Üçüncü hissə, üçüncü fəsil
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»
Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Elə o gecə, hələ «Napaleon» konyakının təsiri beynindən getməmiş, düz Qəribin mənzilinə baş çəkmiş, ancaq onu evdə tapa bilməmişdi. Kəndə zəng çalıb Bikə xanımdan Qəribin evə gəlib-gəlmədiyini soruşmuşdu. Arvad nigaran-nigaran demişdi ki, gəlməyib. Sonra Nəzər Tapdıqgilə telefon eləmişdi ⎯ orda da yox idi Qərib! «Bəlkə qırışmal Bakıya-zada gedib?» Öyrəndi: ora da gedib çıxmamışdı.
O gecə elə idarədə yatıb qalmışdı. Səhərisi gün, axşam kəndə gələndə oğlunu evdə, çarpayısında yatan görüb bir az toxtamışdı. Bikə xanım Qəribin köynəklərini yuyub zirvədən asmışdı, özü də tut ağacının altında rahat-rahat oturub çay içirdi, əzvayışından, ərini gülər üzlə qarşılamağından görünürdü ki, arvadın kefi kökdü. Amma elə ilk dəqiqələrdən bu sevinc yox olub getmişdi, çünki Nəzər çox qaşqabaqlıydı və bunu Bikə xanım sezməyə bilməzdi.
⎯ Nə olub, ay kişi? Qanın niyə qaradı?
Nəzər stol arxasında əyləşib:
⎯ Bəs sənə nə olub ki, kefin aladağdadı? ⎯ deyə suala sualla cavab verdi. ⎯ Yoxsa… oğluyun gəlib çıxmağına belə şadsan?
Bikə xanım onun üçün bir stəkan çay süzdü:
⎯ Bə nədi? Ona qurban olum. Gəlib. Özü də xoş xəbərnən gəlib, kişi.
⎯ Hə?
⎯ Hə. Amma muştuluğumu verməsən, demiyəcəyəm.
⎯ Yəni elə xəbərdi ki, muştuluq da düşür?
⎯ Hə, vallah!
⎯ Nədi, yoxsa mədəniyyət naziri-zadı qoyurlar?
⎯ Yox ey. Evlənir! Vay, çaşıb dedim a!
Nəzərin pırpız qaşları yuxarı dartıldı:
⎯ Evlənir?
⎯ Hə də. Axır uşaq özü dil açıb dilləndi. Gördü sənnənmənnən bir hay yoxdu.
⎯ Yoxsa ⎯ Nəzər dünəndən ürəyinə damıb rahatlığını əlindən alan o fikri özündən, ürəyindən qovmağa, unutmağa çalışıb: ⎯ Yoxsa, artiskaya-zada ilişib bu ağılsız, hə? ⎯ deyə fısıldadı.
⎯ Yox ey, artistka nədi, ay kişi?
⎯ Bə dünəndən hardadı? Axtarıram, yoxdu. İki aydı da evə gəlmir! Deyirəm bəlkə o ənlikli-kirşanlı artistkalardan birinin felinə düşüb Bakıya gedibmiş!
⎯ Yox, yox. Nə danışırsan, ay kişi?
⎯ Bə kimdi, kimin qızıdı? Ürəyimi çəkmə! ⎯ Nəzər qorxduğunun olacağını yəqinləşdirib bozardı. ⎯ Yoxsa Müseyibin qızından yapışıb?
Bikə xanımın təbəssümdən dodaqları yayıldı:
⎯ Bıy, kişi, hardan bildin? Hə, odu, Nəzər!
Nəzərin gözləri yumuldu. Elə bil, ürəyini çəkib çıxardılar. Boğuq-qara rəngi avazıyıb ağardı, handan-hana gözlərini açıb arvadına zənnlə fikir verdi. Bikə xanım təşvişə düşdü bu baxışdan:
⎯ Nədi, ay kişi? Niyə tutuldun? Sevinmirsən? Müseyib məgər pis adamdı? Rayonun üzdə olan üç-dörd kişisindən biridi. Hələ qorx ki, heç qızı verməsinlər bizə. Müseyibin, camaatın danışdığına görə, varı-dövləti yerə sığışmır. Mənə elə gəlir zor yerdən yapışıb uşaq. Müseyib kimi bir adamın yanında biz kimik ki, bizim nəyimiz var ki?
Arvadına qulaq asırdı, sözləri ürəyinin başına güllə kimi dəyirdi; öldürmürdü, amma yarımcan eləyirdi. Xəyalında, fikrində gündüz işığına qərq olmuş o cənnət həyətdə, köşkün altında açılmış o stol ⎯ «Napaleon» konyakının şüşəsi, xına kimi qızardılmış ağ balıq kababı, dili bir, ürəyi ayrı şey deyən Müseyib, hörüklərinin birini sol döşü üstünə atmış Simuzər və robot kimi əmri icra eləyən, lakin bircə kəlmə də danışmayan o lal Bəhram canlanırdı, hovuzun ağ, sarı, yaşıl, qırmızı fəvvarələri göyə millənirdi. Bikənin üyüdüb tökdüklərindən isə yalnız «Müseyib kimi bir adamın yanında biz kimik ki, bizim nəyimiz var ki?» sözləri qulaqlarında ilişib qalmışdı, elə hey təkrar olunurdu.
Ayrı vaxt olsaydı, Nəzər iri yumruğunu qeyzlə mizə çırpıb qışqırardı:
⎯ Bəsdi, bəsdi onun-bunun var-dövlətini soxdun gözümə! Mənim təmiz adım var, Sədnikin qızı! Bu, sənə azdı?!
Lakin heç nə demirdi, yazıq-yazıq köks ötürərək arvadının tərpənən dodaqlarına tamaşa edirdi. Və onu da bilirdi ki, elə desəydi, Bikənin də cavabı hazır idi:
⎯ Əşi, sən atovun goru, qoy oturmuşuq! Nə yapışmısan bu «təmiz adın» quyruğundan? Quruca «təmiz ada» nə verirlər axı indiki zamanada? ⎯ Kişi xəyalına gətirəndə ki, Simuzər ⎯ Müseyibin nazir ağasıyla allah bilir nə pəstahlardan çıxmış o üzü gözəl, bəxti qara qız bu evdə gəlin ola bilər ⎯ ürəyi az qalırdı dayansın. Şübhəsiz, Simuzərlə bərabər bircə dəfə də sifətini görmədiyi o nazirin murdar, kəsif nəfəsi də gələcəkdi bu həyətə, bu ocağa. Və bu ləkəni, o murdarlığı sonra heç nəynən, hətta qannan da yumaq mümkün olmayacaqdı.
Birdən-birə Nəzərin özünə də, arvadına da, oğluna da yazığı gəldi. Güman ki, Qərib o əhvalatı eşitməyib! Eşitsə, o ağır daşı yerə qoyar, çəkilib oturar kənarda! Bəs Bikə? Bikə də bilmir axı? Yadındadı ki, o zaman Müseyibin qızının nazirlə olan o dastanını Zeynaldan eşidəndə o arvadına bu barədə heç nə deməmişdi. Nəyinə də lazım idi?!
Amma indi?! İndi bilməlidi Bikə? Bilməlidimi ki, onun qurbansadağa getdiyi, xoşbəxt görmək istədiyi oğlu necə bir qızın ətəyindən yapışıb özünə arvad eləmək istəyir?
Bax, bu sual çaşdırmışdı Nəzəri!
⎯ Bə sən heç nə demədin, ay kişi? ⎯ Bikə aradakı sükutu pozdu.
⎯ …
⎯ Fikrin hardadı? Sənnən döyüləm? Niyə dinib-danışmırsan? Qabağa düşmək gərəkdi.
⎯ …
⎯ A kişi, yatıbsan, nədi? ⎯ Bikə xanım əsəbiləşdiyini mümkün qədər gizləməyə çalışdı. Nəzər ayağa qalxıb gərnəşərək:
⎯ Yorğunam. Dur get yat. Mən də yatıram. Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdı, ⎯ söylədi.
Bikə xanım mat-mat ərinə baxaraq dodaqlarını büzüb çiyinlərini çəkdi, onun bu cür mühüm, illərdən bəri gözlədiyi o gözəl xəbəri belə laqeyd, soyuqqanlı qarşılamağına təəccüb elədi, nə isə mızılda-na-mızıldana evə sarı addımladı.
… Gecəni səhərəcən çimir də eləməyən, yüz dəfə, min dəfə bu üzü üstdən o üzü üstə çevrilən Nəzər obaşdan ayaqyolundan gələndə oğlunun qabağını kəsdi.
Qərib atasını görən kimi özünü yığışdırıb salam verdi:
⎯ Sabahın xeyir!
⎯ Aqibətin xeyir, Qərib. Nə təhərsən, a bala? ⎯ Nəzər içindəki kini-küdurəti boğaraq mülayim-mülayim danışmağa çalışdı. ⎯ Srağagündən səni çox axtarmışam. Yox idin!
Qərib barmaqları ilə sıx, qara tüklü başını qaşıya-qaşıya: ⎯ Elə rayondaydım, ⎯ dedi. ⎯ Ad gününə getmişdim. ⎯ Kimin ad günüydü?
⎯ Bir dostumun. Sən tanımazsan!
⎯ Səhər də yox idin!
⎯ Onlarda yatıb qalmışdım… Lazım idi ki?
⎯ Hə. Çox lazım idin mənə. Ananın dediyi əhvalat düzdü? Qərib büzüşdü, başını aşağı salıb:
⎯ Hansı əhvalat, dədə? ⎯ deyə soruşduqda Nəzər qısaca: ⎯ Qız əhvalatı! ⎯ dedi.
⎯ …
⎯ Sənnənəm! Düzdü?
Qərib başını tərpətdi:
⎯ Hə.
⎯ Müseyibin qızıdı da?
⎯ Odu.
⎯ Sən hardan tanıyırsan onu, ə?
⎯ Balnisədən.
⎯ Yaxşı qızdı? Xoşun gəlir?
⎯ …
⎯ Özündən xoşun gəlir, ya dədəsindən?
⎯ Bu nə sözdü, ay dədə?
⎯ Yox, sən mənə de görüm: özündən xoşun gəlir, ya dədəsindən?
⎯ Özündən…
⎯ Fikrin ciddidi?
⎯ Ciddi olmasaydı, deməzdim.
Nəzərin ürəyi qırılıb ayaqlarının altına düşdü. Udqundu, sonra qəti bir ədayla:
⎯ Amma sən o qızı almıyassan! ⎯ dedikdə, Qərib başını qaldırıb atasına şax baxdı və onun dediklərini anlamamış kimi kirpiklərini döydü. Nəzər sözlərini ayrı-ayrı, xüsusi vurğu ilə bir də təkrar elədi:
⎯ Sən o qızı almıyassan, Qərib!
⎯ Niyə? ⎯ Qərib anlaşılmazlıq içində, rəngi ağarmış halda soruşdu. ⎯ Niyə ki?
⎯ Ona görə ki, sən o qızı tanımırsan, bu bir! İkincisi, Müseyib nə mənim, nə sənin tayındı, bu da iki!
Qəribin dili bir anlığa tutuldu, nə edəcəyini, nə deyəcəyini kəsdirə bilmədi. Nəzər başlamışdı, yarı yolda dayanmaq istəmirdi. Qəribin inamını qəti qırmalı idi.
⎯ Başa düşdün?
⎯ …
Nəzər onun susmağından bir az sevinən kimi oldu:
⎯ Başa düşdün, Qərib?
Eşitdiyi cavab ümidini parçaladı:
⎯ Yox, dədə. Başa düşmədim. Onu düz deyirsən: Müseyib bizim tayımız deyil. Daha doğrusu biz Müseyibin tayı deyilik, dədə! Belə desən daha düzgün olar! Sən Müseyibi yaxşı tanımırsan, dədə. Bilmirsən o necə gözəl, qanacaqlı, əliaçıq, ürəyi geniş bir adamdı. Bunu bilməmiş deyilsən ki, bütün rayon onun başına and içir. Hörməti-izzəti…
⎯ Pulu… hə?
⎯ Əlbəttə, həm də pulu!
Nəzərin dişi bağırsaqlarını kəsirdi.
⎯ Qaldı ki, qızı tanımıram, ⎯ deyirsən, ⎯ Qərib davam etdi, ⎯ tanıyıram. Lap yaxşı tanıyıram, dədə!
⎯ Tanımırsan deyirəm!.. ⎯ Nəzər səsini qaldırdı. ⎯ Tanısaydın, onun adını heç dilinə də gətirməzdin! O pis qızdı, Qərib! ⎯ Kişi bu sözü dedi, birdən-birə elə bil, ürəyinin ən ağır yükünü yerə qoydu, toxtadı və elə dalıycan, az qala yalvara-yalvara: ⎯ Başına dönüm, oğul, məni bu boyda el-oba içində xəcil eləmə, papağımı yerə soxma, Qərib! ⎯ deyə ağlamsındı. ⎯ Uzaq ol o evdən-ailədən, kimi desən alaram sənin üçün, amma onu çıxart fikrindən. Qurban olum, çıxart ürəyindən. Başa düşürsən mən nə deyirəm?
Qərib atasının yaşarmış gözlərinə baxıb ani olaraq çaşdı, neçə saniyə sükutdan sonra qəribə bir kədərlə:
⎯ Sən niyə istəmirsən mən xoşbəxt olam, dədə? ⎯ dedi. ⎯ Niyə qoymursan axı?
⎯ Ay oğul, mən sənin xoşbəxtliyini istədiyim üçün belə deyirəm. İnan mənə. Özünü də, məni də yanar odun içinə atma, Qərib!
Qəribin qəlbində heç rəhm hissi yox imiş. Nəzərin titrəyən dodaqlarını, yanaqlarını isladan göz yaşlarını görmədimi, ya görməməzliyə vurdumu, soyuqqanlıqla, qəddarlıqla söylədi:
⎯ Yox, mən o qızı alacağam, dədə!.. İki dünya bir olsa da alacağam!..
⎯ …
Nəzər yerində dondu. Belə çoxmu qaldı, azmı, bilmirdi. Bikənin səsinə ayıldı:
⎯ Burda niyə dayanmısan, ay kişi? Bə uşaq hardadı?
⎯ Cəhənnəmdə! ⎯ Nəzər elə qışqırdı ki, Bikə səksənib qorxdu. Qərib evdə yox idi, çaysız-zadsız çıxıb getmişdi.
⎯ Bismillah. Sənə nə olub, ay Nəzər? Ağlın çaşıb, nədi?
⎯ Sənin oğlunun ağlı çaşıb, arvad! Ona denən, fikrini cəm eləsin, mənim sümüyümü it sümüyünə calamasın. Bildin? O qız onun tayı deyil.
⎯ Niyə axı? ⎯ Bikə hikkə ilə xəbər aldı.
⎯ Niyəsini mən bilirəm. Başa sala bilirsən, sal, salammırsan, bacılarına xəbər ver, gəlib gədəni o axmaq xülyadan döndərsinlər. Eşitdin? Yoxsa… aləmi dağıdaram!
⎯ Başıma xeyir!
Sonra o da, havalı-havalı, səhər yeməyi yemədən həyətdən çıxıb getdi. Bikəni qəhər boğdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Günortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?
İkinci hissə, beşinci fəsilƏziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.
İkinci hissə, altıncı fəsilGözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...
İkinci hissə, yeddinci fəsilBu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
Poems by other poets
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Timsahın göz yaşları1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumət qurulmuşdu. Bir il sonra, həmən gündə İranın irticaçı qoşunu Cənubi Azərbaycana hücum edib orada Milli hökuməti dağıtmış, qəhrəman ana və bacılarımızı öldürmüşdü. Xalqımız hər il “21 Azər” gününü ən böyük bayram kimi, İran hökuməti isə bu günü “Qələbə” günü kimi qeyd edib, “şəhidlərini” yad edir.*Qatil öldürdüyünə oturub ağlayarmış,