Üçüncü hissə, altıncı fəsil
Page 2 of 2 · 50%
Əbdül də susmuşdu — Heyranın sözləri onu ayıltmışdı. Sözü ağzından çıxartmışdı. «İçəndə həmişə belə oluram. — elə bil, dilim iradəmə, ağlıma tabe olmur. Ya bəlkə əksinədi? Dilim ürəyimdəkini deyir. Gizli saxlamalı olacağım şeyi bir də görürsən demişəm. O dəfə də belə oldu. Ağam məni çox içirtdi. Dünyanın qonşu oğlanla başlayan və mənə olmazın əzab verən him-cimini şişirtdim, böyütdüm, heç bilmədim də ağama haçan demişəm! Ondan sonra hər şey pozuldu, məhv oldu — Dünya da, qonşu oğlan da öldürüldü, ağam da özünü məhv elədi. Günhakar kim idi?! İndi də belə. Yox, deyəcəyəm çaşmışam. Bəlkə açıb Heyrana deyim həqiqəti? Gör necə də qısqanır? «Gələndə onu qucaqlayıb o sözləri deyərsən!» Bacısına. da qısqanır. «Gələndə!» O yazıq gələcəkmi ki... Yox, Heyran, o heç vaxt gəlməyəcək, gələ bilməyəcək. Yazıq inanır ki, Dünya qayıdıb gələcək! Yalan yalan doğurur, bir dəfə yalan danışan adam, o yalanı doğrutmaq üçün min yalan da quraşdırmalı olur və axırda bu yalanlar içində də itib-batır! — ağam rəhmətliyin dilindən eşitdiyim bu sözlər necə də doğru imiş».
Beləliklə, Heyranı inandırmaq üçün yenə yalan!
– Heyran! Mənə bax, gör nə deyirəm.
– Mənə heç nə demə. Saxla, o gələndə deyərsən, — deyə Heyran çımxırdı və ağlamağa başladı. Əbdül səsini çıxartmadı. «Qoy ağlayıb toxtasın» — deyə düşündü. Doğrudan da, qadın çiyinləri atıla-atıla xeyli göz yaşı tökəndən sonra, köpü alınmış tuluq kimi, sakitləşdi və fikrə getmiş Əbdülə sarı dönüb: — Mən hər şeyi bilirəm, Əbdül, — dedi, — xahiş edirəm mənə yalan danışmayasan.
Əbdül onun saçlarını qorxa-qorxa sığallamaq istədi, amma Heyran əlini geri itələdikdə çarəsiz adam kimi:
– Nəyi bilirsən, Heyran, qurban olum? — söylədi. — Burada nə var axı?
– Mən yaxşı bilirəm ki, sən bacımı sevirmişsən, onunla yaşayırmışsan, bu uşaq da sənin uşağındır, Əbdül. Dünya baş götürüb qaçıb—yəqin yazıq öldürüləcəyindən qorxub başını götürüb qaçıb... Nəcməddin də bunu bilib özünü öldürüb?. Hə, nə gözlərini döyürsən? Düz demirəm?
Heyranın sözləri onu tərksilah eləmişdi. Bunları o, haradan bilə bilərdi? Bilənlər o dünyada idi. Təkcə Əbdüldən başqa heç kəs bu sirrdən xəbərdar deyildi axı? Yox, o sadəcə olaraq fərz eləyir, belə ola bilər — düşünür. «Mənim dediyim bircə sözdən çıxartdığı nəticələrdir bunlar — necə də düz tutub hər şeyi. Və Əbdül Heyranın ağlına, məntiqinə heyranlığını bildirmək istədi, ancaq bunun da yeri olmadığını fikirləşib onu sakitləşdirməyə, inandırmağa çalışdı:
– Əzizim, sənin dediklərindən tək bircə şey düzdü.
– Nədir?
– O budur ki, həqiqətən mən Dünya xanımı sevirdim, Heyran. Bu, dilsiz, cavabsız bir məhəbbət idi, mən ona heç nə deyə bilməzdim
– mən nökər idim, o xanım. Arada da Nəcməddin kimi zəhmli, zabitəli bir kişi vardı. O mənə gözünün ucuyla da baxmazdı, Heyran. Mən yana-yana, qovrula-qovrula yaşayırdım. Onun vüsalına mən ancaq gecələr, şirin röya aləmində qovuşa bilirdim, yalnız onda o gözəl məxluqu ağuşuma alıb, əzizləyirdim: «Sənə qurban olum, Dünyam mənim!» — deyirdim. Bu adət ordan qalıb başımda, Heyran, inan.
Heyran ona qəribə bir diqqətlə qulaq asırdı. Gah Əbdülün necə ustalıqla yalan toxuduğuna təəccüb eləyirdi, gah da dediklərinin həqiqət olduğuna inanmaq istəyirdi.
– O, müəmmalı şəkildə yoxa çıxanda mən də az qala dəli olmuşdum, elə bil dünya uçmuşdu, altında qalmışdım. Həyət-baca mənə yad görünürdü. Amma neyləyə bilərdim? Ağam onu lap çox istəyirdi, o dözmədi, özünü öldürdü, ancaq mən yaşadım.
—Yaxşı, tutaq bu nağıla inandım, bəs de görüm bu uşaq sənə niyə belə oxşayır? Buna nə deyirsən? Əbdül ani fikrə gedib cavab verdi:
– Əvvələn, xanım yerikləyəndə bazardan ona turşunu mən almışdım. Ağam özü göndərmişdi, ikincisi yəqin... uşaq mənim üzümə tərpənib. Deyirlər, ana bətninə düşən uşaq ilk dəfə tərpənəndə anası kimə baxsa, ona da oxşayır uşaq. Belə bir şey eşidibsən?
– Eşitmişəm, ancaq...
– Nə ancaq, qurban olum. Sən belə axmaq şeyləri çıxart başından. Dünya xanım hara, mən hara? Mən heç onun dırnağına da layiq deyiləm, Heyran. Sən bilirsən, sən görməmişdin, Dünya necə gözəl idi, necə ilahi bir məxluq idi, görməmişdin. Görsəydin, sən də qadınlığınla ona vurulardın. — Birdən Əbdül onu həddən çox tərifə uyduğunu və bununla da işləri təzədən korlaya biləcəyini düşünüb ustalıqla:— elə sənin kimi gözəl idi, Heyran! — dedi. — Sən ona o qədər oxşayırsan, birinci dəfə gələndə uçundum, öldüm, elə bildim odur! Allah onu məndən aldısa, qismətimə səni yetirdi, gülüm! O kişi bir yandan bağlayırsa, bir yandan da açır!
– İnanmaq istəmirəm, Əbdül. Yalandı dediklərin.
– İnanmırsan?
– Yox.
– Bəs neyləyim sən inanasan, Heyranım mənim? — O, Heyranı qucaqladı, sinəsinə sıxdı, tellərini oxşadı. — Heyran şəkklə yəqin arasında qalmış adam kimi şübhə ilə onun gözlərinə diqqətlə baxdı — onlarda həqiqət axtardı. Deyirlər, göz ürəyin aynasıdır. Ancaq Əbdül onun gözlərinin içinə şax baxırdı, bu Heyranın qəlbindəkiləri, bir az əvvəl həqiqət saydığı şeyləri heçə-puça döndərdi. Və o, dərdli-dərdli, nəyisə itirəcəyindən qorxmuş kimi ona sığındı:
– Onda and iç, Əbdül! — deyə Heyran şübhələri tamamilə qəlbindən qovmaq arzusu ilə astaca dilləndi və bunun, bayaqkı düşüncələrinə zidd olduğunu da xatırladı.
– Nəyə and içim, gülüm? — deyə. Əbdül, nəhayət, dəhşətli xatadan qurtarmış insan təki sevinc içində xəbər aldı. O hiss edirdi ki, Heyranı inandırıb. O fikirləri onun başından çıxarmaq üçün kiçik bir təkan — and içmək gərəkdi. İndi o, nəyə desən and içməyə hazır idi.
– Ən müqəddəs sandığın, ən çox sevdiyin şeyə and iç, Əbdül.
Əbdül tərəddüdsüz:
– Sənin əziz canına and içirəm, Heyranım mənim. — dedi.
Bu, Heyrana ləzzət elədi. Demək, Əbdülün müqəddəsi, əzizi Heyran idi. Əbdül yük altından qurtarmış təki dərindən köksünü ötürüb:
– İndi inandın? — dedikdə o:
– Hə! — söylədi. — Ancaq, Dünya qayıdıb gələndə ondan soruşacağam, Əbdül.
Əbdül gözlərini yummaqla «yaxşı» — dedi və gizli bir ah çəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
Birinci fəsil«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
İkinci fəsilPaşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.
Üçüncü fəsilHəyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»
Poems by other poets
Lotuyam, bambılıyam, talibi-bəngəm, sənə nə?Çox gülüb, çox danışan, çox da cəfəngəm, sənə nə?
Nə yaxşıTorpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,