Page 1 of 2

Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni, ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!

Ağayi Nəcməddinin məhəbbəti vaxtsız-vədəsiz gəlmişdi, doğulmuşdu. Gəncliyini kəşməkeşli həyat yollarında itirəndən, şəvə kimi qara saçlarını qar kimi ağardandan sonra, əl-ayağını yığışdırıb rahatlaşmağa hazırlaşdığı bir vaxtda gəlmişdi. Bu, əvvəl hava-həvəs idi, əyləncə idi, amma sonralar özünün də heç gözləmədiyi halda anlaşılmaz, duyulmaz, duyulub dərk edilməz, yandırıb-yaxan, viran qoyan bir məhəbbətə çevrildi.

Ağayi Nəcməddin bu uzun ömründə iki dəfə rəsmi evlənmişdi, saysız-hesabsız, cavan, qəşəng qadınların qucağında nazlanmışdı, xumarlanmışdı, ancaq heç birini sözün həqiqi mənasında sevməmişdi, hörmət eləmişdi, qiymətləndirmişdi, bağlanmışdı, ləzzət almışdı, lakin bunlar əsl sevgi olmamışdı, ola bilməmişdi. Və o, qadının, məhəbbətin, ömrün bu qədər şirin, əvəzolunmaz, qiymətsiz olduğunu da heç vaxt belə dərindən, bütün gözəlliyi və bütün ağrısı-əzabı ilə dərk eləməmişdi.

Dünya xanım gəlmişdi onun ömrünə. Ömrünün qürub çağında gəlmişdi, heyf! O, həyatın əsl zövqünü, şirinliyini, gözəlliyini, qüdrətini, kəncliyin təravətini Dünya gələndən sonra anlamışdı elə bil. Kişi körpə uşaq anasına bağlanan kimi bağlanmışdı ona; Dünya onun bu kövrək vaxtında həm anası olmuşdu, həm sevgilisi. Dünya onu bu qatma-qarışıq, hər kəsin közü öz qabağına eşmək istədiyi cahana gözəgörünməz, möhkəm, ipək tellərlə elə bağlamışdı ki, Nəcməddin çox zaman ömrünün keçib-getdiyini, qocaldığını, qaçılmaz olan ölümün yaxınlaşdığını unudur, yeniyetmə oğlan kimi hər şeyə biganə, qayğısız, dərdsiz yaşayırdı. Elə yaşayırdı ki, elə bil hələ hər şey qabaqda idi.

Neçə il idi ki, ağayi Nəcməddin özünün kecikmiş səadətindən, məhəbbətindən həzz-ləzzət ala-ala yaşayırdı, özünü dünyanın ən bəxtəvər, ən müqtədir adamı sayır, qürrələnirdi. Neçə il idi ki, vaxtsız-vədəsiz taleyinin yolunun üstə çıxartdığı bu şirin məhəbbət saçları çoxdan ağarmış Nəcməddini bir uşağa çevirmişdi, onu təbiətinə xas zahiri kobudluqdan belə uzaqlaşdırmış, incələşdirmişdi. O, ipək kimi yumşaq, uşaq kimi mehriban olmuşdu. Dünya xanıma bir körpə təki baxır, onu əzizləyir, oxşayırdı və bundan əvəzsiz bir ləzzət alırdı. Bu onun üçün səadət idi, bəxtəvərlik idi. Milyonlar, milyardlar onu belə xoşbəxt edə bilməmişdi heç vaxt. Bəzən ona elə gəlirdi ki, var-dövlətsiz də, cah-calalsız da, o, Dünya ilə uçuq komada, əldən-ayaqdan uzaq bir meşədə belə bu cür bəxtəvər ola bilər!

Dünya cavandı, qəşəngdi, Dünya əksər gözəllər kimi işvəli-nazlı idi, öz qiymətini yaxşı bilirdi. Nəcməddinin sonsuz bir məhəbbətlə sevdiyini görürdü, hiss edirdi, bəzən bundan qürrələnirdi də. Ancaq elə anlar da olurdu ki, ürəyinin dərinliklərində — Nəcməddinin hiss edəcəyindən qorxurdu — qocanın bu dəlisov məhəbbətinə gülürdü, rişxənd eləyirdi. Bu hisslərini o heç vaxt büruzə vermir, özunə etiraf eləməkdən belə çəkinirdi. Ağılla yaşamağı, ölçüb-biçib hərəkət etməyi xoşlayan Dünya, bəzən ürəkdən istəməsə də, Nəcməddinə mehriban olurdu, ona xoş sözlər deyirdi, başını dizinin üstünə qoyub ağ saçlarını sığallayır, körpə kimi nəvaziş göstərir, «sən mənim səadətimsən, Nəcmi!» — deyirdi. — «Səni tanrım mənim üçün heç bilmirəm hayandan yetirdi, mehribanım. Mənim xilaskarım oldun sən, Nəcmi. O ağayi Siracüddövlənin xarabasında qalsaydım, indi çoxdan ölmüşdüm, ya da xəstələnmişdim, aman allah! Ona görə mən sənin qulunam, mənim ağam, mənim xilaskarım!» Dünya xanımın həyəcanla, bəzən gözləri yaşara-yaşara dediyi bu qəbil sözlər Nəcməddini məst eləyirdi, ona daha çox bağlayırdı, əsir edirdi. Və Nəcməddinin Dünyaya etibarı artırdı, çünki görürdü ki, bu balaca mələyin qəlbi ona qarşı şükranlıq hissilə, sədaqət hissilə doludur və hələ şəhərdə, ayrıca tutduğu evdə tək yaşayarkən arabir qəlbinə axıb dolan xəyanət şübhəsi onu evinə gətirəndən, bir dam altında yaşayıb xasiyyətinə bələd olandan sonra əriyib yox olmuşdu; Dünya ona vəfadan, sədaqətdən yoğrulmuş bir varlıq kimi görünməyə başlamışdı.

Nəcməddin Dünyanın nəvazişlərindən məst olduğu belə anlarda gözləri yol çəkə-çəkə deyirdi:

– Mənim həyatım pis keçməmişdir zənnindəydim indiyə qədər. Lap cavanlıq illərimdən nə istəmişəm, onu da eləmişəm, Dünya. Çünki pulum olub, imkanım olub, özüm də qəşəng olmuşam. Bu vaxta qədər elə düşünürdüm ki, həyatım mənasız keçməyib, dünyada heç bir arzum-kamım qalmayıb. Ancaq, sənə rast gələndən sonra, xüsusilə son illər başa düşmüşəm ki, yox, səhv eləyirmişəm. Bunların heç biri əsl səadət deyilmiş, əsl xoşbəxtlik deyilmiş, mənim mələyim. Bunlar hər insanın həyatında ola biləcək, mümkün olacaq şeylər imiş. İndi dərk edirəm ki, mən bir ömür boyu səni axtarırmışam, səni gözləyirmişəm! Sən məni elə xoşbəxt eləyibsən ki, heç özün də təsəvvür eləyə bilmirsən, Dünyam mənim. Bəzən mən özüm təsəvvür eləməyə acizlik çəkirəm. Çünki qəlbim elə doludur, gözlərim elə işıqlıdır, həyatım elə mənalıdır ki, şair olsaydım belə, bunları bəyan eləməyə acizlik çəkərdim. Sən mənim qəşəngimsən, şerimsən, musiqimsən, sən mənim şirin dünyamsan, Dünyam mənim. Mən sənə rast gələndə artıq dünyadan doymuşdum, bezmişdim, məni həyata bağlayan tellər — zəncirlər çürümüşdü, köhnəlmişdi, kiçicik bir təkandan, sarsıntıdan qırıla bilərdi və mən məhv olardım. Ancaq sən gəldin və mənə ikinci ömrü bağışladın, cavanlaşdırdın məni, o çürümüş telləri — zəncirləri dəyişdin, təzələdin, məni dünyaya — bu əsrarəngiz, sehrli dünyaya bağladın, gülüm. Və mən indi qəti əminəm ki, o telləri sən özün kəsməsən, heç kəs kəsə bilməz, heç kəs məni məhv edə bilməz. Mən milyonlarımla yox, səninlə güclüyəm, gülüm, mən var-dövlətimlə deyil, səninlə bəxtəvərəm, mehribanam. — Nəcməddinin yuxudaymış kimi pıçıldaya-pıçıldaya dediyi bu sözlər Dünyanın xoşuna gəlirdi, çünki onu, həqiqətən heç kəs belə bir məhəbbətlə sevməmişdi, qiymətləndirməmişdi, qaldırıb göylərə — ayın, ulduzların yanına qoymamışdı. Həyatında belə adam olmamışdı. Həmin sözlərin, naz-nemətin, cah-calalın doğurduğu fərəh Dünyanı daha da gözəlləşdirir, mələkləşdirirdi. Ayna qabağında dayanıb öz camalına, zərif, ağ bədəninə tamaşa edərkən ürəyi qürur hissilə dolur, belə gözəl yarandığına görə taleyindən razılıq eləyirdi. Bunu da düşünürdü ki, gözəlliyindən və ağlından başqa onun əslində heç nəyi yoxdur- Onu yaşatsa-yaşatsa, bu iki nemət yaşadacaq. O, qadın sövq-təbiisi ilə anlayırdı ki, gözəlliyi və ağlı Nəcməddinin milyonlarından, qızıllarından çox-çox qüdrətlidir, hökmlüdür. Belə olmasaydı, Nəcməddin kimi bir şəxsiyyət — şəhəri heyrətə salan əzəmətinə və milyonlarına baxmayaraq onun qabağında quzuya dönməzdi, dağ boyda kişi hesab eləməzdi. Bu idi onun gücü, silahı: gözəlliyi, tədbiri, ağlı, yaşını, qüdrətini unudub başını onun qu tükündən düzəlmiş balış kimi yumşaq dizinin üstünə qoyub özünü bəxtəvər sanırdı! Düşünürdü ki, dünyada bədbəxt qadın yoxdur, ağılsız, tədbirsiz qadın var! Yalnız ağılsız və tədbirsiz qadınlar bədbəxt olurlar, bunun da günahı onların özündədir.

Bir dəfə... belə gözəl, xoşbəxt günlərin bnrində, hər ikisinin kefi kök, damağı çağ olan bir vaxt, söhbət səadətdən, vəfadan, gözəllikdən və qüdrətdən düşərkən, — bu o, zaman idi ki, Dünya çarpayıda oturmuşdu, qəşəng, dolu, yalın qılçalarını aşağı sallamışdı, Nəcməddin isə sərxoş halda xalça üstündə oturub onun ayaqlarını sinəsinə sıxıb sığallayır, dizlərindən öpürdü, — Dünya xanım şeytancasına gülüb demişdi:

– Kişi, sən qüdrətlisən, ya mən?! Nəcməddin qürurunu sındırmayaraq:

– Əlbəttə, mən! — demişdi.

– Nəylə?

Nəcməddin azca duruxub cavab vermişdi:

– Milyonlarımla, ad-sanımla, qızıllarımla! Dünya xanım onun ağ saçlarını nazla, bir az da incik halda qarışdırmışdı:

– Yox, bilmədin, Nəcmi?! Dünyada qızıldan da qüdrətli bir varlıq var, Nəcmi!

Nəcmi gözlərini qaldırıb Dunyanın gözlərinin içinə təəccüblə baxmışdı:

– Nədir o elə, Dünya?

– Nədir? Bilmirsən?

– Yox. Mən dünyada var-dövlətdən, qızıldan hökmlü ikinci varlıq tanımıram. O, hətta padşahdan da, allahın özündən də qüdrətlidi, Dünya. Sən qızılın hökmünü görməmisən, ancaq mən görmüşəm.

– Yox, əzizim, var elə bir varlıq ki, sənin qızılından da qüdrətlidir.

– Nədir axı o?

– O... qadındır, Nəcmi!

– Qadın?

– Bəli.

– Ola bilməz... Qızıla baş əyməyən ikinci qüvvə yoxdur cahanda. Qadın özü də ona baş əyir...

Dünya yenə onun ağ tüklərini qarışdırmış, başını çəkib dizinin üstünə qoymuş və burnuna bir çırtma vurub:

– İstəyirsən sənə bir əhvalat danışım — demişdi — Bizim «hurilər dərəsinin» əfsanələrindəndi...

– Yaxşı, danış.

Və Dünya belə bir əfsanəmi-nağılmı danışmışdı:

– Deyirlər, ulu tanrı yer üzündə bütün məxluqatı, naz-neməti xəlq eləyib hərəsinin öz vəzifəsini, ləyaqətini, qiymətini izhar eləyəndən sonra demişdir: «Gedin, sizi mən yaratdım, gedin, qədirbiləniniz yer üzündə, insan yanında, mənim yanımda həmişə əziz olacaq, qədirbilməyəniniz zəlil, xar və qiymətsiz olacaqdır!» Deyirlər, sənin qüdrətinə çox inandığın və güvəndiyin qızıl da bu xəlq olunanlar arasında imiş. Yer altında yaşayırmış, yarandığına şükür eləyirmiş, parıltısına, qiymətli olduğuna uyub lovğalanırmış, yaşamağını yaradanın adına bağlayarmış. Başqa məxluqat kimi, əslini, yaradanını unutmurmuş. Buna görə ulu tanrı qızıla deyib: səni işıqlı dünyaya çıxardıram, insanlar arasında yaşa, səni əziz, qiymətli və qüdrətli elan edirəm, qızıl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets