Dördüncü hissə, birinci fəsil
Page 2 of 2 · 50%
– Mən bilirəm, bala, sən o qıza görə şəhərə belə can atırsan. Ancaq nahaq yerə. Onun əri var. Yəqin indi onu tapıb, barışıb. Bəlkə uşağı da var indi. Axtarma onu, oğul, — dedi.
Ancaq bu sözləri Şahin eşitmədi. Daha doğrusu, eşitmək istəmədi. Bir il sərasər başını kitabdan ayırmadı, gecəni gündüzə qatıb oxudu, öyrəndi. İmtahan vaxtı yenə, Reyhan arvadın sözünə qulaq asmayıb özünü şəhərə saldı. Bu dəfə bəxti gətirdi. İmtahanları tək özünün yox, Puhəntun müəllimlərinin də heyrətinə səbəb olacaq bir müvəffəqiyyətlə verərək tələbə adı qazanmışdı. İndi bir il dörd ay idi, Puhəntunun ictimaiyyət fakültəsində oxuyurdu — Şahin Qarabağ qəryəsindən son illərdə Puhəntuna daxil olmuş ikinci adam idi. Bu, qəryədə Reyhan nənənin də, Şahinin də hörmətini-izzətini göylərə qaldırmışdı. «Kəllədi» — deyirdi Qarabağ camaatı Şahin barəsində. Şahin şəhərin ucqarında, Karteyi-məmurin adlanan küçədə, qoca bir qarının evində yaşayırdı. Ayda iki yüz əlli rupi pul verirdi qarıya. Əvvəldən də söz verdiyi kimi, imkanı olduqca nənəsinə baş çəkir, istirahət gününü arvadın yanında keçirirdi. Səhər tezdən isə, yola çıxır, servislərin birinə minərək şəhərə — düz birbaş Puhəntuna gəlirdi.
Başını dərsləri, yoldaşları, kitablar, qaynar gənclik həyatı nə qədər qatsa da, ürəyinin dərinliklərində gizlənmiş pünhan bir ağrı ona rahatlıq vermirdi — bu, Əfsanə dərdi idi, bu, Əfsanəsizlik idi. Şəhərə tez-tez çıxırdı, gözü gəlib keçəndə, qulağı səsdə olurdu. Hərdən ona elə gəlirdi ki, möcüzə baş verəcək, birdən Əfsanə onu özü çağıracaq — «Şahin, Şahin» — deyəcək və o, qanad açıb ona sarı uçacaq, onsuz yaşamağın müsibət olduğuna and içəcək, yalvaracaq.
Ancaq günlər, həftələr, aylar qanadlanıb gedir, möcüzə isə baş vermirdi. Şahin dərsdə oturanda da, kitabxanada da, gecə yatanda da möcüzənin baş verəcəyini intizarını çəkirdi. Şahinin timsalında Əfsanənin dalınca gəzən yeni bir Elməddin peyda olmuşdu. Şahin özü də bilmədən Elməddinin yerini tutmuşdu bu şəhərdə. Əfsanə bilmirdi ki, Şahin, adını gündə milyon kərə ürəyində deyə-deyə onu axtarır. Şahin bilmirdi ki, Elməddinin gözləri daha yollardan, küçələrdən yığılıb!
Şahin bilmirdi ki, indi Əfsanə...
...Hər dəfə gələndə olduğu kimi, bu dəfə də, Reyhan arvad, Şahinin dərslərini soruşub hər şeyin qaydasında olduğunu öyrənəndən sonra, sözü hərləyib-fırlayıb Əfsanənin üstünə gətirdi:
– Qızı görə bilmədin ki, ay ömrüm-günüm? Şahin güllü piyalədəki çayın axırıncı qurtumunu içib piyalənn süfrənin üstünə qoydu və ah çəkdi:
– Yox, nənə. Şəhər böyük, adam çox. Kimdən soruşasan? Yeri bilinmir, yurdu bilinmir!.. Hə, ay nənə, yaxşı yadıma düşdü, onun ərinin adı nə idi? Deyirdi Kabildə, ha! Bir cür adı vardı ey. Yadında qalmayıb ki? Nə isə... «din»lə qurtarırdı ey...
– Yadımdadı, bala. Elməddin idi gərək ki, hə, Elməddin idi.
– Hə, hə, düzdü, Elməddin...
Şahin bu adı yadında saxlamağa çalışdı. Yeganə açar bu ola bilərdi — Əfsanəni tapmaq üçün yeganə yol ancaq bu ola bilərdi. Elməddini hər halda şəhərdə tanıyan olardı. Necə olsa neçə il şəhərdə yaşamışdı, Əfsanənin dediyinə görə, şair idi. Tanımayan olmazdı. Bu fikir ağlına gec gəldiyinə görə, özünü çox danladı. Buna baxmayaraq kefi duruldu Şahinin. Nənəsi toyuq şorbasını qaba çəkib ortalığa qoyaraq:
– Ye, ay ömrüm-günüm, — söylədi və özü də süfrənin o biri qırağında əyləşib: — Kabildə nə var, nə yox? — deyə soruşdu. Şahin yeyə-yeyə dedi:
– Kabildi də, nənə.
– Ora da qar düşüb?
– Müsibət, ay nənə. Təzə-təzə yol-riz açılır.
– Bazar necədi? Bahalıqdı?
– Qış ki düşdü, qar ki yağdı, hər şey bahalaşır.
– Pulun-zadın çatır? Korluq çəkərsən ha, birdən? Şahin loğmasını udub gülümsündü:
– Sənin kimi nənəsi olan korluq çəkər? Bilirəm pulumuz var, ona görə qarnıma korluq vermirəm, nənə.
– Ay xatakar, deyəsən pul qoparmaq istəyirsən məndən hə?
– Ta səndən də qopartmayım, kimdən qopardacağam? Əlahəzrətdən? — Reyhan arvad çönüb qapıya baxdı, sanki kimdənsə qorxurdu:
– Sən canın, ay bala, onlarla işin olmasın. Onların bostanına daş atan hələ gora salamat baş aparmayıb! İşin olmasın bala, başını sal aşağı, kitab-dəftərini oxu, vəssalam. Özləri bilərlər. Camaat necə, biz də heylə.
Şahin qəsdəndi ki, Puhəntunda son günlər əmələ gələn canlanmadan, müəllimlərin, tələbələrin getdikcə güclənən narazılığından, bəzi dərslərin hökumətin siyasətinə, bahalığa, aclığa etiraz əlaməti olaraq pozulmasından, Puhəntun cavanlar təşkilatının apardığı gizli işdən hətta ona da bu gizli təşkilatın üzvü olmağı təklif edildiyindən söz açsın, danışsın, ancaq fikrini dəyişdi. Onsuz da Reyhan arvad bu söhbətin mənasını-məğzini başa düşməyəcəkdi: ondan əlavə belə işlərdə nənəsinin həmişə özünü qırağa çəkdiyini, «bizə nə var, özləri bilərlər, biz qərib adamlarıq» fikrində olduğunu bilirdi. Üstəlik arvad nigaran qalacaqdı — Şahindən nigaran qalacaqdı. Odur ki, söhbəti dəyişdi:
– Qəryədə nə var, nə yox, ay nənə?
– Sağlıqdı eyzən, qurban olum. Təzə bircə xəbərdi ki, Məşdi Qafarın kiçik oğlu Kabildə hansı mehmanxanadasa işləyir axı, hə. O danışırmış ki, Kabildə bir qarabağlıya rast gəlib — əsl qarabağlıya ey, babayın yerlisinə.
– Yox, əşi?
– Vallah.
– Kabildə nə gəzirmiş o?
– Deyir nə bilim Şura hökuməti işləməyə göndəribmiş. Tanış olublar. Deyir, hündür, yaraşıqlı, çalbaş bir kişiymiş. Bizim əsl vətənimizdən gəlibmiş.
– Gətirəydi bura da. Biz də əsl qarabağlı görəydik də.
– Nə bilim, deyir, vətənə gedirmiş. Adı da Ağazadəymiş— deyir. Bircə gecə qalıb mehmanxanada, səhər də çıxıb gedib.
– Heç darıxırsan, ay nənə, vətən üçün?
Reyhan arvad fikrə getdi, əlini ağarmış birçəyində gəzdi-
rə-gəzdirə:
– Mən burda anadan olmuşam, ay oğul, bura da mənim üçün vətənin. Ancaq baban elə vətən-vətən deyə-deyə dünyadan köçdü. Vəsiyyət də eləmişdi ki, işdi, imkan olsa, yol-zad açılsa, gedəsi olsaz, mənim heç olmasa sümüklərimi aparın Şişədə — Cıdır düzündə basdırın hə, rəhmətlik baban belə vəsiyyət eləmişdi, bala, — söylədi.
Şahin ah çəkib ayağa durdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.
Birinci hissə, altıncı fəsilSəhəri gün, dünənki qeyri-adi iclasın doğurduğu çaxnaşma və təəssürat öləziyib səngiməmiş, hamını nigaran qoyan Gülmirənin çıxışının nəticələri aydınlaşıb durulmamış, institut divarları arasında başqa maraqlı, söz-söhbətə səbəb olan bir xəbər gəzib dolaşmağa başladı; dünən prezidentin prizidiumda geniş, ətraflı məruzəsindən və təklifindən sonra, akademik Aslanzadəni direktor vəzifəsindən azad etmiş, yerinə isə elə institutun öz əməkdaşı, şöbə müdiri, akademik Nurəddin Osmanzadəni qoymuşdular. Prezidiumun gedişinin təfsilatından institut işçilərinin heç birinin tutarlı, dəqiq məlumatı yox idi, təkcə xəbər özü gəlib çatmışdı və camaat arasında möhkəm pıçhapıça səbəb olmuşdu. Akademik Aslanzadə üzdə olan, sayılıb seçilən, bir neçə xarici ölkə Akademiyalarının fəxri üzvü intixab edilən nüfuzlu alim olmaqdan əlavə, institut kollektivinin də dərin hörmətini qazanmış ağıllı, tədbirli direktor kimi də tanınmış və sevilmişdi. Direktor işlədiyi on il ərzində də akademik Aslanzadə laborantdan tutmuş akademikinə qədər bir kimsənin xətrinə dəyməmiş, günahkar olanın üstünə belə səsini ucaltmamış, hamını — cavanı da, qocanı da şirin dillə dindirib işlətmiş, elə şərait yaratmışdı ki, burada çalışan alimlər instituta öz evi kimi, öz ailəsi kimi baxmış, gecəni gündüzə qatıb yazıb-yaradaraq Bakıda, Moskvada və xarici ölkələrdə çap etdirdikləri əsərlər, kitablar ictimai elmlər sahəsində nüfuzlu və mötəbər yer tutmuşdular. Əvvəllər, təzə yaranan vaxtı cəmi-cümlətanı iki-üç şöbədən ibarət olan institut, onun səyi, tələbi sayəsində xeyli böyümüş, kollektivi otuz nəfərdən artıb yüz əlli üç nəfərə çatmışdı. Ali məktəb bitirib təyinatını bura almış cavanlar, uzaq başı üç-dörd ilə müdafiə eləyir, elm aləmində öz sözünü deməyə başlayırdılar. Bu cavanlardan kimi dindirsəydin, Aslanzadənin atalıq qayğısından, mehribanlığından və qərəzsiz tələbkarlığından ağızdolusu danışardı. Elmlər namizədləri isə tez bir zamanda doktor olurdular. Elə indi onun yerinə təyin olunmuş Nurəddin Osmanzadə də Aslanzadənin köməyi və qayğısı nəticəsinə demək olar ki, çox sürətlə elmlər doktoru, sonra müxbir üzv, iki il keçəndən sonra isə akademik olmuşdu.Akademiyanın rəhbərliyi, şöbələrin əməkdaşları — böyükdən-kiçiyə ondan hədsiz dərəcədə razı idi. Hamıya elə gəlirdi ki, daha bundan yaxşı işləmək olmaz, o, ölənəcən bu institutun direktoru olacaq və dünyadan köçəndə isə böyük və tarixi şəxsiyyət kimi, yaranmasında, təkmilləşməsində, tanınmasında misilsiz xidmətləri olan Aslanzadənin adını bu instituta verəcəklər — çünki doğrudan da o, bu elm ocağı üçün can qoymuşdu, ömür çürütmüşdü. Saçlarını elm yolunda ağartmış, gözlərinin nurunu qədim və qiymətli əlyazmaları üzərində əritmiş, neçə-neçə sanballı əsərin müəllifi, neçə-neçə sanballı alimin ustadı olmuş akademik Aslanzadə görəsən niyə birdən-birə direktorluğa yaramamışdı? Bu sual bu gün hamını düşündürürdü — fikirlər haçalanırdı; kimi deyirdi prezndentlə arası dəyib — çünki onun qardaşı qızını işə götürməyib, daha doğrusu, şəxsi söhbətində başa düşüb ki, qız çox savadsızdır, bura qəbul eləsə, ancaq boş yer tutacaq, ondan alim olan deyil — buna görə də «mənim prezidentə çox böyük hörmətim var, ancaq səni qəbul edə bilmərəm — bu institut mənim atamın institutu deyil, dövlətindi, xalqındı, qızım. Onları isə aldatmağa nə prezidentin, nə mənim haqqım var! Bizim tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı bilməyənin burda işləməyə mənəvi ixtiyarı yoxdur!» — demiş və geri qaytarmışdı. Kimi deyirdi ki, yox, prezidium iclasında Aslanzadə prezidentin üzünə qabarıb; baş elmi işçilər konkursdan keçəndə guya prezident onlara qəribə-qəribə suallar verirmiş; məsələn, tarixçilərdən birinə deyib ki, «sən hansı musiqi alətində çala bilirsən?» Bir dilçiyə deyib: «Sən oxumaq bilirsən? Qarabağlılar hamısı oxuyan olurlar?» Başqa kimə isə söyləyib: «Sən rəqs etmək bacarırsan?» ...hamısı «yox!» — deyə cavab vermiş, bu zaman prezident hirslənib: «Bəs siz necə azərbaycanlısınız? Nə oxuya bilirsiniz, nə oynaya bilirsiniz, nə çala bilirsiniz!» — söyləmişdi. Onda akademik Aslanzadə, prezidentdə çoxdan müşahidə elədiyi bu «adətə» daha tab gətirməyərək ayağa qalxmış, «mən üzr istəyirəm, yoldaş prezident, bura akademiyadır, filarmoniya deyil, biz konkursdan alim keçiririk, artist, aktyor yox. Belə suallar bizim bu alimanə məclisimizdə çox gülünc görünür. Bir də azərbaycanlılıq təkcə oxuyub-oynamaqla müəyyən olunmur məncə. Həm də bu cavan alimlər çalıb-oynamaq bilsələr də, durub bu qədər aliminağsaqqalın qabağında çalıb-çağırası deyillər ki? Siz onlara işlədiyi, tədqiq elədiyi sahələrə aid suallar versəniz daha yaxşı olmazmı?»
Birinci hissə, yeddinci fəsilBu heç yaxşı əlamətə oxşamırdı. Tərs kimi, təzə direktorun– akademik Nurəddin Osmanzadənin işə çıxması qış girən günə düşmüşdü; təkcə cavanların yox, heç qocaların da yadına gəlmirdi ki, Bakıda dekabrın iyirmi birində — ağ gözlü, buz nəfəsli qış daxil olan gün bu qədər qar yağmış olsun. Uzun-uzun illər idi ki, həmin axşam — payızla qışın ani olaraq qovuşub-ayrıldığı vaxt hava soyuyardı, şaxta-ayaz artardı, göylərdə parlayan iri-iri, ağ-ağ ulduzların nəfəsindən torpağa qırov ələnərdi — ancaq qar yağmazdı. Bu gecə isə, nə qədər qəribə olsa da, yağmışdı — yumşaq, qalın, ağlığı ilə adamın gözünün şoxunu aparan qar! Trolleybuslarda, avtobuslarda, taksilərdə, öz şəxsi maşınlarında işə gələn alimlər, elmi işçilər, laborantlar hələ bu gün qar yağmasına pis məna vermirdilər — çünki təzə direktorun məhz bu gün — bu qarlı çovğunlu gündə işə çıxaçağını heç kəs gözləmirdi. Lakin saat doqquzda, onun yarısında hamı instituta toplaşıb öz iş stollarının arxasına keçəndən az sonra Şərqiyyə şöbələrin qapısını bir-bir açıb adamları iclas salonuna dəvət eləyəndə qayğılı-qayğılı gülümsündü və:
Birinci hissə, səkkizinci fəsilSahibə qapını astaca taqqıldatdı, ancaq içəridən səs gəlmədi. İki gün idi Gülmirə gözünə dəymirdi. Əvvəl elə düşünmüşdü ki, istirahət günləridi onun. Yəqin dincəlir, ya da oturub işləyir. Ancaq bu gün, bir az bundan qabaq Maşa xaladan soruşanda qarı onun xəstələndiyini söyləmiş və bu xəbərdən Sahibə çox narahat olmuşdu. Tez öz otağına qayıdaraq divanda uzanıb kitab oxuyan Mir Sahibə Gülmirənin kefsizlədiyini deyəndə o:– Əcəb bacısan, burdan-bura heç xəbər tutmursan qızdan.
Poems by other poets
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Birisi pəhləvan deyib özünəBirisi pəhləvan deyib özünə,Yaxına qoymadı bir pəhləvanı.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,