Üçüncü hissə, üçüncü fəsil
Mətbəənin havası kəsif idi, tünd idi. Nəfəs alanda adamın boğazı acışırdı. Turşu və qurğuşun qoxusu Şəfinin gözlərini göynədirdi. Zirzəmidən düz küçənin səkisinə açılan balaca pəpcərədən içəri axan təmiz çöl havası da buradakı bəd və zəhərli üfunəti təmizə çıxara bilmirdi.
Hürufçin Teyyub səhərin gözü açılandan aramsız-fasiləsiz işləyirdi. Arabir «Vip» yandırır, çəkirdi.. Əllərini görmək olmurdu Teyyubun. Baxışlarını mətndən çəkmirdi, əlləri isə şriftlər yığılmış qara, çirkli taxta qutulara uzanır, istədiyi hərfi götürürdü. Şəfi təəccüb eləyirdi: elə bil, Teyyubun barmaqlarının da gözü vardı — baxmadan, yoxlamadan lazım olan hərfi seçir, yerinə düzürdü. Şəfi düşünürdü ki, bu, ancaq adətdəndir, vərdişdəndir.
Teyyub zəif idi, arıq idi, üzünün almacıq sümükləri çıxmışdı; tez-tez öskürürdü, çiyinləri qalxa-qalxa nəfəs alırdı. Sifətinin rəngi qurğuşun kimi boz-boğunuq idi. Çuxura düşmüş gözləri isə diri və parıltılı idi, elə bil bütün gücü, qüvvəti gözlərinə yığılmışdı. Xəstə, sısqa olduğuna baxmayaraq yorulmaq bilmirdi, gecə-gündüz hürufat qutusunun, çap dəzgahının yanından getmək istəmirdi.
Təbiətən xoş, deyib-gülən adam idi. Yanına bir kimsə gələndə işindən zərrəcə ayrılmadan söhbət edir, müsahibinin suallarına cavab verirdi. Şəfi ilə görüşəndə isə lap çox sevinirdi, ona müxtəlif suallar verir, danışdırmaqdan ləzzət alırdı. Şəfinin yazılarının çoxunu əzbər bilirdi, sevirdi, elə bir böyük sənətkarı şəxsən tanıması ilə ürəyində gizlicə iftixar da eləyirdi. Onun xasiyyətinin həlimliyi, sadəliyi, uşaqla uşaq, böyüklə böyük olmağı Teyyubun çox xoşuna gəlirdi. Dərdi-səri olanda, ehtiyacı olanda, çəkinmədən deyə bilərdi, həmişə də kömək görürdü. Şəfini ona sevdirən bir cəhəti də bu idi ki, o, ruznaməsində maraqlı, kəskin şeylər yazırdı, qorxmurdu, camaatın dərdini qələmə alırdı. Onun yazdığı məsələləri başqa ruznamə mühərrirləri də görməmiş deyildi, ancaq onlar ağızlarına su alıb susurdular — bu isə, Teyyubun acığına gəlirdi.
Şəfi ruznamə çıxarmağa başlayandan bəri Teyyub bunu da müşahidə edib öyrənmişdi ki, ruznamədə ciddi hücum xarakterli materiallar çap olunanda Şəfi bu mətbəəyə gəlir, əvvəldən axıra qədər burada qalır, işin gedişinə, oxunuşa və s. nəzarət edirdi.
Bu gün də o özü gəlmişdi. Demək, bu nömrə adi nömrə olmayacaqdı. Materiallarla tanış olandan sonra Teyyub bu fikrində yanılmadığını dərhal anladı. «Nə etmək lazımdır?» adlı adi məqaləni hərf-hərf yazdıqca Teyyubun çuxura düşüb parıldayan gözləri daha da dirilir, boz-bulanıq üzü gülür və o, sonsuz bir həvəslə işləyirdi.
«Hə, bu kəlamdı. Hamının ürəyindən tikan çıxardacaq» — deyə düşünürdü. Baş nazirin karikaturasını görəndə isə Teyyub əvvəlcə güldü, sonra ciddi fikrə getdi. Anlar sovuşduqca karikaturanın siyasi mənasını dərk edib gül kimi açıldı və kənarda dayanıb siqaret çəkən Şəfiyə üz tutdu:
– Bu nömrə əla nömrədi, ustad!
– Doğru deyirsən? — deyə bayaqdan bəri bu nömrənin aqibətini ürəyində götür-qoy eləyən, min bir nigarançılıq çəkən Şəfi xəyal aləmindən ayrıldı.
– Vallah, ustad, çox dolu nömrədi. Əl-əl kəzəcək, bütün şəhərə, bütün məmləkətə səs salacaq, ustad. Məhəmməd Şəfinin gözləri küldü:
– Mən də elə düşünürəm, Teyyub.
– Ancaq... bir az qorxuludur, ustad. Müsadirə eləyə bilərlər. Onda... səsimiz heç yana çatmaz.
– Mən onu düşünmürəm. Ona görə nəyin-bahasına olursa-olsun, Teyyub, bu gecə bütün tiraj çap olunmalıdı, kecəykən də yerlərə-göndərilməlidir . Kağıza qənaət eləmə, nə qədər ehtiyat kağızın var, ver maşının ağzına. Uşaqlar səhərə yaxın gələcəklər, hər kəs öz payını aparacaq... Necə olsa da, gərək bu nömrə xalqa çatdırıla.
– Mən əlimdən gələni edəcəyəm, ustad.
– Çox sağ ol, Teyyub. Təki bu nömrə çıxsın, camaata çatsın, sonra... məni güllələsələr də, heyfsilənmərəm, Teyyub.
Teyyub parıldayan gözlərini Şəfinin ağarmış saçlarında, yorğun simasında gəzdirdi və sanki onu son dəfə görürmüş kimi hər cizgisini, duruşunu, baxışını yadda saxlamağa çalışdı.
Şəfi səhərə yaxın evə getdi. Lap əldən düşmüşdü, ayaqları elə bil şişmişdi. Gözləri qızarmışdı. Axşamdan zəng eləyib Məleykə xanıma gec qayıdacağını bildirmişdisə də, qadın yata bilməmiş, yerinə qor dolmuş kimi çalıxıb-çapalamış, nəhayət, yerindən qalxıb vaxtı «öldürmək üçün» uşaqların, ərinin pal-paltarını ütüləməklə məşğul olmuş və beləliklə səhəri diri gözlü açmışdı. Məleykə Şəfini qapı ağzında qarşılayanda əri əsnəyə-əsnəyə xəbər aldı:
– Nə tez durmusan, Məleykə?
Əsnək əsnək gətirər deyərlər. Onu da əsnəmək tutdu və əlilə ağzını örtüb:
– Heç yatmışam ki, duram da, — dedi.
– Niyə yatmırdın ki?
– Nə bilim. Yuxum ərşə çəkilmişdi elə bil. Nədənsə yaman narahat idim, Şəfi. Hər şey öz qaydasındadı?
– Hə, mənim Məleykəm, hələlik hər şey əladır. Nəzərdə tutduğumuzdan da əlli min nüsxə artıq çap elədik. Düzdü, Teyyub əldən-dildən düşdü, ancaq zor iş gördü. Uşaqlar da sağ olsunlar — bütün şəhərlərdən gəlmişdilər, hamısının payını verdim apardılar. Çox böyük işdir, Məleykə.
– Təki axırı salamatlıq olsun, Şəfi.
– Qorxma, Məleykə. Heç nədən nigaran qalma, gülüm. — Şəfi divanda oturdu, arvadının yorğun, nigaran sifətinə baxıb əlavə elədi, — indi, bir hadisə-filan olsa da arxayınam. Sənə arxayınam, gülüm. Əgər başıma bir iş gəlsə, sənə arxayınam — səni bir kişi sanıram, Məleykəm mənim...
Ərinin bu sözlərini eşidəndə Məleykə ağlamsındı:
– Nə danışırsan, Şəfi? Sənsiz bu evin nə yaraşığı? Tək evin yox ey, bu dünyanın nə yaraşığı, Şəfi? Uşaqlar, mən... sənsiz məhv olarıq. Düzünü de, Şəfi, sən allah, yoxsa qorxulu bir şey çap eləmisən, hə?
– Yox, qorxulu heç nə yoxdur əslində. Bizim üçün qorxulu heç nə yoxdur, qorxu onlar üçündür, baş nazir üçündür, əyan-əşrəf üçündür, əlahəzrət üçündür — qoy onlar qorxsunlar, biz nədən qorxuruq ki... Sən heç nədən narahat olma...
Şəfi elə yorğun idi ki... Ayrı vaxt olsaydı, arvadına çap etdiyi şeylərdən ətraflı danışardı, dərc olunmuş «Qırın zəncirləri, buxovları siz!» şerini əzbərdən oxuyardı... Ancaq indi həvəsi yox idi, həm də bugünkü nömrənin materiallarından danışsaydı, şübhəsiz, Məleykə qorxuya düşəcəkdi, səksəkə ilə yaşayacaqdı.
Məleykə isə çox həssasdı, fəlakəti ərinin «əgər başıma bir iş gəlsə, sənə arxayınam!», «qorxu onlar üçündür — baş nazir üçündür, əyan-əşrəf üçündür, əlahəzrət üçündür» sözlərindən başa düşmüşdü, rəngi ağarmışdı. O, ağzını doldurub nə isə demək istəyirdi ki, Şəfinin elə oturduğu yerdəcə qollarını sinəsində çarpazlayaraq xorna çəkib yatdığını gördü, daha səsini çıxartmadı. Xasiyyətini yaxşı bildiyindən onu çağırıb soyunduraraq yerinə salmaq, rahatlamaq fikrindən vaz keçdi. O buna adət etmişdi. Bərk yorğun olanda, yuxusuz olanda bax beləcə, pallı-paltarlı mürgü vurub yuxusunu alardı — bir saat, iki saat. Belə hallarda çağırsaydı, əsəbiləşə bilərdi, yata bilməzdi. Bütün bunları bildiyindən Məleykə heç nə demədən qayğıkeş bir ana nəvazişi ilə yun şalı Şəfinin qarnı üstünə saldı və dodaqaltı öz-özünə pıçıldadı:
– Xudaya, sən özün balalarıma, ərimə rəhm elə, mənə yazığın gəlsin!!
Əziz xan kresloda oturmuşdu. Nökərin bazardan alıb gətirdiyi ruznaməni oxuyurdu. Qoca qızılı sağanaqlı eynəyini tez-tez burnunun üstündə düzəldə-düzəldə əvvəlcə baş nazirin karikaturasına xeyli tamaşa elədi. Rəssamının adı yazılmamışdı. Kim çəkmişdisə eynən oxşatmışdı — iri gözləri, uzun burnu, səliqəli vurulmuş bığı... demə görməmişəm, lap ağayi baş nazirin özüdür. Necə də bir qadın səliqəsi ilə corab toxuyur...
Əziz xan əvvəlcə qımışdı. Sonra dümağ qaşları çatıldı. Baş nazirin bu şəkli görəndən sonra nə hala düşəcəyini, quduzlaşacağını təsəvvürünə gətirib qorxuya düşdü. «Bu işlərdə hökmən Bəbirin barmağı var!» — deyə qoca nökəri səslədi:
– Hikmət, Bəbiri çağır bura.
Hikmət talvarın altında kartof soyurdu: elə ordan cavab verdi:
– Ağam evdə yoxdu, bu gecə heç evə gəlməyib. Axşam siz yatandan sonra zəng eləmişdi, dedi ki, mən gəlməyəcəyəm, işim var, aşağıdakı evdə qalacağam, qibləgahıma de ki, nigaran qalmasın.
Əziz xan daha dillənmədi. Asta-asta «Nə etmək lazımdır?» adlı məqaləni oxumağa başladı. Kişi mütaliə etdikcə gözləri böyüyürdü. Kəskinliyindən, sərtliyindən Bəbirin nəfəsini duyurdu, özünü saxlaya bilməyib məqalənin axırına baxdı ki, görsün bu qurd ürəyi yemiş, cəmiyyətin daşını daşı üstə qoymayan, hər şeyin artıq çürüdüyünü var səsilə elan edən, bu «ağalar, qullar dünyasını» dağıtmağa çağıran qorxmaz, öz başını bıçağa sürtən adam kimdir? Bilirdi, ürəyinə dammışdı ki, məqalənin axırında öz ciyərparasının — Bəbirin adını oxuyacaq. Ancaq... «Şəmsəddin»... sözünü oxuyanda əvvəlcə gözlərinə inanmadı. Bir də baxdı. Yox, «Şəmsəddin» yazılmışdı. Demək, Bəbir deyil məqaləni yazan. Əziz xanın üstündən dağ götürüldü elə bil. Kimdi bu Şəmsəddin görəsən?»
Sonra şeri oxudu. Şer Məhəmməd Şəfi Rəhgüzərin idi. «Qırın zəncirləri, buxovları siz!»... Əziz xan təəssüf hissilə düşündü:
– Şəfi özünü heyif elədi. Bu ütüdən salamat çıxmaz!.. Yox, çıxmaz!
Əziz xan yenə səsləndi:
– O beçə, o telefonu gətir bura.
Hikmət telefonu gətirdi, kişi aparatı dizinin üstünə qoyub oğluna zəng çaldı.
– Bəbir?
Bəbirin şən, gümrah səsini eşidən Əziz xan rahat nəfəs aldı.
– Bəli, sənsən, qibləgahım?
– Necəsən, oğul? Bəs evə niyə gəlməmişdin?
– İşləməli idim, qibləgahım.
– Sağ-salamatlıqdır?
– Hə, necə məgər?
– Heç... elə-belə... Şəfinin ruznaməsini oxumusan?
– Yox! — dedi Bəbir. Halbuki qəzet stolunun üstündə idi. — Nə olub ki?
– Heç... Şəfi işləri yaman korlayıb.
– Şəfi ağıllı adamdır, korlamaz, qibləgahım.
– Sən oxusan ruznaməni, belə deməzsən.
– Oxuyaram, oxuyaram. İndi danışa bilmirəm, gələrəm, söhbət edərik...
– Özündən muğayat ol, oğlum.
Bəbir atasının nigarançılığını başa düşürdü, Doğrudan da çox ciddi və gərgin bir vəziyyət əmələ gəlmişdi. Bəbir qəzetə baxmaqdan doymurdu. Bu nömrə çox yaxşı çıxmışdı. Məqalə, şer, karikatura... hamısı bir-birindən kəskin... Bəbir bilirdi ki, bu nömrə bütün məmləkətdə bir çaxnaşmaya səbəb olacaq. Söz bomba kimidir — partladacaq, rəxnəyə salacaq... Mümkündür ki, bu partlayış onlara baha başa gəlsin, qurban verməli olsunlar. Ancaq, nə etməli, qurbansız mübarizə yoxdur, qurbansız heç vaxt azadlıq əldə edilməyib, edilə də bilməz.
Bəbir bir müəllif qüruru ilə öz yazısına baxırdı. Yuxusuz gecələr keçirib yazdığı məqalənin altında öz adı yox, uydurma «Şəmsəddin» adı yazılmışdı. Bəbir yox, Şəmsəddin. Bəbir gülümsündü:
– Bu da bir cür qurbandır! Mən adımı qurban vermişəm!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.
İkinci hissə, yeddinci fəsilNadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
Poems by other poets
Şol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,