Page 2 of 2 · 50%

Şəfi əlahəzrətin sözünə fasilə verdiyini görüb əlavə elədi:

– Sümük çürümür, əlahəzrət. Hər şey çürüyür, ancaq sümük çürümür.

Əlahəzrət ona baxdı, bu sözlərin nə demək olduğunu, güman ki, başa düşdüyünü bildirmək üçün gülümsündü, lakin, əhəmiyyət verməyərək sözünə davam etdi:

– Biz məmləkətin hər sahədə, o cümlədən də elmin, ədəbiyyatın, incəsənətin inkişafı üçün əlimizdən gələni edirik və gələcəkdə də edəcəyik. Bu, bizim müqəddəs borcumuzdur, ağayi Rəhgüzər. Bu, elə sizin də vəzifənizdir, hamınızın vəzifəsidir. Biz istəyirik, ağıllı, savadlı, mədəni cavanlarımız yetişsin, biz istəyirik ki, məmləkətimizdə demokratik fikirlər intişar tapsın. Bu cəhətdən, mən etiraf edirəm ki, siz az iş görmürsünüz. Sizin bir şair, bir mühərrir kimi fəaliyyətiniz məni çox məmnun edir.

– Lütf edirsiniz, əlahəzrəti-hümayun. Mənim kiçik xidmətim belə yüksək qiymətə layiq deyil — deyə Şəfi eşitdiklərinə inanmaq istəmədi. Ancaq o, «şəxsi-əvvəli-məmləkət» belə deyirdi və Bəbirin hər şeyi irəlicədən necə düzgün başa düşdüyünü fikirləşib heyrət eləyirdi. Ani olaraq həbsxanada keçirdiyi günlər, çəkdiyi əzablar yadına düşdü və vücudunda bir ağrı hiss elədi.

– Yox, siz təvazökarlıq eləyirsiniz; ağayi Rəhgüzər. Sizi xalq heç də məndən az sevmir. Bu məhəbbəti siz qələminizlə, əsərlərinizlə qazanmısınız. Bilirsiniz, həmvətənlərimin xidmətlərini qiymətləndirməkdə mənim bir əsas meyarım, tərəzim var; o da el-obanın, xalqın məhəbbətidir. Xalq heç kəsi bica yerə sevmir. Xalqın gözü ən dəqiq tərəzidir, şair! Mən baxıram xalqa, onun ürəyinə, gözünə, tərəzisinə — kimi sevirsə, onu qiymətləndirməyi, şərəfləndirməyi öz borcum bilirəm. Bu gün də sizi —məmləkətimizin ən qadir söz ustasını elə ona görə zəhmət verib buraya dəvət etmişəm. Mən, vaxtımın, imkanlarımın məhdud olmasına baxmayaraq, sizin ruznamənizi, kitablarınızı çox maraqla, diqqətlə mütaliə edirəm və düzü budur ki, ürəyim fərəh hissi ilə coşub-daşır. Sevinirəm ki, bizim məmləkətimizin sizin kimi qeyrətli, həssas, düşünən oğulları var, az da olsa var! Mən o yazılarda sizin yanar ürəyinizi görürəm, şair?

– Təşəkkür edirəm, əlahəzrəti-hümayun. Mən belə yüksək qiymətə hələ özümü layiq bilmirəm.

– Bu da sizin yaxşı bir keyfiyyətiniz kimi məni məmnun edir, ağayi Rəhgüzər. Sizin nə ehtiyacınız varsa, deyin. Sizin üçün hər şərait yaratmağa hazıram.

– Lütfünüz artıq olsun, əlahəzrət. Şəxsən mənim heç nəyə ehtiyacım yoxdur.

Əlahəzrət elə bu zaman nə üçünsə qol saatına baxdı və dərhal qapı açıldı, vəzire-ittilaat və kultur ağayi Asəf xan, vəzire-dərbər Əli xan, şair Xəlilullah, iki nəfər tanımadığı mülki paltarlı şəxs əlində foto dəsgahı olan daha iki nəfər içəri daxil oldu. Vəzirlər və şair irəli gəlib artıq ayağa durmuş əlahəzrətə iki-üç addım qalmış şax qamətlərini əyib irəli cumdular, əlahəzrətin qabağında təzim etdilər, növbə ilə əlini epdülər. Qalxandan sonra çevrilib Məhəmməd Şəfiyə salam verdilər. Əlahəzrət dönüb Şəfiyə bayaqkı qəribə təbəssümlə baxdı. Bu dəfə şair onun baxışının mənasını başa düşdü, həm sevindi, həm də sıxıldı. Sevindi ona görə ki, o, bu cənablar kimi özünü əlahəzrətin ayaqları altına atmamışdı, sıxıldı ona görə ki, əlahəzrət şairin, hüzurunda eynən bu qaydada təzim eləməməsini bəlkə də ədəbsizlik, saymazlıq hesab edə bilərdi. Ancaq sövqi-təbiisi ilə, qatma-qarışıq duyğuları içində hiss elədi ki, fərəhi sıxıntısından çoxdu və bu qənaətindən bir az da artıq sevinc seli axıb doldu ürəyinə. Şəfi gələnlərin hamısının ona diqqətlə baxdığını gördü və nəzərləri saray kitabxanasının müdiri, şair Xəlilullahın girdə, qırmızı yanaqlarında, daz başında ilişib qaldı. Xəlilullahın eynək altından parıldayan gözlərində məmnun bir ifadə vardı— elə bil, əlahəzrət bir az əvvəl Şəfiyə söylədiyi o xoş sözləri onun barəsində demişdi. Şairin çiyninə qoyulan əl fikrini qırdı. Bu, əlahəzrətin iri, ağır əli idi. Şəfi gülümsünərək ona sarı döndükdə əlahəzrət üzünü yanındakılara tutub:

– Ağayi Rəhgüzərin qədrini bilin, o, məmləkətimizin birinci dərəcəli şairidir! — dedi. — Onun üçün şərait yaradın, qoyun işləsin!

Elə bu zaman fotoqrafların aparatı çıqqıldadı; əlahəzrətin əli Şəfinin çiynində olduğu halda şəkilləri çəkildi. Vəzirlər, şair Xəlilullah, mülki paltarda olan iki naməlum şəxs əlahəzrətin sözləri müqabilində hörmətlə baş əydilər. Əlahəzrətə də, Şəfiyə də.

Şair ona göstərilən bu ehtiramın əvəzində nə isə deməli idi, razılıq eləməliydi. O, sol əlini ürəyinin üstünə qoyub həyəcanla:

– Əlahəzrəti-humayun əmin ola bilər ki, mən əziz vətənimizi göz bəbəyimizdən artıq sevirəm və nə qədər ömrüm var, xalqıma, torpağıma sədaqətlə xidmət edəcəyəm, — dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets