Elməddin ömründə belə cah-cəlallı imarət görməmişdi. Ucsuzbucaqsız, yamyaşıl bağ içərisində yerləşən ikimərtəbəli ev kənardan adamın gözünü qamaşdırırdı. Alt mərtəbədə altı, üst qatda da altı otaq elə bəzənmişdi ki, deyərdin indicə gəlin gətirəcəklər. Par-par parıldayan mebel Fransadan, pardaxlanmış qəhvəyi rəngli piano Almaniyadan, naxışlı, alışıb-yanan, çəməni xatırladan xalılar İrandan — Kaşandan gətirilmişdi... Orta otağın küncünə qoyulmuş qızıl suyuna çəkilmiş iri vaza adamın diqqətini özünə cəlb edirdi. Bir sözlə, ağayi Nəcməddinin evi, qapısı hər kəsin üzünə açıq olmayan zəngin muzeyi xatırladırdı.

Ağayi Nəcməddin tək idi—ondan başqa nə həyətdə, nə otaqlarda bir kəs yox idi. Adama elə gəlirdi ki, bir vaxtlar səsli-küylü, qonaqlı-qaralı olan bu imarətin sakinləri bir-bir harasa çıxıb getmiş və bir daha qayıtmayacaq, ağayi Nəcməddin özü isə buranın axırıncı sakinidir və bu cah-cəlalı qoyub heç yerə getmək istəmir.

Onlar ikinci mərtəbənin aynabəndli artırmasında oturmuşdular. Taybatay açılmış pəncərələrin ağzına çiçək dibçəkləri qoyulmuşdu. Hava o qədər saf, ətirli və təmiz idi ki, nəfəs aldığını belə hiss etmirdin. Elməddin gördüyü hər şeyə diqqətlə baxır, heyrətini gizlətməyə çalışır, ağayi Nəcməddinə sual verməkdən çəkinirdi. Düşdüyü yeni şərait, gördüyü cah-cəlal onsuz da böyük ixtiyar sahibi təsiri bağışlayan ağayi Nəcməddini Elməddinin gözündə daha da qaldırır, qeyri-adi eləyir, zəhmləndirirdi. Ona elə gəlirdi ki, bu tösmərək, zabitəli adam dünyada nə istəsə eləyə bilər və kimsədə cəsarət, təpər olmaz ki, onun bir sözünü iki edə bilsin. Elməddin özünü ağayi Nəcməddinin yanında heç sayırdı. Bircə şey Elməddinə qüvvət verirdi ki, o da ağayi Nəcməddinin şerə, sənətə qiymət qoyması, əhli-zövq olması idi. Ədəbi söhbətləri xoşlayırdı.

Ağayi Nəcməddin Elməddini aynabənddə oturdandan sonra ağ telefonun dəstəyini götürüb harasa zəng etdi. Elməddin arakəsmədən onun səsini eşidirdi:

– Bizim günorta yeməyimizi bir az tez göndərin. Qonağım da var. Neçə nəfərdi? İki nəfərlik də yemək-içmək əlavə eləyin.

Ağayi Nəcməddin gəlib Elməddinlə üzbəüz oturdu:

– Bəziləri deyirlər ki, əvvəl kəlam, sonra təam; mən bu fəlsəfənin tərəfdarıyam.

– O yaxşıdır, ağa.

– Bəli, onda adamın yediyi-içdiyi də canına yatır. Ona görə də mən səninlə əvvəl kəlamdan başlayacağam.

– Buyurun, ağa... Mən heç bilmirəm ki, sizə necə minnətdarlıq eləyim.

– Minnətdarlıq eləməyə heç vaxt tələsmə. Minnətdarlığı sözlə bildirmək ayrı, işlə, əməllə göstərmək ayrı.

Ağayi Nəcməddin ağ, uzun siqaret qutusundan papiros götürüb yandırdı və qutunu Elməddinin qabağına itələdi.

– Çəkmirəm, ağa.

– İçmirsən də?

– Yox.

– Öyrənərsən, öyrənərsən... Mən də cavan vaxtı nə çəkirdim, nə də içirdim. Sonra yavaş-yavaş öyrəndim. Düşürsən yeyib-içən oğlanların məclisinə, bir gün-iki gün içmirsən, axırı o abi-zəmzəm səni özünə çəkir. Xüsusilə də ki, qəşəng, cavan qızlarla bir yerə düşürsən. Baxırsan, görürsən ki, onlar içir, sən içmirsən. Utanırsan.

Başlayırsan bala-bala vurmağa, bir də görürsən ki, şurbi olub gedibsən. Qocalıq da gələndə mənim kimi yavaş-yavaş cavanlığın, gözəlliyin yaxşı sirdaşları olan qadınlar, mey-məzə səni tərk eləməyə başlayırlar. Sənə təkcə xatirələr qalır ki, onların acılı-şirinli tüstüsünə, oduna qızınırsan.

– Siz lap ədib kimi, şair kimi bəlağətlə danışırsınız, — deyə Elməddin qocada xoşuna gələn cəhəti qeyd etdi.

– Mən də ilk cavanlıq çağlarında şair olmaq istəyirdim. Şerlə dünyanı özümə tapındırmaq, barmaqla göstərilmək xəyali-xülyası ilə yaşayırdım. Amma olmadı, — o, ah çəkdi, — məndən milyoner oldu, amma şair olmadı.

– İstəsəydiniz, çalışsaydınız...

Ağayi Nəcməddin onun sözünü yarımçıq qoydu:

– Yox, Elməddin, quyuya su tökməklə sulu olmaz. Gərək insanda şairlik mayası olsun ki, bunu da ilahi özü verir. Ona görədir ki, əsl, əsl deyirəm ha, şairlə o gözəgörünməz, bizi xəlq eləyən allah arasında nəsə mənəvi bir yaxınlıq olur. Mən deyirdim ki, şair allah-dan da qüdrətli bir varlıqdır. Hər ikisi xəllaqdır , lakin Allahın yaratdığı ölür, yox olur, dəyişir, amma şairin yaratdığı yaşayır, həmişə yaşayır və yaradanının adını da (özünü yox) yaşadır. Bax, sənətin möcüzəsi bu nöqtədədir, ucalığı, əlçatmazlığı, əsrarəngizliyi bu nöqtədədir, bala! Qədimdə insanlar bunu başa düşdükləri üçün şairə də, allah kimi baxırdılar.

– Bəs bizim zəmanəmizdə necə?

– Bizim zəmanəmizdə hər şey adiləşdiyi kimi, şer də, sənət də, allahın özü də adiləşib, oğul... İndi insanı demək olar ki, heç bir şeylə heyrətə gətirmək mümkün deyil. Şeri, sənəti siyasət korlayıb, korlayıb azdı, deyərdim ki, öldürüb.

– Mənim bildiyimə görə, ədəbiyyat gərək cəmiyyətə xidmət etsin; insanların zövqünü oxşasın, mübarizəsinə kömək etsin.

– Hə, bax, atan rəhmət. Zövqünü oxşasın. Bax, mən də bunu deyirəm. Məsələn, dünən ağayi Rəhgüzərgildə oxunan şerləri götürək. «Köpək azadlığı»da şerdimi ki, o oğlan oxudu...

– Məna dumanlıydı.

– Şer pis idi. Zövq oxşamırdı, Elməddin.

– İnsanların beyninə, şüuruna nəsə demək istəyirdi.

– Ağlım kəsmir ki, bizim camaat ondan, o qəbil əsərlərdən bir şey anlasın.

– Çünki bizim camaat bisavaddır, ağa, ona görə də bədbəxtdir.

– Bizdə təkcə savadsızlar yox, sənin kimi az-çox savadı olanlar da bədbəxtdi, Elməddin. O pərt oldusa da üzə vurmadı:

– Şərikəm.

– Mən bir dəfə ağayi Rəhgüzərə sual verdim: siz ki qəzetinizdə bu qədər hay-küy qaldırırsınız, sözünüzün canı, kütahı nədir axı? Dedi ki, istəyirik hamı sənin kimi firavan yaşasın, ağayi Nəcməddin!

Yaradıcı.

– Bəli, mübarizənin əsl məqsədi budur ki, xalqımız yaxşı yaşasın.

– Dedim ona ki, bu mümkün deyil. Dedi niyə? Söylədim ki, siz hamını mənim kimi milyoner edə bilməzsiniz. Amma məni onların gününə sala bilərsiniz.

– Sən Marksı oxumusan?

– Az-maz tanışlığım var.

– Məndə onun bütün əsərləri var. Verərəm oxuyarsan. Dərin zəkalı adam olub, ancaq «Sərmayə» kitabında bəzi fikirlərlə razı deyiləm.

– Razı deyilsiniz?

– Bəli, sərmayədarlar barədə danışanda onları zəli, qaniçən adlandırır. Məncə bu, düz deyil. Məsələn, mənim müəssisələrimdə, fabriklərimdə, torpaqlarımda düz on min adam işləyir. İşsiz-gücsüz idilər. Mən məgər pislik eləmişəm, onlara iş vermişəm?! Mən olmasaydım indi bizim ancaq bu paytaxtımızda on min işsiz və deməli, acyalavac vardı.

– Əgər məni də işə götürsəniz, bu gündən sizin işçilərinizin sayı olur on min bir nəfər.

– Yox, elə on min nəfər.

– Niyə?

– Köhnə mühasibi çıxartmışam, yerinə səni götürürəm: ona görə işçilərimizin ümumi sayı dəyişmir.

Elməddin söhbətin münasib məqama yetişdiyini hiss edib dünəndən onu narahat eləyən iş məsələsini qəti həll etmək istədi:

– Mənim işim nədən ibarət olacaq, ağa?

– Hə, sənin işin nə o qədər asandı, nə o qədər də balaca... Mən bütün maliyyə məsələlərimi, gəlirimi-çıxarımı sənə həvalə eləyirəm. Bank əməliyyatlarımı da həmçinin. Səndən xahişim budur ki, haqq-hesabın düzgünlüyünə fikir verəsən — bu bir. İkincisi də, bacardığın qədər pulu dollara çevirib banka toplayasan, çünki bizim pul kağız kimi şeydi, bərəkəti yoxdu. Bu gün əlahəzrətin beyninə batdı, səhər bir də gördün ki, fərman çıxartdı ki, pul dəyişilsin. Amma dollar həmişə puldu; qızıldı dollar, qızıldı. Köhnə xəzinədara tapşıracağam səni işin xüsusiyyətləri ilə tanış etsin. Yaxşı işləsən, mükafat verəcəyəm. Maaşın ayda üç min rupidi, köhnəxəzinədara iki min verirdim, sənə üç min. Sən şairsən, səndən xoşum gəlir. İldə ay yarım rüsxətindir .

– Ağa, mənim, özünüz bilirsiniz, qalmağa yerim də yoxdur, – deyə Elməddin utana-utana söylədi.

– Yer? Hm.

– İki həftədi ağayi Rəhgüzərkildə qalıram. Ani fikirdən sonra:

– Mənim Çaharrahidə bir balaca mənzilim var, onu da sənə verirəm. Bağı-bağatı, hər cür şəraiti var, — dedi Nəcməddin.

– Ömrünüz uzun olsun, ağa. Məni müşkülatdan qurtardınız...

Elməddinin neçə müddətdən bəri gülməyən üzü indi şadlıqdan, təbəssümdən işıqlanmışdı. Taleyinə gün doğmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 min
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 min
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 min
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 min

Poems by other poets