Page 2 of 2 · 50%

– Hə, damad, özünü necə hiss edirsən? Elməddin utana-utana:

– Yaxşıyam, ağa! — dedi. — Sağ olun.

– İndi gəlin bura! — dedi Nəcməddin və onları içəri — qonaq otağına aparıb əyləşdirdi. Stolun üstündə yemək-içmək var idi. Bir dəstə qızılgül qoyulmuşdu güldana. Otaqdan ətir iyi gəlirdi.

Şəfi dedi:

– Ay Nəcməddin, sən bu gün deyəsən bizi yemək-içməklə öldürmək istəyirsən, nədi? İndicə yemişik, toxuq.

– Yox! Bunun ayrı ləzzəti var, Şəfi. Mən istəyirəm sizinlə bir yerdə xudmani məclisdə, rəmzi də olsa, çörək kəsək. Bu saat qoy mən bizimkiləri də çağırım. Bircə dəqiqə... —deyib yan otağa keçdi, az sonra qayıtdı və onun dalınca ağ gəlinlik libasında Zərrintac xanım, Dünya, Məleykə içəri girdilər. — Gəlin, özgə adam yoxdu burda, özümüzük!

Qadınlar çəkinə-çəkinə bir-birlərinə baxıb oturdular. Məleykə Zərrintacı Elməddinin yanında əyləşdirdi. Şəfi gəlinə baxıb uşaq kimi sevindi, arvadına işarə elədi ki, əladı. Sonra Dünyaya fikir verdi, dönüb Nəcməddinə nəzər saldı.

Nəcməddin çox içmişdisə də, hələ sərxoş deyildi. Nə etdiyini, nə dediyini yaxşı bilirdi. Kişi sadəcə şad idi. Dünyaya işarə elədi ki, qədəhləri doldursun. Dünya zərif bir hərəkətlə qədəhlərə şərab süzdü. Nəcməddin qədəhi götürüb ayağa durdu:

– Şəfi, bu gün mənim ən xoşbəxt günümdür. Zərrintacımın— ciyərparamın toyunu görmüşəm. Bu gün onu oğlum hesab elədiyim Elməddinə tapşırıram. Hər ikisinə xoşbəxtlik, səadət və ən ümdəsi, böyük məhəbbət arzulayıram. Şəfi, mənim aləmimdə çörəksiz də yaşamaq olar, susuz da, ancaq məhəbbətsiz yox. Sizə xeyir-dua verirəm, balalarım. Xoşbəxt olun deyirəm. — Sonra hamı ayağa durdu, Nəcməddin keçib əvvəlcə qızının, sonra isə Elməddinin alnından öpdü. — Xoşbəxt olun. — Və içdi. Elə oradaca cibindən bir dəstə açar çıxartdı: — Bu da sizin cehizinizdi. Bax, bu sizin imarətinizin açarlarıdı, qurulu evdi, hər şeyi içində. İndi, burdan durub ora gedəcəksiniz, mənim balalarım. Mən o dünyanın əfsanəsi cənnətini bu dünyada sizə yaratmışam, çünki cənnət bu dünyadadı. Başa düşürsünüz, bu dünyadadı. — Nəcməddin bir qədəh də içib o biri açarı Elməddinə verdi.

– Bu da sənin hədiyyəndi. «İmpala» maşını almışam sənin üçün, həyətində, qarajındadı, oğlum.

– Çox sağ olun, ağayi Nəcməddin! — dedi Elməddin. — Neynəyirdiniz? — Belə deyib o, açarı Zərrintacın qabağındakı açarların yanına qoydu və ona baxıb gülümsündü. Zərrintac Elməddinin ayağına toxundu. O, başa düşdü ki, nə demək istəyir qız!!!

Nəcməddin məclisə fikir verdi. Heç kəs yeyib-içmirdi. Hamı bir-birinə baxıb təbəssümlə şadlıqlarını bildirdi. Birdən heç kəsin gözləmədiyi halda, Nəcməddin üzünü Elməddinə tutub gülə-gülə söylədi:

– Damade-əziz, bilirsən bütün bunların müqabilində səndən nə istəyirəm?

Elməddin bayaqdan bəri ilk dəfə başını qaldırıb qaynatasının üzünə qorxu, təəccüb hissilə baxdı:

– Nə istəyirsiniz?

– Bilmirsən?

– Yox.

Şəfi sözə qarışdı:

– Mən deyim nə istəyirsən, Nəcməddin?

– Hə. De!

– Şer istəyirsən, eləmi?

– Afərin! — Nəcməddin əlini-əlinə vurub şaqqanaq çəkərək güldü və kəsik-kəsik: — Hardan bildin, ay Şəfi? — dedi.

– Mən sənin xəstəliyini çoxdan bilirəm, Nəcməddin! Amma heç hənanın yeridi, ay Nəcməddin? İndi Elməddinin yadına şer düşür heç?

– Yox, yox, Şəfi, səhv eləyirsən. Əsl şair gərək şersiz olmasın. Ən pis günündə də, ən şad günündə də,

Elməddin Şəfiyə baxdı, gülümsündü və Nəcməddinə dedi:

– Sizə şer verərəm, bir şərtlə!

– Nə şərtdi o elə?

– Burda oxumayasınız, biz gedəndən sonra oxuyasınız. Yaxşımı?

– Oho! Baş üstə, damade-əziz, belə mənim bu gözlərim üstə.

Elməddin cibindən dörd qatlanmış kağızı çıxarıb qayınatasına verdi. O, kağızı öpüb gözünün üstünə qoyduqdan sonra sevinc içində dedi:

– Mən öz haqqımı aldım. İndi... Gedə bilərsiniz, mənim əzizlərim, yolunuz uğurlu olsun, mənim balalarım...

Hamısı ayağa durdu. Zərrintac minnətdarlıq hissi ilə atasına baxdı, evə göz gəzdirdi, baxışları nəmləndi... Yaxın gəlib atasının sinəsinə başını qoydu. Sonra o, Dünya ilə öpüşüb ayrıldı. Qapıdan çıxanda Şəfi gördü ki, Nəcməddinin də gözləri yaşarıb...

Həyətdə çalırdılar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on üçüncü fəsil

İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.

17 min
İkinci hissə, on dördüncü fəsil

Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:

7 min
İkinci hissə, on beşinci fəsil

Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

4 min
Birinci hissə, birinci fəsil

Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.

34 min

Poems by other poets