Page 1 of 2

Gec yatdıqlarına baxmayaraq, Simin hamıdan tez oyanmışdı, mətbəxdə çay qaynatmış, stolun üstünə stəkan-nəlbəki düzmüş, çörək, yağ-pendnr, bal qoymuş, üzünə milçək-filan qonmasın deyə dəsmal sərmişdi. Səhər yeməyinin vaxtı əslində çoxdan keçmişdi. Saat ikiyə işləyirdi — Elməddin şirin-şirin yatmışdı. Simin ev-eşiyi yığışdırandan, həyət-bacanı süpürəndən sonra tək qalıb darıxdığı üçün yavaşca, barmaqlarının ucunda Əfsanənin otağına girdi. Əfsanə, görünür, bərk uyumuşdu, Siminin gəldiyindən heç xəbəri də olmamışdı — çünki nə tərpəndi, nə də qımıldandı. Başı da, sinəsi də açıq idi. Hörülmüş, uzun saçlarının biri ağ balış üstündə qara ilan kimi qıvrılmışdı, əynindəki gecə köynəyinin üçbucaq şəkilli yaxasından ağ sinəsinin bir parçası görünürdü. Arxası üstə yatmışdı, sol biləyini də alnına qoymuşdu. Ayaq tərəfdə dayanan Simin aram-aram nəfəs alan, ağ, qəşəng sifətində əzablı-ağrılı bir ifadə həkk olunan (bu, deyəsən, onu daha da gözəlləşdirirdi) Əfsanənin həqiqətən gözəl olduğunu elə bil indi, bax bu anlarda görüb hiss elədi. Dünən gələndə deyəsən o belə gözəl deyildi, axşam, ikisi üzbəüz oturub söhbət eləyəndə də bu cür deyildi. Amma indi... Simin istər-istəməz bir qadın kimi özünü bu yatmış, bu dərdli gözəllə müqayisə elədi, müqayisə elədi və anlaşılmaz, qəlbinə yad bir sıxıntı içində istər-istəməz üstünlüyü Əfsanəyə verdi. Və bu an Əfsanə ona Simindən qüdrətli, Simindən ağıllı göründü; ona elə gəldi ki, bax, bu qabağında yatmış gözəl qadın illərin arxasından, uzaq-uzaq yerlərdən məhrumiyyətlərə dözə-dözə, onun-bunun qoltuğuna sığına-sığına, Şahin kimi sevən bir cavanı rədd edib gözüyaşlı qoyaraq, Siracəddin kimi bir «əjdahanın» torundan xilas olaraq bura — Elməddinin ocağının başına nahaq gəlməyib, əbəs gəlməyib. O gəlib ki, Siminin Elməddinini — demək, səadətini əlindən alsın, xoşbəxtliyini uçurub dağıtsın. «O mənimdir, Simin!» — deyərək hər şeyi alt-üst eləsin. Bu acı fikirlər ürəyini cırmaqladı, gözləri qaraldı, başı gicəlləndi. Əfsanə elə bil yatağında əriyib yox oldu, yerində nə isə qara, qatran kimi qapqara bir vücud qaldı —yalnız bu zaman, səhərə yaxın Elməddinin Əfsanə barəsində dediyi sözlər yadına düşdü, qulaqlarında səsləndi və onu bu qara fikirlərin zəhərli caynağından qopartdı: «Mən Əfsanəni alsaydım, elə o vaxt alardım. Onda ürəyim qəbul etməmişdi, indi də etməz. Çünki mənim ürəyim elə həmin ürəkdi, əqidəm də elə həmin əqidədi, Simin!» Bu sözlər onun beynini, baxışlarını durultdu, hövllənib tez-tez çırpınan ürəyi qara, qorxulu təhlükənin sovuşduğunu hiss edib adi qaydasına düşdü. Yatağında uzanmış Əfsanə də o qara, qatran kimi qapqara vücuddan dönüb əvvəlki Əfsanə oldu — saçı yenə ilan kimi qıvrılıb yatmış, əli alnında, sinəsinin bir parçası açıq... Əfsanə oldu. Və Simin onun ağ sifətinə həkk olunmuş ağrılı əzablı ifadəni daha aydın oxudu və onun nəfəs almağında da, sifətində də bir yazıqlıq, bir bədbəxtlik gördü, onun haqqında belə düşündüyünə görə utandı Simin! Balacalaşdı, cılızlaşdı, çirkinləşdi Simin! Özünü, qəlbini indiyə qədər yaxşı tanımadığına heyrət içində gözünü döydü. Daha bundan sonra belə qara fikirləri yaxına buraxmayacağına, bu cür alçalmayacağına səssiz-səmirsiz and içdi.

Qəhərləndi, boğazı acışdı və öskürdü. Səsə Əfsanə gözünü açdı — uzun, qatlama kirpiklərini qaldırıb ayaq tərəfində Simini görəndə.... yuxulu-yuxulu gülümsündü. Simin irəli gəldi, döşəyinin yanında diz çöküb:

– Sabahın xeyir, bacım!—dedi. Əfsanə dikəldi, dikələndə ağ balış üstündə qıvrılıb yatan qara ilan kürəyinə düşdü və o, yuxudan doymadığını bildirən bir tərzdə şirincə əsnəyib:

– Aqibətin xeyir, Simin! — söylədi.

– Necə yatmısan?

– Çox pis. Demək olar ki, heç yatmamışam, bacı!

– Niyə ki? Yerin narahat idi?

– Yox. Əksinə, yerim çox rahat idi. Ürəyim, beynim narahat idi. Nə isə bu gecə ömrümün ən oyaq, ən ağır gecələrindən biri idi.

Bütün həyatım gəldi düşdü yadıma, bütün olub-keçənlər gəldi düşdü yadıma. Yuxum ərşə çəkildi.

– Hə, bacım, sənin həyatın qəribə həyat olub. İnanırsan, elə mən də bu gecə səhərəcən sənin barəndə düşünmüşəm. Ancaq... nə etmək olar, olan olub, keçən də keçib. Keçmişi unudub yaşamaq lazımdır.

– Keçmiş unudulmur, insanın ömrü keçmişdən ibarətdir, gələcək isə naməlum bir şeydir. Mən çox çalışmışam, keçmişimi unudub rahat yaşayım — amma bacarmamışam.

– Belə deməyimə baxma, mən də bilirəm ötənləri unutmaq olmur. Düzü, istəyirəm sənə təsəlli verəm, ancaq heç bilmirəm bunu necə eləyim. Deyirlər, təsəlli hər necə olsa, adamın dərdini yüngülləşdirir.

– Əslində, yox, Simin! Bu, ancaq təsəlli verən adamın səni istədiyini bildirir, vəssalam. Yoxsa, təsəlli dərdi-zadı yüngülləşdirmir, Simin! Mən belə təsəlliləri çox eşitmişəm. Başa düşmüşəm ki, mənə təsəlli verənlər məni istəyən, mənə yazığı gələn adamlardı. Sağ olsunlar, elə sən də təsəlli üçün sağ ol, Simin!

– Sən də sağ ol, bacı. Darıxma, görərsən, hər şey yaxşı olacaq... Bir yandan bağlayan fələk, bir yandan açır, deyirlər. Əfsanə yanına qoyduğu donunu götürüb geyinə-geyinə:

– Elməddin yaman gec gəldi, — dedi.

– Hə. Sən yatandan azı iki saat sonra qayıtdı.

– O gələndə oyaq idim.

– Hə? Oyaq idin?

– Hə.

– Sənin yatmağına çox peşman oldu.

– Niyə ki?

– Nə bilim. Nə isə... gərək yatmayaydıq, gözləyəydik. Mən həmişə gözləyirəm. İntəhası, sən yorğun idin deyə...

– Hələ yatır?

– Yatır. Biz hava işıqlaşanacan söhbət eləmişik. Sənin hekayətini danışdırıb mənə, qulaq asıb. Çox pərişan idi. Söhbətimiz qurtarandan sonra da, hiss eləyirdim ki, yazıq yata bilmirdi, sudan çıxarılmış balıq kimi çırpınırdı yerinin içində.

—…

– Qalx, qalx, bacı. Acından birtəhər oldun. Gün günortadan keçib, biz hələ səhər yeməyimizi yeməmişik.

– Qorxma, bir gün gec yeməklə bizə heç nə olmaz!.. Əfsanə qalxdı, donunu səliqəyə saldı; əyildi yorğan-döşəyini yığışdırıb yükə qoysun, Simin qabağına keçdi.

– Yox, özüm eləyəcəyəm. Sənin işin olmasın, bacı. Sən get əl-üzünü yu, irahlan. Mən də indi gəlirəm.

– Çox sağ ol, Simin! —deyib Əfsanə otaqdan çıxdı. Simin yorğan-döşəyi yığışdırıb yükə qoydu, otağı süpürdü, sonra Əfsanənin dalınca getdi. Əfsanə həyətdə, dirəyə vurulmuş əlüzyuyanın qənşərində dayanıb yuyunurdu. Simin əlində tiftikli dəsmal gəlib böyründə dayandı. Əfsanə üzünü, əllərini qurulayıb Siminə razılıq hissilə baxaraq gülümsündü.

...Süfrə başında sükut içində oturmuşdular. Məlum idi ki, deyib-danışmalı söz çox idi, lap çox idi, ancaq heç biri nədənsə dinib-danışmırdı. Lal-dinməz yeyib-içir, düşünür, gözləri yol çəkir və arada da bir-birinə mənalı-mənalı baxıb gülümsünürdülər. Simin ərinin böyründə əyləşmişdi, Əfsanə Elməddinin qənşərində. Sükut həqiqətən cansıxıcı idi. Simin bir növ bu söhbətdə özünü kənar adam sayırdı, illər uzunu ayrı düşmüş, bir-birinin həsrətilə yaşamış iki sevgilinin görüş məqamında sir-sifətinə baxmaq, nədən danışdıqlarını dinləmək Simin üçün, həyata təzə atılmış cavan bir qadın kimi son dərəcə maraqlı idi. Tərslikdən də onlar ağızlarına su almış kimi susurdular. Bu sükut Siminə mübhəm və müəmmalı görünürdü, çünki çox gözəl bilirdi ki, ikisinin də ürəyi doludu, deyiləsi sözləri çoxdu. Bunu da bilirdi ki, onlar indi qəlblərində danışırlar. Birdən Simin başa düşdü ki, avamlıq eləyir, o, bu məclisdə artıqdı; qəfil durub getmək istədi, lakin fikirləşdi ki, bu işi ustalıqla eləmək lazımdı, yoxsa Elməddinin də, Əfsanənin də xətrinə dəyə bilər, duşünə bilər ki, Simin qısqanır. Odur ki, o, işgüzar bir xanım ədasıyla süfrəyə göz gəzdirdi, yeməkdən əl çəkdiklərini görüb:

– Niyə yemirsiz? —deyə soruşduqda Əfsanə:

– Doydum mən, — dedi, — çox sağ olun, süfrəniz dolu olsun. Elməddin güldü:

– Mən də yemirəm —Sonra üzünü Siminə tutub əlavə elədi.

– Əfsanə elə təşəkkür eləyir ki, guya qonaq gəlib bizə.

Əfsanə başını qaldırıb Elməddinin üzünə baxdı, sifətində bir təbəssüm gəzdi, ancaq heç nə deyə bilmədi. Simin söylədi:

– Qonaq niyə olur? Bura onun öz evidi.

– Əlbəttə, Əfsanə, mən elə dünən dedim, bura sənin öz evindi

– istədiyin kimi ye, iç, yat, ürəyin nə istəyir, onu da elə,

– Sizdən çox razıyam, sağ olun! —deyə Əfsanə qabağına tökülən çörək qırıntılarını barmağının ucuyla cəmləməyə başlayanda Simin əsl məqamın yetişdiyini duyub ayağa qalxdı, stolun üstünü yığışdırdı — stəkan-nəlbəkini güllü siniyə qoyub mətbəxə apardı. Sonra vedrədən tökülən suyun şırıltısı eşidildi, qab-qaşıq dınqıldadı

– bununla o, bildirmək istəyirdi ki, mən məşğulam. İndi stol arxasında ikisi qalmışdı. Elməddin titrəyən barmaqları arasında tutduğu siqaretin boz tüstüsü arxasından Əfsanəyə baxırdı, alnına, qaşlarına, solğun yanaqlarına, hələ də qız dodaqları kimi təravətli olan dodaqlarına, qız döşü kimi xırda, bərk və köynəyin yaxasını qabardan döşlərinə nəzər salır, o vaxt — Həzrətgülün dükanında gördüyü, öz evlərində gördüyü o Əfsanə ilə indi qarşısında əyləşən Əfsanəni fikrinin güzgüsündə yan-yana qoyub müqayisə eləyir, dəyişibdəyişmədiyini yoxlamağa çalışırdı. Yox o qədər də dəyişməmişdi Əfsanə. Sadəcə olaraq uşaqlıq, ilk gənclik dünyasından ayrılmışdı, sümüyü bir az iriləşmişdi, azca kökəlmişdi. O vaxt üzündə, gözlərində həkk olunub qalmış utancaqlıq, hürkəklik deyəsən azalmışdı. Sərbəst olmuşdu deyəsən Əfsanə. Lakin birdən Elməddinin ürəyinin başı göynədi, sızıldadı, Ay aman, Əfsanənin gözəl saçlarının ortasında — tağının sağa ayrılmış hissəsində ağ tüklər dəydi gözünə Elməddinin! O, siqareti dodaqları arasından çəkdi, gözlərini qıyıb diqqətlə baxdı, baxdı. Yox, gözləri onu aldatmırdı. Əfsanənin saçına dən düşmüşdü, ay allah, dən düşmüşdü. Öpüb-oxşaya bilmədiyi, ancaq bir dəfə yuxusunda çəmən ətri kimi bihuşedici rayihəsindən məst olduğu, şaxtaya düşmüş adam əli kimi əsim-əsim əsən əlilə qorxa-qorxa sığal çəkdiyi o ipək tellərə indi dən düşmüşdü. Əfsunlanmış kimi Elməddin nəzərlərini Əfsanənin tağından çəkə bilmirdi. Heyrətini də bildirməyə taqəti yox idi. Elə bil heyrəti də içində donub qalmışdı — sözləri kimi. Tükün kökdən, dibdən ağarmağa başladığının fərqinə yalnız indi vardı. Heç görməmişdi — bu həqiqəti indicə dərk elədi və gözlərinin qabağındaca beş-on ağ tük artıb çoxaldı, çoxaldı; Əfsanənin bütün saçları ağardı sanki birdən-birə. Və Elməddinin sinəsindən ixtiyarsız dərin, yandırıcı bir ah qopduqda Əfsanə baxışlarını qaldırdı və onun dumanlı nəzərlərinin saçlarına zilləndiyini görüb sözsüz də hər şeyi başa düşdü, asta, kədərli bir səslə:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, birinci fəsil

Payız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.

5 min
Üçüncü hissə, ikinci fəsil

Qırmızı qapı aralı idi. Bunu görən kimi Gülmirənin beynində soyuq bir fikir dolaşıb tüklərini ürpəşdirdi: «Əqdəm evdədir!» Əzgin, yorğun, taqətsiz addımlarla içəri girdi. Onun bu dəqiqə yeganə bir istəyi vardı: özünü çarpayısına yetirsin, paltarlı uzanıb azca rahatlansın, toxtasın, əsəblərinii gərginliyi azalsın. Bu vəziyyətdə onun ayaq üstə dayanmağa da taqəti yoxdu.Gülmirə ürkək nəzərlərlə otağa göz gəzdirdi; Əqdəm yox idi. Rahat nəfəs alan kimi oldu. Bu ara mizin üstündəki külqabıdan burula-burula yuxarı qalxan tüstü diqtətini cəlb elədi: Qapı açıq idi. Papiros tüstülənirdi. — Bütün bunlar göstərirdi ki, Əqdəm evə gəlib. Bəs hanı? Gülmirə ağzını doldurub Əqdəmi səsləmək istədi, ancaq səsi çıxmadı.

3 min
Üçüncü hissə, üçüncü fəsil

Nadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.

8 min
Üçüncü hissə, dördüncü fəsil

Neçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».

8 min

Poems by other poets