– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.

Şəfi razılıq hissilə başını tərpətdi:

– Nə olar, Elməddin, ürəyin istəyir, get. Kəndə gedəndə adam saflaşıb qayıdır. Ancaq mən sənin yerinə olsaydım, evi sahmana salardım, Əhədullanın maşın məsələsini düzəldərdim, sonra gedərdim.

– Açarı vermişəm Əhədullaya — o, həyət-bacanı təmizlətdirəcək, ev-eşiyi sildirib-süpürtdürəcək, tapşırmışam, divarları da ağartdırsın, pul vermişəm, lazım olan şeyləri — xalça, kilim, çarpayı, miz, kətil, qab-qaşıq alsın, bir sözlə, nə gərəksə alsın.

Şəfi zarafat üçün söylədi:

– Gərək pul verəydin, sən qayıdanacan sənin üçün bir arvad da alaydı Əhədulla.

– Yox, ustad. Onu eləyə bilməyəcəyəm, — Elməddin də gülmüşdü, — indiyənəcən yalan-gerçək iki dəfə evlənmişəm, ləzzətini görmüşəm. Birini mən didərgin saldım, biri də məni didərgin saldı. Daha çətin evlənəm. Gözüm qorxub, ustad. Qaldı ki, maşın, onu Əhədulla özü alacaq — pulunu vermişəm.

– Çayın soyudu, niyə içmirsən, Elməddin? — deyə mizin üstündəki piyaləni Şəfi ona sarı itələdi. — Düzdü, yaxşı dəmlənməyib. Mən özüm dəmləmişəm. Ancaq Məleykənin çayının yerini heç kəsin çayı verə bilməz.

– Doğrudu, ustad. Bizim Əhədullanın qızı da əla çay dəmləyir.

– Hə, doğrudan, düşbərə qonaqlığın necə keçdi, Elmi! Heç danışmırsan?

Elməddin azca qızardı:

– Yaxşı, çox yaxşı oldu, ustad. Yeriniz məlum, gözəl düşbərə bişirmişdi qız. İki boşqab yedim. Evləri darısqaldı— bir otaqda on bir baş adam. Güzəranları ağırdı, yaman ağırdı, ustad. Adamın ürəyinin başı soyulur. Əhədullanın uşaqları elə qəşəng uşaqlardı ki, iki göz istəyir tamaşasına dursun. Di gəl ki, ehtiyac yazıqları gül kimi soldurub. Fərli yeməkləri yox, əyin-başları yox. Amma mənim gəlişimə elə sevinirdilər, uçmağa qanadları yox idi. Əhədulla da necə şad idi! İşdən çıxarılmağını da unutmuşdu. Balaca Vətənyar qucağımdan düşmürdü, bacıları alıb apardılar, bir də gördüm yıxıla-dura özünü çatdırıb mənə. Nə isə, o günüm qəribə gün idi. Bir gözüm ağlayırdısa da, bir gözüm gülürdü.

Telefon zəng çaldı. Şəfi dəstəyi götürdü, kiminləsə danışmağa başladı. Elməddin isə, üç gün əvvəl Əhədullagildə keçirdiyi saatların xoş təəssüratından ayrıla bilmədi: Siminbərin onun gəlişindən çiçək kimi açılmasını, can-başla qulluq göstərməsini, hərdən də oğrun-oğrun ona baxıb məsumluqla gülümsəməsini xatırlayırdı, sən demə, o yazığı da Zərrintac xanımın xofu, bərli-bəzəkli evi sıxırmış. Qız, — Elməddin indi yadına salırdı, — orda qorxa-qorxa gəzirmiş, ehtiyatla danışırmış. Sən demə, Siminbər dilli-dilavər, mehriban, işli-güclü bir qız imiş. Bax indi, öz atasının evində o necə sərbəst idi, arxayın idi. Burada o, əsla sıxıntı çəkmədən gəzib-dolanır, danışırdı: Elməddinə düşbərədən də çox, Siminbərin özünü sonsuz dərəcədə xoşbəxt hiss eləməsi ləzzət verirdi. Bu xoşbəxtlik onun gözlərinə yazılmışdı, qızarıb allanmış yanaqlarına yazılmışdı və bunu, Elməddin oxumaya bilməzdi, görməyə bilməzdi. hələ o şəkil... Elməddinin çəkdiyi «Gözəl Siminbər buxarı qırağında» şəklini o, divara vurmuşdu.

Yuxarıda vurmuşdu ki, uşaqların əli çatmasın, cırmasınlar: Evdə də fəxrlə, sevinə-sevinə bildirmişdi.

«Bunu Elməddin ağam çəkib!» hələ deyəsən kitabı da göstərib demişdi: «Bu kitabı da Elməddin ağam özü yazıb, öz başından yazıb!»

– Bütün bunları, Siminbərii kiçik bacıları öz aralarında danışanda eşitmişdi: «Bacı, o şəkli bu əmi çəkib?» «Hə. Bacı oxuyan o kitabı da, deyir, bu əmi özü yazıb»...

Şəfinin telefonda danışdığı adama:

– Bəli, özü də burdadı! — deməsi fikirlərini qırdı və başa düşdü ki, ustad kiminləsə onun barəsində danışır. Qulaq asmaq istədi, ancaq artıq gec idi, Şəfi «sağ olun» — deyib dəstəyi yerinə asdı, nigarançılıqla ona baxan Elməddinə söylədi: — Bəbir idi. Sənin işlərinlə maraqlanırdı.

– Çox sağ olsun.

– Mən o gün iclasdan sonra sənin başına gələn oyunları danışmışdım Bəbirə. Əlbəttə, çox təəssüflənmişdi. Bir şey fikirləşərik demişdi və həmin günün səhəri zəng edib tapşırdı ki, səni

– Təşəkkür edirəm... — Elməddin deməyə sanki söz tapa bilmirdi.

– Axırda dedi ki, mənim dilimdən ona çatdır: darıxmasın, igidin başı qalda gərək!..

Elməddin ona Bəbirin göstərdiyi qayğıkeşlikdən mütəəssir olmuşdu, sevincinin həddi-hüdudu yox idi. O özünü bu mübariz, amalı işıqlı gələcək olan dəstənin ən kiçik, hələ indiyə qədər faydalı bir iş görməmiş əsgəri hesab edirdi.

Hələ o neyləmişdi ki?.. Amma gör Bəbir kimi bir insan onun haqqında nələr deyir, necə qayğı göstərir? Bundan böyük fəxr, fərəh ola bilərdimi? Elməddin həyəcanını gizləməyə çalışaraq:

– Bəbir böyük şəxsiyyətdir, ustad! — dedi.

– Bəli, Bəbir bizim təşkilatın görən gözü, vuran qəlbi, düşünən beynidir, Elməddin...

...Beş il əvvəl bu yolla getmişdi, onda yay idi. Yenə bu yolla qayıdırdı—indi qışdı, hər yan, ağ dona bürünmüşdü. Uzaqdan Ədnan

– doğma kənd görünürdü. Üstünə qar yağmış evlər ağ çadırlara, təpələrə oxşayırdı. Onların arasında bir uca təpə vardı—bu, qəryadar Qulamın evi idi. Yük maşını ağır-ağır irəlilədikcə, kəndə yaxınlaşdıqca Elməddinin ürəyinii döyüntüləri artır, ağlı-qaralı, acılı-şirinli xatirələr bir-birini əvəz edirdi. Əfsanənin dalınca getmişdi, tapacağına, geri qaytaracağına ümidlə getmişdi, Ancaq əliboş qayıdırdı — Əfsanəsiz qayıdırdı. Nə olaydı, — düşünürdü və bütün yol boyu düşünmüşdü, — gedə görə Əfsanə kənddədi, qayıdıb gəlib. Onun yolunu gözləyir. Möcüzə baş verəydi, belə olaydı...

Kəndə xeyli qalmış Elməddin sürücüyə sarı döndü:

– Burda saxla, qardaş. Burdan bu yana piyada gedəcəyəm!— Pulunu verdi, minnətdarlıq eləyib kabinədən düşdü. Maşın dövrə vurub geri qayıtdı; o isə yumşaq qarı xışıldada-xışıldada yoldan çıxdı, qəbiristanlığa tərəf üz tutdu. «Mənim bu qəryədə sizdən başqa kimim var, anam, qardaşım. Sizi ziyarət eləməyə gəlmişəm» — deyə düşünə-düşünə addımlayırdı. Qar olsa da, şaxta yox idi. Havada bir istilik vardı. Ətraf kimsəsizdi — ins-cins gözə dəymirdi. Bu da qəbiristanlıq... Ölülər diyarı... Burda onun əzizləri uyuyurdu. Qardaşının qəbrinin yeri yadındaydı. Yəqin anasını da onun yanında dəfn eləmişdilər. Axtardı, tapdı. Yusifin baş daşından tanıdı... Böyründə bir uzunsov təpəcik vardı — bu da anasının məzarı... İki məzarın arasına keçdi, dizlərini yerə qoydu, əlinin birini qardaşının, o birini anasının qəbri üstünə uzatdı... Sakit-sakit dayandı... Gözlərinin yaşını saxlaya bilmədi... Əvvəl səssiz, için-için ağladı, ancaq sonra hönkürdü... «Mənəm, Elməddinəm, ana, gəlmişəm, Yusif, mənəm, gəlmişəm... Eşidirsiniz? Eşitmirsiz? Eşitmirsiz? Ana, qurban olum, məndən incidiyinə görə cavab vermirsən, eləmi? Gözünü yollarda qoydum. Gecikdim, ana. Bəs sən niyə gözləmədin, ana? Küsdün məndən, ona görə öldün, hə?! Son mənzilinə özgələr çiynində gəldin, oğul çiynində yox. Ac öldün, susuz, davasız-dərmansız öldün, eləmi? Nigaran öldün, eləmi, sənə qurban olum ay ana! Səndən ayrılandan sonra başıma çox qəzavü-qədər gəldi, ana. Pis gün də gördüm, yaxşı gün də. Şəhər uddu məni, məhv etmək istəyirdi, yemək istəyirdi, şəhər məni. Yaxşı adamlar qoymadılar, əlimdən tutdular. Xoş günə çıxartdılar. Əfsanəni — sənin çox istədiyin o bədbəxt Əfsanəni çox axtardım, ana. Ancaq gördüm deyən olmadı, soraq verən olmadı. Ümidimi kəsdim, əlimi üzdüm ondan. Hələ evləndim də. Ancaq xoşbəxt ola bilmədim, ana. Yəqin ona görə ki, xeyir-duamızı sən verməmişdin. Eşidirsən, ana, xeyir-duamızı sən vermədiyin üçün xoşbəxt ola bilmədim. Dinmirsən, küsübsən, haqqın var, qurban olum. Yenə yaxşı ki, burda tək deyilsən. Yusifnən bir yerdəsən, bir torpaqdasan. Mən təkəm, ana, məni tək qoyduz, tək-tənha qoyduz...»

Elməddin beləcə xeyli öz-özü ilə həsb-hal elədi əzizlərinin qəbri üstündə. Doyunca ağlayıb ürəyini boşaltdı, yüngülləşdi. Qalxdı. Sonra təzədən əyilib əlilə qarı eşələdi, hər iki qəbrin nəm torpağından öpdü...

«Gedirəm, anam, qardaşım... Kim bilir, bir də qismət olacaqmı gəlib sizi ziyarət eləyim», — deyərək ağır addımlarla qəbiristanlıqdan uzaqlaşdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on ikinci fəsil

Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.

7 min
İkinci hissə, on üçüncü fəsil

İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.

17 min
İkinci hissə, on dördüncü fəsil

Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:

7 min
İkinci hissə, on beşinci fəsil

Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

4 min

Poems by other poets