Page 2 of 3 · 33%

– Eviniz hardadı, xanım?

– Orda kimlə yaşayırsız, xanım?

Heyran xanım qəhərləndi, səsi ilişdi, piyalədəki çaya baxıb udqundu və təklif gözləmədən əlini çarşabın altından çıxardıb piyaləyə uzatdı. Əbdül onun əlinə fikir verdi — aman allah, əli də Dünyanın əlinə oxşayırdı. Ancaq bu əl bir az qara idi, kobudlaşmışdı, Dünyanın əlləri kimi ağ deyildi, barmaqlarını brilyant qaşlı üzüklər bəzəmirdi. Əbdülün xəyalı dumanlandı ani olaraq, nəzərində canlanan o parıltılı, daş-qaşlı əlin sahibi bir anlığa Heyran xanımın yerində cilvələndi, qəmli bir təbəssümlə baxıb.. yenə harasa yox oldu...

Bu ani sarsıntıdan özünü itirən Əbdül tamamilə yersiz olaraq;

– İçin, xanım! — dedi. Bunu o zaman söylədi ki, Heyran xanım yaşmağını üzündən kənar edərək artıq piyalədəki ilıq çayın yarısından çoxunu içmişdi. Onun çay içməyində də nə isə Dünya xanımdan bir şey vardı — bu, nə idi, Əbdül tapa bilmirdi.

Heyran xanım piyaləni boşaltdı. Əbdül çaydandan təzə çay süzdü və sual dolu nəzərlə ona baxdı:

– Hə, xanım... Sizin bu şəhərdə kiminiz var? Heyran çaydan sonra deyəsən bir az toxtamışdı, ancaq səsindəki kədər çəkilib getməmişdi.

– Mən... burda...Ərimlə yaşayıram, ağa!

– Əriniz kimdi ki? Heyran ah çəkdi:

– Necə yəni heç nə?

– Vay... bəs ona hardan rast gəlibsiz, xanım?

– Eh, uzun söhbətdi, ağa. O vaxt o, bizim «hurilər dərəsi»nə gəlib çıxmışdı. Qədd-qamətli, enlikürəkli bir oğlan idi. Kasıb olduğu əyninə, üst-başına, gözlərinə yazılsa da, vuruldum, ağa, ona. Üzr istəyirəm sizdən, belə açıq danışıram.

– Eybi yoxdu, xanım. Burda özgə adam yoxdu.

– Bəli, qızın, qadının elə bir vaxtı olur ki, allah ağlınıkamalını əlindən alır, başı işləmir. Təkcə gözü görür, vəssalam. Mən də elə oldum. Gözlərim məni bədbəxt elədi. Nə isə, ona qoşulub qaçdım. Neçə illər xoşbəxt yaşadıq, ağa. Kasıb olanda nə olar? Səhərdən axşamacan gedib şəhərdə işləyirdi, axşamlar evə qayıdırdı. Gündəlik yeməyimizi-içməyimizi qazanırdı. Beləcə yaşayırdıq, ağa. Ancaq, allaha qurban olum, axırda bunu da bizə çox gördü. Kişi birdən elə oldu... Biz... — o, nə isə demək istədi, ancaq qəhərləndi, susdu. Əbdül öskürdü, nə isə təsəlliverici bir söz tapıb deməyə çalışdı, lakin ağlına heç nə gəlmədi. Fikrinə gələni soruşdu:

– Bəs... oğuldan-uşaqdan... nəyiniz var, xanım?

Heyran xanım dolmuşdu, bu sualdan sonra daha gözlərinin yaşını saxlaya bilmədi. Gün altında yanıb qızarmış yanaqlarından üzüaşağı yaş süzüldü. Əbdül yenə Dünyanı xatırladı — onun ağladığını yadına sala bilmədi. Yox, Dünya sağlığında heç vaxt Əbdülün qabağında ağlamamışdı. Birdən o son, məşum an gözləri önündə canlandı — ölüm anı. Əbdül güllə səsinə hövlnak içəri qaçıb Dünyanı xalça üstündə uzanmış görəndə... onun tavana dirənmiş gözlərinin bulaqlarında dəhşətli qorxunun arasında gilələnmiş yaş damcıları vardı, civə giləsi kimi titrəyirdi o yaş damcıları. Əbdül onun uzun kirpiklərini sığayıb gözlərini qapayanda — o damcılar yanaqlarına düşüb donmamışdımı? «Allahım, bu qadın hayandan gəldi, niyə gəldi? Mənə əzab vermək üçünmü tanrı onu bura göndərdi?» — deyə düşünən Əbdül, üşüdüyünü hiss elədi, piyaləsindəki soyumuş çayı eyvandan aşağı atıb təzə çay süzdü və tələsə-tələsə içməyə başladı. Arada dedi:

– Ağlamayın, xanım.

– Yox, ağlamıram. Elə-belə, ürəyim dolu idi... Özümü saxlaya bilmədim. Bağışlayın, siz allah... — o, ani olaraq duruxub əlavə elədi, — oğuldan, uşaqdan... heç nəyimiz yoxdu, ağa, olmadı, Allah vermədi, məsləhət bilmədi. Əvvəllər bunun xiffətini çox çəkirdik. Ərim də, mən də.... Ancaq indi... sevinirəm, sevinirəm ki, nə yaxşı, övladımız olmayıb. Mən onları necə saxlardım, aman allah...

– Bəs... indi... necə dolanırsınız, xanım?

– Dolanırıq da, ağam. Qonşularıma həyət-baca, ev-eşik işində kömək eləyirəm, paltar yuyuram, su gətirirəm, bir qarın çörək verirlər, mən də azını özüm yeyirəm, çoxunu Cabbara gətirirəm.

– Cabbar kimdi?

– Ərimin adıdı, ağa.

– Hə... — Əbdül köksünü ötürdü və qarşısında oturan bu qadının — öz Dünyasının doğma bacısının ağır, məşəqqətli, fərəh və sevincdən uzaq həyatını gözünün qabağına gətirdi, qəlbi sıxıldı. Düşündü ki, o, bacısının sorağı ilə bura gəlib çıxıb. Bir az qabaq dəfələrlə «siz allah bacımdan danışın mənə. Ölüb ya sağdı?» — deyən bu qadın öz dərdini xatırladan kimi bacısını unutdu — demək, gör nə qədər dərdlidi bu qadın. Həyat nə qəribədi, ilahi. İndi mən ona bacısının da müsibətini danışsam, onun halı necə olacaq?!. — Əbdülün Heyrana yazığı gəldi və Heyran özü barədə danışdıqca Dünya haqqında nə deyəcəyini, nələri gizli saxlayacağını müəyyən elədiyi şəkildə söylədi. Dedi ki, bəli, tamamilə düz məlumat verib Ətiqulla. Ağayi Nəcməddin onu alıb bu evə gətiribmiş. Dünya cah-cəlal içində yaşayırmış: bax, gördüyün bu imarət, həyət-baca, milyonlar onun olmuşdu. Bəxtəvər idi, Dünya. Ağayi Nəcməddin onu çox, lap çox — bunu dillə heç cür demək olmaz — sevirdi. Mən ömrümdə, — deyirdi Əbdül,— elə məhəbbət görməmişdim. Divin canı şüşədəki göyərçində olan kimi, ağayi Nəcməddinin də həyatı, ömrü Dünyaya məhəbbətdə idi. Ağa onu sevə-sevə yaşayırdı. İki il bundan qabaq Dünya onun üçün oğlan da doğmuşdu.

– Hanı uşaq? — deyə o, bura çatanda özünü saxlaya bilməyib soruşdu.

– Yatır. — dedi sakitcə Əbdül.—Duranda göstərəcəyəm.

– Aman allah, bacımın yadigarı qalıb!.. — deyə Heyran həyəcanlı əllərini dizlərində gəzdirdi. Çadrası başından sürüşüb düşmüşdü. Ən çox otuz beş yaşı olardı. Amma alnında, eynən Dünyanın gözlərinə oxşayan gözlərinin ətrafında qırışlar vardı, qapqara saçlarının arasında ağ tüklər görünürdü. Köynəyinin ilmələrn qaçmışdı, yuyulmaqdan rəngini itirmiş parça süzülmüşdü. Əbdül ona fikir verə-verə deyirdi ki, Dünya xanım gözəl günlərin birində, nə ağasına, nə də mənə bir söz demədən yoxa çıxdı. Hara getdi, niyə getdi, kimsə bilmədi. Nə üçün belə elədi—bunu da özündən başqa heç kəs bilmir, xanım. Gözünün ağı-qarası bircə uşağına da yazığı gəlmədi. Gərək onu düşünəydi, gərək onun taleyini heç vaxt unutmayaydı.

Əbdül bu sözləri deyirdi, özü də yana-yana deyirdi. Əbdülün qənaəti beləydi ki, Dünya xanım heç kəsi, heç nəyi — nə bu cah-cəlalı, nə ağayi Nəcməddini, nə onun özünü də düşünməsəydi, qonşunun oğlu Vəlixanla him-cimə başlamamışdan əvvəl gərək bu dilsiz körpəsinin taleyini düşünəydi. Bunu fikirləşsəydi, o, belə addım atmaq fikrinə düşməzdi və yerində oturub taleyinə min şükür eləyə-eləyə yaşardı. Heyf ki, onun ağlının gücü buna çatmadı. Buna görə idi ki, Əbdül onun haqqında hər dəfə nisgil və həsrətlə danışmağa, düşünməyə başlayanda, axırda istər-istəməz heyfsilənir, bəzən lap qəzəb içində boğulurdu. İndi də belə idi Əbdül. Heyran Dünyanı onun yadına yamanca salmışdı və o, indi açıqca qəzəbini gizlədə bilmədi. O, belə anlarda birdən yumşalırdı; çünki yadına düşürdü ki, hər necə olsa, Dünya ağayi Nəcməddinin qara tapançasından çıxan odlu güllə ilə ölsə də, qanı onun — Əbdülün boynundadır. Və bu zaman o, sustalır, balacalaşır, Allahın yazıq, günahkar bəndəsinə çevrilirdi; ona bəslədiyi məhəbbət də, onunla keçirdiyi xoş, unudulmaz günlər də, qısqanclıqdan doğan qəzəb-kin də qəribə bir qüdrətlə içərisində, xəyalında, xatirələrində baş qaldırır, nəfəsini tıncıxdırır. boğurdu. Onda Əbdülə elə gəlirdi ki, axırı çatıb, o, öləcək indicə. Amma ölmürdü, ölə bilmirdi. «Görünür, Allah mənim cəzamı belə verəcək» — deyə düşünürdü.

Heyran xanımın səsi onu bu böhran içindən çəkib çıxartdı:

– Bəs... o tifilə kim baxır?

– Tifilə? — Əbdül fikrini cəmləşdirdi. — Tifilə mən özüm baxıram, xanım. Ağam onu mənə özü tapşırıb, xanım. Mən ağamın, xanımımın ciyərparasına öz ciyərparam kimi baxmağa söz vermişəm, xanım. Ölənəcən o uşağın qabağında dəstbesinə dayanacağam, and içmişəm buna, xanım.

– Allah ömrünü uzun eləsin, ağam. Savabdı, böyük savabdı. Ancaq, mən bir şeyi başa düşmürəm, ağam.

– Nəyi?

– Dünya niyə belə etdi? Bunun səbəbi olmamış deyil.

– Mənə elə gəlir ki, əgər Dünya indi... — az qalmışdı desin ki, dirilib gəlsə, tez sözünü uddu — indi gəlsə, ondan bu səbəbi soruşsan, özü də heç nə deyə bilməz, xanım. Mən səndən bir on yaş böyük olaram, bilirəm ki, bəzən qadın nə istədiyini özü də bilmir. Qadın yer üzünün ən böyük müəmmasıdı, xanım.

Heyran nə isə söyləmək istəyirdi ki, içəri otaqdan Nəcməddinin ağlamaq səsi gəldi. Əbdül o dəqiqə ayağa durdu və:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on altıncı fəsil

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

10 min
Dördüncü hissə, on yeddinci fəsil

Qışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:

10 min
Birinci hissə, birinci fəsil

Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*

18 min
Birinci hissə, ikinci fəsil

Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.

15 min

Poems by other poets