Page 1 of 2

İki gün idi ki, Dünya xanımı «Şahənşahi» doğum evinə aparmışdılar. Hələ azad olmamışdı. Nəcməddin tez-tez zəng eləyir, tikan üstündə oturmuş kimi rahat ola bilmirdi. Gecələr yatanda da telefonu yanına qoyurdu. Ancaq bir səs-soraq yox idi. Nəhayət, üçüncü gün gündüz saat 12-də doğum evindən şad xəbər verdilər: Dünyanın oğlu olmuşdu. Baş həkim özü zəng eləmişdi. Nəcməddini muştuluqlamışdı. «Oğlan» sözünü eşidən kimi elə bil kişinin qulaqları batmış, beyni uğuldamışdı. Həkimə «muştuluğun məndə!» — deyib tələsik dəstəyi asmış, Əbdülü səsləmişdi, sevindiyindən onu bağrına basıb üzündən öpmüşdü və demişdi:

– Oğlum olub, Əbdül. Məni təbrik elə, Əbdül. Oğlum olub, oğlum olub! — Nəcməddin Əbdülü buraxıb qol qaldıraraq süzmüşdü.

Əbdül də ona baxıb oynamışdı:

– Közün aydın, ağam. Xoşbəxt olsun:

İkisinin də sevinci bir-birinə qarışmışdı. Kənardan baxan olsaydı, aydın edə bilməzdi ki, hansı daha çox sevinir. Yamanca sevinirdilər. Nəcməddin quşa dönmüşdü, elə çevikləşmişdi ki, deyərdin bəs iyirmi yaşlı oğlandı. Özünü itirmişdi, nə edəcəyini bilmirdi, danışdığını bilmirdi.

– Oğlan olmağı yaxşı oldu. Zalımın qızı elə bil əlilə qoymuşdu, elə hey deyirdi oğlun olacaq. Bu da sənə oğul. Qızdan oğul yaxşıdı, Əbdül. Oğul ata çırağı yandırandı.

– Bəs necə, ağa. Oğul adama arxadı, həyandı.

– Mənim oğlum... — O, nə isə demək istəyirdi, ancaq nə dediyini unutdu, iri əlilə Əbdülün çiyninə vurdu və sözünü yarımçıq qoyub yuxarı qaçdı, Zərrintaca zəng çalıb oğlu olduğunu xəbər verdi. Zərrintac atasının sevincini danışığından duyub onu təbrik elədi. Sonra dostlarına, tanışlarına zəng etdi. Nəcməddin Əbdülə nəzər saldı — onun üz-gözündə heç vaxt görmədiyi bir sevinc vardı. Elə hey gülümsünürdü, dişləri ağarırdı. «Çox sədaqətli adamdı bu Əbdül. Ona bax ey, necə də uşaq kimi sevinir. Elə bil öz övladı dünyaya gəlib!» — deyə Nəcməddin Əbdül haqqında fikirləşdi.

– Sənə bir dəst təzə dirişi alacağam, Əbdül. Qoy sağsalamat evə gəlsinlər. — Nəcməddin öz aləmində Əbdülün sevincini qiymətləndirdi. — Lap ürəyin istəyəndən.

– Çox sağ ol, ağa. Payın çox olsun. Mənə sizin sağlığınızdan başqa heç nə lazım deyil.

– Yox, Əbdül. Sənin sədaqətin xoşuma gəlir. — Nəcməddin belə deyəndə Əbdül başını aşağı saldı və uzaqlaşdı.

Nəcməddin çaşqın hərəkətlə maşına yaxınlaşdı, minib motoru işə saldı. Açıq darvazadan elə sürətlə çıxdı ki, təkərlərin uğultusu uzun müddət Əbdülün qulaqlarından çəkilib getmədi.

«—Kişi yaman sevinir. Bir xata qayırmasa yaxşıdır!» deyə düşündü. Gəlib darvazanı bağladı. Kürən oğlan üç gün idi siqnalsız çıxıb gedirdi evdən. Maşını da yumurdu. Dünyanı ambulansda doğum evinə aparanda o həyətdə idi. Əski əlində maşını silirdi, gözünü darvazadan çəkmirdi. Dünya xanım — ağrı əlində qovrulan o mələk donlu gözəl ona sarı ötəri bir nəzər fırlatdı və qabaqda olan, Dünyadan baxışlarını çəkməyən Əbdül, uzunkirpikli gözlərini «xudahafizmi», «səni sevirəmmi» demək üçün — o bunu anlaya bilmədi — açılıb yumulduğunu gördü. Və o an — bəlkə də ölüm ayağına gedən, bəlkə də bir daha geri qayıtmayacaq Dünyaya qəlbinin dərinliklərində bir nifrət, sonsuz bir kin duydu. Onda Əbdül hər şeyi başa düşdü. Demək, onların — o kürən oğlanla Dünya xanımın arasında nə isə gözəgörünməz, sirli, bəlkə də şirin bir əlaqə vardı və bu da yəqin idi ki, bu əlaqə hələ başlanğıc idi, dərinə getməmişdilər, bu, bir baxış əlaqəsi idi. Amma bu əlaqənin, bu yaxınlığın olmasına heç bir şübhə ola bilməzdi. Əbdülün gözlərinə o an qan sağıldı elə bil. Başından dəhşətli bir ağrı qopdu. Təcili yardım gedəndən sonra da Əbdül yerində mıxlanmış kimi tərpənə bilmədi. Maşının dalınca baxdı, toz seyrəlib təzədən yola yapıxandan sonra Əbdül qımıldanmadı. Oğlan da fikrə getmişdi. Əskini maşının üstünə qoyub siqaret çəkirdi. O da maşın gedən səmtə baxırdı.

«Sənin o gözlərini çıxartmaq mənə borc olsun, kürən!» — deyə Əbdül nifrətini güçlə boğub həyətə girmişdi. Uzun müddət sakitləşə bilməmişdi, həyət ona bomboş, kimsəsiz görünmüşdü. İnsan ürəyinin qəribə halları olurmuş. Əbdül indiyənəcən bilmirmiş. Bayaq Dünyanı sonsuz nifrət hissi ilə yola salan Əbdül, indi Dünyasız bu həyətin də, bu həyatın da mənasız olduğunu anladı və düşündü ki, onun Dünya bu evə gələnə qədər keçirdiyi xoş, sakit, qayğısız günlər çoxdan qurtarıb və bundan sonra, — arada yuxu kimi sehrli və şirin günləri çıxmaq şərtilə, — onun ancaq və ancaq əzablı günləri başlanıb, əzablı anları davam eləyir və hələ Allah bilir nə qədər də davam eləyəcək! Düyünlü, səksəkəli, iztirablı bir aləmə düşmüşdü Əbdül. Hər şey yaxşı idi, Əbdülün təsəvvür eləmədiyindən də gözəl idi, ancaq bu kürən hayandan çıxdı, nə üçün Dünya onu gördü və nə üçün bütün bu işlər belə tərsinə çevrildi? Əbdül bundan baş aça bilmirdi. Bu üç günü o, Dünyanın haqqında çox düşünmüşdü. «Burdan qan iyi gəlir! Ancaq qan iyi gəlir! Aman allah, mənim günahım nədi, mən — adi, yoxsul, nökər baba idim, nökərçiliyimi eləyirdim, bir parça çörəyimi yeyirdim, Allahıma şükür eləyirdim. Bu nə fəlakət idi məni saldın, xudaya!» — deyə o, həyətdə gəzinirdi, yata bilmir, yeyə bilmirdi. Nəcməddinin gözlərinə də baxmırdı, bacarmırdı. Saçı-saqqalı ağarmış, bir ayağı bu dünyada, bir ayağı o dünyada olan, milyonlarına qürrələnib şux-şux gəzən bu qocanın nə ağılla belə namünasib bir izdivaca qol qoyduğunu əvvəl-əvvəl adi havavü-həvas kimi, Nəcməddinin böyük məhəbbətini görəndən sonra bir aqillik kimi, Dünyanı yaxşı tanıyandan sonra isə bir axmaqlıq kimi qiymətləndirməyə başlamışdı. O yaxşı bilirdi ki, divin canı şüşədə olduğu kimi, Nəcməddinin də canı Dünya xanımdadı, onun gözəlliyində, məhəbbətindədi. Ancaq Dünya xanım bu parıltılı həyatda zahirən onundu, dildə onundu, sözdə onundu. İçəridə isə ona kişi lazımdı, cavan, qüdrətli, eyni zamanda itaətkar bir kişi. Elə bir adam ki, yumanda ovcunda, açanda əlində olsun. Dünyanın bu fəlsəfəsini, bu iddiasını başa düşmək üçün Əbdülə xeyli vaxt lazım oldu. Və bu aylar ərzində Əbdül yarıməst, yarıyuxu aləmində yaşadı, gah sevindi, gah kədərləndi. Bəzən elə anlar oldu ki, Əbdül öz hücrəsində qapanıb uşaq kimi ağladı da. Ancaq onun dərdini deyə biləcəyi kimi-kimsəsi yox idi. Dərdini özü çəkdi, özü uddu. Onun fəlakətini hətta Dünya özü də başa düşmədi, çünki o, həyata, onun gözəlliklərinə bir əyləncə kimi baxmağa başlamışdı, Əbdülün hiss elədiklərini, ancaq dilinə gətirib deyə bilmədiklərini Dünya sözsüz də başa düşməli ikən sözlə də anlamadı, onun dediyi, demək istədiyi şeylərə gülüb uğunmaqla cavab verdi. Təbiəti belə imiş!

Əbdül çalpaşıq, düyün düşmüş, tez-tez dəyişən əzablı hisslər, duyğular aləmində tələyə düşmüş kimi çapalayırdı, Dünyaya gah nifrət eləyirdi, gah da yazığı gəlirdi. İndi də oğlu olub Dünyanın. Yəqin Nəcməddin sevinən kimi, o da sevinir. Uşaq sahibi olmaq axı hamıdan əvvəl Dünyanın arzusu idi. İlahi, bunu necə də istəyirdi. Bu arzusuna çatmaq üçün o, hər şeyindən keçməyə hazır idi. İndi çatıb bu istəyinə! Çatıbsan istəyinə, Allahına şükür elə, otur yerində. Daha bu kürənlə qaş-göz oynatmaq sənin nəyinə lazımdır? Bax, bunu Əbdül heç cür anlaya bilmirdi. Nəcməddin özünü dünyanın ən qadir, ən xoşbəxt adamı sayırdı, xüsusilə bu gün. Ancaq Əbdül fikirləşirdi ki, bu, belə deyil, yalandı, qondarmadı, Nəcməddini aldadıblar, alçaldıblar, heysiyyətinə toxunublar! İndi ona görə belə xoşbəxtdi və sakitdi ki, bunu bilmir. Bilsə, duysa, quduz canavara dönəcək, əlini-dişini qana batırmasa, dayanıb toxtamayacaq. Allah o günü göstərməsin — o gün dəhşət dolu, fəlakət dolu bir gün olacaq!!! Bunu dərk etdiyindən Əbdülün bədəni soyudu.

...«Şahənşahi» doğum evinə çatanda Nəcməddin ha çalışırdı ki, özünü toxtatsın, aram olsun, bu yaşında özünü həkimlərin, xidmətçilərin yanında gülünc vəziyyətə qoymasın, ancaq ürəyini sarmış sevinc o qədər böyük idi ki, bacara bilmirdi, təmkinini əldən verirdi. Bu onun birinci uşağı deyildi, altıncı övladı idi. İndi o, kənar adam gözü ilə özünə baxır, uzaq-uzaq illərin hadisələrini yadına salıb görürdü ki, o biri övladları dünyaya gələndə heç vaxt belə sevinməmişdi. Bəlkə də bu ondan irəli gəlirdi ki, o artıq qocalmışdı və ömrün qürub çağında cahana övlad gətirmək qüruru onu belə qanadlandırmışdı? Bəlkə o, əvvəlki arvadlarını Dünya qədər sevməmişdi? Dünya qədər bütün varlığını onlar özünə təslim edə bilməmişdi? Nəcməddin bu sualların heç birinə indi cavab verə bilməzdi. Və ümumiyyətlə, o, indi sanki düşünmək qabiliyyətini itirmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.

3 min
İkinci hissə, altıncı fəsil

Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

3 min
İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 min
İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 min

Poems by other poets