayıb qabağa yeridi:
– Ağam, gedirsiz?
– Hə, Əbdül. Gedirəm... Salamat qal. Sən olmasaydın, bu boyda məclisi yola verə bilməzdim. Sağ ol.
– Borcumdu, ağam. Ağayi Nəcməddin yaxşı insan idi —Allah onun qəbrini nurla doldursun. Mən ondan çox razıyam, ağa.
– Hə, yaxşı insan idi. Sən də onun ciyərparasına yaxşı bax, Əbdül. Uşaq anasız qaldı—onu böyütmək, tərbiyə etmək çətin olsa da, gərək var gücünlə çalışasan... O biri tərəfdən bu, həm də sənin mənəvi borcundu: Atası səni evə, pula — az pul deyil, ha, əlli milyon sənə zarafat gəlməsin, — şərik eləyib. Sən indi bu şəhərin ən varlı adamısan, Əbdül.
– Eh, ay ağam, o pul mənim nəyimə lazımdı? Mən nökər babayam, elə nökər olaraq da qalacağam. Mənə bir qarın çörək, bir isti bucaq lazımdı ki, gecələr yata bilim, vəssalam. Qaldı ki, uşaq. Əlbəttə, onu öz ciyərparam kimi böyüdəcəyəm. Ondan arxayın ola bilərsən — nə qədər nəfəsim gəlib-gedir, onun nökəri olacağam.
– Sağ ol, Əbdül!—deyib gedərkən Əbdül gözlərinə inanmaq istəmədi, çünki gözləyirdi ki, ağa Dünya xanım barəsində onu sorğu-suala tutacaq və qorxurdu bu söhbətdən. Axı kişi ölən günü demişdi ki, səninlə sonra danışacağam. Və o vaxtdan Əbdül səksəkə içərisində yaşayırdı. İndi Elməddinin yadından çıxmışdımı, ya özü bu məsələni təzələmək istəmirdi? — Əbdül bilmirdi.
– Yaxşı yol, ağa. Ancaq elə birdəfəlik getmə, ağa. Hərdən bizim əhvalımızdan bir xəbər tut, ağa.
– Yaxşı...
Elməddin ağayi Nəcməddinin evindən beləcə getmişdi. Zərrintacın o kobud rəftarından kəlmə də kəsməmişdi. Özünü elə aparmışdı ki, guya o, heç bunun arvadı deyil və aralarında da heç bir qanqaraldan söz-söhbət olmayıb. Zərrintac da o məsələni təzələməmişdi, yəqin ilk addımı Elməddinin atmalı olacağını düşünüb gözləmişdi — hər necə olmasaydı da, o, ağayi Nəcməddinin qızı idi, qüruruna sığışdırardımı? Hələ üstəlik atası çox böyük (Zərrintacın fikrincə — çox böyük axmaqlıq) alicənablıq göstərərək — dünənəcən ac-susuz, yersiz-yurdsuz olan Elməddini əlli milyon nəğd pula şərik eləmişdi. Kişi, əlbəttə, bunu ancaq qızının xatirinə etmişdi.
Kişinin fikrincə, indi gərək Elməddin onun ayağınıi altından öpəydi, qabağında qul kimi dayanaydı. Amma sən onun hikkəsinə bax ki, heç nə demədən çıxıb getdi. «Yaxşı, Elməddin. Sən sən ol, mən də mən»
– deyə Zərrintac hirsindən-hikkəsindən az qala partlamaq dərəcəsinə gələrək hönkürtü vurub ağlamışdı o, darvazadan çıxandan sonra. İki gün də atasının evində qalıb Əbdülə lazımi göstərişlər verəndən sonra maşına minib öz mənzilinə yığışıb getmişdi.
Zərrintacın burda olmadığı günlərdə Siminbər gündüzlər tək, gecələr isə atası Əhədulla ilə bu evdə qalmış, həyət-bacaya həyan olmuşdu...
Zərrintac xanım qaşqabaqlı idi, acıqlı idi. Siminbər ondan qorxurdu, heç nə deyə bilmirdi. Yalnız özü bir şey istəyəndə dərhal yerinə yetirirdi. Vaxtlı-vaxtında çörək də yemirdi, çay da içmirdi. Demək olar ki, bütün günü yatırdı, ayıq vaxtlarında da radioya qulaq asır, yorulandan sonra yenə yatırdı. Bütün bunları Siminbər ancaq və ancaq atasının ölümü ilə bağlayırdı. O bilmirdi ki, atasının ölümündən əlavə, burada iyirmi beş milyon məsələsi var, Elməddinin qayıdıb-qayıtmayacağından yana böyük nigarançılıq var — Siminbər bunları bilə bilməzdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
İkinci hissə, üçüncü fəsilƏbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!
İkinci hissə, dördüncü fəsilHavada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».
İkinci hissə, beşinci fəsilHeyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
Poems by other poets
چنین مخمور و مستی را مِیِ دیگر نمیباید
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.