Page 4 of 4 · 75%

– Axırı nə oldu, bacı? — deyə Simin maraqlı bir nağıla qulaq asırmış kimi, hövsələsini basa bilməyib Əfsanəni mətləb üstünə qaytarmaq istədi. Əfsanə gözlərini dolandırıb divardakı şəklinə baxaraq ah çəkəndən sonra qəmli-qəmli sözünə davam etdi:

– Lap yaxınlaracan, mən şəhərə gələn gündən bir-iki gün qabağacan elə beləcə yaşayırdım. Şahin sevməyində, sevə-sevə susmağında idi. Mən də, düzü, son vaxtlar çox fikirli olmuşdum, bu işin axırının yaxşı nəticə verməyəcəyini hiss eləmişdim. Qorxu, qəribə bir qorxu düşmüşdü canıma. Şahindən — onun qəmli gözlərindən, ağlayan sifətindən, adamı uzaqdan-uzağa yandırıb-yaxan ahlarından qorxmağa başlamışdım. Hərdən mənə elə gəlirdi ki, özüm də hiss eləmədən qarış-qarış, addım-addım gedirəm, gedirəm Şahinə sarı. O uşaq sehrə dönüb, əfsuna dönüb çəkir məni özünə tərəf. Ondakı gücə, dözümə, qüdrətə heyrət eləyə-eləyə özüm əriyirəm, gücsüzləşirəm və «getmirəm», «istəmirəm» deyə-deyə gedirəm. Belə çarpaşıq, dolaşıq hisslər aləmində yaşadığım günlərin birində qəribə bir hadisə oldu. Gecəyarıdan keçmişdi. Çardağın üstündə yatmışdım. Əslində yatmamışdım, gözlərimə yuxu getmirdi. Baxışlarımı ulduzlara zilləyib düşünürdüm, göylərdə öz ulduzumu arayırdım. Qəribə idi ki, onu tapmaq, milyon ulduzun içində öz ülkərimi görmək, onun işıqlımı, sönükmü olduğunu görmək arzusu baş qaldırmışdı ürəyimdə. Ulduz çox idi, adı yox sanı yox. Hansının üstündə qərar tutub: «O mənim ulduzumdu!» — deyəydim?

Elə bu vaxt çardağın qırağında xışıltı eşitdim. Kimsə nərdivanla çardağa çıxırdı. Ürəyim əsdi əsim-əsim. İstədim qışqırıb hay salam; Gözucu baxanda Şahinin yavaş-yavaş yuxarı qalxan başını gördüm və bir az toxdadım. Ancaq ürəyimin guppultusu qulaqlarımda səslənirdn yenə. Düzü, o an bilmədim sevinirəm, ya qəzəblənirəm — bunu ayırd edəcək halda deyildim. Amma bu yadımdadı ki, hələ qəryəmizdə olarkən, Elməddinlə nigahımız oxunandan sonra yataq otağımda yerimə uzanıb onu gözləyərkən keçirtdiyim hisslər idi bu an yaşadığım hisslər. Bir az qorxu vardı, bir az sevinc vardı onda. Elə bil, səsim batmışdı, elə bil, yorğan-döşəyimə yapışmışdım. Elə bil, düşünmək qabiliyyətimi Allah əlimdən almışdı. Sadəcə onunla göz-gözə durmaqdan qorxaraq gözlərimi yumdum. Yox, özüm yummadım, sanki əfsunlu nəfəsi dəydi üzümə, gözlərim öz-özünə qapandı. Heç nə görmürdüm, ancaq elə bil, min yerdən gözüm vardı, mini də Şahini görürdü. Ayaqlarının ucunda, ehtiyat edə-edə yaxınlaşdı; başımın yanında dizlərini yerə qoyub çömbəltmə oturdu. Yazıq sinədolusu belə nəfəs almağa qorxurdu elə bil. Bunu yəqin məni oyatmamaq üçün eləyirdi. Nəfəsini də sinəsində dustaq eləmişdi yazıq... Ay işığında üzümə baxırdı. Anlar, dəqiqələr sarsıntı içində əriyib gedirdi, o isə, donmuş kimi, daşa dönmüş kimi lal-dinməz başım üstə oturmuşdu. Nəfəsinin üzümdə gəzdiyindən hiss eləyirdim ki, əyilib mənə baxır — yəqin qaşlarıma, gözlərimə, balış üstünə tökülmüş tellərimə baxırdı. Bu nə idi? Sifətimə isti yağışmı yağırdı? Mən ömrümdə isti yağış yağdığını görməmişdim. Yox, bu, yağış deyildi, o idi, Şahin idi, başım üstə durub ağlayırdı. Mən qadınam, sənə deyim ki, o an mən əsl xoşbəxtliyin nə demək olduğunu anladım. O qədər sevdiyimə baxmayaraq. Elməddin də məni heç vaxt belə xoşbəxt eləməmişdi, eləmədi də yəqin ki, heç vaxt da eləyə bilməzdi: o anda nə isə dillə izah etmək mümkün olmayan ilahi bir səadət vardı, bir daha təkrar olunmaz, o şirinlikdə, o gözəllikdə heç vaxt təkrar olunmaz. O isti göz yaşı o aylı gecəni mənim ömrümün ən əziz gecəsi kimi beynimə, xatirəmə həmişəlik yazıb. Onu heç nə, hətta ölüm də, hətta Şahin özü də poza bilməz...

Sonra bir titrək əlin qorxa-qorxa tellərimdə gəzdiyini duydum, sonra bir cüt isti dodağın alnıma ehmalca toxunduğunu hiss elədim...

Və sonra o, ayağa qalxdı, şıqqıltı salmamağa çalışaraq, sakit addımlarla nərdivana sarı getdi... Mən yaxşı ki, məst olmuşam, özümdə olmamışam, yoxsa, Allah göstərməsin, dəhşət ola bilərdi, onu geri çağıra bilərdim, bağrıma basıb əzizləyə bilərdim, xoşbəxt edə bilərdim — özümün sonrakı bədnamlığımı, bədbəxtliyimi düşünmədən bunları eləyə bilərdim. Sonralar başa düşdüm ki, belə sehrli anlar insan həyatında bir dəfə olur — ya udursan, ya uduzursan...

Mütəəssir olmuş Simin ağlamaqdan özünü güclə saxlayaraq dedi:

– Bədbəxt çox sevirmiş səni.

– Hə, çox sevirdi. Bu, onun ilk məhəbbəti idi, özü də uğursuz ilk məhəbbəti. Ömrü boyu bəsidi. Ömrü boyu yadına düşdükcə yanacaq, lap qocalıb saç-saqqalı ağaranda da xatırlayıb kövrələcək, Simin. İlk məhəbbət heç vaxt unudulmur...

– Sonra nə oldu bəs, bacı?

– Sonra? Sonra heç nə... Səhərəcən ilan vuran yatdı, mən yox. Səhər açılanda mənim qərarım qəti idi — burda qala bilməzdim. Ya qalıb bədnam olmalı, ya da getməli idim. Mən ikincisini seçdim. Elməddinin xəyalı burda mənə kömək oldu; iki gün əvvəl radio ilə şerlərini dinləmişdim. Fikirləşirdim ki, şəhərdədi, necə olsa tapa biləcəyəm.

– Bəs necə ayrıldınız, bacı?

– Bu, müsibət idi, Simin. Səhər çay-çörək süfrəsi arxasında oturanda Şahin üzümə baxa bilmirdi. Yəqin utanırdı. Ancaq arzusuna çatmış adam kimi, kefi kök idi. İki stəkan şirin çay içdi, yarım dənə təndir çörəyi yedi. Reyhan arvad da bunu görüb sevinirdi, çünki Şahin nə vaxtdan belə iştahla çörək yeməmişdi. Mən ona çox baxırdım, gözlərinə tamaşa eləmək istəyirdim — onun qonur gözlərindəkixoşbəxtliyi görüb rahat getmək istəyirdim. Ancaq o mənə baxmağa cəsarət eləmirdi. Mən onun sağ əlinə baxırdım — o əl axşam, ay işığında mənim tellərimi sığıllamışdı. Mən onun gözlərinə? baxırdım

– o gözlər üzümə isti yağış çiləmişdi. Mən onun nazik, yaraşıqlı dodaqlarına tamaşa eləyirdim — o bir cüt dodaq mənim alnımdan qorxa-qorxa öpmüşdü, ancaq hərarətini indi də hiss eləyirdim, elə bilirdim o isti göz yaşları, üzümü yumağıma baxmayaryaq, hələ də yanaqlarımda qalır, dodaqları yenə alnıma toxunur, əli yenə. saçlarımda gəzir...

Getmək söhbətini Şahinin yanında açmadım, bilirdim qanı qaralacaq. O, həyətə çıxandan sonra Reyhan arvada mətləbimi söylədim. Razı olmurdu. «Getmə!» — deyirdi, — sənə öyrəşmişik, qızım!..» Mən Elməddinin şəhərdə olduğunu, indi nə isə böyük vəzifə sahibi olduğunu, radioda danışdığını, onun yanına mütləq gedəcəyimi qətiyyətlə bildirəndən sonra o, çarəsiz qalıb razılıq verdi. Xeyli dil-ağız təşəkkür səna eləyəndən sonra Reyhan arvadla vidalaşdım. Yazıq arvad məndən ayrılanda ağladı, cibimə əlli rupi qoyub dedi;

– Bizi unutma, qızım. İmkanın olanda ərini də götür, gəl bizə, həmişə əziz qonağımsınız. Özündən muğayat ol...

– Çox sağ ol, ana, — dedim, — sizi ömrüm boyu unutmayacağam. Tanrı sizə yar olsun...

Biz artıq həyətdə idik. Əhvalatdan xəbərsiz olan Şahin bostanda əlində bel nə isə qazırdı. Reyhan arvad onu səslədi. Gələndə isə gözlənilmədən dedi:

– Əfsanə gedir, bala. Onu yola sal...

Şahin əvvəlcə heç nə başa düşmürmüş kimi, donuxub qaldı, qabaqca nənəsinə baxdı, sonra mənə. Bayaqdan arzuladığım, xoşbəxtlik-həkk olunduğunu görmək istədiyim o gözlər mənə zillənəndə artıq onlarda sevincdən, bəxtəvərlikdən əsər-əlamət qalmamışdı. Nənəsinin sözlərini eşitdikdən cəmi bircə an sonra o gözlərə yenə əvvəlki kədər — silinməz kədər kölgə salmışdı. Yəqin sarsıldığından olardı ki, heç nə deyə bilmədi, «hara gedirəm, niyə gedirəm?» — deyə sorğu-sual eləmədi. Mən Reyhan arvadla bir daha vidalaşandan sonra içinə pendir-çörək, göy-göyərti qoyulmuş balaca səbəti məndən alan Şahin böyrümə düşüb lal-dinməz addımladı... Evləri ucqarda olduğundan əsas yola çıxmaq çox da çətin deyildi. O, cığırla qabaqda gedirdi, mən dalınca. Addımları qətiyyətsiz idi. Hiss olunurdu ki, ayağının biri gedir, biri yox. Mən arxadan onun kürəklərinə, cod, qara saçlarına tamaşa edə-edə addımlayırdım. Elə bil, məndən küsmüşdü, heç danışmaq da istəmirdi. Əsas yola çıxanda qoşalaşdıq, çiyin-çiyinə yeridik. Gözucu baxdım — yanaqlarında yaş gilələnmişdi. Düzü, mən özüm də yaman kədərlənmişdim. Hara gedirdim, kimin yanına gedirdim? Özümü təzədən od-alovun içinə atmırdımmı? Başıma kim bilir nələr gələcəkdi?.. Bu sualların heç birinə cavab tapa bilmədən addımlayırdım. Yanımca lal-dinməz, ağlaya-ağlaya yeriyən Şahinə yazığım gəlsə də, təsəlliverici bir söz tapıb deyə bilmirdim, dilim qıfıllanmışdı elə bil. Onun niyə ağladığını bilsəm də, səbəbini soruşmaq istəyirdim, ancaq tamam ayrı söz çıxdı ağzımdan:

– Daha qayıt, Şahin,... Özüm gedərəm... — Əlimi səbətə uzatdım. O dayandı və bayaqdan birinci dəfə mirvarili kirpiklərini qaldırıb üzümə baxdı, titrək səslə:

– Getmə! —dedi... —Getmə! — Səsi, sözləri, vücudu da titrəyirdi. Ağlar gözləri də yalvarırdı: «Getmə!»..

– Niya ağlayırsan, Şahin?

– Getmə!.. — dedi. Elə bil, başqa söz bilmirdi.

– Yox, getməliyəm! —söylədim. Və bu sözü söyləyəndə özüm də qeyri-iradi doluxsundum, hiss.ə qapılmamaq üçün, ondan daha çox özümə eşitdirmək üçün qəribə bir tərzdə ucadan: «Getməliyəm!» — deyə təkrar etdim və qəti hərəkətlə səbəti əlindən aldım. Sonra sol əlimi onun boynunun dalına salıb başını özümə tərəf çəkdim və... eynən Şahin kimi, eynən o öpən yerdən — alnından öpdüm. O döyüküb çaşqın halda mənə baxdı, yaş içində parıldayan gözlərinə qəribə bir təbəssüm qondu və sevindi. Mən daha onun gözlərinə baxmamaq üçün, utanmamaq üçün, fikrimdən dönməmək üçün dəhşətli bir yerdən uzaqlaşırmış kimi tələsik, hüzn dolu bir səslə:

– Sağ ol, Şahin! — deyib demək olar ki, qaçmağa başladım. Xeyli uzaqlaşandan sonra addımlarımı yavaşıdıb geri baxdım: o, donmuş kimi yolun ortasında dayanmışdı, sağ əlnni alnına — öpdüyüm yerə qoymuşdu. Əlimi havada yellədim, «xudahafiz» dedim astaca.

O isə qışqırdı:

– Əfsanə, getmə! Mən əlimlə «yox!»— söylədim. O yenə qışqırdı:

– Harda olsan gəlib səni tapacağam, Əfsanə!

– Yazıq! — dedi Simin.

– Səsi indi də qulaqlarımdadı.. — deyə Əfsanə ah çəkib susdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min
İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 min
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 min
İkinci hissə, on altıncı fəsil

Yüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.

12 min

Poems by other poets