Page 1 of 2

General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.

Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.

Qoca general belini əyib çeşməyini tez-tez düzəldərək kitab oxuyurdu. Xeyli vardı oturmuşdu, yorğunluğunu hiss eləyirdi, ancaq necə deyirlər, kitab onu «buraxmırdı», durmağa«qoymurdu». Bu, Şəfinin yenicə nəşr olunmuş kitabı idi — müəllif özü üstünü yazıb Bəbir vasitəsilə generala göndərmişdi. Neçə gün o, kitaba əl vurmamışdı, şeri o qədər də xoşlamırdı. Xüsusilə müasir şerdə bir şey anlamırdı. Onun nəzərində yer üzündə tək bircə şair var idi indiyənəcən — o da Hafiz: Hafiz öz zərif, şirin, oxuduqca doyulmayan, min dəfə də oxusan təzə görünən qəzəlləri ilə bütün dövrlərin, zamanların şairlərini əvəz eləmək, «öldürmək», kölgədə qoymaq qüdrətinə malik idi generalın aləmində.

Lakin bu gün Hikmətəlidən eşitmişdi ki, Şəfi axşam onlara gələcək, kitab yadına düşmüşdü. «Götürüb bir vərəqləyim, görüm axı bu Şəfi nə deyir? Bilsə oxumamışam inciyər» — fikrilə kitabı axtarıb tapmışdı. Əvvəl əhəmiyyət verməmişdi, ancaq indi kitabın adı, üstündə çəkilən qırılmış zəncir ona maraqlı və mənalı görünmüşdü: «Qırın zəncirləri».. Bu iki söz onun xəyalında haçansa oğlu ilə elədiyi söhbətləri xatırlatmışdı, Bəbirin atasından gizləmədiyi böyük məqsədi, məramı fikrində canlanmışdı. Qoca general yaxşı bilirdi ki, Şəfinin məmləkət dolusu adı-sanı, şöhrəti var. Uzun illərdi ki, bu torpağın uşağı da, cavanı da, qocası da onun qələmindən çıxan şerləri oxuyur, o şerlər dildən, ağızdan düşmür. Şəfi həbs olunarkən şəhər cavanlarının, məktəblilərinin, əmələlərin küçəyə böyük izdihamla çıxmasının şəxsən şahidi olan qoca general, bunun oğlu tərəfindən təşkil olunduğunu zənn etmişdi və buna çox sevinmişdi: oğlunun mərdliyi, dostu dar gündə qoymaq istəməməsi kişiyə ləzzət eləmişdi. Ancaq, indi, o, Şəfinin kitabını oxuduqca başa düşürdü ki, o izdihamlı nümayişlər, o şüarlar təkcə oğlu Bəbirin xidməti deyilmiş — bu, Şəfinin özünün camaat, el-oba arasındakı şöhrəti, nüfuzu ilə də çox bağlı imiş. Yoxsa, Bəbir kim olsaydı da, nə eləsəydi də, xalqı beləcə ayağa qaldıra bilməzdi. Demək, camaatın, el-obanın ürəyində Şəfiyə məhəbbət varmış, ehtiram varmış. Və bu ehtiram, bu məhəbbət havayı deyilmiş — şair el-obanın dərdinin, qəminin tərcümanı imiş, danışan dili imiş!! Xalq sevmədiyi adamın dalınca getməz. Qoca, kitabı oxuduqca bu həqiqəti başa düşür, şerlərdəki od-alov qəlbini isindirir, zahirən sakit, mülayim təbiətli bir adam təsiri bağışlayan Şəfi gözündə böyüyür, mərd, qorxmaz, cəsarətli bir adama çevrilirdi. O bilirdi ki, son dəfə həbs olunanda şairə necə əzablar verilmişdi — dişlərini vurub tökmüşdülər, dırnaqlarını çıxartmışdılar,— ancaq o, dəyanətlə susmuş, nə Elməddini, nə Bəbiri, nə də hələ gizli yaşayan, təzəcə göz açan təşkilatlarını satmışdı. Qoca düşünürdü ki, ayrı adam olsaydı, bu zülmlərdən sonra çəkilib evində oturar, bir daha əlinə qələm almazdı. Ancaq Şəfi susmamışdı, Şəfi yenidən ruznaməsini nəşr etməyə başlamışdı. «Qırın zəncirləri» kitabını buraxdırmışdı, demək, o təslim olmamışdı, silahını — qələmini yerə qoymamışdı. Demək o da Bəbir kimi inadından, yolundan məsləkindən dönən adam deyil, məslək ömürdən də qiymətlidi onun üçün! — Əziz xan belə düşünəndə sevindi: gör Bəbirin nə yaxşı dostu var! O, tək deyil.

Bəbir atasının otağına girəndə kişinin xəbəri olmadı. O, başını mizin üstünə doğru əyib şer oxuyurdu. Bəbir sağ əlini astaca atasının çiyninə toxunduranda o, belini düzəldib yana çevrildi:

– Hə, sənsən, bala? — dedi və kitabın vərəqinin qanadını qatlayıb kənara qoydu, — otur, oğul.

Bəbir divarın dibindəki kresloda əyləşdi, atasının yorğun üzünə baxıb gülümsündü:

– Nə oxuyursan belə, qibləgahım?

– Dostunun kitabını oxuyurdum, bala! Bəbir yenə gülümsündü:

– Səndən nə əcəb, qibləgahım? Şer oxuyursan...

Əziz xan ayağa qalxdı, buxarıya sarı getdi, üşüyən adam sayaqı əlini sobaya tutdu, arıq, uzun barmaqlarını açıb-yumdu, sonra xırda addımlarla geri döndü:

– Hə, oğul. Şəfi böyük sənətkar imiş, bala. Heyf, mən indiyənəcən bunu dərk eləməmişəm. Bu kitabdakı şerlər böyük, qorxmaz bir insanın ürəyinin çırpıntılarıdır. Üsyan qoxusu gəlir o kitabdan, bala. Ancaq...

– Ancaq... nə, qibləgahım? — deyə Bəbir maraqla atasına baxdı? Bilirdi, o, nə isə gözlənilməz bir şey deyəcək. Dedi də:

– Ancaq, mənə elə gəlir ki, vaxtsız açılmış bir gülə bənzəyir bu kitab, vaxtsız atılmış bir gülləyə bənzəyir bu kitab, oğul.

– Niyə ki? — Bəbirin ürəyi əsdi.

Əziz xan əllərini arxasında daraqlayıb ortalıqda dayandı, Bəbirin gözlərinin içinə baxa-baxa:

– Sənə elə gəlmirmi ki, zəncirləri qırmaq hələ tezdi? — dedi. — Sənə elə gəlmirmi ki, bu dəsgah hələ çox güclüdür və şairin dediyi zəncirlər hələ tam çürüməyib? Siz bu barədə fikirləşibsiniz?

Əziz xan belə deyib susdu, sanki suallarına cavab gözləyirdi. Bəbir atasının duruşundan, baxışından bunu anlamışdı; ancaq birdən-birə cavab verməyə tələsmirdi. General olduqca incə bir nöqtəyə toxunmuşdu. Burda da onun uzaqgörənliyi, ağıl və məntiqlə hərəkət etmək prinsipi özünü göstərirdi. Odur ki, Bəbir ani olaraq kişinin hansı cəhətləri, siyasi mübarizədə hansı mühüm nöqtələri nəzərdə tutduğunu fikrində götür-qoy eləyərək aramla söylədi:

– Mən sizi yaxşı başa düşürəm, qibləgahım. Siz belə düşünürsünüz ki, əlahəzrətin taxt-tacı möhkəm sütunlar üstündə qərar tutubdur, ordu, kapital onun əlindədir, silah və hərbi texnika onun əlindədir. Ona görə o qəvidir, məğlubedilməzdir. Elədirmi, qibləgahım?

– Bəli, oğul, düz tutmusan. — Sonra... deyirsiz ki, o zəncirlər hələ tam çürüməyib.

– Bəli.

– Kənardan baxanda, sizin dedikləriniz tamamilə həqiqət kimi görünür. Doğrudan da səltənətin zahiri parıltısı göz qamaşdırır; mətbuatda, radioda, təbliğat maşınında cəmiyyətimiz son dərəcə ədalətli, humanist bərabərlik prinsipi üstündə qurulan, yaşayan bir cəmiyyət kimi qələmə verilir. Ancaq bu, kağız üzərində belədir, təəssüf ki! Əslində, ayıq gözlə o süslü parıltıların arxasına nəzər salanda ədalətdən əsər-əlamət yoxdur—görürsən, bərabərlikdən əsər yoxdur — görürsən. Siz tam mənası ilə insanın şəxsiyyətini, mənliyini, vüqarını, arzularını tapdayıb çirkablar içinə atmış bir quruluş görürsünüz, qibləgahım. Bunları mən deməsəm də, siz də, bir çox başqaları da çox yaxşı bilirsiniz. Məsələ bunun üstündədir ki, o zəncirlər — bizim adamlarımızın mənəviyyatını, əl-qolunu buxovlamış o paslı zəncirlər çürüyübmü?! Sizin fikrinizcə, hələ tam çürüməyib, qibləgahım! Lakin mənim də, Şəfinin də, Nur Məhəmmədin də, Mir Ələkbərin də, qalan yoldaşlarımızın da əqidəsincə, o zəncirlər çürüyüb, kövrəlib, qibləgahım. Onu qüdrətli, vahid bir əllə çəkib qırmaq, parçalamaq lazımdır, qibləgahım. Bax, bu nöqtədə sizinlə şərikəm. Şəfinin bu kitabı, bu çağırışı vaxtsız açılan güldür, vaxtsız atılan güllədir. Niyə? Ona görə ki, biz hələ təşkilat kimi zəifik, siz deyən gücümüz yoxdur, qibləgahım. Biz hələ çox işləməliyik, ətrafımıza çoxlu tərəfdarlar toplamalıyıq, əmələlərin, sahibmənsəblərin içində bizim adamlarımız — özü də etibarlı adamlarımız olmalıdır. Biz kütlənin ürəyinə girməliyik, qibləgahım. Məhz o zaman biz güclü olacağıq, qüdrətli olacağıq, məhz o zaman biz həmin zəncirləri qırmaq iqtidarına malik olacağıq.

– Düz buyurursan, oğul, Demək, hələ vaxtı çatmayıb. Mən də bunu demək istəyirdim.

– Ancaq bu o demək deyil ki, Şəfi bu kitabı nahaq çap elətdirib. Yox, qibləgahım, bu, elə deyil. Bu, bizim kütlə içində, xalq arasında aparmalı olduğumuz müəzzəm təbliğat işinin mühüm tərkib hissəsidir, qibləgahım — biz hər gün, hər saat bu işi ən müxtəlif şəraitdə, ən müxtəlif təbəqələr arasında ehtiyatla, lakin dönmədən görməliyik. Şəfi şairdir, Şəfinin sözünün kəsəri, təsiri çox böyükdür

– o, hər hansı bir təbliğatçıdan qat-qat güclüdür, qibləgahım. Onu sevənlər, sözünə inananlar, ardınca gedənlər daha çoxdur. Şairin sözü bizim əlimizdə indi ən kəsərli silahdır. Qoy yazsın, qoy sözünü desin, qoy ürəklərdə qan içində üzən taxt-taca, səltənət xanədanına, haqsızlıqlara qarşı nifrət, kin toxumu səpib cücərtsin, qoy avamlıq və çəhalətin pəncəsində boğulan, zülmət içində yaşayan adamlarımızın gözü açılsın, qibləgahım. Ona görə sən bu kitabı vaxtsız açıpan gül, vaxtsız atılan güllə hesab eləmə, qibləgahım. O hədəfinə dəyir, ancaq səsi sonra çıxacaq, qibləgahım.

Bəbirin sözləri, deyəsən, qoca generalın ağlına batdı, o, razılıq əlaməti olaraq başını tərpədə-tərpədə keçib kreslosunda əyləşəndən sonra:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, səkkizinci fəsil

Elməddin ömründə belə cah-cəlallı imarət görməmişdi. Ucsuzbucaqsız, yamyaşıl bağ içərisində yerləşən ikimərtəbəli ev kənardan adamın gözünü qamaşdırırdı. Alt mərtəbədə altı, üst qatda da altı otaq elə bəzənmişdi ki, deyərdin indicə gəlin gətirəcəklər. Par-par parıldayan mebel Fransadan, pardaxlanmış qəhvəyi rəngli piano Almaniyadan, naxışlı, alışıb-yanan, çəməni xatırladan xalılar İrandan — Kaşandan gətirilmişdi... Orta otağın küncünə qoyulmuş qızıl suyuna çəkilmiş iri vaza adamın diqqətini özünə cəlb edirdi. Bir sözlə, ağayi Nəcməddinin evi, qapısı hər kəsin üzünə açıq olmayan zəngin muzeyi xatırladırdı.Ağayi Nəcməddin tək idi—ondan başqa nə həyətdə, nə otaqlarda bir kəs yox idi. Adama elə gəlirdi ki, bir vaxtlar səsli-küylü, qonaqlı-qaralı olan bu imarətin sakinləri bir-bir harasa çıxıb getmiş və bir daha qayıtmayacaq, ağayi Nəcməddin özü isə buranın axırıncı sakinidir və bu cah-cəlalı qoyub heç yerə getmək istəmir.

6 min
Üçüncü hissə, doqquzuncu fəsil

Saat birə on dəqiqə qalana qədər ağayi Nəcməddin Elməddinlə söhbət etdi: ona gələcək vəzifəsinin incəlikləri, xüsusi məharət və dəqiqlik tələb eləyən cəhətləri barədə danışdı. Elməddin məsul və ağır bir işə iqdam etdiyini başa düşürdü və bəzən canına gizli vahimə lərzə salırdı. Anlayırdı ki, çətin olacaq. Amma nə etməli? Başqa çarə yox idi — o, bu müşkül vəzifəni boynuna götürməli idi. Ağayi Nəcməddinin fikirlərindən anlaşılırdı ki, onun müəssisələrinin, fabriklərinin cəmləşdiyi ümumi şirkət özü-özlüyündə dövlət içində balaca bir dövlət idi. Ağayi Nəcməddin bu dövlətin başçısı, o isə bu gündən etibarən, ağanın zarafatla dediyi kimi, vəzire-maliyyəsi idi. Ticarət əlaqələrinə, alqı-satqı işinə rəhbərlik etmək ona tapşırılırdı.Ağ xalat geydiyinə görə doktora oxşayan restoran xidmətçisi xüsusi maşında yemək-içmək gətirdi. Ağayi Nəcməddinə baş əyib ehtiramla təzim edəndən sonra işgüzar bir görkəmlə:

7 min
Üçüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:

10 min
Üçüncü hissə, on birinci fəsil

Elməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:

5 min

Poems by other poets