Birinci hissə, birinci fəsil
Page 4 of 5 · 60%
Zərrintacın gəldiyinin dördüncü günü Siminbər, nəhayət, yazığı gəldiyinə görə, özündə cəsarət tapıb onun çarpayısının yanında dayanaraq:
– Xanım, qurban olum, belə getsə, siz məriz olarsınız, — demişdi. — Üzülərsiniz. Ölüm Allah əmridi, xanım, kim bu dünyanı tutub durub ki?!
Zərrintac xanım Siminbərin səsindəki kövrəklikdən onun həqiqətən halına yandığını duyub yerində quncuxmuş, kədərli gözlərini ona sarı döndərib:
– Eh, Simin, — demişdi. — Kaş qibləgahımın əvəzinə mən öləydim, kaş mən öləydim, Simin.
– Elə demə, xanım. Allaha acıq gedər. Siz hələ cavansınız, xanım...
Elə bil, Zərrintac bu sözlərə bənd imiş, dolmuş gözlərinin selini-suyunu saxlaya bilməyib hönkürtü içində:
– Mən bədbəxtəm, Simin! — demişdi...
Siminbər mətbəxdə idi, Zərrintacın stəkan-nəlbəkisini yuyurdu və şirdəhəndən axan soyuq suyun şırıltısı altında xanımının bayaq dediyi «Mən bədbəxtəm, Simin!» sözlərini təkrar-təkrar eşidir, səsindəki kədəri, əlacsızlığı, acizliyi xatırlayır, ona yazığı gəlirdi. Dağ boyda atası əlindən getmişdi, öz səadətini, xoşbəxtliyini özü qapısından qovmuşdu. Xanım dilinə gətirməsə də, danışığından, fikirli-qayğılı gəzib-dolanmasından hiss eləyirdi ki, o, Elməddinin qayıtmasını gözləyir, hər gün, hər saat gözləyir. Peşman olub. Hirsini-hikkəsini boğa bilən adam deyildi, ağlına gələni dilinə gətirən idi. Bu hərəkət, bu söz nə nəticə verə bilər — qarşısındakını öldürərmi, küsdürərmi — fikirləşməzdi, deyəyrdi, eləyərdi. Sonra isə peşman olardı. Ancaq deyilən sözü geri qaytarmaq, sınmış ürəyi təzədən yamamaqmı olur?... Siminbər bu xanimanda yaşadığı bir neçə ay ərzində xanımını belə tanımışdı; ona indi yazığı gəlsə də, Elməddin kimi ipək təbiətli, həlim, mehriban bir adama elə sərt üz göstərməsi, qışın qarlı-şaxtalı günündə evdən qovması, qapını üzünə açmaması qızın hər yadına düşəndə od tutub yanırdı, içini yandıran qəzəbi boğsa da, ürəyində deyirdi: «Öl, əcəb oldu. Elə bəlkə atan da ona görə öldü ki, elə insanın ürəyini qırdın. Göydən Allah baxmır? O kişi heç kəsi pis əməlinə görə cazasız qoymur, xanım! Elməddin yaxşı eləyir, qayıtmır. Mən də olsam qayıtmaram».
Ancaq qəlbinin dərinliklərində o, Elməddinin bir də bu evə qayıtmasını arzulayırdı, heç olmasa qısa müddətə, heç olmasa bir günlüyə, bir saatlığa. Bu, qızın onu görmək istəyi idi və istək bəzən o qədər güclü olurdu ki, darvazaya baxmaqdan, hər maşın səsi eşidərkən səksənib pəncərədən küçəyə boylanmaqdan yorulandan sonra, baş götürüb buradan qaçmaq, Elməddinin işlədiyi yerə getmək, ona uzaqdan-uzağa, heç nə demədən baxmaq istəyirdi. Lakin bunu bacara bilmirdi. Onda qız, mətbəxdə, xəlvətdə gizlədiyi «Əfsanəli mahnılar»ı götürür, oradakı yazıları dönə-dönə oxuyurdu—şerlərin çoxunu əzbər bilirdi: hərdən onlardan birini mahnı kimi dodağaltı zümzümə eləyirdi. Sonra, kitabın arasında saxladığı şəkli — qarlı bir qış gecəsində, getməmişdən xeyli qabaq Elməddinin çəkdiyi rəsmi açıb baxar, baxar, doymaq bilməzdi...
O gecə Siminbərin başından-ürəyindən silinib getmirdi, şirin bir xatirə kimi yaşayır və onu da yaşadırdı. ...Elməddin ehmalca mətbəxin qapısını açdı və... divarları daş kömürün hərarətindən pul kimi qızarmış dəmir buxarının dibində, dizlərini qarnına yığmış, donunu ayaqlarının ucuna qədər çəkmiş, əllərini dizləri üstünə qoyub boynunu bükmüş Siminbəri görəndə... nədənsə özünü itirən kimi oldu. Qız fikrə getmişdi, qızarmış dəmirə baxırdı. Buxarının hərarətindən yanaqları qıpqırmızı qızarmışdı, saçının biri sağ çiynindən aşağı sürüşüb düşmüşdü. Dərin xəyala daldığından qapı aqzında dayanıb heyran-heyran ona baxan Elməddinin gəldiyini də hiss eləməmişdi. Bu şairənə mənzərə Elməddini elə cəzb edib əfsunlamışdı ki, o, nəfəsini dərməyə, cınqırını çıxarmağa belə qorxurdu. Anlar əriyib keçirdi, o isə sehrlənmiş kimi yerindən tərpənə bilmirdi.
Siminbəri həbsxanadan gələndən sonra, demək olar ki, hər gün görürdü. Yemək gətirəndə, çay verəndə, süfrə yığışdıranda... Ancaq heç fikir verməmişdi, ona uşaq kimi baxmışdı. Atası evindən gələrkən əynində olan paltarı da Zərrintac səxavət göstərib dəyişmişdi, ona təzə don, baş yaylığı almışdı. Buna baxmayaraq o, Elməddinin nəzərində uşaq olaraq qalmışdı. Lakin indi, bu axşam... o Elməddinə ayrı cürə — qəşəng, böyük, gözəl qız kimi göründü nədənsə... heç özü də bilmədi necə oldu — qəlbinin dərinliyində ilıq, məhrəm bir hiss qımıldandı. Buna heyrətləndi. Bir də buna heyrətləndi ki, azca əvvəl arvadı ilə elədiyi qanqaraldan söhbət də və bu söhbətdən sonra haradansa gəlib yadına düşmüş Əfsanə də unudulmuşdu. Fikrində ürəyində nə Zərrintacın hirsi-hikkəsi qalmışdı, nə Əfsanənin xəyalı, xatirəsi... O indi, ancaq və ancaq Siminbəri, onun şairanə oturuşunu görürdü, başqa heç nə barədə düşünə bilmirdi.
Özündən xəbərsiz köks ötürdü və bu incə hənirtini duyan qız hürkmüş ceyran kimi başını qaldırdı, səs gələn səmtə boylananda... Elməddini gördü. Nəzərləri bir anlığa tuş oldu. Bütün bu aylar ərzində ilk dəfə idi ki, onlar beləcə göz-gözə baxırdılar. Siminbər, yəqin ki, özündən asılı olmayaraq, mehriban-mehriban gülümsünəndə, Elməddin də eyni şirin təbəssümlə ona cavab verdi. Sanki ikisi də sehrlənmişdi — nə qız yerindən qalxırdı, nə Elməddin qapının çərçivəsindən çiynini çəkib tərpənirdi. Nəhayət, daxili bir təkanın təsiri altında, ehmal addımlarla irəli yeridi. Ancaq bu zaman Siminbər ayağa durdu, məktəbli uşaq müəllimini görəndə əlini yanına salan kimi, qollarını aşağı saldı.
—Niyə indiyənəcən yatmamısan, Simin? — deyə nəhayət Elməddin aradakı ağır və eyni zamanda ləzzətli sükutu pozdu. Siminbər eynən bayaqkı mehribanlıqla (amma indi o təbəssümə azca da təşviş qarışmışdı deyəsən) gülümsünə-gülümsünə!
– Elə-belə, ağam. Yuxum gəlmir! — dedi.
– Nə fikirləşirdin, Simin?— Elməddin bu dəfə «Simin» sözünü elə şirin, elə məlahətlə söylədi ki, qızın ürəyi əsdi içəridə. Bu vaxta qədər heç kəs onun adını belə şirincə şəkildə dilinə gətirməmişdi — hətta doğma ata-anası da... Və bu, ona xüsusi ləzzət elədi. Elə olanda da qız bütün vücudunda nəyinsə dəyişdiyini yeni, maraqlı bir duyğunun — qadınlıq duyğusunun baş qaldırdığını, yarandığını tutqun-tutqun hiss elədi, ancaq mahiyyətini başa düşə bilmədi. Bircə-onu bildi ki, daha o uşaq deyil, bircə onu duydu ki, qabağında dayanan da sadəcə Elməddin deyil, kişidir, bəli kişidir. Və o, ilk dəfə Elməddinə məhz indi kişi kimi baxdı. Üzünün qızartısı daha da artdı — sifətinə elə bil, köz yapışdırırdılar. O, simasında əmələ gələn bu dəyişiklikdən utanaraq başını aşağı saldı, xırdaca, nazik donunun sinəsini qabardan döşünün üstündən sürüşüb sallanan xurmayı saçının ucunu oynada-oynada:
– Heç nə, ağam, heç nə...—deyə bildi.
Elməddin onu təpədən-dırnağacan oğrun-oğrun süzdü. Xurmayı saçları, nar çiçəyi kimi qızaran yanaqları, qəşəng alnı, düz, mütənasib burnu, xırdaca ağzı, əndamı, ayaqları. Heç nə, heç nə onun gözlərindən yayınmadı. Və Elməddin qeyri-iradi olaraq pıçıldadı:
– Nə qəşəng imişsən, ay ölməmiş... — dedi.
Bu sözlərdən... Siminbərin yanaqları daha da allandı və o, baxışlarını qaldırıb Elməddinə utancaq bir nəzər saldı. Bu ani baxışda o, qız qəlbinin dərinliklərindən gələn bir minnətdarlıq oxudu... Gözlənilmədən, düşünülmədən yaranmış bu vəziyyət birdən-birə Elməddinə yersiz — təhlükəli göründü və o, özünü ələ alıb:
– Çayın varmı? — deyə xəbər aldı...
– Bu saat, ağam. Siz gedin işləyin, mən sizə təzədəm çay gətirərəm, ağam...
Elməddin ona baxmamağa çalışaraq qanrılıb çıxdı. Ancaq Siminbərin son sözləri içində «Siz gedin işləyin» kəlmələri nə üçünsə ona xüsusi ləzzət verdi... «Siz gedin işləyin...» Elməddin yazı masasının arxasında oturanda da qızın bu sözlərini eşidirdi... «Siz gedin işləyin...» «Nə işləyim, Simin! Məni işləməyə qoyurlar? Nadan əlinə düşmüşəm. Sənin bu Zərrintac xanımın məni başa düşmür, Simin!»
Belə düşünə-düşünə qara qələmlə ağ kağız üzərində nə isə çəkirdi. Nə isə yox. O, Siminbərin şəklini yaradırdı. Buxarı, pul kimi qızarmış buxarı... Buxarı üstündə çaydan... Yanında da, bir az əvvəl gördüyü vəziyyətdə... Siminbər... Burda təxəyyül lazım deyildi. Elməddin ağ kağıza həyatın gözəl, şairanə bir parçasını rəsm edirdi. On beş-iyirmi dəqiqə sonra, Siminbər əlində sini içəri girdi—çay gətirmişdi. Piyaləni, noğulu, çaydanı mizin üstünə düzdü, başını qaldırmadan:
– Nuşican, ağam! — deyib getmək istəyəndə Elməddin sol əlini yuxarı qaldırıb asta səslə:
– Dayan, Simin,—dedi. Siminbər ayaq saxladı. Elməddinə utana-utana baxdı.
– Al, bunu sənə yadigar verirəm, Simin! —deyə vərəqi ona sarı uzatdı.
—Nədi bu, ağam?
– Bax, gör nədi.
Siminbər vərəqi gözünün önünə tutub tamaşa elədi.
– Bıy... bu ki, bizim buxarıdı.
– Hə, buxarı dibində oturan gözəl də sənsən, Simin.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
İkinci hissə, üçüncü fəsilƏbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!
İkinci hissə, dördüncü fəsilHavada bərk şaxta olsa da, qapı-pəncərəni cingildədən külək əssə də, içəri isti idi. Yan otaqda daş kömür sobası asta-asta yanır, çaydan həzin-həzin cızıldayırdı. Ara qapı açıq olduğundan bu biri — iri otaq da isinmişdi. Elməddin ev paltarında yazı masasının arxasında əyləşmişdi; qabağındakı piyalədə təzəcə süzdüyü çay buğlanırdı.Elməddinin kefi kök idi. Stolunun üstündə qatı açılmış qəzet vardı, ora-burasına göz gəzdirirdi; Oxumurdu, çünki bir az əvvəl onu başdan-ayağa qədər oxumuşdu. Bu, «Pərçəm»in növbəti nömrəsi idi; burada onun iki yazısı çıxmışdı; biri son hekayəsi idi—«Xurma çərdəyi». İkincisi isə məqalə idi — «Fəsad» adlandırmışdı. Onu çoxdan yazmışdı, ürəyi ağrıya-ağrıya yazmışdı. Qəryadar Qulamın qardaşı oğlu, köhnə tanışı Ətiqullaya o dəhşətli vəziyyətdə rast gələndən sonra qələmə almışdı. Şəfiyə oxuyanda çox bəyənmişdi, çünki burada qoyulan məsələ—şəhərin xəlvət evlərində, qanundan kənar, Siracəddin kimi, İnsaf xanım kimi adamların gəlir mənbəyi təkin saxladıqları xəlvətgahların qurbanları məsələsi Şəfini də çoxdan düşündürürmüş, sən demə, Elməddin Ətiqullanı şəxsən tanıdığını, onun milyoner Mümtazın oğlu olduğunu və indi yavaş-yavaş çürüyüb töküldüyünü Şəfiyə danışanda kişi çox fikrə getmişdi və məqaləni fürsət düşən kimi çap edəcəyini bildirmişdi. Sonra nə isə baş qarışmışdı, material çox olmuşdu, məqalə xeyli yubanmışdı. İndi budur, ruznamənin bugünkü nömrəsində Elməddinin hər iki yazısı işıq üzü görmüşdü. Şəfinin dediyinə görə, Elməddinin bu yazıları aləm idi — hər ikisində son dərəcə vacib, ağıllı adamları düşündürən ciddi məsələlər qoyulmuşdu və çox səs-küyə səbəb olacaqdı. Əlbəttə, ustadından belə tərifli sözlər eşitmək Elməddin üçün çox xoş idi, həm də üstəlik, Bəbirin onun hekayəsi barədə dediklərini xatırlayanda Elməddin, bir qələm əhli kimi fərəhindən yerə-göyə sığışmırdı. Bu şirin əhvali-ruhiyyə ilə qəzetin sütunlarına baxa-baxa çayını içir, fikrində, xəyalında bunlardan da tutarlı yazılar yazmaq əzmində olduğunu yəqin edib sinəsi qabarırdı. Bəbirin, Şəfinin onun qələmindən çıxanları belə yüksək qiymətləndirməsi qəlbini coşqun sevinc hissilə doldurmuşdu və kiməsə, ən müqəddəs adamına söz verirmiş kimi ürəyində demişdi: «Yol budur, mənim əsl yolum budur. Bu yolda öldü var, döndü yoxdur! Mənim yolum Bəbirin, Şəfinin yoludur. Son nəfəsimə qədər bu yolla gedəcəyimə söz verirəm, çünki, qəlbən inanmışam ki, bu yol haqq yoludur, həqiqət yoludur».
İkinci hissə, beşinci fəsilHeyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
Poems by other poets
چنین مخمور و مستی را مِیِ دیگر نمیباید
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.