Üçüncü hissə, on beşinci fəsil
Page 1 of 4
Balaca Əfsanə artıq oynayıb yorularaq anasının çarpayısında yuxuya getmişdi. Papaqlı gecə lampasını yandırmışdı Simin — otaq zəif, mavi işıq içində mürgü vururdu. Ara qapı açıqdı. Siminlə Əfsanə Elməddinin iş otağında kresloda əyləşib çay içə-içə söhbət edirdi. Təzə evin gəlini öz sadəliyi, mehribanlığı ilə köhnə evin gəlininin elə xoşuna gəlmişdi ki, elə bilirdi onu çoxdan, lap uşaqlıq vaxtından tanıyır. O, qəlbiaçıqlıqda, xeyirxahlıqda dayısı Həzrətgülün ikinci arvadı Nazənini xatırladırdı. Buna görə Əfsanə ilk dəqiqələrdə hiss elədiyi sıxıntı məngənəsindən azad olmuşdu, özünü sərbəst aparırdı. Hər kəlməbaşı ona «bacı» deyən bu cavan gəlini, həqiqətən, bacı sayırdı. Siminin danışığından aydın olmuşdu ki, Elməddin Əfsanə ilə olan macərasını yerli-yataqlı arvadına danışıb. Simin bu əhvalatları elə təfsilatı ilə bilirdi ki, sanki özü də orada — Ədnan qəryəsində imiş, hadisələr gözünün qabağında baş veribmiş. Bəli, Simin Əfsanənin həyatını, itkin düşdüyü günə qədər bilirdi. Ancaq ondan sonrası... Elməddin üçün də, Simin üçün də, elə kənd camaatı üçün də müəmma olaraq qalırdı, maraqlı bir kitabın açılmamış bir səhifəsi kimi. Simin bu müəmmanı Əfsanənin öz dilindən eşitmək istəyirdi.
– Can bacı, sənin həyatın lap dəsmal götürüb ağlamalıdı. İnanırsan, Elməddin bu neçə ili itiyi itmiş adam kimi yaşayıb. Onun dərdi mənə də sirayət edib — mən də gecə-gündüz sənin fikrini çəkmişəm. Özün bu evdə olmasan da, adın, sözün, söhbətin dilimizdən əskik olmayıb. Kişiyə təsəlli olsun deyə uşağın adını «Əfsanə» qoydum, sənin şəklini mən böyütdürdüm asdım divardan. Mən, cavan da olsam, başa düşürdüm ki, sən Elməddinin ürəyinin ən müqəddəs hissi, arzususan. Onu çox istədiyim üçün hissləri də, arzuları da mənə əzizdi, bilirsənmi? Elməddini mən üç-dörd ildi tanıyıram, ancaq sən məndən də qabaq tanıyırsan, yaxşı tanıyırsan — o, gözəl insandı, Əfsanə. Qəlbi dağ qarı kimi, bulaq suyu kimi təmizdi, xeyirxahdı, mərddi, namuslu-qeyrətlidi. Onda padşah qururu var, bacı. Var-dövlətə əyilən-satılan deyil. Məndən qabaq biriynən evlənmişdi — milyoner qızı idi. Ancaq külbaş, Elməddinin qədrini, qiymətini bilmədi, burunladı. Ayrı kişi olsaydı, o var-dövlətin xatirinə əri yox a, nökəri də olmağa razı olardı. Amma o tüpürdü, çıxdı.
Əfsanə Siminin Elməddin barədəki söhbətini dinləyirdi; ona elə gəlirdi ki, Simin Əfsanənin nə zamansa tanıdığı, sevdiyi Elməddin haqqında yox, Allah haqqında danışır. Həm də elə aludəliklə, məhəbbətlə danışırdı ki, gözləri parlayırdı. Simin Elməddini sevirdi, pərəstiş eləyirdi, Əfsanənin sevdiyindən çox sevirdi. Qəlb ağrısı ilə olsa da, Əfsanə ürəyində bunu etiraf etməyə bilmirdi. Elməddin Simindən əvvəl də bir qadın alıb. Bu o qadındı ki, Əfsanə iş axtara-axtara onun qapısına gedib. O da, danışığından Əfsanənin Elməddinnn Əfsanəsi odduğunu bilib və onu... ağayi Siracəddinin yanına göndərib. Sonra da... Elməddinə Əfsanə haqqında nalayiq sözlər yazıb. Bəli, tale Əfsanəni təsadüfən Zərrintacla üzləşdirib. Bəli, Elməddin elə məkrli və alçaq təbiətli bir qadınla evlənib... Ancaq xoşbəxt olmayıb, xoşbəxt ola bilməyib. Neynək, əgər Simin onun Elməddinini bəxtəvər eləyibsə, nə eybi? Bu, daha yaxşı. O, xoşbəxt olmağa layiq insandı...
– Mən də onun xoşbəxtliyini istəmişəm həmişə, Simin. Sən hər şeyi təfsilatı ilə bildiyin üçün səninlə açıq, pərdəsiz danışa bilərəm. Sən mənim o qədər xoşuma gəlibsən ki, elə bilirəm doğmaca bacımsan. — Çox sağ ol, bacı...
– Biz bir-birimizi çox istəyirdik. Ancaq tale bizi ayırdı, özü də həmişəlik ayırdı. Bu illər ərzində həmişə onu düşünmüşəm, xatırlamışam. Özümdən çox, ondan nigaran olmuşam. Daima fikrimdə dolanıb ki, görəsən başına nə gəldi, halı-günü necədir? Bax, bu gün rahatlandım və nədənsə mən də xoşbəxt oldum. Ona görə ki, o, sənin kimi gözəl, ağıllı bir qadının əlinə düşüb, sən onu bəxtəvər eləyibsən. Kim bilir, bəlkə heç mən də, arada elə böyük məhəbbətin olmağına baxmayaraq, Elməddini sənin kimi bəxtəvər eləyə bilməzdim. Sənə, sənin ürəyinə baxıram və anlayıram ki, yox, sənin kimi bəxtəvər eləyə bilməzdim.
Əfsanənin onu belə qiymətləndirməyindən Simin gül kimi açıldı:
– Bəs necə oldu ki, sən birdən-birə qeybə çıxdın, bacı?... Qalsaydın bəlkə... — Əfsanə piyaləni götürüb çaydan iki-üç qurtum içdi, əslində o, vaxt qazanmaq istəyirdi, o günlərə fikrən qayıdıb xatırlamaq istəyirdi.
– Yox, qala bilməzdim, Simin... — o, köks ötürüb davam etdi
– sən məndən xeyli cavansan, bəlkə də sən hələ belə şeylər barədə düşünməyibsən... Sənə deyim ki, qadın ürəyi sirli, müəmmalı, qəribə bir aləmdir. Hər qadın ürəyi yazılmamış, oxunmamış bir kitaba bənzər. Sən elə bilirsən ki, biz qadınlar öz ürəyimizin içindəkiləri, kənardan baxanlardan yaxşı başa düşürük? Yox, bacı. Çox vaxt biz özümüz də öz ürəyimizdən baş aça bilmirik. Doğru deyirsən, qalsaydım, bəlkə də Elməddini — «sındırardım», min işvə-nazla, bəlkə də bir sehrli sözlə, baxışla ona, qardaşının arvadı olduğumu unutdurardım, aradakı daş hasarı uçurardım. Amma qəlbimdə, o vaxta qədər görmədiyim, varlığından belə xəbərsiz olduğum bir hiss baş qaddırdı — bu, qurur hissi idi. Bu hiss məni enməyə, alçalmağa qoymadı. Bilirsən, kəbinimiz kəsiləndən sonra neçə gecə biz ikimiz bir otaqda yatdıq. Ancaq inanırsan ki, o mənə əlini də toxundurmadı, telimə belə dəymədi. O gecələr mən də qəribə hisslər keçirirdim. Mən o yorğan-döşəkdə Yusiflə yatmışdım. O yorğan-döşəkdə yenə mən vardım, ancaq Yusif yox idi. Elməddin soyunub yanıma gəlməli idi, o isə gəlmirdi. Hərdən anlaşılmaz qorxu canımı sarırdı. Düşünürdüm ki, Elməddin yanıma gələn kimi, qapı açılacaq və Yusif əlində qılınc içəri girəcək, mənə baxıb: «Vəfan bu imiş?» — deyəcək Elməddinə: - «Əcəb biqeyrət qardaşsanmış!» — söyləyəcək və hər ikimizi doğrayacaq. Halbuki, Yusifi çoxdan dəfn eləmişdik, yazıq çoxdan çürümüşdü də. Və üstündən xeyli keçəndən sonra, dərk elədim ki, Elməddin düzgün hərəkət eləyib, məni də günaha batırmayıb, özünü də. Mən indi Yusifin ruhu qarşısında günahkar deyiləm. Yəqin Elməddin də. Çünki bizim qadınlarımızın belə adəti var: ər evinə çadra ilə gəlirik, ər evindən kəfənlə çıxırıq...
– Bu çox gözəl adətdi, bacı.
– Bəli, qadın namusu hər şeydən qiymətlidi, Simin. Namusuna xəyanət eləyən — özünə xəyanət eləyir. Dünyada alnıaçıq, uzüağ yaşamaqdan böyük səadət tanımıram mən. Yoxsul olmaq, yarıac-yarıtox yaşamaq eyib deyil, ancaq namussuz yaşamaq üfunət içində yaşamaq kimi bir şeydir. Rişxəndli, tənəli baxışlar altında ömür sürməkdənsə, ölüm min dəfə yaxşıdır, bacı. Ərinin namusunu, lap ölmüş olsa belə, qoruyan qadın mənim aləmimdə hər cür ehtirama layiqdir.
– Düz deyirsən, bacı,
– Nə isə, o qürur hissi mənim bütün vücuduma bir vəlvələ saldı və mən çox istədiyim, gözlərimin giləsi hesab elədiyim Elməddindən qəlbən küsdüm, incidim. «Gözümün giləsi» dedim, yadıma düşdü. O vaxt Elmi, mən ona «Elmi» deyirəm, xətrinə dəymir ki, Simin?.. Dilim öyrəşib, bacı, məni qınama, sən allah. — Yox, nə danışırsan, elə mən də Elmi deyirəm ona.
– Hə, o vaxt mənə bir şer yazmışdı. İndi də yadımdadı. Deyirdi ki:
Sehrsən, əfsunsan, tanrısan, nəsən?
Varmısan, yoxmusan! — inanmaq olmur.
Eşqinin oduna yanmaq nə xoşdur!
Amma hicranına dayanmaq olmur.
Bağrında gəzdirər sevən sevəni,
Gözümün içinə qoymuşam səni,
Elə məst edibsən, ay gülüm, məni,
Məstlik yuxusundan oyanmaq olmur.
Məhəbbət əzabla əkiz yaranıb,
Həsrətin əlilə saçım daranıb,
Vücudum kül olub, ürəyim yanıb —
Daha özgə oda heç yanmaq olmur.
Şeri eşidən kimi Simin ayağa qalxdı. Əfsanə təəccüblə:.
– Hara gedirsən, Simin? — deyə xəbər aldı.
– O şeri mən də oxumuşam.
– Sən də oxumusan?
– Hə. Elminin kitabında çıxıb. Sən bilmirsən? Axı Elminin kitabı çıxıb.
– Yox, bilmirəm. Hardan bilərdim, bacı?
Simin gedib divarın dibindəki kitab şkafından balaca bir kitab çıxartdı, gətirib Əfsanəyə verdi:
– Bax, budu: «Əfsanəli mahnılar!» O şer də burda var...
– «Əfsanəli mahnılar»?
– Hə.
Əfsanə göy cildli kitabı aldı, üstünü oxudu: Elməddin. «Əfsanəli mahnılar»... Sonra qeyri-iradi bir hərəkətlə kitabı dodaqlarına yaxınlaşdırıb öpdü, sinəsinin üstünə qoydu.
– Elə o vaxtdan yazırdı. Düzdü, mənə vermirdi, ancaq mən taxçada gizlədiyi dəftərçəsini xəlvətdə götürüb oxuyurdum.
– İndi, maşallah, lap çox yazır. Ruznamələrdə, jurnallarda çap eyləyirlər, radioda oxuyurlar...
– Düzü, mən ondan əlimi tamam üzmüşdüm. Ancaq lap bu yaxınlarda Elməddinin radio ilə verilən şerlərini eşitdim. Bilməzsən, nə qədər sevindim. Köhnə dərdlərim yenə qövr elədi, keçən xoşbəxt günlərim yadıma düşdü. Elməddin öz qəmli gözlərilə, dərdli, ahnaləli vücudu ilə gəlib durdu gözümün qabağında; xəlvət bir guşəyə çəkilib doyunca ağladım. Radioda oxunan şerlərin çoxunu hələ o zaman mənə yazmışdı. Əzbərləmişdim o vaxt. Təzədən eşidəndə dəli oldum. Məni qınamışdı, onu atdığımı, unutduğumu düşünüb tənəli sözlər demişdi. Bir bəndi indi də yadımdadı:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:
İkinci hissə, on dördüncü fəsilGünəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.
İkinci hissə, on beşinci fəsilQərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?
İkinci hissə, on altıncı fəsilYüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.