Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.

Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.

Nadirə xanım karton qutuda səliqə ilə yan-yana düzülmüş kasetlərə həyəcanla baxa-baxa düşünürdü ki, bax, onlarda oğlunun səsi qalıb, haçansa dediyi bir söz qalıb. Lap yarım söz olsa da, bir gülüş olsa da, qalıb və onlar indi Nadirə xanıma çox gərəkdi, hər şeydən çox gərəkdi.

Bəli, Nadirə xanım həmin kəsik-kəsik səs, söz, söhbət parçalarını bir yerə toplamaq, dal-dala düzmək, oğlunun səsini, nəfəsini bərpa eləmək, beləliklə də, onu təzədən dünyaya qaytarmaq, diriltmək, yaşatmaq istəyirdi. İnsan təbiətinə bələd idi Nadirə xanım: bilirdi ki, vaxt gələcək, Ceyhunun indi çox yaxşı xatırladığı səsini də zaman hafizəsindən silib aparacaq, unutduracaq. Necə ki, on beş il, on səkkiz il qabaq oğlundan eşitdiyi sözlərin çoxunu unudub, şeytan, çevik körpənin hərəkətlərini yaddan çıxarıb. Amma əgər bax bu kasetlərdə səsi, sözü qalıbsa, yaddan çıxmayacaq — bu yumşaq, zərif lentlərin yaddaşı insan yaddaşından güclüdü, sehrlidi, əgər insan özü məhv etməsə, lap əbədidi.

Bu arzu, bu istəklə də Nadirə xanım karton qutudakı kasetləri bir-bir Ceyhunun son dəfə, ölümündən beş-altı ay əvvəl çox baha qiymətə aldığı, doyunca işlətmədiyi və bütün maqnitofonlarından çox istədiyi «Qurindik» maqnitofonuna salır, asta ayaqda saxlayıb mahnılara, melodiyalara səbirlə, diqqətlə qulaq asırdı: elə kaset vardı ki, onda oğlunun nə səsi, nə sözü yazılmışdı. Yox idi heç nə. Bu kaset Nadirə xanım üçün ölüydü, gərəksizdi. Bu cür kasetləri o, ayırıb bir kənara qoyurdu. Ancaq hər üç-beş kasetdən birində o, Ceyhunun nişanəsini tapırdı. Onun səsinə rast gələn kimi, soyuq bir ah çəkərək əvvəlcə iki-üç dəfə dinləyir, gözlərinin qorasını sıxır, sonra çoxdan istifadəsiz qalmış, ancaq saz olan «Nasional» yapon maqnitofonuna həmin kaseti salır, ondan məxsusi Ceyhun üçün ayırdığı və üstündə əli əsə-əsə «Ceyhunumun səsi» sözlərini yazdığı təzə lentə köçürürdü.

Bu, lap köhnə kasetdi. İllər öz təsirini göstərmişdimi, ya nəydi, səslər xırıldayırdı, bəlkə də yazılışı pis idi, bəlkə də nəm çəkmişdi lent. Bax, bu lentdə Ceyhunun altı yaşı var. Hələ məktəbə ketmir:

Salmanın səsi: «— Hə, bu gün sənin altı yaşın olacaq!»

Ceyhunun səsi: «— Mən Lenin baba kimi oxuyacağam, inqilab edəcəyəm».

Salmanın səsi: «— Ha, ha, inqilab nədi, Cıqqılı?»

Ceyhunun səsi «— İnqilab? İnqilabdı də. Lenin baba eləyib ha. Ondandı də».

Salmanın səsi: «— Ha, ha, İnqilabın nə demək olduğunu böyüyəndə özün öyrənəcəksən. Yaxşısı budur, sən mənə de görüm oxuyub nə olacaqsan, Cıqqılı?»

Ceyhunun səsi: «Mən oxuyub mirsəner olacağam, oğruları, nemisləri tutacağam, öldürəcəyəm».

Salmanın səsi: «— Hə, bax, burda korladın, Cıqqılı, əvvələn mirsəner yox, milisioner».

Ceyhunun səsi: «— Mən də mirsəner deyirəm də».

Salmanın səsi: «— Mirsəner yox, Cıqqılı, milisioner. De görüm milisioner?».

Ceyhunun səsi: «— Mirsəner».

Salmanın səsi: «— Yox, deyə bilmədin. Yaxşı, bunu da böyüyəndə öyrənəcəksən, Cıqqılı. Ancaq mən səni böyüyəndə milisioner olmağa qoymayacağam, Cıqqılı».

Ceyhunun səsi: «— Niyə, mirsəner pisdi?»

Sonra bir türk mahnısı başlanırdı. Nadirə mahnını eşitmirdi. Düyməni basıb maqnitofonu söndürdü. «Yazıq uşağım. Milisioner olmaq istəyirdin, oğruları tutmaq, öldürmək istəyirdin. Sən milisioner ola bilmədin, oğruları tutub öldürə bilmədin. Oğrular isə... səni öldürdülər can bala».

Onuncu kasetdə yenə Ceyhunun səsi qalmışdı.

Ceyhunun səsi: «— Bir, iki, üç, dörd, beş. Pap, bilirsən, bu nə yaxşı maqnitofondu? Yaponların son ixtirasıdır, həssaslığı o qədər çoxdu ki, göydə uçan durna qatarının səsini yazır, pap. Dörd daroşkalıdı ey. Bax, məsələn, qonaqlıqdı, hamı musiqiyə qulaq asır, sənin isə bu musiqidən xoşun gəlmir, sən başqa musiqi dinləmək istəyirsən. Bax, onda bu şunuru bura taxırsan, bunu da qulağına tutursan — sən tamam başqa bir nəğmə dinləyirsən. Hə, necədi?...»

Salmanın səsi: «—Hə, yaxşıdı, Ceyhun. Bir gözəlliyi də odur ki, böyük deyil. Səsi təmiz yazır. Xırıltısız-filansız... Yoxsa bizimkilər kimi?»

Burda səs qırılırdı Nadirə xanım oğlunun açıq, səlis yazılmış səsini dinləyəndən, göynərtisi keçib gedəndən sonra Salmanın indicə dediyi sözləri xatırladı və «bu kişi ömrü boyu özümüzün heç nəyini bəyənmədi də» — deyə ürəyindən keçirtdi.

Günorta olmuşdu, yeməyi-içməyi yaddan çıxarmışdı. Lentlər bir-bir fırlanır, qurtarır, ancaq Ceyhun danışmırdı. Bu, Nadirə xanımı yamanca əsəbiləşdirirdi. Lap yorulub əldən düşəndə, lap axırıncı lenti quranda Nadirə xanım birdən-birə dirçəldi. Məlahətli səsi olan bir qadın kədərli-kədərli deyirdi:

«— Ya nesçastnaya jenşina, Djek!»

Ceyhunun səsi cavab verirdi:

«— Ya tebya sdelayu sçastlivoy, doraqaya. Tı tolko lyubi menya.»

Qadın deyirdi:

«— Ya tebya oçen lublyu i vseqda budu lubit, Malış. Tı moy xoroşiy, tı moy silnıy, Malış.»

Ceyhun cavab verirdi:

«— Ya tebya obajayu, Reyxan»

Bu lentin son parçası idi. Görünür, qurtardığına görə söhbət yarımçıq düşmüşdü. Maqnitofon xırıldayıb susdu. Nadirə xanımın elə bil üstünə qaynar su tökdülər. Bədəni alışıb-yanmağa başladı.

Otaqda hava çatmadı, qalxıb pəncərənin qabağına gəldi... Yox, burada da qərar tuta bilmədi, təzədən maqnitofonu qurub onun üçün yeni bir aləm — kədər və matəm dolu bir aləm açan o parçaya təzədən qulaq asdı. Ürəyi soyumadı, yenidən dinlədi. Sonra taqətsiz halda başını stolun üstünə qoyub ağladı. Ağlaya-ağlaya düşünürdü:

«Aman allah! Bu qız kim ola? Bu nə musibətdi mən çəkirəm, ilahi? Reyhan, Reyhan… Demək, Ceyhunun sevdiyi qadın varmış və adı da Reyhan imiş!.. Kimdisə, Ceyhunumdan yaşlıdı. Qadındı. Özü də bədbəxt sayır özünü. Kim ola bilər bu?.. Bu, yəqin zəng eləyib susan o qadındı. Hə, hə, odu, odu. Bəlkə uşağımın ölümü elə bu qadınla bağlıdı! Bəlkə əri?.. Bunu mütləq mayora — Hacı qardaşa xəbər vermək lazımdı...»

Nadirə xanım... sərxoş adam kimi ayağa qalxıb telefona sarı addımladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, yeddinci fəsil

İltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.

26 min
Birinci hissə, səkkizinci fəsil

Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.

17 min
Birinci hissə, doqquzuncu fəsil

Orxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:

6 min
Birinci hissə, onuncu fəsil

− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.− Mən onları danışmayacağam, Əsəd.

10 min

Poems by other poets