Üçüncü hissə, iyirmi birinci fəsil
Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»
Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
– Bəli, eşidirəm?!
Telefonda incə, tanış qız səsi eşidildi:
– Elməddin, mənəm, Zərrintacdı.
– Zərrintac xanım, salam. Deməsən də səsindən tanıdım, — deyə Elməddin qeyri-iradi sinəsinə axıb dolan sevincə özü də təəccüb etdi və mümkün qədər şadlığını gizlətməyə çalışdı.
Dəstəyin içində səs cinkildədi;
– Doğrudan? Səsimdən tanıdın?
– Əlbəttə.
– Çox şadam, Elməddin. Mən sənə naümid zəng elədim. Dedim yəqin evdə olmazsan.
– Məaim başqa gedəsi yerim yoxdu, Zərrintac xanım.
– Bunu düz demədin, Elməddin.
– Niyə?
– Ona görə ki, üç gün bundan qabaq sənə zəng eləmişdim, cavab vermədnn!
– Üç gün bundan qabaq elə bu vədə?
– Hə.
– Şəhərə kəzməyə çıxmışdım, darıxırdım.
– Darıxanda bizə gəl.
– Onda gərək gecə-gündüz sizdə olam!!
– Az bilmirsən!! — deyə Zərrintac xəttin o başında güldü.
– Yəni demək istəyirəm ki, həmişə darıxıram.
– İndi nəynən məşğulsan?
– Heç, elə belə. Oturmuşam, fikirləşirəm.
– Nə barədə?! Əkər sirr deyilsə!! Elməddin azca sükutdan sonra cavab verdi:
– Hər barədə. Özüm barədə, başqaları barədə...
– Kimdir o başqaları?.. Bilmək olarmı?
– Niyə olmur ki?! Hamı...
– Hamı??
– Hə, təəccüblüdür?..
– Bir az. — Sükut. — O hamının içində mən də varammı?
– …
– Dinmirsən?! Demək yoxam?
– Varsan! — Elməddin həqiqətən axır vaxtlar Zərrintac haqqında az fikirləşmədiyini xatırlayıb qətiyyətlə dedi:— Varsan. — Bu söz, görünür, Zərrintacın xoşuna gəldi və o, bir neçə saniyə nə deyəcəyini bilməyib susdu.
– Ağayi Nəcməddin hardadı?!
– Eh, o yenə içmişdi, getdi.
– Yenə o qızın yanına?
– Deyəsən ora getdi.
– Bəs sən nə edirsən?
– Oturmuşam fikirləşirəm!
– Nə haqda?
Zərrintac cavabını eynilə Elməddinin sözlərini təkrar etməklə verdi:
– Hər şey haqda, özüm haqda, başqaları haqda. Elməddin də onun sualını eynən təkrar etdi.
– O hamının içində mən də varammı? Zərrintac güldü:
– Təəssüf ki, yox...
– Yox?!
– Yox... niyə tutuldun? Elməddin səsini doğrultdu:
– Sən ordan nə gördün ki, mən tutuldum?!
– Səsindən bildim.
– A…
Sükut, sükut...
– Bizə gəlirsən?!
– İndi?!
– Nə olar ki?
– Gec deyil?
– Yox.
– Bir sözün var?! Sükut.
– Var!
– Nədi? Telefonda deyə bilməzsən?
– Deyə bilərəm, ancaq bircə saniyə səbr edin. Elməddin telefonda musiqi səsi eşitdi. Sonra kimsə qəmli bir mahnı oxudu:
«Mən pərişan həstəm,
Mən pərişan həstəm».
Zərrintac:
– Eşidirsən? — dedi.
– Eşidirəm...
Mahnının sözlərini eşidə-eşidə Elməddinin fikri uzaqlara uçdu. Əfsanə gəlib gözlərinin qabağında dayandı, o da bu mahnını sevirdi, bir dəfə Elməddin onun necə yanıqlı və hüzn dolu bir səslə bu mahnını oxuduğunu eşitmişdi. Ürəyi sıxıldı. «Hardasan, Əfsanə?» — deyə o, az qala ucadan dillənəcəkdi, ancaq xəttin o biri başında dayanıb qulaq asan Zərrintacı xatırlayıb sözlərini ürəyində söylədi. Sonra qəlbinə başqa bir hiss hakim kəsildi: Zərrintacın gün görməmiş çiçək təkin solğun və məhzun üzünü görmək, ala gözlərinə baxmaq, üzbəüz dayanıb onun incə belindən tutaraq xalça üzərində ehmalca fırlanmaq və «Mən pərişan həstəm» sözlərini qızın öz dilindən eşitmək arzusu Elməddini ayağa qaldırdı. O, ağzını dəstəyə tutub:
– Gəlirəm, Zərrintac, — dedi.
– Gözləyirəm!
Elməddin həyətə çıxdı. Qəribə idi ki, bu dəqiqə nə Əfsanə, nə də Zərrintac haqqında fikirləşirdi. Onun qulaqlarında nə zamansa Əfsanənin oxuduğu, indi isə Zərrintacın maqnitofonda çaldırdığı mahnının sözləri səslənir, səslənirdi. Küçədə adam azdı. Elməddin fikirli halda ağır-ağır addımlayır, gözlərini qabağına çıxan adamların üzündə gəzdirirdi. Əvvəllər onda belə adət yox idi; Əfsanə itkin düşəndən sonra onda bu, az qala vərdiş halına çevrilmişdi. Həmişə — maşında gedəndə də, piyada gedəndə də itiyi itmiş adam kimi baxışları bir yerdə qərar tutmur, axtarır və inanırdı ki, belə anların birində o, Əfsanəyə rast gələcək, mütləq gələcək.
Fikir-xəyal aləmində getdiyi yerdə birdən çadralı bir qadın böyürdən, dar dalandan qəfil irəli yeridi, onun rəngini itirmiş çadrasının altından balaca, ağ bir əl çıxıb irəli uzandı və məhzun, titrək bir səs eşidildi:
– Ağa, acam...
Elməddinin bu səsdən bütün vücudu uçundu və o, yerə mıxlanmış kimi dayanaraq özünə yad olan bir ahənglə:
– Əfsanə? — deyə qışqırdı. Bu gözlənilməz rəftardan səksənən qadın qorxu içində bir addım geri çəkildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-iyirmi-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Birinci hissə, dördüncü fəsilOğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:
Birinci hissə, beşinci fəsilÜzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:
Poems by other poets
Mənim bülbül telefonum -Cəh-cəhin qiyamətdir,
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Almasım üçünBir il bundan əvvəl bir səhər erkənGünəş üfüqlərə sırma düzərkən,