Birinci hissə, on altıncı fəsil
Page 3 of 4 · 50%
Süleymanın adını eşidəndə Nəzər o dəqiqə İmranı xatırladı:
⎯ İmran kişi öldü də, bilməmiş olmazsan.
⎯ Hə… Getmişdim, başsağlığı verdim. Səfər istəyirdi el adətincə ehsan versin, yas saxlasın. Amma Süleyman müəllim qoymadı, «lazım deyil, ⎯ dedi. ⎯ Bunlar boş şeylərdi, mənə yaraşmaz…» Qurban burda bir az susdu, sınayıcı nəzərlə müsahibinə baxıb əlavə elədi: ⎯ Düzü, burda ondan xoşum gəlmədi, Nəzər müəllim. Tək mənim yox ey, bütün kənd camaatının. Xalqımızın adəti var, ənənəsi var. Məncə, bunu ona heç kəs qadağan eləmir, eləməz də. Vəzifə adamı olanda nə olar? Bilmirəm, bəlkə mən səhv düşünürəm, hə?
⎯ Yox, sən düz deyirsən, Qurban. Süleyman burda bir balaca əyib işi. Bir balaca yox ey, lap çox əyib. Sən kim olursan-ol, əvvəlcə insan olmalısan, Qurban. O, bununla öz nüfuzuna ağır zərbə vurdu, məncə. Və bunu çətin düzəltmək mümkün olsun.
⎯ Fikirləşirəm, deyirəm, bəlkə kənddən-kəsəkdən çoxdan çıxdığına görə çox şeyləri unudub, yadırğayıb?
⎯ Yox, ⎯ Nəzər İmran kişi ilə görüşünü, söhbətini yada saldı, ancaq Qurbana təfsilat danışmayıb, qısaca çıxardığı nəticəni söylədi, ⎯ soyuqqanlı adamdı. Ata-bala bir az da yadlaşmışdılar, Qurban.
⎯ Hm… O da sizin şagirdiniz olub da?
⎯ Hə…
⎯ Şagird dedim, yadıma düşdü… Yadıma düşdü deyəndə, yəni sizi elə bununçun çağırdım… Eşitdim pensiyaya çıxmısız…
⎯ Hə, ⎯ Nəzər ah çəkdi və bir siqaret yandırdı… ⎯ Hə… Qurban… çıxmışam…
⎯ Eşitdiyimə görə, Şakir bir az nanəciblik eləyib sizin barənizdə…
⎯ …
⎯ Fikir verməyin, Nəzər müəllim. Məncə, o, müəllim olsa da, ziyalı deyil.
⎯ …
⎯ Hiss eləyirəm onun haqqında heç danışmaq da istəmirsiz… Yaxşı, onu qoyaq kənara. Uzun illər işləmiş adam birdən-birə bekar qalanda çox pis olur. Mən bunu başa düşürəm, Nəzər müəllim.
⎯ Çox sağ ol, Qurban. Mən bunu çox yüksək qiymətləndirirəm.
⎯ Odur ki, belə qərara gəlmişəm ki, siz bizə müəyyən işlərdə kömək eləyəsiz, həm sizin başınız qarışsın, həm də bizim işimiz yaxşı olsun.
Nəzər sual dolu baxışlarını Qurbanın gözlərinə zillədi:
⎯ Məsələn, nə kömək, Qurban?
⎯ Ürəyin nə istəyirsə… Mən özüm demirəm ki, qorxuram xətrinizə dəyə bilər!..
⎯ Yox, dəyməz, Qurban, söylə!
⎯ Məsələn, bizim klubun müdiri olasız. Canlandırasınız klubu. Cəlb eləyəsiz adamları, cavanları… Axı insan təkcə işləmək üçün yaranmayıb! O, əylənməlidi də, istirahət etməlidi də!
Nəzər müəllimin üzü güldü. Sevindiyindən ürəyi atlandı. Ona görə yox ki, Qurban ona doğrudan da, bekarçılıqdan canını qoymağa yer tapmayan, darıxan, yerə-göyə sığışmayan Nəzərə, necə deyərlər, muştuluq üçün iş təklif eləyirdi, ona görə ki, Qurban belə ⎯ Nəzərin ürəyincə fikirləşirdi. Özü də bilmədən Qurban, Nəzərin yaralı yerinə toxunmuşdu.
⎯ Sağ ol, ürəyimi dağa döndərdin, oğul. Ancaq məni çıx. Mən… Yox… Fikrin yaxşıdı ⎯ bacarırsan, bu işə cavanları cəlb elə. Məsələn, elə mənim oğlumu ⎯ Qəribi. Gedib rayon mədəniyyət evində işləyir. Çək gətir kəndə, qoy işləsin. Orda gördüyü işi burda görsün. Yığsın cavanları başına, dərnəklər təşkil eləsin, çalsınlar, çağırsınlar, müsamirələr versinlər. Konsertlər, gecələr təşkil eləsinlər. Uşaq bizim gözümüzün qabağında olsun, sizin də işiniz getsin.
⎯ Hə, mümkündü. Mən elə bilirəm Qərib mənim sözümü eşidər…
⎯ Amma bir ayrı məsələ də var, Qurban…
⎯ Nədi o elə?
⎯ Deyirəm cavanlar… hanı, kənddə heç cavan qalıb ki? Üzü ağ olsun Mikayılın. Uçurtdu cavanları bir-bir kənddən. Pərən-pərən oldular. Kimi oxumaq adıynan getdi, kimi işləmək adıynan. O gün saymışam, təkcə keçən il on yeddi cavan gedib. Onlardan beşi instituta girib, qalanı zavodda, fabrikdə, tikintidə ilişib qalıb. Onlardan on nəfəri BAM-dadı, Tümendədi… Bir də çətin qayıdarlar onlar bura, Qurban… Bəlkə qocalanda, başları daşdan-daşa dəyəndə qayıdalar, onu deyə bilmərəm.
⎯ Elədi. Bu, məni çox düşündürür, Nəzər müəllim. Mən də o irəli atıb-tutmuşam ki, haçandı kəndimizdə toy-nişan yoxdu. Olmur, Nəzər müəllim. Dərindən götür-qoy eləyəndə bu, böyük dərddi, çox böyük dərddi.
⎯ Qızlarımız qalıb qarıyırlar, Qurban. Bəli, qarıyırlar. Neçə qız var ki, ərə getmək vaxtı çoxdan keçib. Gəncliklə vidalaşmaq üzrədirlər. Neyləsinlər bu yazıqlar? Kimə ərə getsinlər? Kimnən ailə qursunlar axı?! On beş-iyirmi il bundan sonranı gətir gözünün qabağına, gör nə görərsən, Qurban? Qocalar ölüb gedəcək, indiki cavanlar qocalacaq, təzə nəsil isə… olmayacaq. Sadəcə olmayacaq. Və sənin bu kəndin əlli il sonra… xarabazara dönə bilər belə olanda! Xəritələrdə ancaq adı qalar, bala!
Qurban ayağa qalxdı, mavi rəngli seyfi açdı, ordan bir qovluq götürüb geri döndü, açıb içindən neçə qat bükülmüş, nəqşəli bir kağız çıxarıb, stolun üstünə sərdi:
⎯ Nəzər müəllim, ⎯ dedi, ⎯ bura diqqətlə baxın. Bu, Əsgərabadın baş planıdı. Şəhərdən gətirdiyim arxitektor Elçin Əliyev verib bu proyekti. Akademiyada, incəsənət və memarlıq institutunda işləyir. Çox istedadlı bir cavandı. Burda görmədiz ki, onu?
⎯ Yox.
⎯ Hə. Onun proyektidi. Canım sağ olsa, allah da sizə uzun ömür versə, beş ildən sonra bizim bu Əsgərabadı bax belə görəcəksiz, Nəzər müəllim. Bir baxın, siz allah. Görün necə qəşəngdi, küçələrdi bunlar ⎯ bu uzanan ağ xətlər, bu, parkımızdı ⎯ içindəki bu abidə müharibədə həlak olanlarımızın şərəfinə ucaldılacaq. Bax, o cəlallı bina isə bizim mədəniyyət sarayımız olacaq…
Qurban barmağını nəqşənin üzərində gəzdirdikcə, Nəzərin gözləri, baxışları ora-bura qaçırdı. Kağız üzərindəki Əsgərabad doğrudan da gözəl idi. Ürəyi fərəhdən dağa dönən Nəzər kişi də ayağa qalxdı, Qurbanla üz-üzə dayandı və sevinc içində:
⎯ Çox sağ ol, ay oğul, ⎯ dedi, ⎯ halal olsun bu torpağın suyu, çörəyi sənə. Çox gözəldi, Qurban. Yarada bilsən, tikib qura bilsən ⎯ bu özü elə sənə qəşəng, əbədi bir abidədi… Mən sənin qüdrətinə, ürəyinə inandım indicə. Amma qoysalar… Bilirsən, niyə deyirəm qoysalar?
⎯ Yox!
⎯ Çox təəssüf ki, bizdə bəzən cani-dildən işləyən adamı qoymurlar işləsin. Ya o saat onu başqa bir vəzifəyə irəli çəkirlər, ya da… çıxardırlar. Bilmirəm, sənin yadındadı ya yox, mənim yadımdadı, elə bizim Bakı Sovetinin sədri var idi bir zamanlar, Ləekəranski. Ay kişi, o necə çalışırdı, necə işləyirdi, Bakını necə tikib gözəlləşdirirdi! Sən təsəvvür elə, bu adamın gecəsi-gündüzü yox idi, idarəsində tapa bilməzdin, harda axtarsaydın, tikintidə, fəhlələrin yanında tapardın. O cür ki, ələşib-vuruşurdu, yaradırdı, indiyə Bakı dünyanın ən gözəl şəhərinə dönməliydi, Neapol nəydi onun yanında! Amma çıxardıb ayrı vəzifəyə qoydular, oldu kabinet adamı. Onun yerinə gələn isə… İndi Bakıya getsən, qazıq-qazıq olmayan küçəsini çətin taparsan. Bir idarə sökür ⎯ kanalizasiyasını düzəldir, tikir. Üç gün sonra, hələ heç asfaltın istisi soyumamış, o biri idarə gəlib təzədən söküb kabel çəkir, nə bilim nə çəkir!
⎯ Bə niyə belə eləyirlər axı? Bu ki, ziyankarlıqdır açıq-aşkar!
⎯ Hə, ziyankarlıqdı. Mənə elə gəlir ki, o idarələrdə bəzi işbaz adamlar əmələ gəlib ⎯ qorxusuz, vicdansız… xalqın, dövlətin pulunu yemək eşqilə yaşayanlar, tamahkarlıqlarından ağızlarının suyu axanlar əmələ gəlib, Qurban. Adam lap hərdən imanını yandırıb fikirləşmək istəyir ki, onlar bir-birilə əlbir olublar, sözləşiblər. Yoxsa başqa nə ad vermək olar buna? ⎯ Nəzər müəllim fırlanıb təzədən nəqşənin üstünə qayıtdı ⎯ Gözəldi, Qurban, sağ ol.
⎯ Gərək əl-ələ verək, eliyək. Camaatı səfərbər eliyək. Pulumuz var, suda buraxacağam camaata, yer verəcəyəm. Tikəcəyik. Elə bilirəm ki, adamlarımız bu işə həvəslə girişəcəklər. Özüm də qoymayacağam bu camaatın, bu kolxozun bir çöpü, bir qəpiyi itib-batsın, oğru-əyri aparsın. Qoymayacağam.
⎯ Ayıq olsan, qoymazsan.
Bu ara qonşu otaqdan sayğacın şaqqıltısı eşidildi. Nəzər susub dinşədi:
⎯ Nə səsdi o elə, Qurban?
⎯ Hesabdar Mustafadı. İşləyir…
⎯ Mən bilirəm odu, Qurban. Özüm qəsdən soruşdum.
⎯ Hə?
⎯ Məqsədim var, Qurban. Deyirsən, qoymayacağam… Amma mənə elə gəlir ki, oğrunun biri lap gözünün qabağında oturub. Sən isə onu görmürsən deyəsən?
Qurban duruxdu:
⎯ Nə danışırsız, Nəzər müəllim?
⎯ Bəli. Sən necə olur, fikir verib görmürsən ki, Mustafa əvvəlki Mustafa deyil? Əyin-başı da o deyil. Hətta siqareti də əvvəlki deyil. İndi «Malbora» çəkir sənin Mustafan! Hardandı? Bəs əvvəl niyə belə deyildi?
Qurban fikrə getdi. Nəzər dedi:
⎯ Mən bunu elə-belə, səni ayıq salmaq üçün deyirəm. Mən onun oğurluğunu da, saxtakarlığını da görməmişəm. Sadəcə müşahidələrimdi. Düşündürür məni istər-istəməz…
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Poems by other poets
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
دلیل ما شد آن ساقی به دارالعیش میخانهبیا گر آرزومندی به جام لعل جانانه
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.