Page 2 of 3 · 33%

– Dünya?..Mən... mən bilmirim. O da yoxdu?

– Nə bilim, baxmamışam.

– Mən bu gün onu heç görməmişəm, ağa.

– Yatıb yenə yəqin? Sən belə elə. Maşında ət var, ceyran ətidi, onu yaxşı-yaxşı doğra, manqala od sal, bişir! Yandırma. Görürəm yuxulusan. Bu gün arvadağanın anadan olan günüdür, kef eləyəcəyik.

– Baş üstə, ağa!

Nəcməddin onu təpədən-dırnağa süzəndə Əbdül üşürgələndi. Çünki çox diqqətlə baxırdı ağa:

– Sənə nə olub, hə?

– Heç nə, ağa. Bir az yorğun idim, yıxılıb yatmışam.

– Bəs niyə ağlamısan?

– Kim? Mən? — «O, hardan bildi?» — qorxu ilə düşündü.

– Gözlərindən bilirəm ağlamısan!

Əbdül yenə kəkələdi. Ömründə yalan danışmamışdı, ancaq görünür bu evdə yalan danışmağa da öyrənməli idi. Bayaq «ağama deyəcəyəm!»—deyə Dünyanın dalınca alıb-verən Əbdül indi anladı ki, bunu açıb-ağartmaq mümkün deyil, hər ikisini doğram-doğram eləyər, ara yerdə o günahkar olar. Amma Dünyadan necə intiqam almaq arzusu baş qaldırmışdı ürəyində. Dünya bütün gözəlliyi və zərifliyi ilə ölmüşdü gözlərində, çirkaba batmışdı, xəyanətə bürünmüşdü. Ondan hər cür intiqam almağa dəyərdi. Əbdülə yeganə ümid verən bu idi ki, o kürənin əli dəyməyib Dünyaya, olsa-olsa səsini eşidib, vəssalam. Nə qədər sağdı Əbdül, buna imkan verməyəcək. O kürən bura gələ bilməyəcək, Dünya da evdən çıxa bilməyəcək. Bu, hələlik telefon xəyanəti idi.

– Hə, ağa, başına dönüm, rəhmətlik anam yuxuma girmişdi, səsini eşitdim, ürəyim kövrəldi, yəqin onda ağlamışam, ağa — o, ağlamsındı.

– Yaxşı, yaxşı, burda yasxana açma. İşinlə məşğul ol.

– Beçeşm, ağa!

Nəcməddin maşının açarını barmağında fırlada-fırlada yuxarı çıxdı. Əbdül üzünə su çırpdı, əti maşından götürdü.

İki saatdan sonra Əbdül ağacın altında stol açmışdı. Çörək, göy-göyərti düzmüşdü. Boşqab qoymuşdu. Kababı ayrıca qaba çəkib qapağını da örtmüşdü. Çəngəli, duzu qoyurdu ki, Nəcməddin eyvana çıxdı:

– Nə oldu, ay Əbdül, sənin bu kababın?

– Hazırdı, ağa, buyura bilərsiz!

Nəcməddin geri qayıtdı. Dünya xanımın qolundan tutub çölə çıxartdı. Dünya xanım qıpqırmızı lalə rəngində, gen-bol don geymişdi. Yumşaq, xurmayı saçlarını burub boynunun dalında sancaqlamışdı. Qulaqlarından asdığı sırğa, qızıl və mirvari boyunbağılar ona olduqca yaraşırdı. Bunu Əbdül ərinin qolunda pilləkənləri düşərkən sezmişdi: gözünün içinə baxmamağa çalışaraq özünü məşğul göstərmişdi.

– Gör sənin üçün nə hazırlamışam?

– Nədi ki? Kabab?

– Hə. Əgər bilsən nə kababıdı? Dünya xanım çiyinlərini nazla çəkdi:

– Nə olacaq? Həmişə yediyimizdəndi yəqin.

– Yox, tapmadın. Əbdül, bu nə kababıdı?

– Ceyrandı, xanım! — Əbdül qabın ağzını açıb ortalığa qoydu.

– O, ceyran! Nə yaxşı, Nəcmi? Haradan tapdın bunu?

– Sənin nəyinə lazımdır? Ceyran kababı istəyirdin, buyur, bu da ceyran kababı.

– Çox sağ ol, mənim əzizim! —O, əyilib böyründə oturan Nəcməddinin üzündən öpdü, — mütəşəkkirəm.

Əbdül sıxıntı içində qanrılıb, çıxıb getmək istəyərkən Nəcməddin:

– O beçə, o yəxçaldan viskini də gətir bura, iki də badə gətir, — dedi. Əbdül gətirdi.

– Otur! — Nəcməddin söylədi. — Bəs xanımı niyə təbrik eləmirsən, Əbdül. Axı bu gün onun anadan olduğu gündü. Əbdül çaşqın halda:

– Hə, hə... Bayaq dediniz, ağa... —dedi və sonra Dünyanın üzünə baxmadan (əvvəllər xanım özü qadağan eləmişdi, indi o özü baxmaq istəmirdi) ədəblə əlini döşünə qoyub xırıltılı səslə:—Təbrik eləyirəm, xanım. Xoşbəxt olun, xanım, — söylədi. — Ancaq ağa, mənə icazə verin gedim, siz naharınızı edin.

– Yox, elə şey yoxdu, — Dünya dilləndi, — bu gün bizimlə nahar edəcəksən, Əbdül. Bu gün yeyəcəksən, içəcəksən. Sən içəndə məzəli olursan, Əbdül. Otur, otur.

– Hə, xanım deyəndən sonra nəinki sənin, heç mənim də ixtiyarım yoxdu onun sözünü yerə salım.

Əbdül çıxılmaz vəziyyətdə qalmışdı. Dünya xanımla bu gün üzbəüz oturmaq onun üçün əməlli-başlı işkəncə idi, ona dərin bir nifrət bəsləyirdi. Ancaq neyləyə bilərdi. O biri tərəfdən də elə içmək istəyirdi, elə içmək istəyirdi ki, bəlkə hər şeyi unuda — o məkrli baxışla, o məkrli təbəssümü. Oturdu.

Kabab yaxşı çıxmışdı. Dünya xanım yedikcə gah Nəcməddini, gah Əbdülü tərifləyirdi. Nəcməddin viski şüşəsini açdı, özünün də, Əbdülün də piyaləsinə viski doldurdu. Sağlıq dedi:

– Bu gün mənim ceyranımın ad günüdür. Mənim ağıllı, həssas, vəfalı ceyranımın doğulduğu gündür. Mən ceyranımın ad gününə ceyran kababı təşkil eləmişəm. Arzum, istəyim budur ki, mənim ceyranım daim belə cavan, belə gözəl olsun və gözləri ceyran gözünə oxşayan bir oğul əta eləsin mənə.

– Niyə? Mənim gözüm bəyəm ceyranın gözündən pisdi? — Dünya nazla çiyinlərini silkələyib incidiyini bildirdi. — Mənim gözüm ceyranın gözündən də yaxşıdı, qəşəngdi. Elə deyil, Əbdül?

Badə Əbdülün əlində əsirdi. O, ani fikirdən sonra:

– Mən nə ceyranın gözünü görmüşəm, nə də sizin, xanım! — dedi, — onu ağam bilər, ceyran bilər...

Bu söz Nəcməddinin xoşuna gəldi. Elə Dünyanın da. Bu ara Dünyanın qulaqlarına tanış, Əbdülün indiki səsinə oxşar, ancaq indikindən çox həlim və mehriban bir səs gəldi: «Gözlərinə qurban olum, nə qəşəng gözlərin var sənin! Qoy o gözlərdən doyunca öpüm, sən allah!»

– Hə, içirik ömrü bahar, özü bahar Dünya xanımın sağlığına! — Nəcməddin badəsini Əbdülün badəsinə toxundurub başına çəkdi. Əbdül də içdi. Dünya içmirdi, ancaq elə şad idi ki, elə ürəkdən şaqqanaq çəkib gülürdü ki, deyirdin bəs sərxoşdu. Ad günü olduğuna görəmi idi? Arzuladığı ceyran kababına görə idimi? Bəlkə də belə idi. Ancaq Əbdül düşünürdü ki, bunun səbəbi başqadı. Səbəbi kürənlə danışmasıdı. Yəqin bir-birinə xoş sözlər deyiblər, telefonda da olsa. «Vüsala qovuşublar!» Belə fikirləşəndə Əbdülün qanı qaralırdı, kabab da, içki də öz ləzzətini itirirdi. Bu dəfə o, əl atıb ağasının, özünün badəsini dolduranda Nəcməddin güldü:

– Bax, belə! Xoşum gəldi indi səndən. Maşallah, daha yavaş-yavaş öyrənirsən. Bu, yaxşıdı. Su girdi qaba, oldu içməli. Ağa necə, nökər də elə. Mən başqa yerlərdə, başqa adamlarla içmirəm. Elə ikimiz, ürəyimiz istəyəndə, bala-bala vurarıq. Bu yaxşı deyil, Dünya xanım?

– Əlbəttə, əlbəttə! İçin, şənlənin. Xüsusilə bu gün nə qədər istəyirsiniz, için. Ancaq elə eləməyin ki, mən sizi sürüyüm, yerinizə salım.

– Yox, ondan qorxma.

Əbdülün qırışığı açılmışdı.

– Ağa, icazə verin, bunu sizin əziz və şərafətli vücudunuzun sağlığına nuşican edim. Siz... siz... yaxşı adamsınız, sizi mən... çox istəyirəm... Bağışlayın, mən danışa bilmirəm, ancaq onu bilirəm ki, sizin qədrinizi bilməliyik... Sizin qədrinizi... bilməyən xoşbəxt ola bilməz...

– O, gör nə yaxşı sözlər deyir bu, Nəcmi? — Dünya yenə şaqqanaq çəkib güldü. — Əməlli-başlı sağlıq deyə bilir Əbdül!

– Bəs necə? Ağasına oxşayır. Mal yiyəsinə oxşamasa haramdı, — deyirlər.

– Sağ ol, ağa. Allah sizi bu evdən əskik eləməsin! — deyib Əbdül ikinci badəni də içdi.

– Ye, yeməsən, yenə tez keflənəcəksən.

– Yox, ağa. Mən bu gün keflənməyəcəyəm. Bu gün mən...

– Ananı yuxuda görmüsən, ona görə də keflənməyəcəksən, hə?

– Anasını?

– Hə!

– Gəlirəm, görürəm yatıb. Durğuzuram, görürəm ağlayıb. Adə, — deyirəm, — niyə ağlamısan? Deyir anamı yuxuda görmüşəm. Adə, bəs sən boyda kişi də anasını yuxuda körəndə ağlayar?

– Nə bilim, ağa, Ürəyim kövrəldi... heç on yaşım yox idi o öləndə... Ondan sonra mən də öldüm — elə hesab eləyin, ağa.

Nəcməddin onun piyaləsini dəyişdi; iri su stəkanına süzdü viskini.

– Neynirsən? — Dünya xəbər aldı — Öldürmək istəyirsən onu?

– Ölməz. Canı bərkdi, sənin də canından bərkdi, mənim də.

Dünyanın bu canıyananlığı Əbdülün ürəyinə yatdı, könlünü oxşadı: «Qayğıma qalır!». Bütün məclis boyu ilk dəfə gözlərini qaldırdı, qorxa-qorxa, isinə-nsinə onun ala gözlərinə baxdı. Və kinini-küdurətini unutdu Əbdül!

Nəcməddin stəkanı onun qabağına qoydu:

– Hə, indi bir sağlıq da özün haqqında de, Əbdül,

– Özüm haqqında?

– Bəli.

Dünya yenə güldü:

– Adam da özü haqqında sağlıq deyər?

– Deyər! Niyə demir ki, sadəcə elə bilərsən ki, özün haqqında yox, başqası haqqında danışırsan.

– A, heç elə də şey olar?!

– Olar, Dünya xanım! — Bu sözü Əbdül söylədi və stəkanı götürüb bir neçə saniyə fikirləşəndən sonra: — Əbdül yaxşı quldu, — dedi — İçək Əbdülün sağlığına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 min
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 min
Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 min
Dördüncü hissə, on üçüncü fəsil

Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:

5 min

Poems by other poets