Page 3 of 3 · 67%

– Bizim ağamız oyandı yuxudan!—deyərək qaçdı. Az sonra o, qucağında gül parçası kimi qəşəng, ipək kimi yumşaq və kəhrabaya çalan saçları olan, totuq-potuq bir uşaqla qayıtdı. Uşaq uzun kirpikli gözlərini qalxızıb ona sarı gələn yad qadına zilləyərək təəccüb içində baxırdı.

– Can bala, bacımın yadigarı... — dedi Heyran xanım, özünü saxlaya bilməyib hönkürdü. — Necə də ona oxşayır, aman allah. Dünyanın körpəliyidi elə bil, gəlib durub qabağımda... Gəl qucuma, gəl, başına dönüm, gəl, — deyirdi.

Heyran xanım göz yaşları içində, boğula-boğula uşağa «gəl» — deyirdi. Ancaq Nəcməddin birinci dəfə gördüyü qadının qucağına getmək istəmirdi. Əbdülün boynunu qucaqlayıb ona sığınmışdı.

– Xalandı ey, Nəcmi! — deyə Əbdül də dilləndisə də, uşaq ondan qopmadı. Buna baxmayaraq Heyran irəli yeriyib zorla da olsa onun totuq əlindən öpə bildi.

– Yazıq bacım, yazıq bacım... —deyirdi Heyran xanım.

....Sonra Əbdül nahar vaxtı olduğunu xatırladı. Mətbəxdə ertədən hazırladığı xörəyi qızdırdı, süfrə açdı. Qonağını da dəvət elədi. Heyran xanım dilucu etiraz eləsə də, ac olduğundan gəlib süfrə başında oturdu. Ordan-burdan danışa-danışa yedilər. Bütün bu müddət ərzində qucağından düşməyən Nəcməddini də yedirtdi Əbdül. Ona firni verdi. Sonra şüşədən alma şirəsi içirtdi. Tez-tez də ona deyirdi:

– Bax, gör nə qəşəng xalan var? Xalandı ey, sənin, Nəcmi.

Xala isə uşaqdan gözlərini ayırmırdı, nəmli baxışları tez-tez yol çəkirdi.

Yeyib doyandan sonra Heyran Əbdülə dua-səna eləyə-eləyə ayağa qalxdı, süfrəni, qab-qaşığı yığışdırdı. Əbdül razı olmasa da, Heyran bu işləri qəribə bir səliqə və zövqlə gördü. Bu, Əbdülün çox xoşuna gəldi.

– Deyirəm nə yaxşı siz varmışsınız, ağa,—dedi Heyran,— yoxsa bu biçarə uşağın aqibəti nə olardı?

– O tək deyil, xanım. Onun bir bacısı da var. Ağamın o biri arvadındandı. Böyükdü. Ərdə idi. Ayrı yaşayır.

– Hə?

– Hə.

– Gəlib-gedirmi barı?

– Yox.

– Bəs elə siz ikiniz bu dam-daşın altında tək yaşayırsız?

– Hə.

– Qorxmursuz?

– Nədən?

– Belə də... Oğrudan-zaddan...

– Bu həyətdə ağayi Nəcməddinin nəfəsi var, ruhu var, xanım. Kimsə cürət eləyib bura ayaq basa bilməz, xanım.

– Düz deyirsiz. Eşitmişəm, çox nüfuzlu kişi imiş mərhum.

– Bəli.

Onlar danışa-danışa otaqları bir-bir gəzdilər.

Əbdül izahat verirdi. Əbdül Dünyanın bu otaqlarda keçən həyatından qırıq-qırıq danışırdı. Nəhayət, onlar Dünyanın öz otağına gəldilər. Divardan asılmış şəkli görəndə Heyran içini çəkdi, Dünya divardan ona baxırdı. Üzündə xoşbəxt, məmnun bir ifadə vardı Dünyanın. Yadında idi — bu şəkli Nəcməddin böyük bir sevinclə evə gətirmişdi, özü divardan asmışdı. Dünyanı ölüdürəndən sonra isə yenə çıxarıb divanın dibində üzü divara sarı qoymuşdu. Onu bu yaxınlarda Əbdül təzədən götürüb əvvəlki yerinə asmışdı.

Heyran şəklin qabağında üzünü xalıya sürtüb ağlayırdı.

Sonra çəkilib şəklə baxa-baxa göz yaşları içində:

– Hardasan, ay bacı, başına dönüm, cavab ver! Mənəm, gəlmişəm, səni görməyə gəlmişəm. Dünyada səndən başqa kimim-kimsəm qalmayıb. Gəl, qayıt ev-eşiyinə, balana yiyəlik elə, bacı. Yetim qoyma uşağını... — deyirdi. Dünya isə susurdu, eləcə təbəssümlə ona baxır, heç nə demirdi.

Heyran xanımın ağlaması, bacısı üçün yanması, yana-yana dediyi sözlər Əbdülü çox kövrəltmişdi. O gələndən bəri — üç-dörd saat ərzində yaman gərgin hallar keçirtmişdi və öz aləmində bu əzabları çəkdiyinə görə haradasa təskinlik tapırdı, ona elə gəlirdi ki, bu əzablar onun günahının — böyük günahının heç olmasa kiçik bir hissəsini yuyub aparar, yüngülləşdirərdi. Bu da bir təskinlik idi Əbdül üçün—yoxsa o, dəli ola bilərdi.

...Gün artıq əyilmişdi. Uzun illərdən bəri axtardığını tapan, azca da olsa yüngülləşən Heyran uşağın əlindən öpüb:

– Mən gedim! — deyəndə Əbdül bilmədi nə desin. O qədər tək qalıb darıxmışdı ki, əlinə bir adam düşəndə buraxmağa ürəyi gəlmirdi. Gedəndən sonra elə hala düşürdü ki, dərdi-var başına dolanırdı, ürəyi hövl eləyirdi.

– Gedirsiz?..

– Hə, gedim, ağa. Kişi nigaran qalar. Gəldim sizə də əziyyət verdim, ağa, halal eləyin.

– Xoşdu, xanım. Siz özgə adam deyilsiz. Nə vaxt istəyirsiz, gəlin.

– Çox sağ olun, ağa. Gələrəm, ağa. Uşaqdan...— nə isə də söyləmək istədi, ancaq yenə gözləri doldu Heyranın.

Pilləkənləri endilər. Birdən nə yadına düşdüsə Əbdül tələsik dedi:

– Dayanın, dayanın.

Heyran ayaq saxladı. Əbdül yuxarı qalxıb tez də qayıtdı: onun əlində bir dənə qırmızı yüzlük var idi:

– Bunu alın, xanım. Bazardan ayın-oyun alıb apararsız evə.

– Yox, yox.

– Götürün, xanım. Bunu sizə bax bu Nəcməddin ağa verir. Öz xalasına verir. Elə deyil, oğul?.

Nəcməddin nə isə başını tərpətdi. Əbdül güldü.

– Ay bərəkəllah. Götürün, xanım. — Və o, pulu Heyranın ovcuna zorla basdı. Heyran heç nə demədi, minnətdarlıqla dolu baxışlarını Əbdülün və Nəcməddinin sifətində gəzdirib doluxsundu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on altıncı fəsil

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

10 min
Dördüncü hissə, on yeddinci fəsil

Qışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:

10 min
Birinci hissə, birinci fəsil

Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*

18 min
Birinci hissə, ikinci fəsil

Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.

15 min

Poems by other poets