Üçüncü hissə, on dördüncü fəsil
Page 2 of 2 · 50%
– Sağ ol; ay bacı! — demişdi, — xoşbəxt olasan, gəlin!
O indi də, təzə paltarında Elməddindən utanırdı nə üçünsə. Paltar əyninə qaydasında olsa da, nədənsə onu elə bil sıxırdı və ya elə sanırdı ki, əynində heç paltar yoxdu — o, Edməddinin qənşərində çılpaq dayanıb. Odur, ki, əllərini tez-tez gah sinəsində çarpazlayır, gah da daraqlayıb qarnının üstünə qoyurdu. Elməddin bu sıxıntını hiss elədiyindən ona baxmamağa çalışırdı və ürəyində Siminin hərəkətini təqdir edir, düşünürdü: «Mən ona çox əzəb vermişəm, Simin. Onun həyatını bəlkə də mən belə tar-mar eləmişəm. İnsanlıq naminə, ləyaqət naminə o hər cür yaxşılığa layiqdir, Simin. Elə hesab elə ki, o da sənin bacındı, sənə pənah gətirib. Onun burada bizdən başqa kimi var, nəyi var?! Mən bundan sonra, ömrüm boyu onun qulluğunda dursam da, verdiyim əzabların yanında heç nədi, Simin. Mən sənin ürəyinə inanıram sən məni başa düşürsən, Simin elə deyilmi?» — Elməddin bu sözləri ürəyində öz-özünə pıçıldayırdı və ona elə gəlirdi ki, Simin qəlbindən keçənləri eşidir. anlayırdı. Simin də özünü xoşbəxt sayırdı. Bayaqkı gərginlikdən əsər-əlamət qalmamışdı: onun üzünü nurlu bir təbəssüm işıqlandırırdı xeyirxahlıq, alicənablıq elədiyini özü də başa düşürdü və belə etməyi ilə ərinin könlünün xoş olduğunu görüb bir az da qayğıkeş, bir az da mehriban olmağa çalışırdı.
– Xörəyin hazırdı, Simin? — Elməddin Əfsanənin ac ola biləcəyini düşünüb xəbər aldı.
– Hə, hazırdı, keçin yemək otağına.
Ara qapıdan yan otağa keçdilər. Üstünə süfrə salınmış girdə stolun üstündə boşqablar, çəngəl-qaşıq düzülmüşdü, çörək qoyulmuşdu. Simin bunları nə vaxt hazırlamışdı, heç biri bilmirdi.
– Otur, Əfsanə. Bax, sənə bəri başdan deyirəm, qətiyyən sıxılıb eləmə, buranı öz evin hesab elə.... Qəryədəki evimizi satmışam, bu xanimanı onun puluna almışam, Əfsanə. Orda sənin də haqqın vardı. Demək istəyirəm ki...
– Əfsanə bayaqdan ilk dəfə ağız açıb sual verdi:
– Bəs Səbihə xala?
– Səbihə xala ömrünü bizə bağışlayıb getdi, Əfsanə... Əfsanə tutuldu, nazik, ancaq gecə şaxtalarından çatlamış dodaqları səyridi. Səbihə arvadın səsi, sifəti xəyalında canlandı. İl yarımacan bir yerdə yaşamışdılar, tük qədər onu incitməmişdi, qəlbinə dəyməmişdi Demək Əfsanə çıxıb gedəndən sonra onun gəlin köçdüyü o ev-eşik, həyət-baca dağılmışdı.
– Haçan olub bu hadisə, Elməddin? — o, kədər içində soruşdu.
– Çoxdan... Elə o vaxt sən qeybə çıxanda mən səni axtarmağa getdim. Arvad yazıq tək qaldı. Elə tək də, kimsiz-kimsəsiz dünyadan köçüb...
– Yazıq arvad!.. — deyib Əfsanə gözlərinin yaşını sildi. Bu zaman Simin buluda çəkilmiş plovu ortalığa qoydu, səbzi-qovurmanı gətirdi... Düyünün xoş ətri otağa doldu.
– Hə, bismillah eləyin! — dedi! — Hə, niyə durmusan, Əfsanə bacı, başla, sən allah, burda özgə adam yoxdu.
– Düz deyir, Əfsanə... Sən allah, çəkinmə heç nədən. Əvvəl çörəyimizi yeyək, sonra danışarıq. Danışarsan görək bu neçə ili hardaydın, başına nələr gəlib, haralarda olubsan?!
– Eh, nə danışacağam... — dedi Əfsanə! Elməddin etiraz eləmək istəyirdi ki, telefon səsləndi. O, ayağa qalxaraq:
– Siz çörəyinizi yeyin... — deyərək iş otağına keçdi. Zəng eləyən Şəfi idi. Elməddini Əfsanənin tapılması münasibəti ilə təbrik elədi, sonra xəbər verdi ki, saat səkkizdə hamımız təcili orada (yerin adını demədi, çünki Elməddin «oranın» hara olduğunu yaxşı bilirdi) olmalıyıq.... Yarım saatdan sonra Şəfi onu gözləyir. Elməddin «yaxşı» deyib qayıtdı. Qadınlar xörəklərini yeyirdilər. O da gəlib tələsik getməli olduğunu bildirdi, bir neçə qaşıq plov yedi və durdu.
– Məni bağışlayın, — deyə Əfsənədən də (əsas Əfsanə idi) Simindən də üzr istədi, — mən gedirəm. Siz yaxşı-yaxşı, nuşcanlıqla şamınızı eləyin, oturun, dərdləşin. Mən işdi, gec gəlsəm nigaran qalmayın. İşə bax ki, neçə il ayrılıqdan sonra bir yerdə bir tikə çörək yeyəcəkdik, o da qismət olmadı.
– Yazan belə yazıb, Elməddin! — deyə Əfsanə qaşığı əlində donmuş halda cavab verdi. — Nə səndə günah var, nə də ki, məndə.
– O, ah çəkdi. Simin Əfsanənin çox, lap çox bədbəxt olduğunu sanki indicə anladı və ona elə yazığı gəldi ki boğazı kilidləndi. Qaşığını yerə qoyub Əfsanəyə ürək-dirək vermək üçün:
– Üç dörd saatdan sonra gələcək, bacı, — dedi. Belə şeylər tez-tez olur. Bir də görürsən gedir, bütün gecəni qayıtmır. Səhərəcən yolunu gözləyirəm, yerinə qor duşmüş adam kimi çalıxıb-çapalayıram. — Birdən Simin anladı ki bunları demək istəmirdi, nə isə ayrı şey deyəcəkdi. Hə, xatırladı və əlavə elədi: — Darıxma bacı, bundan sonra həmişə bir yerdə çörək yeyəcəyik. Üçümüz də bir süfrə başında.
Elməddin razılıqla gülümsündü və qızını öpüb anasına verərək evdən çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
Poems by other poets
Deyirlər ki, bizim bu sarı bülbül,Güllü bağçalara vermişdir könül.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Əməli-müxəyyəlEy baği-əməl, açıl, bahar ol,Ey sevgili qönçə, xəndədar ol!
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.